TƏLİM MƏQALƏSİ 12
Nə vaxt danışmalıyıq?
«Susmağın öz vaxtı, danışmağın öz vaxtı» (VAİZ 3:7).
NƏĞMƏ 124 Sədaqətli olaq
İCMALa
1. Vaiz 3:7 ayəsindən nə öyrənirik?
BƏZİLƏRİMİZ çox danışmağı xoşlayırıq, bəzilərimiz isə susmağa üstünlük veririk. Məqalənin əsas ayəsindən göründüyü kimi, danışmağın da, susmağın da öz vaxtı var. (Vaiz 3:7 ayəsini oxuyun.) Amma ola bilsin, bəzi bacı-qardaşlarımızın daha çox, bəzilərinin isə daha az danışmasını istəyərdik.
2. Nə vaxt və necə danışmalı olduğumuza dair qaydalar qoymağa kimin haqqı çatır?
2 Danışmaq qabiliyyətini bizə Yehova verib (Çıx. 4:10, 11; Vəhy 4:11). Allah Öz Kəlamı vasitəsilə bu gözəl ənamdan düzgün istifadə etməyi öyrədir. Bu məqalədə nə vaxt danışmalı və nə vaxt susmalı olduğumuzu müəyyən etməyə kömək edən Müqəddəs Kitab nümunələrini nəzərdən keçirəcəyik. Həmçinin başqalarına dediyimiz sözlərə Yehovanın münasibətini öyrənəcəyik. Gəlin ilk növbədə nə vaxt danışmalı olduğumuza nəzər salaq.
NƏ VAXT DANIŞMALIYIQ?
3. Romalılara 10:14 ayəsinə əsasən, nə vaxt danışmalıyıq?
3 Biz Yehova Allah və Onun Padşahlığı haqda danışmağa həmişə hazır olmalıyıq (Mət. 24:14; Romalılara 10:14 ayəsini oxuyun). Bununla İsa Məsihdən örnək götürmüş oluruq. İsa Məsihin yer üzünə gəlməsinin əsas səbəblərindən biri Atası haqda həqiqəti danışmaq idi (Yəh. 18:37). Amma yaddan çıxarmamalıyıq ki, necə danışmağımız da önəmlidir. Odur ki, Yehova haqda «həlimliklə və dərin hörmətlə» danışmalı, qarşımızdakı insanın hisslərini və əqidəsini nəzərə almalıyıq (1 But. 3:15). Bu zaman sadəcə söhbət etmiş olmayacağıq, həmçinin həmin şəxsə nəsə öyrədəcəyik, bəlkə də, ürəyinə yol tapacağıq.
4. Məsəllər 9:9 ayəsinə əsasən, danışığımız başqalarına nədə kömək edə bilər?
4 Ağsaqqallar bacıya və ya qardaşa məsləhət vermək lazım olduğunu görəndə danışmağa çəkinməməlidirlər. Əlbəttə, onlar çalışacaq ki, həmin şəxsi pərt etməmək üçün düzgün vaxt seçsinlər. Məsləhət vermək üçün ətrafdakı insanların çıxıb getməsini gözləyəcəklər. Ağsaqqallar çalışırlar ki, sözləri ilə qarşı tərəfin ləyaqətinə toxunmasınlar. Amma bacı-qardaşlara düzgün davranmalarına kömək edəcək Müqəddəs Kitab prinsiplərini göstərməyə də çəkinmirlər. (Məsəllər 9:9 ayəsini oxuyun.) Bəs nəyə görə lazım olan anda danışmaq üçün bizə cəsarət gərəkdir? Gəlin iki fərqli nümunəyə baxaq. Birinci nümunədə bir kişi oğullarına məsləhət verməli idi, ikincidə isə, bir qadın gələcək padşahı yanlış hərəkətdən çəkindirməli olmuşdu.
