Xatirə Gecəsinə əsaslı surətdə hazırlaş
İsa Məsihin ölümünü qeyd edəcəyimiz gecəyə əsaslı surətdə hazırlaşmaq onun davamçıları üçün necə də sevindirici və şərəfli işdir! (Luka 22:19). Xatirə Gecəsinə hazırlaşmaq üçün hansı zəruri tədbirlər görülməlidir?
◼ Vaxt və yer. Xatirə Gecəsinin nə vaxt və harada keçiriləcəyini hər kəs aydın başa düşməlidir. Əgər Padşahlıq Zalından birdən artıq yığıncaq istifadə edəcəksə, görüşlər arasındakı vaxt məhdud olduğundan vaxtında gəlmək, yubanmadan və nizamla getmək vacibdir. Pilləkənlərdə, hollda, gediş-gəlişin sıx olduğu yerdə və maşın dayanacaqlarında lazımsız yerə sıxlıq yaratmaq olmaz.
◼ Dəvətnamələr. Hər bir təbliğçi dəvətnamələri alıb və məzmunu ilə tanış olubmu? Onun necə təqdim ediləcəyini artıq məşq etmisinizmi? Kimlərə dəvətnamə verəcəksiniz? Çalışmaq lazımdır ki, dəvətnamələrin hamısı paylansın.
◼ Nəqliyyat. Ola bilsin, bəzi maraqlananların, eləcə də bir çox bacı-qardaşların nəqliyyata və ya başqa köməyə ehtiyacı olacaq. Onlara kömək etmək üçün hansı tədbirlər görülüb?
◼ Simvollar. Əmin olun ki, simvollar günəş batmazdan əvvəl verilməyəcək. Zəif səhhəti ucbatından mərasimdə iştirak edə bilməyən məsh edilmiş məsihçilərə qulluq etmək üçün tədbir görülməlidir. Münasib çörək və şərab tapılmalı və hazır edilməlidir. («Gözətçi Qülləsi»nin 2003-cü il, 1 mart sayının 10, 11-ci səhifələrindəki 14, 17-ci abzaslara bax.)
◼ Padşahlıq Zalı. Zal qabaqcadan tərtəmiz yığışdırılmalıdır. Əvvəlcədən münasib stol gətirmək, üstünə süfrə salıb, boşqab və qədəhlər düzmək lazımdır. Əgər mərasim Padşahlıq Zalında yox, başqa yerdə keçiriləcəksə, dinləyicilərin hamısının eşidə bilməsi üçün münasib səsləndirmə sistemi təşkil edilməlidir. Xidmətçiləri və simvolları verəcək qardaşları qabaqcadan təyin etmək, onlara görüşün necə keçəcəyini, vəzifələrinin nədən ibarət olacağını, geyimin və xarici görünüşün layiqli olmasının vacibliyini izah etmək lazımdır.
Biz istəyirik ki, həm ayrı-ayrılıqda, həm də yığıncaq şəklində bu ən mühüm mərasimə — İsa Məsihin ölümünün Xatirə Gecəsinə əsaslı surətdə hazırlaşaq. Sözsüz ki, Yehova sevimli oğlu İsa Məsihin qurbanlığı vasitəsilə bəşəriyyət üçün etdiklərini ürəkdən qiymətləndirən hər kəsə bol-bol xeyir-dua verəcək.