BİOQRAFİYA
«İndi xidməti çox sevirəm!»
MƏN Yeni Zelandiya adasının cənubunda yerləşən Balkluta şəhərində anadan olmuşam. Uşaq yaşlarımda Yehovanı çox sevirdim, həqiqətdə olmaq mənə xoş idi. Yığıncaqlar heç vaxt mənə darıxdırıcı gəlmirdi. Ora sanki bir isti yuva idi, özümü orada arxayın, xoşbəxt hiss edirdim. Təbiətcə ünsiyyətcil olmasam da, hər həftə təbliğdə iştirak edirdim. Sinif yoldaşlarıma və başqalarına təbliğ etməyə çəkinmirdim. Yehovanın Şahidi olduğum üçün fəxr edirdim. Və 11 yaşımda özümü Allaha həsr etdim.
SEVİNCİMİ İTİRİRƏM
Yeniyetməlik dövrünə girəndə Yehova ilə möhkəm münasibətlərim zəifləməyə başladı. Mənə elə gəlirdi ki, sinif yoldaşlarım tam azaddır, mən isə nədənsə məhrumam. Sanki valideynlərimin qoyduğu qayda-qanunlar, məsihi normaları əl-qolumu bağlayırdı. Ruhani işlər mənə ağır yük kimi gəlirdi. Düzdür, Yehovanın varlığına şübhə etmirdim, amma Ona yaxın da deyildim.
Çox az xidmət edirdim, əsas o idi ki, qeyri-fəal olmayım. Xidmətə hazırlaşmamış gedirdim, buna görə də söhbətə başlamaq və davam etdirmək mənim üçün çətin idi. Get-gedə xidmətim daha da bəhrəsiz oldu, artıq sevinc duymurdum, təbliğə olan-qalan həvəsim də öldü. Öz-özümə fikirləşirdim: «Necə ola bilər ki, insan hər həftə, hər ay təbliğə getsin?»
17 yaşım olanda sərbəst yaşamaq arzusu ilə əşyalarımı yığıb evdən çıxdım. Avstraliyaya köçdüm. Mənim evdən ayrılmağım valideynlərim üçün çox ağır idi, onlar mənə görə narahat idi. Amma eyni zamanda ümid edirdilər ki, mən orada da xidmətimi davam etdirəcəyəm.
Avstraliyada ruhani cəhətdən daha da zəiflədim. Yığıncaqlara ayda-ildə bir dəfə gedirdim. Bu gün yığıncağa gələn, sabah da gecə klublarında içki içən, rəqs edən gənclərə qoşulmağa başladım. Geriyə boylanıb baxanda başa düşürəm ki, bir ayağım həqiqət yolunda idi, bir ayağım da dünyada. Heç birində də özümü rahat hiss etmirdim.
GÖZLƏMƏDİYİM HALDA VACİB HƏQİQƏTİ BAŞA DÜŞÜRƏM
Təxminən iki il sonra bir bacı ilə tanış oldum. Tanışlığımız qısa çəksə də, o özü də bilmədən məni həyatım barədə düşündürdü. Bu bacı rayon nəzarətçimizin yoldaşı Tamara idi. Onlar bir həftəlik bizdə qonaq qalmışdılar. O vaxt mən beş subay bacı ilə bir evdə qalırdım. Qardaş yığıncaq işləri ilə məşğul olanda Tamara bizim yanımızda olurdu. Birgə deyib-gülürdük, əla idi. O, çox ağıllı, düşüncəli insan idi, onunla danışmaq rahat idi. Məəttəl qalmışdım ki, ruhani cəhətdən yetkin bir insan necə belə şən ola bilər.
Tamara çox şövqlü insan idi. Onun həqiqətə və xidmətə sevgisi başqalarına da sirayət edirdi. O, Yehovaya var gücü ilə xidmət etdiyi üçün xoşbəxt idi, mən isə əksinə, az xidmət etdiyim üçün xoşbəxt deyildim. Onun müsbət əhvali-ruhiyyəsi, duyduğu əsl xoşbəxtlik həyatıma güclü təsir bağışladı. Onun nümunəsi mənə Müqəddəs Kitabdakı vacib bir həqiqəti başa düşməyə kömək etdi: Yehova istəyir ki, hamımız Ona sevinclə, şadyanalıqla xidmət edək (Zəb. 100:2).
