TƏLİM MƏQALƏSİ 26
Yehovaya məhəbbət qorxuya üstün gəlir
«Yehova mənim tərəfimdədir, qorxmaram» (ZƏB. 118:6).
NƏĞMƏ 105 Allah məhəbbətdir
İCMALa
1. Bəzilərində hansı qorxu olub?
GƏLİN bəzi Yehovanın Şahidlərinin üzləşdiyi vəziyyətlərə nəzər salaq. Nestorla arvadı Mariya təbliğçilərə tələbat olan ərazidə xidmət etmək istəyirdilərb. Bunun üçün onlar həyatlarında bəzi şeyləri dəyişməli idilər. Amma onlar qorxurdular ki, pulları az olsa, tam xoşbəxt ola bilməyəcəklər. Binyam Yehovanın xidmətçilərinin təqib olunduğu bir ölkədə həqiqətə gəlib. O başa düşürdü ki, bir Yehovanın Şahidi kimi, təqiblərlə üzləşə bilər. Bu, onu bərk qorxudurdu. Amma onu ən çox qorxudan qohumlarının onun Yehovanın Şahidi olduğunu biləndə göstərəcəkləri reaksiya idi. Valeriya adlı bacıya aqressiv xərçəng diaqnozu qoyulmuşdu. Bacı onun qanla bağlı mövqeyini nəzərə alacaq cərrah tapa bilmirdi. Təbii olaraq, o qorxurdu ki, həyatını itirə bilər.
2. Nəyə görə qorxularımızı aşmağa çalışmalıyıq?
2 Sizdə də belə qorxular olur? Çoxlarımızda olur. Əgər qorxularımıza üstün gəlməyi öyrənməsək, böyük ehtimal ki, yanlış qərarlar verəcəyik, bu isə Yehova ilə münasibətlərimizə zərər vura bilər. Şeytanın da istədiyi elə budur. O həmçinin çalışır ki, biz qorxuya qapılıb, Allahın qanunlarını pozaq, məsələn, xoş xəbəri təbliğ etməyək (Vəhy 12:17). Şeytan mənfurdur, qəddardır və güclüdür. Amma biz özümüzü ondan qoruya bilərik.
3. Qorxularımızı aşmağa bizə nə kömək edəcək?
3 Yehovanın bizi sevdiyinə, bizə kömək edəcəyinə əmin olanda Şeytanın həmlələrinə qarşı dura bilərik (Zəb. 118:6). Məsələn, 118-ci məzmurun yazarı olduqca çətin vəziyyətlərlə üzləşmişdi. Onun çoxlu düşmənləri var idi, hətta onlardan bəziləri səlahiyyətli insanlar idi (9 və 10-cu ayələr). Bəzən o, hədsiz narahatlıq keçirirdi (13-cü ayə). Həmçinin Yehova onu ciddi tənbeh etmişdi (18-ci ayə). Buna baxmayaraq, məzmurçu «qorxmaram» demişdi. Nəyin sayəsində onun ürəyində rahatlıq, sakitlik var idi? O bilirdi ki, səmavi Atası Yehova onu tənbeh etsə də, çox istəyir. Məzmurçu əmin idi ki, hansı vəziyyətlə üzləşir-üzləşsin, Allahı həmişə ona kömək etməyə hazırdır (Zəb. 118:29).
4. Yehovanın bizi sevdiyinə əminiksə, hansı qorxularımızı aşa bilərik?
4 Biz əmin olmalıyıq ki, Yehova ayrı-ayrılıqda hər birimizi sevir. Bu cür əminlik bizə üç növ qorxunun öhdəsindən gəlməyə kömək edəcək. Bu, 1) ailəni dolandıra bilməmək qorxusu, 2) insan qorxusu və 3) ölüm qorxusudur. İlk abzasda adı çəkilən bacı-qardaşlar Allahın onları sevdiyinə əmin olduqları üçün qorxularını aşa bilmişdilər.
