Övladlarınıza Allahın xidmətçisi olmağa kömək edin
1. Məzmur 148:12, 13 ayələrindəki sözlər məsihçi valideynləri nəyə təşviq edir?
1 Yehova gəncləri Ona həmd etməyə səsləyir (Məz. 148:12, 13). Buna görə də, məsihçi valideynlər uşaqlarına Müqəddəs Kitab həqiqətlərini və Allahın əxlaq normalarını öyrətməklə kifayətlənmirlər, həmçinin onlara xoş xəbərin təbliğçisi olmağı öyrədirlər. Bunu etməyin ən yaxşı üsulu hansıdır?
2. Valideynlərin yaxşı nümunəsi uşaqlarına necə təsir edə bilər?
2 Valideynlərin nümunəsi. Hakim Gideon onunla olan 300 nəfərə dedi: «Mənə baxın, mən necə edirəmsə, siz də elə edin» (Hak. 7:17). Adətən, uşaqlar valideynlərinə baxıb onların etdiklərini təqlid edirlər. Gecə növbəsində işləyən bir ata şənbə günü səhər evə gələndə nə qədər yorğun olsa da, yatmaq əvəzinə, uşaqları ilə birlikdə xidmətə gedir. O, heç bir söz söyləmədən uşaqlarına xidmətin hər şeydən vacib olduğunu öyrədir (Mat. 6:33). Sizin övladlarınız da valideynlərinin ibadətin vacib sahələrində, məsələn, dua etmək, Müqəddəs Kitabı oxumaq, şərh vermək və təbliğ etmək kimi növlərində sevinclə iştirak etdiklərini görürlərmi? Əlbəttə, siz kamil nümunə ola bilməzsiniz. Lakin əgər uşaqlar sizin xidmətdə səyli olduğunuzu görürlərsə, onda Yehovaya ibadətdə onlara öyrətmək istədiklərinizə hay verməyə daha çox meyilli olacaqlar (Qanun. t. 6:6, 7; Rom. 2:21, 22).
3. Valideynlər uşaqlarına qarşılarına hansı ruhani məqsədləri qoymağa və nail olmağa kömək etməlidirlər?
3 Konkret məqsədlər. Valideynlər usanmadan uşaqlarına nə isə öyrədirlər, məsələn, danışmağı, yeriməyi, geyinməyi və sairə. Müəyyən inkişaf mərhələsinə çatanda isə onların qarşısına yeni məqsədlər qoyurlar. Əgər valideynlər məsihçidirsə, onlar uşaqlarına kömək edirlər ki, yaşlarına və qabiliyyətlərinə uyğun olaraq qarşılarına ruhani məqsədlər qoysunlar və onlara nail olmağa çalışsınlar (1 Kor. 9:26). Siz uşaqlarınıza öz sözləri ilə şərh verməyi və Teokratik Xidmət Məktəbində aldıqları tapşırıqlara hazırlaşmağı öyrədirsinizmi? (Məz. 35:18). Onlara xidmətin müxtəlif sahələrində iştirak etməyə kömək edirsinizmi? Onları vəftiz olunmağa və tammüddətli xidmətə təşviq edirsinizmi? Xidmətdə sevinclə və şövqlə iştirak edən təbliğçilərlə ünsiyyətdə olmalarına şərait yaradırsınızmı? (Sül. məs. 13:20).
4. Valideynlərin erkən yaşlarından uşaqlarını xidmətə öyrətmələri onlara hansı faydanı gətirir?
4 Məzmurçu deyir: «Ey Allah, gəncliyimdən bəri mənə təlim vermisən, Sənin xariqələrini indiyədək elan edirəm» (Məz. 71:17). Uşaqlarınıza xidmətçi olmağı kiçik yaşlarından öyrətməyə başlayın. Sizin köməyinizlə qoyduqları ruhani təməl onlara böyüyəndən sonra da fayda gətirəcək (Sül. məs. 22:6).