5. Baş kahin Əli lazım olan məqamda nə etmədi?
5 Baş kahin Əlinin canından çox sevdiyi iki oğlu var idi. Lakin oğlanları Yehovaya hörmət etmirdi. Onlar müqəddəs çadırda kahin kimi yüksək mövqe sahibi idilər. Amma səlahiyyətlərindən sui-istifadə edirdilər, Yehovaya gətirilən təqdimələrə qarşı böyük hörmətsizlik göstərir, açıq-aşkar əxlaqsızlıq edirdilər (1 İşm. 2:12—17, 22). Musanın qanununa əsasən, Əlinin oğulları ölümə layiq idi, amma Əli onları yüngülvari danlayıb, müqəddəs çadırda xidmət etmələrinə yol verirdi (Qan. 21:18—21). Bəs Yehova Əlinin bu hərəkətinə necə yanaşdı? O, Əliyə dedi: «Nə üçün oğullarına Məndən çox hörmət qoyursan?» Və bildirdi ki, bu iki yaramaz adamı məhv etmək qərarına gəlib (1 İşm. 2:29, 34).
6. Baş kahin Əlinin hadisəsindən hansı dərsi götürürük?
6 Baş kahin Əlinin hadisəsindən vacib bir dərs götürürük. Dostumuzun, yaxud qohumumuzun Allahın qanununu pozduğunu biləndə onunla danışıb, Yehovanın qayda-qanunlarını xatırlatmalıyıq. Sonra isə onun Yehovanın təyin etdiyi kəslərə yaxınlaşıb lazımi köməyi alıb-almadığını dəqiqləşdirməliyik (Yaq. 5:14). Heç vaxt istəməzdik ki, Əli kimi davranıb, dostumuza və ya qohumumuza Yehovadan çox hörmət qoyaq. Düzdür, insana səhvini göstərmək üçün cəsarət gərəkdir, amma nəticə buna dəyər. İndi isə gəlin Əli ilə arasında dağlar qədər fərq olan Abiqayil adlı israilli qadından danışaq.
Abiqayil lazımi vaxtda danışmağa dair gözəl örnəkdir (7 və 8-ci abzaslara baxın)d
7. Nə üçün Abiqayil Davud padşahla danışmaq qərarına gəldi?
7 Abiqayil Nabal adında varlı-hallı bir torpaq sahibinin arvadı idi. Davud və adamları Talut padşahdan qaçdığı vaxt bir müddət Nabalın çobanları ilə birlikdə olmuşdular, onun sürülərini quldurlardan qorumuşdular. Bəs Nabal onların yaxşılığının qədrini bildi? Xeyr. Bir gün Davud adamları üçün bir az yemək və su istəyəndə Nabal özündən çıxdı, çığır-bağır salıb onları təhqir etdi (1 İşm. 25:5—8, 10—12, 14). Davud bunu eşidən kimi Nabalın evindəki bütün kişiləri qırmaq qərarına gəldi (1 İşm. 25:13, 22). Bu faciənin qarşısını necə almaq olardı? Abiqayil başa düşürdü ki, indi susmaq vaxtı deyil. Beləcə, cəsarətini toplayıb 400 ac-yalavac, qəzəbli, əli silahlı kişinin qarşısına çıxmaq və Davudla danışmaq üçün yola düzəldi.
8. Abiqayilin nümunəsindən nə öyrənirik?
8 Abiqayil Davudun qarşısına gələndə onunla cəsarətlə, hörmətlə və əminliklə danışdı. Yaranan problemdə heç bir günahı olmasa da, o, Davuddan üzrxahlıq etdi. Davudun yaxşı insan olduğunu, düzgün davranacağını söylədi və Yehovanın köməyinə güvəndi (1 İşm. 25:24, 26, 28, 33, 34). Abiqayil kimi, biz də kiminsə uçuruma getdiyini görürüksə, cəsarətimizi toplayıb onunla danışmalıyıq (Zəb. 141:5). Bunu hörmətcil tərzdə, amma qətiyyətlə etməliyik. Məhəbbətdən irəli gələrək verdiyimiz lazımi məsləhət əsl dost olduğumuzu göstərir (Məs. 27:17).
