Suallar qutusu
◼ Vəftiz edilməmiş təbliğçinin vəftiz olunmasına icazə verilməsi üçün o, yığıncaq görüşlərində və təbliğdə nə dərəcədə iştirak etməlidir?
Vəftiz olunmaq insanın həyatında verəcəyi ən vacib qərardır. Buna görə də insan bu addımı atmazdan əvvəl Allahın ondan nə tələb etdiyini şüurlu şəkildə dərk etməlidir. Həmçinin o, artıq vəftizə qədər Allahın tələblərinə uyğun yaşamağa qətiyyətli olduğunu göstərməlidir.
Məsihçilərdən öz yığıncaqlarını tərk etməmək tələb olunduğundan vəftiz olunmamış təbliğçi də yığıncaq görüşlərində müntəzəm iştirak etməlidir (İbr. 10:24, 25). Ümumi götürdükdə, ondan yığıncaq görüşlərində şərhlər vermək də gözlənilir. Çox ehtimal ki, o, artıq Teokratik Xidmət Məktəbinə yazılmış olacaq, hərçənd bu, tələb deyil.
Bundan əlavə, məsihçilərə xoş xəbəri təbliğ etmək və şagird hazırlamaq işi tapşırıldığından vəftiz olunmamış təbliğçi vəftizdən əvvəl təbliğdə müntəzəm iştirak etməlidir (Mat. 24:14; 28:19, 20). Vəftizdən qabaq o, neçə ay təbliğçi olmalıdır? Məntiqlidir ki, təbliğ işində müntəzəm və səylə iştirak etməyə tam qətiyyətli olduğunu göstərməsi üçün ona kifayət qədər vaxt verilməlidir (Məz. 78:37). Ancaq bunun üçün çox uzun müddət tələb olunmur, cəmi bir neçə ay da kifayət edə bilər. Bəs o, ayda neçə saat təbliğ etməlidir? Bu məsələdə konkret qayda yoxdur. Ağsaqqallar hər bir təbliğçinin vəziyyətini nəzərə almalı, bu işdə tarazlı və anlayışlı olmalıdırlar (Luka 21:1—4).
Təbliğçidən vəftizin suallarını götürən ağsaqqallar (yaxud ağsaqqallar az olan yığıncaqlarda xidməti köməkçilər) hər kəsə fərdi yanaşmalı və vəftizə yararlılıq məsələsi ilə bağlı qərar verərkən sağlamdüşüncəli olmalıdırlar. Ağsaqqallar vəftiz olmaq üçün müraciət edən təbliğçinin, həqiqətən də, Yehovanın Şahidi olmaq istədiyinə, Yehovanın təşkilatında olduğuna və xidmətdə iştirak etdiyinə görə minnətdar olub-olmadığına fikir verəcəklər. Ağsaqqallar başa düşürlər ki, həmin adam hələ ruhani cəhətdən yetkinləşməyib, yaxud vəftiz olunmuş təbliğçi kimi lazımi bacarıqlara yiyələnməyib. Əgər ağsaqqallar hiss etsələr ki, təbliğçi vəftizə yararlı deyil, onda onlar mülayimliklə həmin adama qərarlarının Müqəddəs Yazılara əsaslandığını izah etməli və ona ruhani köməklik göstərməlidirlər.