Uşaqlarınıza Yehovaya həmd etməyi öyrədin
1. Uşaqlar Yehovaya həmd edə bilərlərmi?
1 Məzmur 148:12, 13 ayələri oğlan və qızları Yehovanın ‘isminə həmd etməyəʼ təşviq edir. Müqəddəs Yazılarda Yehovaya həmd edən gənclərin çoxsaylı nümunəsi var. Məsələn, «kiçik Şamuel... Rəbbin önündə xidmət edirdi» (1 Şam. 2:18). «Kiçik bir qız» Yehovanın İsraildəki peyğəmbərinin Naamanı cüzam xəstəliyindən sağalda biləcəyini onun arvadına xəbər vermişdi (2 Pad. 5:1-3). İsa mə’bədə girib möhtəşəm işlər edəndə, uşaqlar uca səslə «Davud Oğluna hosanna!» demişdilər (Mat. 21:15). Valideynlər uşaqlarına Yehovaya həmd etməyi necə öyrədə bilərlər?
2. Valideynlərin öz uşaqlarına yaxşı nümunə vermələri nəyə görə vacibdir?
2 Valideynlərin nümunəsi. Həqiqəti uşaqlarının ürəyinə yeritməzdən öncə, israilli atalar ilk növbədə özləri Yehovanı sevməyə və Onun əmrlərini öz ürəklərində tutmağa göstəriş almışdılar (Qanun. t. 6:5-9). Əgər siz xidmət barədə ruhlandırıcı tərzdə danışır və xidməti həftəlik qrafikinizin bir hissəsi edirsinizsə, uşaqlarınız xidmətə vacib və məmnunedici bir iş kimi yanaşacaqlar.
3. Bir bacımız valideynlərinin nümunəsindən necə faydalanmışdır?
3 Bir bacımız minnətdarlıq hissi ilə xatırlayır: «Mən balaca olanda, ailəmiz hər həftənin istirahət günləri təbliğ xidmətində iştirak edirdi. Mən valideynlərimin təbliğdən əsl sevinc duyduqlarını görürdüm. Biz xidmətə məmnunluq gətirən bir iş kimi baxaraq böyümüşük». Bu bacı yeddi yaşında vəftiz olunmamış təbliğçi olmuş və artıq 33 ildir ki, tammüddətli xidmətdə iştirak edir.
4. Uşaqlara müntəzəm tə’lim verməyə nələr daxildir?
4 Müntəzəm tə’lim. Uşaqlarınızı təbliğ xidmətində iştirak etməyə həvəsləndirin. Ehtimal ki, onlar qapının zəngini basa, ev sahibinə traktat verə və ya Müqəddəs Kitabdan ayə oxuya bilərlər. Bu onların sevincini artıracaq və kömək edəcək ki, Padşahlıq müjdəsini təbliğ etməyi bacardıqlarına əmin olsunlar. Böyüdükcə xidmətdə daha çox iştirak etməlidirlər. Buna görə də onların inkişaf etməsinə kömək edin və xidmətlərinin yaxşılaşması üçün qarşılarına ruhani məqsədlər qoymağa təşviq edin.
5. Uşağın vəftiz olunmamış təbliğçi olması üçün nə tələb olunur?
5 Uşaqlarınızın vəftiz olunmamış təbliğçi olmaq tələblərinə cavab verdiyini və onların belə bir istəyi təzahür etdirdiyini görən kimi ağsaqqallarla danışın. Təbliğçi olmaqla, onlar özləri Yehovaya həmd etmək məs’uliyyətini hiss edəcəklər. Yadda saxlayın ki, bunun üçün uşaqların vəftiz olunmuş adam qədər bilmələri tələb olunmur. Uşağınız Müqəddəs Kitabın əsas tə’limlərini başa düşürmü? Müqəddəs Kitabın əxlaq normalarına riayət edirmi? Onun xidmətdə iştirak etmək və Yehovanın Şahidi kimi tanınmaq istəyi varmı? Əgər belədirsə, onda ağsaqqallar onun vəftiz olunmamış təbliğçi üçün olan tələblərə cavab verib-vermədiyini müəyyən edə bilərlər. (Bax: «Yehovanın iradəsini yerinə yetirmək üçün təşkil olunmuşuq» kitabı (rus.), səh. 79-82.)
6. Valideynlərin uşaqlarına tə’lim verməsinin nəticəsi nə ola bilər?
6 Uşağa Yehovaya ürəkdən həmd etməyi öyrətmək sə’y tələb edir. Lakin uşaqlarının ruhani nailiyyətlər etməsini görmək qədər valideynlərə böyük sevinc gətirən şeylər azdır. Ən əsası isə, uşaqların Yehovanın möhtəşəm işləri barəsində danışması Yehovanı məmnun edir.