9, 10. Ağsaqqallar kiməsə düzəliş verən zaman nəyi yadda saxlamalıdır?
9 Xüsusilə də ağsaqqallar yanlış yola qədəm qoymuş bacı-qardaşlarla danışmaq üçün cəsarət göstərməlidir (Qal. 6:1). Ağsaqqallar qeyri-kamil olduqlarının və bir gün onlara da məsləhət verilə biləcəyinin fərqindədir. Lakin onlar qoymurlar ki, bu, səhvə yol verən şəxsə düzəliş etmələrinə mane olsun (2 Tim. 4:2; Tit. 1:9). Çalışırlar ki, düzəliş verən zaman Yehovanın bəxş etdiyi danışmaq qabiliyyətini məharətlə və səbirlə istifadə etsinlər. Ağsaqqallar dindaşlarını sevirlər və bu məhəbbət onları hərəkətə təşviq edir (Məs. 13:24). Lakin onların başlıca amalı Yehovanın normalarını dəstəkləməklə və yığıncağı xətərdən qorumaqla Yehovaya şərəf gətirməkdir (Həv. 20:28).
10 Bura qədər biz nə vaxt danışmalı olduğumuzu araşdırdıq. Lakin bəzən elə məqamlar olur ki, susmaq daha məsləhətdir. Bu kimi hallarda hansı çətinliklərlə üzləşə bilərik?
NƏ VAXT SUSMALIYIQ?
11. Yaqub hansı nümunəni çəkmişdi və onu danışığımıza necə tətbiq edə bilərik?
11 Bəzən dilimizi cilovlamaq çətin olur. Müqəddəs Kitab yazarlarından biri Yaqub bunu gözəl bir nümunə ilə təsvir etmişdi. O demişdi: «Sözündə səhvə yol verməyən kamil insandır. Belə insan bütün bədənini yüyənləməyə qadirdir» (Yaq. 3:2, 3). Atın baş və ağız hissəsinə yüyən keçirilir. Yüyənin cilovu vasitəsilə atı idarə etmək və ya dayandırmaq olar. Atlı cilovu möhkəm tutmasa, at nəzarətindən çıxar və bu zaman həm at, həm də atlı xəsarət ala bilər. Eynilə, biz də dilimizi cilovlamasaq, bu, çoxlu problemə gətirib çıxara bilər. Gəlin görək hansı hallarda dilimizi cilovlamalı və susmalıyıq.
12. Nə vaxt dilimizi cilovlayıb susmalıyıq?
12 Hansısa bacının və ya qardaşın məxfi bir məlumatı bildiyini öyrənəndə nə edirsiniz? Misal üçün, fəaliyyətimizə qadağa qoyulmuş ərazidə yaşayan dindaşınıza rast gələndə, ola bilsin, ondan həmin ərazidə təbliğ işimizin necə aparıldığını soruşmaq istəyirsiniz. Şübhəsiz ki, bunu saf niyyətdən edirsiniz. Axı biz bacı-qardaşlarımızı sevirik və onların vəziyyəti ilə maraqlanırıq. Üstəlik, ola bilər ki, onların problemləri haqda konkret dualar etmək istəyirik. Lakin bu zaman dilimizi cilovlayıb susmaq vaxtıdır. Məxfi məlumat bilən dindaşımızı danışmağa təhrik etsək, nə ona məhəbbət göstərmiş olarıq, nə də fəaliyyətləri haqda məlumatın məxfi qalacağına ümid edən bacı-qardaşlarımıza. Sözsüz ki, heç birimiz fəaliyyətimizin qadağa altında olduğu ərazilərdə yaşayan bacı-qardaşımıza əlavə problemlər yaratmaq istəməzdik. Eynilə, bu kimi ərazilərdə xidmət edən bacı-qardaşlarımız da təbliğ xidmətləri, yığıncaq görüşləri, ümumiyyətlə, ibadətləri ilə bağlı hansısa məlumatı vermək istəməz.
