Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w24 oktyabr s. 12—17
  • İsanın yer üzündəki son 40 günündən nə öyrənirik?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • İsanın yer üzündəki son 40 günündən nə öyrənirik?
  • Gözətçi qülləsi 2024
  • Başlıqlar
  • Oxşar material
  • RUHLANDIRIN
  • MÜQƏDDƏS KİTABDA YAZILANLARI DƏRK ETMƏYƏ KÖMƏK EDİN
  • QARDAŞLARA «İNSAN TİMSALINDA HƏDİYYƏ» OLMAĞA KÖMƏK EDİN
  • İsa kimi şövqlə təbliğ edin
    Gözətçi qülləsi 2025
  • Səxavət göstərin, xoşbəxt olun
    Gözətçi qülləsi 2024
  • Yehovaya güvəndiyimizi göstərən qərarlar
    Məsihi həyatı və ibadəti. İş dəftəri 2023
  • Əziz qardaşlar, ağsaqqal olmağa can atırsınız?
    Gözətçi qülləsi 2024
Əlavə
Gözətçi qülləsi 2024
w24 oktyabr s. 12—17

TƏLİM MƏQALƏSİ 41

NƏĞMƏ 13 Məsih bizə örnəkdir

İsanın yer üzündəki son 40 günündən nə öyrənirik?

«Həvarilər onu qırx gün ərzində gördülər. İsa onlara Allahın Padşahlığı haqqında danışırdı» (HƏV. 1:3).

ƏSAS FİKİR

Gəlin görək İsa yer üzündə keçirdiyi son 40 gün ərzində nələr etmişdi və onun nümunəsini necə izləyə bilərik.

1, 2. İki şagird İmmasa gedərkən nə baş verir?

ERAMIZIN 33-cü ili, nisan ayının 16-dır. İsanın şagirdlərini kədər bürüyüb. Üstəlik, onlar qorxu içindədirlər. Şagirdlərdən ikisi Yerusəlimdən təqribən 11 kilometr aralıda yerləşən İmmas kəndinə gedir. Bu iki şagird çox pərişandır. Onlar Məsihin böyük işlər görəcəyinə ümid edirdilər, amma bu ümidləri puça çıxmışdı, çünki rəhbərləri İsa Məsih öldürülmüşdü. Bununla belə, gözləmədikləri bir şey baş verir.

2 Tanımadıqları bir adam şagirdlərə yaxınlaşıb onlarla yanaşı gedir. Şagirdlər İsanın başına gələn dəhşətli hadisələrdən söhbət açırlar. Sonra həmin adam onlara ömürlük yaddaşlarında qalacaq bəzi şeylərdən danışır. O, «Musadan və bütün Peyğəmbərlərdən başlayıb» Məsihin nəyə görə əzab çəkməli və ölməli olduğunu izah edir. Bu üç nəfər İmmasa çatanda həmin yad adam kim olduğunu açıqlayır. Bəli, bu, Allahın diriltdiyi İsadır! Məsihin sağ olduğunu biləndə şagirdlərin nə qədər sevindiyini bir təsəvvür edin! (Luka 24:13—35).

3, 4. a) İsa şagirdlərinə necə kömək etdi və bunun nəticəsi nə oldu? (Həvarilərin işləri 1:3). b) Bu məqalədən nə öyrənəcəyik?

3 İsa yer üzündə olduğu son 40 gün ərzində şagirdlərinə dəfələrlə görünmüşdü. (Həvarilərin işləri 1:3 ayəsini oxuyun.) Bu vaxt ərzində şagirdlərin ürəyindəki kədərin, qorxunun yerini sevinc və əminlik tutmuşdu. Onlar Padşahlığın cəsur müjdəçiləri və müəllimləri oldulara.

4 Həyatının bu dönəmində İsanın gördüyü işlərdən çox şey öyrənə bilərik. Bu məqalədən görəcəyimiz kimi İsa qalan vaxtı ərzində 1) şagirdlərini ruhlandırmışdı, 2) onlara Müqəddəs Yazıları başa düşməyə kömək etmişdi və 3) üzərlərinə daha çox məsuliyyət götürmələri üçün təlim vermişdi. Gəlin görək İsadan bu sahələrdə necə nümunə götürə bilərik.

RUHLANDIRIN

5. Nəyə görə İsanın şagirdlərinin ruhlanmağa ehtiyacı var idi?

5 İsanın şagirdlərinin ruhlanmağa ehtiyacı var idi, çünki bəziləri İsanın yanında olmaq üçün ailələrini, evlərini, işlərini qoyub gəlmişdilər (Mət. 19:27). Bir başqaları İsanın şagirdi olduğu üçün pis rəftara məruz qalmışdı (Yəh. 9:22). Onlar İsanın vəd olunmuş Məsih olduğuna inandıqları üçün bu cür qurbanlar verirdilər (Mət. 16:16). Amma İsa edam olunanda şagirdlərin ümidləri puç oldu. Onlar çox məyus olmuşdular.

