Nümunə üçün təqdimələr
Yehovanın Şahidləri nə vaxtdan mövcuddur?
Müqəddəs Kitaba əsasən, Yehovanın şahidlərinin tarixi ta qədimə, Habilə gedib çıxır. İbranilərə 11:4—12:1 ayələrində deyilir: «Habil, imanı sayəsində, Allaha Qabilin qurbanından daha qiymətli qurban gətirdi... Nuh, imanı sayəsində, hələ görünməyən şeylərlə bağlı Allah tərəfindən xəbərdar ediləndən sonra ürəyində Allah qorxusu [oldu]... İbrahim, imanı sayəsində, Allah tərəfindən çağırılanda itaət edib miras alacağı torpağa yollandı... Musa da böyüyəndən sonra, imanı sayəsində, firon qızının oğlu adlanmaqdan imtina etdi. O, günahdan müvəqqəti həzz almaqdansa, Allahın xalqı ilə birlikdə əziyyətə qatlaşmağı üstün tutdu... Bu cür böyük şahidlər buludu ilə əhatə olunduğumuz üçün gəlin bizə ağırlıq edən hər şeyi və ayaqlarımıza dolaşan günahı əynimizdən çıxaraq və dözümlə qaçaraq qarşımızdakı məsafəni qət edək».
İsa Məsih haqqında isə Müqəddəs Kitabda deyilmişdi: «Allahın xilqətinin ilki, sadiq və həqiqi şahidi Amin belə deyir». İsa kimin şahidi idi? O, özü demişdi ki, Atasının adını açıb. Deməli, o, Yehovanın əsas şahidi idi (Vəhy 3:14; Yəh. 17:6).
Bəzi yəhudilər İsa Məsihin fəaliyyəti barədə soruşmuşdular ki, bu «yeni bir təlimdir?» (Mark 1:27). Sonralar bəzi yunanlar həvari Pavelin «yeni təlim» yaydığını düşünürdülər (Həv. iş. 17:19, 20). Düzdür, eşidənlər üçün bu yeni gələ bilərdi, amma əsas o idi ki, bu, həqiqət idi və tam olaraq Allahın Kəlamına əsaslanmışdı.
Yehovanın Şahidlərinin müasir tarixi isə 1870-ci ilin əvvəllərinə gedib çıxır. Onlar Pensilvaniya ştatının Alleqani şəhərində (ABŞ) Müqəddəs Kitabı araşdıran bir qrup kimi fəaliyyətə başladılar. Təzə-təzə onlar Müqəddəs Kitab Tədqiqatçıları kimi tanınırdılar, lakin 1931-ci ildən Müqəddəs Kitaba əsasən, Yehovanın Şahidləri adını qəbul etdilər (Yeşaya 43:10—12). Onların etiqadları və fəaliyyətləri yeni deyil, bu, birinci əsrdəki məsihçiliyin bərpasıdır.