Həmişə iş başında
1. Haradan bilirik ki, birinci əsrdəki müjdəçilər heç zaman xidmətdən yayınmırdılar?
1 Birinci əsrdəki müjdəçilər xoş xəbəri insanların olduğu hər yerdə «durmadan» bəyan edirdilər (Həv. iş. 5:42). Evdən-evə təbliğə gedərkən onların yolda-izdə qarşılarına çıxan insanların yanından təbliğ etmədən ötüb keçdiklərini təsəvvür etmək mümkün deyil. Onlar sahədə xidmət etməklə yanaşı, xidmətlərini qurtardıqdan sonra hətta bazarda alış-veriş edərkən də qeyri-rəsmi olaraq təbliğ etmək fürsətini əldən vermirdilər. İsa kimi, onlar da bir an belə xidmətdən yayınmırdılar (Mark 6:31—34).
2. Daşıdığımız ada uyğun yaşamağa nə daxildir?
2 Həmişə hazır olmalıyıq. Biz Yehovanın Şahidiyik. Daşıdığımız bu ad təkcə hansı işlə məşğul olduğumuzu yox, həm də kim olduğumuzu bildirir (Yeşaya 43:10—12). Buna görə də, harada olmağımızdan asılı olmayaraq, ümidimizi hər kəsin qarşısında müdafiə etməyə həmişə hazırıq (1 Pet. 3:15). Qeyri-rəsmi şahidlik vermək üçün hansı imkanların yarana biləcəyi və həmin zaman nə deyəcəyin barədə qabaqcadan fikirləşirsənmi? Maraqlananlara vermək üçün həmişə özünlə ədəbiyyat götürürsənmi? (Sül. məs. 21:5). Sən yalnız evdən-evə təbliğ edirsən, yoxsa imkan düşən kimi insanlara başqa yerlərdə də xoş xəbəri çatdırırsan?
3. Nəyə görə küçədə, maşın dayanacaqlarında, parklarda, ticarət mərkəzlərində təbliğə ikinci dərəcəli xidmət növü kimi yanaşmaq düzgün olmazdı?
3 Bəziləri düşünür ki, küçədə, maşın dayanacaqlarında, parklarda, ticarət mərkəzlərində təbliğ ikinci dərəcəli, bir o qədər də vacib olmayan xidmət növüdür. Ancaq həvari Pavel xidmətin hər növünün vacibliyini dərk etdiyindən «insanlar qarşısında» və evdən-evə təbliğ etməkdən boyun qaçırmadığını deyirdi (Həv. iş. 20:20). Düzdür, evdən-evə təbliğ həmişə xidmətimizdə əsas yeri tutur və insanlara Padşahlığın xoş xəbərini çatdırmaqda ən effektiv üsuldur. Ancaq xoş xəbərin birinci əsrdəki təbliğçiləri diqqətlərini evdən-evə təbliğə yox, insanlara cəmləyirdilər. Onlar həqiqəti «insanlar qarşısında», qeyri-rəsmi və evdən-evə təbliğ etmək üçün heç bir fürsəti əldən vermirdilər. Gəlin biz də xidmətimizi tam şəkildə yerinə yetirmək üçün bu cür düşüncə tərzini qoruyub saxlayaq (2 Tim. 4:5).