AİLƏNİ DOLANDIRA BİLMƏMƏK QORXUSU
Qardaş oğlu ilə birgə balıq tutur, ailəni bununla dolandırır (5-ci abzasa baxın)
5. Hansı vəziyyətlər ailə başçısının narahatlığına səbəb ola bilər? (Üz qabığındakı şəklə baxın.)
5 Məsihi ailə başçıları ailələrini maddi cəhətdən təmin etmək məsuliyyətlərinə ciddi yanaşırlar (1 Tim. 5:8). Əziz ailə başçıları, yəqin, pandemiya vaxtı işinizi itirmək təhlükəsi ilə üzləşmisiniz. Ola bilsin, narahat olmusunuz ki, evə çörək pulu gətirə bilməyəcəksiniz, evin kirayə və ya ipoteka pulunu ödəyə bilməyəcəksiniz. Yaxud qorxmusunuz ki, əgər işinizi itirsəniz, başqa iş tapa bilmərsiniz. Bəlkə də, yuxarıda adı çəkilən Nestor və Mariya kimi işinizlə bağlı dəyişiklik etməyə tərəddüd etmisiniz. Düşünmüsünüz ki, az pulla dolana bilmərsiniz. Şeytan bu yollarla çoxlarını qorxutmağa müvəffəq olub.
6. Şeytan bizi nəyə inandırmağa çalışır?
6 Şeytan bizi inandırmağa çalışır ki, Yehova hər birimizlə ayrı-ayrılıqda maraqlanmır, ailəmizi dolandırmaq məsələsində biz özümüz başımıza çarə qılmalıyıq. Buna inansaq, belə qənaətə gələrik ki, nəyin bahasına olursa olsun, hətta Müqəddəs Kitab prinsiplərini pozmaq lazım gəlsə də, indiki işimizi əldən verməyək.
7. İsa Məsih bizi nəyə əmin edir?
7 İsa Məsih səmavi Atamızı hamıdan yaxşı tanıyır. O bizi əmin edir: «Atanız sizin nəyə ehtiyac duyduğunuzu siz Ondan istəməzdən əvvəl bilir» (Mət. 6:8). İsa həmçinin bilir ki, Yehova bizim ehtiyaclarımızı təmin etməyə hazırdır. Biz Yehovanın ailəsinin üzvüyük. Yehova ailəmizin Başçısıdır. Əmin ola bilərik ki, O, 1 Timutiyə 5:8 ayəsində bütün ailə başçılarına buyurduğu prinsipə Özü də əməl edir.
Yehova ehtiyac duyduğumuz şeyi yetirəcək. Ola bilsin, bunu dindaşlarımız vasitəsilə etsin (8-ci abzasa baxın)d
8. a) Ailəni dolandıra bilməmək qorxusunu necə aşa bilərik? (Mətta 6:31—33). b) Şəklə baxın: Bir bacıya yemək payı gətirən ər-arvadın nümunəsindən nə öyrənirik?
8 Yehovanın bizi və ailəmizi sevdiyinə əminiksə, Onun ehtiyac duyduğumuz şeylərlə bizi təmin edəcəyinə şübhə etməyəcəyik. (Mətta 6:31—33 ayələrini oxuyun.) Üstəlik, Yehova bunu etməyi ürəkdən istəyir. Özü də bilirik ki, O, səxavətlidir, ruzi yetirən Allahdır! Yehova Yer kürəsini yaradanda sadəcə yaşamağımız üçün zəruri şeyləri yaratmamışdı. O, həyatdan böyük zövq duymağımız üçün Yer kürəsini bol nemətlərlə doldurub (Yar. 2:9). Ola bilsin, bəzən bizim yalnız zəruri şeylərimiz olsun, hətta belə vəziyyətdə unutmamalıyıq ki, Yehova yetirdiyi üçün bizdə bunlar var (Mət. 6:11). Əgər biz maddi cəhətdən nələrisə qurban vermişiksə, yadda saxlamalıyıq ki, onlar Yehovanın bizə həm indiki, həm də gələcək dövrdə verəcəyi nemətlərlə müqayisədə heç nədir. Nestorla Mariya bunu öz təcrübələrində gördülər (Əşy. 65:21, 22).
