Kişilərə təbliğ edin
1. Padşahlığın maraqlarının irəliləməsi ilə əlaqədar hansı tələbat yaranır?
1 Bu son günlərdə Padşahlıq işi vüsət aldığından üzərlərinə rəhbərlik götürəcək ruhani cəhətdən yetkin kişilərə tələbat artır (Mark 4:30-32; Həv. iş. 20:28; 1 Tim. 3:1-13). Ancaq bəzi yerlərdə Padşahlıq xəbərini kişilər qadınlara nisbətən az qəbul edirlər. Bəzi ölkələrdə kişilər düşünürlər ki, ruhani işlərlə məşğul olmaq və uşaqlara ruhani tərbiyə vermək arvadların işidir. Daha çox kişinin ruhani tələbatlarını dərk etməsinə və həqiqi ibadətdə bizə qoşulmasına necə nail ola bilərik?
2. Pavelin və Peterin kişilərə təbliğ etməsi sayəsində hansı nəticələr əldə olundu?
2 Diqqətinizi kişilərə şahidlik etməyə cəmləyin. Ailə başçısı həqiqəti qəbul edəndə çox vaxt ailəsinin digər üzvlərini də həqiqi ibadətə qoşulmağa təşviq edir. Məsələn, təbliğ işinə görə həbsdə olanda Pavel ilə Sila zindanbana şahidlik etdilər. Zindanbanın həm özü, həm də bütün ailəsi vəftiz oldu (Həv. iş. 16:25-34). Pavelin Korinfdə təbliğ etməsi sayəsində «sinaqoq rəisi Krispus bütün ev əhli ilə bərabər Rəbbə iman etdi» (Həv. iş. 18:8). Yehova Peteri ‘dindar və Allahdan qorxan’ insan kimi təsvir olunan Korneliusa təbliğ etmək üçün göndərdi. Bunun nəticəsində Kornelius qohumları və yaxın dostları ilə birlikdə vəftiz oldu (Həv. iş. 10:1-48).
3. Filipi təqlid edərək «hakimiyyət sahibi» olanlardan kimlərə şahidlik etmək olar?
3 «Hakimiyyət sahibi» olan kişilərə təbliğ etməyin daha yaxşı nəticələri ola bilər (1 Tim. 2:1, 2). Məsələn, Yehovanın mələyi Filipə həbəşlərin mələkəsinin bütün xəzinəsi üzərində «müdir» olan kişi ilə danışmağı tapşırdı. Filip kişinin ‘Yeşaya peyğəmbəri oxuduğunu eşitdi’ və İsa haqqında xoş xəbəri ona izah etdi. Bu həbəşistanlı İsanın davamçısı oldu və ehtimal ki, vətəninə gedənə kimi yol boyu xoş xəbəri yaydı. Həmçinin, ola bilər, mələkəyə və saray əhlinə də şahidlik etdi. Bu adamlar xoş xəbəri çətin ki başqa vasitə ilə eşidə bilərdilər (Həv. iş. 8:26-39).
4. Kişilərə daha çox təbliğ etmək üçün nə edə bilərik?
4 Kişilərə daha çox necə şahidlik etmək olar? Çox vaxt kişilər gündüzlər işdə olduğundan, axşamlar, həftə sonları, yaxud bayram günləri daha çox təbliğ edə bilərsənmi? Müntəzəm olaraq işgüzar ərazidə təbliğ etsən, evdə çətin tapılan kişilərə şahidlik etmək imkanın olacaq. Həmçinin qardaşlar kişi əməkdaşlarına qeyri-rəsmi şahidlik etməyə cəhd göstərə bilərlər. Xüsusilə də tez-tez işlənən ərazidə evdən-evə təbliğ edərkən, qardaşlar hərdən evin kişisi ilə danışmağı xahiş edə bilərlər.
5. Kişi Padşahlıq xəbərinə yaxşı qulaq assa, bacı nə etməlidir?
5 Kişi həqiqətə maraq göstərsə, bacı onun yanına tək qayıtmamalıdır. O, əri ilə, yaxud başqa təbliğçi ilə gələ bilər. Maraqlanan şəxs irəlilədikdə onun yanına təcrübəli qardaşı göndərmək yaxşı olardı.
6. «Daha çox insan əldə etmək» üçün həvari Paveldən necə nümunə götürə bilərik?