YENİDƏN XİDMƏTƏ SEVGİM YARANIR
Mən də istəyirdim Tamara kimi xoşbəxt olum. Amma bunun üçün həyatımda böyük dəyişikliklər etməli idim. Bu, birdən-birə alınmadı, amma kiçik dəyişikliklərdən başlayaraq buna nail oldum. Xidmətə qabaqcadan hazırlaşırdım, vaxtaşırı köməkçi öncül kimi xidmət edirdim. Bunun sayəsində get-gedə həyəcanım azaldı və əminliyim artdı. Müqəddəs Kitabdan daha çox istifadə etdikcə xidmət mənə zövq verirdi. Bir müddət sonra hər ay köməkçi öncül kimi xidmət etməyə başladım.
Yehovaya xidmətdə can qoyan, bundan sevinc duyan hər yaşda olan bacı-qardaşlarla dostlaşdım. Onların nümunəsi mənə kömək etdi ki, həyatda daha vacib şeyləri ayırd edim, mütaliəyə müntəzəm vaxt ayırım. Xidmətə sevgim artdı və beləcə, öncül xidmətinə başladım. Uzun illərdən sonra ilk dəfə idi ki, yığıncaqda özümü xoşbəxt, evimdəki kimi hiss edirdim.
DAİMİ ÖNCÜL ƏMƏKDAŞI TAPIRAM
Bir il sonra Alekslə tanış oldum. O, səmimi, mehriban insan idi, Yehovanı və xidməti sevirdi. Həmin vaxt Aleks yığıncaq xidmətçisi idi və altı il idi ki, öncül kimi xidmət edirdi. Həmçinin o, bir müddət təbliğçilərə tələbat olan ərazidə, Malavidə xidmət etmişdi. Orada o, xüsusi təyinatlı müjdəçilərlə əməkdaşlıq edirdi. Onlar Aleksə gözəl nümunə olmuşdular. Və onu təşviq etmişdilər ki, bundan sonra da Padşahlıq işini həyatında hər şeydən üstün tutsun.
2003-cü ildə Alekslə ailə qurdum. O vaxtdan tamvaxtlı xidməti dayandırmamışıq. Bu günə kimi çoxlu gözəl şeylər öyrənmişik. Yehova başımızdan hər cür nemətlər töküb.
BAŞQA NEMƏTLƏRƏ AÇILAN QAPI
Qlenoda (Şərqi Timor) təbliğdə
2009-cu ildə İndoneziya arxipelaqında yerləşən kiçik ölkəyə, Şərqi Timora xüsusi təyinatlı müjdəçi kimi təyin olunduq. Həm təəccübləndik, həm sevindik, həm də həyəcanlandıq. Beş aydan sonra paytaxt şəhər Diliyə gəldik.
Burada həyat tamam başqa cür idi. Biz yeni mədəniyyətə, yeni dilə, yeni mətbəxə, yeni həyat şəraitinə uyğunlaşmalı idik. Xidmətdə tez-tez yoxsul, savadsız, zülmə məruz qalmış insanlarla rastlaşırdıq. Həmçinin müharibənin və zorakılığın nəticəsində fiziki və emosional yara alan insanlara rast gəlirdik a.
