Padşahlıq bir əsrdir elan edilir!
1. Təxminən bir əsr öncə Yehovanın xalqı nəyə təşviq olunmuşdu?
1 «Budur! Padşah artıq hökmranlıq edir! Siz onun carçılarısınız. Buna görə də Padşahı və onun Padşahlığını elan edin, elan edin, elan edin». Bu çağırışı təxminən bir əsr öncə Ruterford qardaş etmişdi. Beləcə, Yehovanın xalqı Padşahlıq xəbərini bütün dünyaya bəyan etməyə təşviq olunmuşdu. Budur, nəticə göz qabağındadır! Birinci əsrdəki məsihçilər kimi, biz də Padşahlıq haqqında xoş xəbəri «səma altında yaşayan bütün insanlara» təbliğ etmişik (Kolos. 1:23). Bu bir əsrdə Allahın Padşahlığının elan olunması ilə bağlı nələrə nail olmuşuq? Padşahlığının qurulmasının 100-cü ildönümü ərəfəsində onu necə elan edə bilərik?
2. Ədəbiyyatlarımız Allahın Padşahlığını necə bəyan edir?
2 Dünənimiz. Onilliklərdir ki, ədəbiyyatlarımız Allahın Padşahlığını bəyan edir. Əsas nəşrimiz 1939-cu ildən bəri «Gözətçi qülləsi Yehova Allahın Padşahlığını bəyan edir» adlanır. Bu jurnalda Padşahlıq və onun görəcəyi işlər dönə-dönə müzakirə olunur. Həmçinin «Oyanın!» jurnalı Allahın Padşahlığının bəşəriyyətin yeganə ümid yeri olduğunu vurğulayır. Bu iki jurnalın, demək olar ki, bütün dünyada tərcümə edilib paylanması necə də ruhlandırıcıdır! (Vəhy 14:6).
3. Padşahlığı elan etmək üçün hansı üsullardan istifadə etmişik?
3 Yehovanın xalqı Padşahlığı elan etmək üçün müxtəlif üsulları sınaqdan keçirib. Əvvəl-əvvəl biz səsgücləndirici quraşdırılmış maşınlardan, radioverilişlərdən və daşına bilən fonoqraflardan istifadə edirdik. Bu üsullar bizə Padşahlığın müjdəçilərinin az olduğu o dövrdə xoş xəbəri bütün dünyaya yaymağa kömək etmişdi (Məz. 19:4). Hal-hazırda isə biz jw.org saytı vasitəsilə Padşahlıq xəbərini, fəaliyyətimizin qadağan olunduğu ərazilərdə yaşayanlar da daxil olmaqla, milyonlarla insana bəyan edirik.
4. Hansı xüsusi üsullardan istifadə edilib?
4 Yehovanın xalqı Padşahlıq xəbərini yaymaq üçün xüsusi üsullardan da istifadə edib. Məsələn, 1990-cı illərin ortalarından etibarən evdən-evə təbliğlə yanaşı, ictimai yerlərdə, dayanacaqlarda və işgüzar ərazilərdə təbliği gücləndirdik. Bu yaxınlarda isə bütün dünyanın iri şəhərlərində xüsusi ictimai şahidlik təşkil etdik. Bundan əlavə, bir çox yığıncaqlar öz ərazilərində gediş-gəlişin sıx olduğu yerlərdə ədəbiyyat stendləri və arabaları vasitəsilə ictimai şahidlikdə iştirak edirlər. Sözsüz ki, Padşahlığın təbliği işində əsas yeri, həmişə olduğu kimi, evdən-evə təbliğ tutur (Həv. iş. 20:20).
5. Yeni xidmət ili əksəriyyətimizə hansı imkanları açır?
5 Sabahımız. Sentyabrdan başlayan yeni xidmət ilindən çoxları daimi pioner xidmətinə başlayacaq. Sən də onlara qoşula bilərsən? Əgər alınmasa, vaxtaşırı olaraq köməkçi pioner kimi xidmət edə bilərsən? Pioner kimi xidmət edə bilsən də, bilməsən də, Yehova Padşahlığı var gücünlə elan etmək üçün verdiyin qurbanlara görə səni mütləq xeyir-dualandıracaq (Mal. 3:10).
6. 2014-cü ilin oktyabr ayı nəyə görə xüsusi ay olacaq?
6 2014-cü ilin oktyabr ayında Padşahlığın qurulmasının 100 ili tamam olacaq. Buna görə də həmin ayın «Gözətçi qülləsi»nin kütləvi nəşri Allahın Padşahlığı mövzusuna həsr olunub. Gəlin əlimizdən gələni edək ki, jurnalın bu sayını daha çox insana paylayaq. Gəlin gözümüzü gələcəyə dikib «Allahın padşahlığı... barəsində xoş xəbəri» eşitməyə hazır olan hər kəsə təbliğ edək (Həv. iş. 8:12).