13. Məsəllər 11:13 ayəsində deyildiyi kimi, ağsaqqallar nə etməlidir və nə üçün?
13 Xüsusilə də, ağsaqqallar Məsəllər 11:13 ayəsindəki prinsipi tətbiq etməlidir. (Ayəni oxuyun.) Ağsaqqal evli olduğu zaman bu, daha çətin ola bilər. Söhbət etmək, həmçinin bir-birilə sirlərini, hisslərini və narahatlıqlarını bölüşmək ər-arvad arasında münasibətləri möhkəmləndirir. Lakin ağsaqqal dərk edir ki, yığıncaqdakı kəslərlə etdiyi «məxfi söhbət»ləri həyat yoldaşına danışmamalıdır. Əks halda, ağsaqqal onların etibarını itirə və öz adına xələl gətirə bilər. Yığıncaqda etibara layiq görülüb məsuliyyət həvalə olunmuş qardaşlar «ikiüzlü» olmamalıdır (1 Tim. 3:8). Bu o deməkdir ki, ağsaqqallar başqalarını aldatmamalı və qeybət etməməlidir. Ağsaqqal həyat yoldaşını sevirsə, onu bilməməli olduğu məlumatlarla yükləməyəcək.
14. Ağsaqqalın arvadı ona sahib olduğu yaxşı adı qorumağa necə kömək edə bilər?
14 Arvad ərinin sirr saxlamalı olduğu məlumatları öyrənməyə çalışmamaqla ona yığıncaqda sahib olduğu yaxşı adı qorumağa kömək edə bilər. Arvad bu məsləhəti tətbiq edəndə, həm ərini dəstəkləyir, həm də ərinə etibar edən bacı-qardaşlara hörmət göstərmiş olur. Ən önəmlisi isə, yığıncaqda sülh və birliyə töhfə verdiyi üçün Yehovanı sevindirir (Rom. 14:19).
YEHOVA DEDİYİMİZ SÖZLƏRƏ NECƏ YANAŞIR?
15. Yehova Əyyubun üç dostuna necə yanaşdı və nə üçün?
15 Nə vaxt və necə danışmaqla bağlı Əyyub kitabından çox şey öyrənə bilərik. Əyyubun başına ard-arda gələn dözülməz bəlalardan sonra dörd kişi ona təsəlli və məsləhət verməyə gəlmişdi. Bu kişilər uzun müddət susdular. Lakin sonradan onların üçünün — Əlifəzin, Bildadın və Söfərin dediyi sözlərdən aydın oldu ki, susduqları vaxt Əyyuba necə kömək edəcəkləri barədə düşünmürdülər. Əksinə, onlar Əyyubun hansısa səhvə yol verdiyini sübut etməyin yollarını axtarırdılar. Onlar bəzi şeyləri düz desələr də, Əyyub və Yehova barədə dediklərinin çoxu ittiham və yalan idi. Onlar Əyyubu pis insan olmaqda ittiham edirdilər (Əyy. 32:1—3). Bəs Yehova buna necə yanaşdı? O, bu üç kişiyə bərk qəzəbləndi. Yehova onları axmaq adlandırdı və tapşırdı ki, gedib Əyyubdan onlardan ötrü dua etmələrini istəsinlər (Əyy. 42:7—9).
16. Əlifəz, Bildad və Söfərin qoyduğu pis nümunədən hansı dərsi götürə bilərik?