9. Nestorla Mariyadan nə öyrəndiniz?
9 Nestor və Mariyanın Kolumbiyada işi, evi, hər şəraiti var idi. Onlar deyirlər: «Biz həyatımızı sadələşdirib, xidmətimizi genişləndirmək istəyirdik. Amma qorxurduq ki, pulumuz az olsa, xoşbəxt olmayacağıq». Onlara bu qorxularını aşmağa nə kömək etdi? Nestorla Mariya Yehovanın onlara Öz məhəbbətini dəfələrlə necə sübut etdiyi haqda düşündülər. Bu, onlara əminlik verdi ki, Yehova onların qeydinə hər zaman qalacaq. Buna görə onlar yaxşı gəlirli işlərindən çıxdılar, evlərini satdılar və öz ölkələrində təbliğçilərə tələbat olan əraziyə köçdülər. Bu qərarları ilə bağlı onlar nə düşünürlər? Nestor deyir: «Biz Mətta 6:33 ayəsində yazılan sözlərin doğruluğunu öz gözümüzlə gördük. Bizim heç vaxt maddi sıxıntımız olmayıb. Üstəlik, indi əvvəlkindən daha xoşbəxtik».
İNSAN QORXUSU
10. Nəyə görə insanın insandan qorxması təəccüblü deyil?
10 Ta qədimdən insanlar bir-birilərinə pislik edirlər (Vaiz 8:9). Məsələn, insanlar öz səlahiyyətlərindən sui-istifadə edirlər, cinayətkarlar zorakı əməllər törədirlər, məktəbdə dələduz uşaqlar öz sinif yoldaşlarını alçaldırlar, hədə-qorxu gəlirlər. Bəziləri isə öz ailə üzvləri ilə amansız rəftar edirlər. Buna görə də insanın insandan qorxması təəccüblü deyil. Bəs Şeytan insan qorxusundan bizim əleyhimizə necə istifadə edir?
11, 12. Şeytan insan qorxusundan bizim əleyhimizə necə istifadə edir?
11 Şeytan istəyir ki, biz insan qorxusuna qapılıb, təbliğ etməyə son qoyaq və digər sahələrdə güzəştə gedək. Onun təsiri altında hökumətlər fəaliyyətimizə qadağa qoyur və ya bizi təqib edir (Luka 21:12; Vəhy 2:10). Şeytan dünyasında çoxları Yehovanın Şahidləri haqqında şayiələr və mənfur yalanlar yayırlar. Bu yalana inananlar bizi ələ salırlar, hətta üstümüzə hücum çəkirlər (Mət. 10:36). Şeytanın bu fəndləri bizi heç də təəccübləndirmir. O, birinci əsrdə də bu fəndlərdən istifadə edirdi (Həv. 5:27, 28, 40).
Ailə üzvlərimiz bizə qarşı çıxsa da, əmin ola bilərik ki, Yehova bizi sevir (12—14 abzaslara baxın)e
12 Hökumət tərəfindən təqiblə üzləşmək qorxusu Şeytanın istifadə etdiyi yeganə silah deyil. Bu gün bəziləri bundan çox, qohumlarının həqiqətə necə yanaşacağından qorxur. Qohumları onlar üçün əzizdir və istəyirlər ki, qohumları da Yehova haqda öyrənsinlər, Onu sevsinlər. Qohumlarının Yehova və Onun xidmətçiləri haqda hörmətsiz danışmaları onlara ağır gəlir. Amma bəzən olur ki, həqiqətə qarşı çıxan qohumlar sonradan həqiqəti qəbul edir. Amma tutaq ki, qohumlarımız yeni etiqadımıza görə bizimlə bütün əlaqələrini kəsirlər. Belə vəziyyətdə biz necə davranacağıq?
13. Qohumlarımız bizdən üz döndəribsə, Yehovanın sevgisinə əminlik bizə necə kömək edə bilər? (Zəbur 27:10).
13 Zəbur 27:10 ayəsində yazılan gözəl sözlər bizə təsəlli verə bilər. (Ayəni oxuyun.) Yehovanın bizi nə qədər çox sevdiyini yadda saxlayanda qohumlarımız bizdən üz döndərsə də, təlaşa düşmürük. Biz tamamilə əminik ki, dözüm göstərdiyimizə görə Yehova bizə mükafat verəcək. Yehova bizim fiziki, emosional və ruhani tələbatlarımızı istənilən insandan yaxşı təmin edə bilər! Əvvəldə adı çəkilən Binyam bunu öz həyatında görmüşdü.