6. İsa diriləndən sonra nə etdi?

6 Şübhəsiz, İsa şagirdlərinin kədərinə ruhani zəifliyin əlaməti kimi baxmırdı. O, başa düşürdü ki, kimisə itirəndə insanın bu cür hisslər keçirməsi təbiidir. Buna görə də elə dirildiyi gündən o, dostlarını ruhlandırmağa başladı. Məsələn, sərdabənin yanında ağlayan Məcdəlli Məryəmə göründü (Yəh. 20:11, 16). Həmçinin məqalənin əvvəlində danışdığımız iki şagirdinə göründü. Bundan başqa, o, həvari Butrusa da görünmüşdü (Luka 24:34). İsanın nümunəsindən nə öyrənirik? Onun Məcdəlli Məryəmə göründüyü vaxt baş verənlərə nəzər salaq.

7. İsa Məryəmin nə etdiyini görür və bu, İsanı nəyə təşviq edir? (Yəhya 20:11—16). (Həmçinin şəklə baxın.)

7 Yəhya 20:11—16 ayələrini oxuyun. Nisan ayının 16-sı səhər tezdən bir neçə mömin qadın İsanın dəfn olunduğu yerə gedir (Luka 24:1, 10). Məcdəlli Məryəm də həmin qadınların arasındadır. Məryəm sərdabəyə çatanda görür ki, içərisi boşdur və qaçıb bunu Butrusla Yəhyaya xəbər verir. Onlar bunu eşidəndə qaça-qaça sərdabəyə tərəf gedirlər. Məryəm də onların arxasınca gəlir. Butrusla Yəhya sərdabənin boş olduğunu öz gözləri ilə görəndən sonra evə qayıdırlar, amma Məryəm qayıtmır, sərdabənin yanında qalıb ağlayır. Məryəm İsanın orada olduğunu və onu izlədiyini bilmirdi. İsa bu sadiq qadının göz yaşlarını görür və ona təsəlli vermək istəyir. Buna görə də Məryəmə görünür, sadə bir şey edib onu ruhlandırır: Məryəmlə danışır və ona vacib bir tapşırıq verir; deyir ki, gedib qardaşlarına onun dirildiyini xəbər versin (Yəh. 20:17, 18).

Dirilmiş İsa Məsih boş sərdabənin çölündə Məcdəlli Məryəmlə söhbət edir.

İsadan nümunə götürərək bacı-qardaşların hansı problemlərlə üzləşdiyinə fikir verin və onlara təsəlli verin (7-ci abzasa baxın)


8. İsanın nümunəsini necə izləyə bilərik?

8 İsanın nümunəsini necə izləyə bilərik? Biz bacı-qardaşları Yehovaya xidmətlərini davam etdirməyə təşviq edə bilərik. Bunun üçün İsadan nümunə götürərək onların hansı çətinliklərlə üzləşdiklərinə diqqət yetirməli, hisslərini başa düşməyə çalışmalı və təsəlli verməliyik. Məsələn, Coselin adlı bir bacının doğma bacısı faciə nəticəsində həyatını itirmişdi. Coselin deyir: «Aylarla yasdan çıxa bilmirdim». Amma bir ər-arvad Coselini evinə dəvət edir. Onun dərdinə diqqətlə qulaq asır və Yehovanın gözündə dəyərli olduğuna onu əmin edir. Coselin deyir: «Elə bil fırtınalı, qaranlıq dənizdə batırdım, amma Yehova onların vasitəsilə məni dənizdən çıxarıb qayığa mindirdi. Onların sayəsində Yehovaya xidmət etmək istəyim yenidən alovlandı». Bacı-qardaşlar ürəklərini boşaldanda biz də onları diqqətlə dinləsək, ürək-dirək versək, çox ruhlanacaqlar. Nəticədə, Yehovaya xidmətlərini davam etdirmək üçün özlərində güc tapacaqlar (Rom. 12:15).

MÜQƏDDƏS KİTABDA YAZILANLARI DƏRK ETMƏYƏ KÖMƏK EDİN

9. İsanın şagirdləri hansı sahədə çətinlik çəkirdilər və İsa onlara necə kömək etdi?

9 İsanın şagirdləri Allahın Kəlamına iman gətirirdilər, oxuduqlarını həyatlarında tətbiq etməyə çalışırdılar (Yəh. 17:6). Buna baxmayaraq, İsanın işgəncə dirəyində ölməsi onları çaşqınlığa salmışdı. İsa anlayırdı ki, onlarda yaranan şübhələr iman azlığından yox, Allahın Kəlamını axıra kimi dərk etməmələrindən irəli gəlir (Luka 9:44, 45; Yəh. 20:9). Buna görə də İsa onlara oxuduqlarının mənasını anlamağa kömək etdi. Gəlin görək İsa İmmasa gedən iki şagirdinə bu sahədə necə kömək etmişdi.

