Ruhani ziyafətə hazırlaşmısanmı?
1. Adətən ziyafət üçün hansı hazırlıqlar görülür?
1 Ziyafət üçün çoxlu hazırlıq görmək tələb olunur. Ərzaq almaq, onlardan dadlı xörəklər bişirmək və sonra yeməyi süfrəyə vermək lazım gəlir. Yeməyin süfrəyə verilməsi də yaxşı təşkil olunmalıdır. Bundan əlavə, ziyafətin keçiriləcəyi yeri də hazırlamaq lazımdır. Həmçinin qonaqlar da buna hazırlaşmalıdırlar, xüsusilə də uzaq yerdən gələcəklərsə. Görüləsi iş çox olsa da, dostlarla və ailə üzvləri ilə birlikdə dadlı, faydalı yeməklərdən zövq almaq üçün bunları etməyə dəyər. Tezliklə bütün dünyada Yehovanın Şahidləri böyük və kiçik qruplar şəklində səbirsizliklə gözlədikləri ruhani ziyafətdən — «Oyaq durun!» adlı vilayət konqresindən həzz almaq üçün toplaşacaqlar. Proqramın və başqa şeylərin hazırlanması üçün artıq çox işlər görülmüşdür. Bizim hamımız bu ziyafətə dəvət olunmuşuq. Konqresdə iştirak etmək və mümkün qədər çox fayda əldə etmək üçün biz özümüz də hazırlaşmalıyıq (Sül. məs. 21:5).
2. Ruhani ziyafətin hər təamını dadmaq üçün nə tələb olunur?
2 Mümkün qədər çox fayda əldə et. İşlərini elə düzüb-qoşmusanmı ki, ruhani ziyafətin hər təamını dada biləsən? Əgər lazımdırsa, konqresin hər hissəsində, eləcə də ilk günündə iştirak edəcəyinə dair müdriyyətə əvvəlcədən məlumat ver. Nəqliyyat və qalacağın yerlə bağlı hazırlıq görmüsənmi? Ağsaqqallar diqqət yetirməlidirlər ki, yaşlıların, zəiflərin, eləcə də, köməyə ehtiyacı olan başqalarının qayğısına qalınsın (Yer. 23:4; Qalat. 6:10).
3. Dəvət olunmamışıqsa, beynəlxalq konqresə nə üçün getməməliyik?
3 Bəzi yerlərdə beynəlxalq konqreslər keçiriləcək. Yadda saxla ki, bu mərasimə müəyyən yığıncaqlar və əcnəbi nümayəndələr dəvət olunmuşlar. Bu hazırlıqları görərkən filial yerlərin sayını və mehmanxanadakı yerləri nəzərə alaraq dəvət ediləcək adamların sayını dəqiqliklə hesablamışdır. Təbliğçilər dəvət olunmadıqları halda beynəlxalq konqreslərə gəlsələr, həddən artıq çox adam olacaq.
4. Hansı xatırlatmalar bizə hər gün proqram başlayanda hazır olmağa kömək edəcək?
4 Konqresə hər gün kifayət qədər tez gəl ki, proqram başlamazdan əvvəl yer tapasan. Proqram başlamazdan əvvəl bir neçə dəqiqə ərzində proqram vərəqəsini nəzərdən keçir. Bu, təqdim olunacaq məlumatı qəbul etmək üçün ürəyini hazırlamağa kömək edəcək (Ezra 7:10, KM). Proqramın sədri musiqinin səslənəcəyini deyəndə, musiqiyə qulaq as və sonra ilk mahnı və duaya hazır ol.
5. Ailəmiz proqramdan mümkün qədər çox necə faydalana bilər?
5 Ailə üzvləri konqres zamanı bir yerdə otursalar, valideynlər uşaqlarının proqrama diqqətlə qulaq asıb-asmadığına nəzarət edə biləcəklər (Qanun. t. 31:12). Hamı oxunan ayələri öz Müqəddəs Kitabında izləməyə təşviq olunur. Qısa qeydlər aparmaq diqqətini cəmləməyə kömək edə bilər. Sonralar, həmin qeydlər çıxışlardakı əsas fikirləri xatırlamağa kömək edəcək. Proqram zamanı lazımsız yerə danışma və ya yerindən durma. Əgər cib telefonun varsa, çalış proqram vaxtı nə sənə, nə də başqalarına mane olsun. Nə üçün hər gün proqramdan sonra xoşuna gələn fikirləri başqaları ilə bölüşməyəsən?
6. Konqreslərimizin diqqətəlayiq cəhəti nədir və bundan tam mənada necə zövq ala bilərik?
6 Vilayət konqresində bacı-qardaşlarımızla dünyada görmədiyimiz sıx ünsiyyətdən həzz almaq imkanımız olur (Məz. 133:1-3; Mark 10:29, 30). Nəyə görə nahar fasiləsi zamanı yanındakılarla tanış olmağı və onlarla söhbət etməyi qarşına məqsəd qoymayasan? Yüngülvari nahar gətirməyin və fasilə zamanı restorana getməkdənsə, konqres keçirilən yerdə qalmağın üstün cəhətlərindən biri də budur. Qarşılıqlı ruhlanmaq üçün belə bir imkanı əldən buraxma (Rom. 1:11, 12).
7. Geyinəcəyimiz paltarlarla bağlı hansı hazırlıqları etməliyik?
7 Geyim. Diqqətəlayiqdir ki, Yehova israillilərə paltarlarının ətəklərinə qotaz tikməyi və qotazların üzərinə bənövşəyi qaytan salmağı əmr etmişdi (Say. 15:37-41). Bunu görəndə yadlarına düşürdü ki, onlar Yehovaya ibadət etmək üçün ayrılmış xalqdırlar. Konqresdə olarkən ləyaqətli, ədəbli geyimimiz bizi də bu dünyadan fərqləndirir. Bu, hətta proqramdan sonra yemək üçün restorana gedəndə də, bizi müşahidə edənlərə güclü şahidlik edir. Buna görə də nə geyinəcəyinizi qabaqcadan yaxşıca ölçüb-biçin.
8. Konqres keçirilən şəhərdə başqalarına necə şahidlik edə bilərik?
8 Şahidlik et. Qabaqcadan bir az planlaşdırsaq, konqres keçirilən şəhərdə insanlara təbliğ edə bilərik. Proqramdan sonra həyat yoldaşı ilə restorana gedən bir qardaş plaketi göstərərək ofisiantdan soruşmuşdu: «Fikir vermisinizmi, nə qədər adam bu plaketdən taxıb?» Ofisiant fikir verdiyini və onların nə üçün plaket taxdığı ilə maraqlandığını demişdi. Bu, söhbətə yol açmış və qardaş onu konqresə dəvət etmişdi.
9. Bizi qonaq dəvət edən Yehovaya minnətdarlığımızı necə nümayiş etdirə bilərik?
9 Nitqləri, müsahibələri və səhnəcikləri qardaşlar təqdim etsələr də, bu illik ruhani ziyafəti bizim üçün məhəbbətlə hazırlayan səmavi Atamız Yehovadır (Yeşaya 65:13, 14). Konqresin hər günündə olmaqla və təqdim olunan ruhani qidanın hər tikəsini dadmaqla bizi qonaq dəvət Edənə minnətdarlığımızı nümayiş etdirəcəyik. Bunun üçün bütün hazırlıqları görüb qurtarmısanmı?