6 Kişilərə maraqlı olan mövzular seçin. Həvari Pavel «daha çox insan əldə etmək» üçün dinləyicilərini nəzərə alır və həqiqəti onlara müxtəlif üsullarla çatdırırdı (1 Kor. 9:19-23). Eyni tərzdə, biz də qarşılaşacağımız kişilərə hansı mövzuların maraqlı ola biləcəyini nəzərə almalı və buna müvafiq olaraq hazırlaşmalıyıq. Məsələn, kişiləri çox vaxt iqtisadi problemlər, yaxşı hakimiyyət, ailənin təhlükəsizliyi və əmin-amanlığı kimi mövzular narahat edir. Onları, həmçinin həyatın mənası, dünyanın gələcəyi və Allahın əzablara nə üçün yol verməsi də maraqlandırır. Əgər Padşahlıq xəbərini bunları nəzərə alaraq təqdim etsək, onlar buna daha yaxşı hay verəcəklər (Sül. məs. 16:23).
7. Məsihçi imanına şərik olmayan, lakin görüşə gələn ərə bütün yığıncaq necə kömək edə bilər?
7 Məsihçi imanına şərik olmayan ərlərə kömək etməyə təşəbbüs göstərin. İmanda olmayan ərə ən çox onun məsihçi arvadının gözəl davranışı təsir etsə də, yığıncağın üzvləri də ona müsbət təsir göstərə bilərlər (1 Pet. 3:1-4). İmana şərik olmayan ər həyat yoldaşı ilə birlikdə görüşə gəldikdə yığıncaqdakıların mehriban münasibəti onun üçün güclü şahidlik olacaq. Onun gəlişi, çox ehtimal ki, həqiqətlə müəyyən qədər maraqlandığını göstərir, buna görə də, ola bilər, o, Müqəddəs Kitab öyrənməsinə razılıq versin.
8. Qardaşlar məsihçi olmayan, ancaq həqiqətə bir az maraq göstərən ərlərə necə kömək edə bilərlər?
8 Bəzən elə olur ki, bacının əri əvvəlcə həqiqətə az maraq göstərir, lakin sonra sərbəst ünsiyyət etdiyi qardaşla Müqəddəs Kitabı öyrənməyə razı olur. Bir yığıncaqda qardaşlar bir bacının ailəsinə baş çəkəndə onun məsihçi olmayan əri ilə onu maraqlandıran mövzulara dair söhbət etməyə çalışırdılar. Bunun sayəsində onlar ruhani mövzuları müzakirə etməyə başladılar və həmin kişi indi vəftiz olunmuş qardaşdır. Digər halda, qardaş bir bacının ərinə evin ətrafına hasar çəkməyə kömək etmişdi. Belə səmimi maraq göstərməyin sayəsində onunla Müqəddəs Kitab öyrənməsinə başlanılmışdı (Qalat. 6:10; Filip. 2:4). Vəftiz olunmuş qardaşlar, nə üçün bacıların məsihçi olmayan ərlərinə şahidlik etməyə çalışmayasınız?
9. Məsihçi kişilərə təlim verməyin sayəsində nəyə nail olmaq olar?
9 Məsihçi kişilərin gələcək məsuliyyətlərə hazırlanması. Padşahlıq xəbərinə hay verib xidmətdə məsuliyyətlərə can atan kişilər «insanlar timsalında hədiyyələr» (YD), yəni bacarığını və gücünü Yehovanın xalqının yığıncaqları üçün sərf edən ağsaqqallar ola bilərlər (Efes. 4:8; Məz. 68:18). Bu kişilər həvəslə və könüllü olaraq yığıncağın qayğısına qalırlar (1 Pet. 5:2, 3). Onlar bütün qardaşlıq üçün çox böyük xeyir-duadırlar!
10. Hananyanın Pavelə kömək etməsi çoxlarına necə fayda gətirdi?
10 Məsələn, sonralar «qeyri-yəhudilərə həvari» olan Şaul bir zamanlar məsihçiləri təqib edirdi (Rom. 11:13). Buna görə də Hananya əvvəlcə Şaula təbliğ etmək istəmirdi. Buna baxmayaq, o, Məsihin göstərişinə tabe olub, sonralar həvari Pavel kimi tanınan kişiyə təbliğ etdi. İllər keçdikcə Pavelin xidməti onun təbliğini eşidən minlərlə insana fayda gətirdi, həmçinin bu gün də onun Allahın Kəlamına daxil olan məktublarını oxuyan milyonlarla insana fayda gətirməyə davam edir (Həv. iş. 9:3-19; 2 Tim. 3:16, 17).
11. Kişilərə şahidlik etmək üçün nəyə görə lazım olan hər şeyi etməliyik?
11 Buna görə də gəlin kişilərə təbliğ etmək üçün lazım olan hər şeyi edək. Bu məqsədə can atarkən biz əminik ki, Yehova Onun iradəsini yerinə yetirmək və Padşahlığın maraqlarının qayğısına qalmaq üçün göstərdiyimiz səylərə xeyir-dua verəcək.