10. İsa şagirdlərini vəd edilmiş Məsih olduğuna necə əmin etdi? (Luka 24:18—27).

10 Luka 24:18—27 ayələrini oxuyun. Fikir verdinizsə, İsa şagirdlərinə kim olduğunu dərhal demir, onlara suallar verir. Görünür, o, şagirdlərinin nə fikirləşdiyini, nə hiss etdiyini dilə gətirməsini istəyirdi. Onlar belə də edir. Şagirdlər deyir ki, onlar İsa Məsihin İsraili Romanın zülmündən azad edəcəyinə ümid edirdilər. Bu iki şagird ürəyini boşaldandan sonra İsa Məsih Müqəddəs Yazılar vasitəsilə onlara baş verənləri izah edirb. Daha sonra elə həmin gün o digər şagirdlərlə də görüşüb bu peyğəmbərlikləri başa salır (Luka 24:33—48). Bu əhvalatdan nə öyrənirik?

11, 12. a) İsanın Müqəddəs Kitab həqiqətlərini öyrətmək tərzindən hansı nümunəni götürürük? (Həmçinin şəkillərə baxın.) b) Norteyin müəllimi ona necə kömək etmişdi?

11 İsanın nümunəsini necə izləyə bilərik? Əvvəla, dərs keçdiyiniz insanlara münasib suallar verərək nə düşündüklərini, nə hiss etdiklərini öyrənin (Məs. 20:5). Sonra isə onlara üzləşdikləri vəziyyətə uyğun ayələr tapmağın yolunu göstərin. Həmçinin konkret nə etməli olduqlarını demək əvəzinə, ayələrlə bağlı suallar verin, onları düşünməyə təşviq edin. Bu prinsipləri həyatlarında tətbiq etməyin yolunu göstərin. Qanada yaşayan Nortey adlı bir qardaşın hadisəsinə baxaq.

12 Nortey 16 yaşı olanda Müqəddəs Kitabı öyrənməyə başlayır. Amma qısa müddət sonra ailəsi ona qarşı çıxır. Bəs bilirsiniz, Norteyə möhkəm qalmağa nə kömək etdi? Ona Müqəddəs Kitab dərsi keçən müəllimi Mətta 10-cu fəslin əsasında həqiqi məsihilərin təqib olunacağını başa salmışdı. Nortey deyir: «Ona görə də təqiblər başlayanda mən həqiqətdə olduğuma əmin idim». Müəllimi həmçinin Norteyə Mətta 10:16 ayəsini göstərib izah etdi ki, ailəsində mübahisə yaradacaq vəziyyətlərdə ehtiyatlı olsun, eyni zamanda dini mövzuda hörmətcil danışsın. Vəftiz olunandan sonra Norteyin öncül olmaq fikri var idi. Amma atası onun universitetə daxil olmasını istəyirdi. Bu dəfə də müəllimi ona nə etməli olduğunu demədi. Əksinə, suallar verərək Müqəddəs Kitab prinsipləri üzərində düşündürdü. Bunun nəticəsi nə oldu? Nortey öncül olmaq qərarını verdi, atası onu evdən qovdu. Nortey başına gələnlərlə bağlı belə deyir: «Mən düzgün qərar verdiyimə tam əminəm». Biz də vaxt ayırıb insanları Müqəddəs Kitab ayələri üzərində düşündürsək, onlara imanda möhkəm olmağa kömək edəcəyik (Efes. 3:16—19).

Şəkillər: 1) Qardaş Müqəddəs Kitab dərsi zaman Müqəddəs Kitab əsasında söhbət aparır. 2) Şagird Milad bayramına aid dekorasiyaları zibilə atır.

İsadan nümunə götürərək insanlara Müqəddəs Kitabda yazılanları başa düşməyə kömək edin (11-ci abzasa baxın)f


QARDAŞLARA «İNSAN TİMSALINDA HƏDİYYƏ» OLMAĞA KÖMƏK EDİN

13. İsa göyə qalxandan sonra da təbliğ işinin davam etməsi üçün nə etmişdi? (Efeslilərə 4:8).

13 İsa Məsih yer üzündə olarkən Atasının ona həvalə etdiyi işi mükəmməl şəkildə yerinə yetirirdi (Yəh. 17:4). Amma o, heç vaxt bu cür düşüncədə deyildi: «İşin yaxşı görülməsini istəyirsənsə, özün et». O, yer üzündə təbliğ etdiyi üç il yarım ərzində başqalarına da bu işi öyrədirdi. Göyə qalxmazdan əvvəl İsa şagirdlərinə mühüm bir tapşırıq həvalə etdi: onlara Yehovanın quzularının qeydinə qalmağı, təlim və təbliğ işinə rəhbərlik etməyi tapşırdı. Halbuki şagirdlərindən bəziləri həmin vaxt 20 yaşlarında olardı. (Efeslilərə 4:8 ayəsini oxuyun.) Bu kişilər İsaya sadiq idilər, zəhmətkeş idilər. İsa göyə qalxmazdan əvvəl «insan timsalında hədiyyə» olmaları üçün onlara əlavə təlim verdi. O bunu necə etdi?