14. Binyamın nümunəsindən nə öyrəndiniz?
14 Binyam dövlət tərəfindən amansız təqiblərə məruz qalacağını bilsə də, o, yenə də Yehovanın Şahidi oldu. Yehovanın sevgisinə əminlik Binyama insan qorxusuna üstün gəlməyə kömək etdi. Görün o nə deyir: «Təqiblər düşündüyümdən də şiddətli oldu. Amma hökumətin təqibindən çox, qohumlarımın nə deyəcəyi məni narahat edirdi. Qorxurdum ki, Yehovanın Şahidi olmaq qərarım atamı məyus edəcək. Üstəlik, qohumların da gözündən düşəcəyəm». Bütün bunlara baxmayaraq, Binyam əmin idi ki, Yehova sevdiyi insanların qayğısına qalır. O deyir: «Mən Yehovanın Öz xidmətçilərinə maddi çətinliklərə, qərəzli münasibətə, qəzəbli kütlənin hücumuna dözməyə kömək etdiyi barədə düşündüm. Bilirdim ki, Yehovaya bağlı qalsam, O məni heç vaxt mükafatsız qoymayacaq. Dəfələrlə həbs olunmuşam, döyülmüşəm. Amma hər dəfə şahid olmuşam ki, sadiq qaldığımız təqdirdə, Yehova bizə çox kömək olur». Yehova Binyama əsl Ata, xalqı isə əsl ailə oldu.
ÖLÜM QORXUSU
15. Ölüm qorxusunun olması nəyə görə təbiidir?
15 Müqəddəs Kitabda deyilir ki, ölüm düşməndir (1 Kor. 15:25, 26). Özümüz və ya əzizlərimiz ağır xəstə olanda adam ölümdən lap qorxur. Bəs bunun səbəbi nədir? Çünki Yehova bizi əbədi yaşamaq arzusu ilə yaradıb (Vaiz 3:11). Müəyyən dərəcədə ölüm qorxusunun olması yaxşıdır. Bu bizə həyatımızı qorumağa kömək edir. Məsələn, bu bizi sağlam qidalanmağa, idmanla məşğul olmağa, lazım olanda həkimə getməyə, müalicə götürməyə təşviq edir və həyatımızı yersiz yerə təhlükəyə atmaqdan qoruyur.
16. Şeytan təbii olan ölüm qorxusu hissimizdən necə istifadə edir?
16 Şeytan bilir ki, can şirin şeydir. Buna görə də o iddia edir ki, canımızdan ötrü hər şeydən, hətta Yehova ilə dostluğumuzdan belə keçərik (Əyy. 2:4, 5). O, çox yanılır. Amma bilirik ki, «ölüm silahlarının sahibi» olduğu üçün Şeytan təbii olan ölüm qorxusundan bizi Yehovadan uzaqlaşdırmaq üçün istifadə edir (İbr. 2:14, 15). Məsələn, Şeytanın təsirinə uyan bəzi insanlar imanımızdan dönməsək, bizi öldürməklə hədələyirlər. Yaxud həyati risk daşıyan tibbi vəziyyət yarananda Şeytan etiqadımıza zidd davranmağımız üçün bu vəziyyəti fürsət bilir. Həkimlər və imanımıza şərik olmayan ailə üzvlərimiz bizə təzyiq göstərə bilər ki, Allahın qanununu pozaraq qan köçürək. Ya da Müqəddəs Kitab prinsiplərinə zidd gedən müalicə üsulunu qəbul etməyimiz üçün bizi dilə tuta bilərlər.
17. Romalılara 8:37—39 ayələrinə əsasən, nəyə görə ölümdən qorxmamalıyıq?
17 Biz ölmək istəmirik, amma bilirik ki, həyatımız sona yetsə də, Yehova bizi sevməkdən vaz keçməyəcək. (Romalılara 8:37—39 ayələrini oxuyun.) Yehova ölən dostlarını yaddaşında saxlayır, Yehovanın gözündə onlar sağdırlar (Luka 20:37, 38). Yehova onları həyata qaytarmağın həsrətindədir (Əyyub 14:15). Bizim əbədi həyatımız olsun deyə Yehova yüksək dəyər ödəyib (Yəh. 3:16). Onun bizə biganə qalmadığını, bizi necə böyük məhəbbətlə sevdiyini yaxşı bilirik. Buna görə də xəstələnəndə, yaxud ölüm təhlükəsi ilə üz-üzə duranda Yehovadan uzaqlaşmaqdansa, təsəlli, hikmət və güc almaq üçün Ona sığınmalıyıq. Valeriya ilə həyat yoldaşı məhz belə davranmışdı (Zəb. 41:3).
