Peyğəmbərlərdən nümunə götürün — Həbquq
1. Biz Həbquq peyğəmbər kimi hansı vəziyyətlə üzləşirik?
1 Dünyada baş alıb gedən pisliklərlə üzləşəndə biz də özümüzü Həbquq peyğəmbər kimi hiss edirik. O, Yehovadan soruşmuşdu: «Niyə bu zülm-sitəmi götürürsən, niyə qoyursan gözlərim yamanlıq görsün?» (Həb. 1:3; 2 Tim. 3:1, 13). Həbquq peyğəmbərin çatdırdığı xəbər və onun sədaqəti barədə düşünmək Yehovanın hökm gününü gözlədiyimiz müddətdə bizə möhkəm qalmağa kömək edəcək (2 But. 3:7).
2. İmanla yaşadığımızı necə göstərə bilərik?
2 İmanla yaşayın. Həbquq peyğəmbər pis vəziyyətlərlə üzləşəndə ruhdan düşmədi, əksinə, ruhani sayıqlığını və fəallığını qorudu (Həb. 2:1). Yehova peyğəmbəri əmin etdi ki, Onun sözü düz vaxtında yerinə yetəcək və «saleh... sədaqəti [«imanı», haşiyə] sayəsində yaşayacaq» (Həb. 2:2—4). Bu sözlər axırzamanın sonunda yaşayan bizlər üçün hansı mənanı kəsb edir? Sonun mütləq gələcəyinə əmin olmaq onun nə vaxt gələcəyini bilməkdən vacibdir. İman bizi ayıq qalmağa və xidməti birinci yerə qoymağa təşviq edir (İbr. 10:38, 39).
3. Nəyə görə xidmətdə sevincimizi qorumalıyıq?
3 Sevinciniz Yehova olsun. Məcuc ölkəsindən olan Yəcuc Yehovanın xalqına hücum edəndə imanımız sınanacaq (Hizq. 38:2, 10—12). Toqquşmalar zamanı hamı, hətta axırda qalib gələn tərəf də çətinliklərlə üzləşir. Ola bilsin, qıtlıq olacaq, mal-mülkümüz əlimizdən çıxacaq və həyat səviyyəsi aşağı düşəcək. Bu çətinliklər zamanı biz necə davranacağıq? Həbquq peyğəmbər onu qarşıda çətinliklərin gözlədiyini bilirdi, bununla belə, o, Yehovaya xidmətdə sevincini qorumağa qətiyyətli idi (Həb. 3:16—19). «Yehovanın bəxş etdiyi sevinc» bizə də gələcəkdə üzləşəcəyimiz çətinliklərə dözməyə kömək edəcək (Nəh. 8:10; İbr. 12:2).
4. İndi və gələcəkdə nədən sevinc duya bilərik?
4 Yehovanın hökm günündə xilas etdiyi insanlar sonra da Onun yolları barədə bilik alacaqlar (Həb. 2:14). Dirilənlər də Yehova haqda öyrənəcəklər. Gəlin indidən hər imkandan istifadə edib Yehova və Onun heyrət doğuran işləri barədə danışaq (Zəb. 34:1; 71:17).