Suallar qutusu
◼ Yığıncaq görüşləri və xidmət zamanı mobil telefonların istifadəsinə dair hansı Müqəddəs Kitab prinsiplərini tətbiq etmək olar?
«Hər şeyin öz vaxtı var» (Vaiz 3:1). Mobil telefon vasitəsilə insanlar istədikləri zaman mesajlaşa və zəngləşə bilirlər. Lakin bəzi hallarda məsihçilər heç nəyin onları yayındırmasını istəmirlər. Məsələn, yığıncaq görüşləri Yehovaya ibadət etmək, ruhani rəhbərlik almaq və bir-birimizi ruhlandırmaq üçündür (Qanun. t. 31:12; Məz. 22:22; Rom. 1:11, 12). Yığıncağa gələndə telefonlarımızı söndürüb, mesajlarımızı görüş qurtarandan sonra zaldan çıxanda oxuya bilərik. Əgər təcili zəng gözləyiriksə, başqalarına mane olmamaq üçün telefonumuzu səssiz rejimə qoymalıyıq.
«Bütün bunları xoş xəbər uğrunda [et]» (1 Kor. 9:23). Hərdən xidmətdə telefondan istifadə etmək üçün əsaslı səbəbimiz olur. Misal üçün, təbliğdə qrupa nəzarət edən qardaş sahənin digər hissəsindəki vəziyyətdən halı olmaq üçün telefondan istifadə etməli olur. Bəzən təbliğçilər maraqlananlara və Müqəddəs Kitabı öyrətdikləri insanlara, əsasən də uzaqda yaşayanlara baş çəkməzdən öncə onlarla telefon vasitəsilə əlaqə saxlayırlar. Əgər üstümüzdə telefon varsa, diqqətli olmalıyıq ki, ev sahibi ilə söhbətimizə mane olmasın (2 Kor. 6:3). Digər təbliğçiləri gözləyərkən dostumuza zəng etmək və mesaj yazmaq əvəzinə, diqqətimizi xidmətə və əməkdaşımıza yönəltmək daha yaxşı olmazdımı?
Başqalarına qarşı diqqətli ol (1 Kor. 10:24; Filip. 2:4). Biz heç vaxt istəməzdik ki, hər dəfə qrupun harada təbliğ etdiyini zəng və ya mesajla öyrənəcəyimizə ümid edərək təbliğ xidməti görüşlərinə vaxtında gəlməyə etinasız yanaşaq. Çox ehtimal ki, biz gec gələndə qrupu yenidən bölmək lazım gəlir. Əlbəttə, bəzən bizdən asılı olmayan səbəblər ucbatından gecikirik. Ancaq vaxtında gəlməyi vərdiş etsək, Yehovaya, məsul qardaşa və digər təbliğçilərə hörmət göstərmiş olacağıq.