Xidmətimiz əla gedirdi. Məsələn, bir dəfə Mariyab adlı 13 yaşlı kədərli bir qızla tanış oldum. Onun anası bir neçə il əvvəl vəfat etmişdi. Atasını isə tək-tük hallarda görürdü. O yaşda olan bütün uşaqlar kimi, Mariya da bilmirdi həyatdan nə istəyir. Yadımdadır, bir dəfə o, ağlayaraq dərdini danışırdı. Amma onun dilində səlis danışa bilmədiyim üçün heç nə başa düşmədim. Dua edib Yehovadan xahiş etdim ki, onu ruhlandırmağa mənə kömək etsin. Sonra ona təsəlliverici ayələr oxudum. Növbəti illər ərzində həqiqətin onun əhvali-ruhiyyəsini, xarici görünüşünü və həyatını necə yaxşılığa doğru dəyişdiyini gördüm. O vəftiz olundu. Və hal-hazırda özü başqalarına Müqəddəs Kitab dərsi keçir. İndi onun böyük ruhani ailəsi var və sevildiyini hiss edir.
Yehova Şərqi Timorda təbliğ işini avand edir. Baxmayaraq ki, təbliğçilərin əksəriyyəti son on ildə vəftiz olunub, onların çoxu öncül, yığıncaq xidmətçisi və ya ağsaqqal kimi xidmət edir. Digərləri tərcümə ofisində işləyir və ruhani qidanın yerli dillərə tərcümə olunmasına köməklik göstərir. Onların yığıncaqda nəğmə oxuduğunu, gülər üzlərini və ruhani inkişafını görəndə çox sevinirdim.
Anma mərasiminə dəvətnamələri paylamaq üçün Alekslə təyin olunmamış əraziyə gedirik
«BUNDAN GÖZƏL HƏYAT TƏSƏVVÜR EDƏ BİLMƏZDİM»
Avstraliya ilə müqayisədə Şərqi Timorda həyat çox fərqli idi, amma bundan gözəl həyat təsəvvür edə bilməzdim. Elə olurdu ki, mindiyimiz avtobuslar ağzınacan adamlarla dolu olurdu, əllərində isə bazardan aldıqları qaxac edilmiş balıq və tərəvəzlərlə dolu zənbillər. Bəzən Müqəddəs Kitab dərsləri keçdiyimiz evlər isti və rütubətli idi, döşəməsi çirkli olurdu, evdə toyuq-cücə gəzirdi. Çətinliklərin olmasına baxmayaraq, mən tez-tez fikirləşirdim: «Bu, möhtəşəmdir!»
Təbliğ edəcəyimiz əraziyə gedirik
Valideynlərimə minnətdaram. Çünki geriyə boylanıb baxanda görürəm ki, onlar mənə Yehovanın yollarını öyrətmək üçün əllərindən gələni ediblər, mənə dəstək olublar, hətta çətin keçən yeniyetməlik illərimdə də. Məsəllər 22:6 ayəsində yazılanlar mənim vəziyyətimə uyğundur. Anam da, atam da Alekslə və mənimlə fəxr edirlər. Onlar xoşbəxtdirlər ki, biz Yehovaya xidmət edirik. 2016-cı ildən bəri biz Avstralaziya filialının ərazisində səyyar xidmətdəyik.
Emin və Nərmin videosunu Şərqi Timorda uşaqlara göstərirəm, onlar sevinirlər
İnana bilmirəm ki, nə vaxtsa təbliğ işi mənə darıxdırıcı gəlib. İndi xidməti çox sevirəm! İndi başa düşürəm ki, insanın həyatda pis günü də, xoş günü də ola bilər, amma əsl sevinci yalnız Yehovaya səmimi-qəlbdən ibadət edəndə duyur. Doğrudan da, Alekslə birgə Yehovaya xidmət etdiyim son 18 il həyatımın ən xoşbəxt illəridir. Davudun Yehovaya dediyi sözlərin nə qədər doğru olduğunu indi daha yaxşı başa düşürəm: «Sənə pənah gətirənlər isə sevinər, hey sevinc sədaları ucaldar... Adını əziz tutanların hədsiz sevinci Sən olarsan» (Zəb. 5:11).
Müqəddəs Kitabı belə sadə insanlara öyrətmək adama zövq verir!
a Şərqi Timorda 1975-ci ildə müstəqillik uğrunda başlayan müharibə 20 ildən çox davam edib.
b Ad şərtidir.