18. Valeriya bacıdan nə öyrəndiniz?
18 Valeriyanın 35 yaşı olanda onda xərçəngin çox nadir və aqressiv növü aşkar olunmuşdu. Gəlin görək Yehovanın məhəbbəti ona ölüm qorxusuna üstün gəlməyə necə kömək etmişdi. O deyir: «Bu diaqnozla həyatımız bir gecənin içində dəyişdi. Mən çox ağır bir əməliyyat keçirməli idim. Çoxlu cərrahlara müraciət etdik, amma heç biri qan köçürmədən əməliyyat etməyə razılaşmadı. Mən çox qorxurdum, amma Allahın əmrini bildiyim üçün qan köçürməyi ağlımdan belə keçirmirdim. Həyatım boyu Yehova mənə məhəbbətini dəfələrlə göstərib. İndi mənim Ona sevgimi sübut etmək imkanım var idi. Hər dəfə həkimdən pis xəbər alanda Şeytanın qalib gəlməməsi və Yehovanın fərəhlənməsi üçün daha da qətiyyətli olurdum. Nəhayət, mən qan köçürülmədən əməliyyat oluna bildim. Səhhətimlə bağlı problemlərim hələ də var. Amma Yehova mənə həmişə lazım olan köməyi göstərir. Mənə diaqnoz qoyulmamışdan əvvəlki həftə yığıncaqda “Bugünkü fəlakətlərə cəsarətlə sinə gər” adlı məqaləni müzakirə etmişdikc. Bu məqalə düz vaxtında idi, biz bu məqaləni təkrar-təkrar oxuduq. Bu kimi məqalələr və ruhani işlərdə fəal olmaq yoldaşımla mənə təlaşa qapılmamağa və düzgün qərarlar verməyə kömək etdi».
QORXULARIMIZA ÜSTÜN GƏLİRİK
19. Tezliklə nə baş verəcək?
19 Yehovanın köməyi sayəsində bütün dünyadakı məsihilər çətinliklərin öhdəsindən gəlirlər və İblisə müqavimət göstərirlər (1 But. 5:8, 9). Siz də bunu bacararsınız. Çox tezliklə Yehova İsa Məsihə və onun həmvarislərinə «İblisin işlərini dağıtmaq» əmrini verəcək (1 Yəh. 3:8). Bundan sonra Allahın xalqının «qorxu, dəhşət üçün bir səbəb»i olmayacaq (Əşy. 54:14; Mik. 4:4). O vaxta qədər isə qorxularımızı aşmaq üçün var gücümüzlə çalışmalıyıq.
20. Qorxularımıza üstün gəlməyə bizə nə kömək edə bilər?
20 Biz Yehovanın Öz xidmətçilərini sevdiyinə və onları qoruduğuna əminliyimizi möhkəmləndirməliyik. Keçmişdə Yehovanın xidmətçilərinə necə dəstək olduğu haqda düşünmək, bacı-qardaşlarla bu haqda danışmaq bizə bu sahədə kömək edəcək. Həmçinin Yehovanın çətin vəziyyətlərimizdə şəxsən bizə necə dayaq olduğunu yadda saxlamalıyıq. Yehovanın köməyi ilə biz bütün qorxularımıza üstün gələ bilərik! (Zəb. 34:4).
NƏĞMƏ 129 Dözüm göstərəcəyik
a Qorxu təbii hissdir, o bizi təhlükədən qoruya bilər. Amma elə qorxu var ki, əksinə, bizə zərər yetirə bilər. Bu necə baş verə bilər? Şeytan elə edə bilər ki, biz qorxuya düşək və səhv addım ataq. Aydındır ki, bu cür qorxunu aşmaq üçün səy göstərmək lazımdır. Bəs bizə nə kömək edə bilər? Bu məqalədən görəcəyik ki, Yehovanın bizi sevdiyinə, bizə dəstək olacağına əmin olmağımız istənilən qorxunu aşmağımıza kömək edə bilər.
b Bəzi adlar şərtidir.
d ŞƏKLİN İZAHI. Bir ər-arvad yığıncaqlarında olan zəhmətkeş bacıya və onun ailəsinə yemək gətirir.
e ŞƏKLİN İZAHI. Gənc qardaşın valideynləri onun ibadətinə qarşıdır. Lakin o, Allahın ona dəstək olacağına əmindir.