16 Əlifəz, Bildad və Söfərin qoyduğu pis nümunədən bir neçə dərs götürə bilərik. Birincisi, bacı-qardaşlarımızı mühakimə etməməliyik (Mət. 7:1—5). Əksinə, nə isə deməmişdən öncə onlara diqqətlə qulaq asmalıyıq. Yalnız bu zaman onların vəziyyətini başa düşə bilərik (1 But. 3:8). İkincisi, danışmağa başladığımız zaman dediklərimizin doğru olduğuna və mülayimliklə danışdığımıza diqqət yetirməliyik (Efes. 4:25). Üçüncüsü, unutmamalıyıq ki, başqalarına nə dediyimiz Yehova üçün çox önəmlidir.
17. Əlihunun nümunəsindən nə öyrənirik?
17 Əyyubu ziyarət edən dördüncü kişi İbrahimin qohumu olan Əlihu idi. O, həm Əyyubun, həm də digər üç kişinin dediklərinə qulaq asdı. Əlihunun verdiyi mülayim və birbaşa məsləhətdən aydın görünür ki, o, Əyyubu diqqətlə dinləmişdi. Onun məsləhəti Əyyuba düşüncə tərzini dəyişməyə kömək etdi (Əyy. 33:1, 6, 17). Əlihunun əsas məqsədi özünü və ya hər hansı insanı yox, Yehovanı ucaltmaq idi (Əyy. 32:21, 22; 37:23, 24). Onun nümunəsindən gördüyümüz kimi, bəzən susub qarşı tərəfi dinləmək lazımdır (Yaq. 1:19). Həmçinin öyrənirik ki, məsləhət verərkən məqsədimiz özümüzə yox, Yehovaya şərəf gətirmək olmalıdır.
18. Yehovanın bəxş etdiyi danışmaq qabiliyyətini qiymətləndirdiyimizi necə göstərə bilərik?
18 Allahın bizə bəxş etdiyi danışmaq qabiliyyətini qiymətləndirdiyimizi Müqəddəs Kitabın nə vaxt və necə danışmaqla bağlı məsləhətlərinə əməl etməklə göstərə bilərik. Müdrik Süleyman padşah Allahdan ilham alaraq yazmışdı: «Məqamında deyilən söz gümüş qabda qızıl almalara bənzər» (Məs. 25:11). Başqalarına diqqətlə qulaq assaq və danışmazdan öncə düşünsək, sözlərimiz qızıl almalara bənzəyəcək, həm dəyərli, həm də gözəl olacaq. Onda az, ya da çox danışmağımızdan asılı olmayaraq, sözlərimiz başqalarını möhkəmləndirəcək, Yehova da bizimlə fəxr edəcək (Məs. 23:15; Efes. 4:29). Yehovanın bəxş etdiyi bu ənama görə minnətdarlığımızı bildirməyin bundan gözəl yolu nə ola bilər?!
NƏĞMƏ 82 «Qoy nurunuz parlasın»
a Allahın Kəlamındakı bir çox prinsiplər nə vaxt susmalı və nə vaxt danışmalı olduğumuzu müəyyən etməyə kömək edir. Bu prinsipləri bilsək və tətbiq etsək, danışığımız Yehovaya xoş olacaq.
b ŞƏKLİN İZAHI: Bir bacı başqa bir bacıya düzgün məsləhət verir.
c ŞƏKLİN İZAHI: Bir qardaş təmizkar olmaqla bağlı məsləhətlər verir.
d ŞƏKLİN İZAHI: Abiqayil Davud padşahla vaxtında danışdı və bu, gözəl nəticə verdi.
e ŞƏKLİN İZAHI: Ər-arvad fəaliyyətimizin qadağa altında olduğu ərazilərdə təbliğ işinin necə aparıldığı ilə bağlı təfərrüatları verməməyə çalışır.
f ŞƏKLİN İZAHI: Ağsaqqal diqqət yetirir ki, yığıncaqla bağlı danışdığı məxfi məlumatları heç kim eşitməsin.