14. İsa yer üzündə olduğu son 40 gün ərzində şagirdlərinə ruhani cəhətdən yetkinləşməyə necə kömək etmişdi? (Həmçinin şəklə baxın.)

14 İsa şagirdlərinə açıq, amma mehriban şəkildə məsləhət verirdi. Məsələn, o bəzi şagirdlərin ürəyində şübhələrin olduğunu görürdü, buna görə də onlara bu sahədə məsləhət vermişdi (Luka 24:25—27; Yəh. 20:27). Onlara bildirmişdi ki, Allahın quzularının qeydinə qalmaq həyatlarında pul qazanmaqdan daha vacib yeri tutmalıdır (Yəh. 21:15). Həmçinin demişdi ki, başqaları Yehovanın yolunda hansısa təyinatlar alanda özlərini onlarla müqayisə edib narahat olmasınlar (Yəh. 21:20—22). Bundan əlavə, o bəzi şagirdlərinin Padşahlıq haqda olan yanlış fikirlərinə düzəliş etmiş və onları diqqətlərini xoş xəbərin təbliğinə cəmləməyə təşviq etmişdi (Həv. 1:6—8). Ağsaqqallar İsadan nə öyrənə bilər?

İsa dənizin sahilində şagirdləri ilə danışır, ocağın üstündə balıqlar bişir.

İsadan nümunə götürərək kişilərə Yehovanın yolunda daha çox iş görmələri üçün təlim verin (14-cü abzasa baxın)


15, 16. a) Ağsaqqallar İsa Məsihin nümunəsini necə izləyə bilərlər? b) Aldığı məsləhət Patrikə necə kömək etdi?

15 Ağsaqqallar İsa Məsihin nümunəsini necə izləyə bilər? Onlar cavanlar da daxil olmaqla yığıncaqdakı qardaşlara təlim verməli, onlara daha çox məsuliyyətin öhdəsindən gəlməyə kömək etməlidirlərc. Ağsaqqallar bu qardaşların həmin işləri mükəmməl görəcəyini gözləmirlər. Onlar mehribanlıqla məsləhət verməlidirlər. Beləcə, gənc qardaşlar təcrübə qazanacaqlar və təvazökar, sədaqətli, başqalarına qulluq etməyə hazır olacaqlar (1 Tim. 3:1; 2 Tim. 2:2; 1 But. 5:5).

16 Görün aldığı məsləhət Patrik adlı bir qardaşa necə kömək edib. Bir vaxtlar o, başqaları ilə, hətta bacılarla kobud danışırdı, onlarla hörmətsiz davranırdı. Yetkin bir ağsaqqal Patrikdə belə bir zəifliyin olduğunu görür. Ona nəyin üzərində işləməli olduğunu aydın deyir, amma bunu mehriban şəkildə edir. Patrik deyir: «Yaxşı ki, o mənə bu sahədə məsləhət verdi. Kiminsə mənim arzuladığım məsuliyyəti aldığını görəndə ruhdan düşürdüm. Amma ağsaqqalın məsləhəti sayəsində başa düşdüm ki, mən yığıncaqda hansısa məsuliyyəti əldə etməyə can atmaqdansa, fikrimi daha çox bacı-qardaşlara təvazökarlıqla xidmət etməyə cəmləməliyəm». Nəticədə, Patrik 23 yaşında ağsaqqal təyinatı aldı (Məs. 27:9).

17. İsa şagirdlərinə etibar etdiyini necə göstərmişdi?

17 İsa şagirdlərinə təkcə təbliğ etməyi yox, həmçinin təlim verməyi tapşırmışdı (Mət. 28:20)d. Bəlkə də, şagirdləri özlərini bu təyinata yararlı bilmirdilər. Amma İsa onların bu işi bacaracağına əmin idi və bunu onlara da demişdi. İsa onlara inandığını bu cür bildirmişdi: «Atam məni dünyaya göndərdiyi kimi, mən də sizi dünyaya göndərirəm» (Yəh. 20:21).

18. Ağsaqqallar İsanın nümunəsini necə izləyə bilər?

18 Ağsaqqallar İsa Məsihin nümunəsini necə izləyə bilər? Təcrübəli ağsaqqallar məsuliyyətlərini başqaları ilə paylaşırlar (Filip. 2:19—22). Məsələn, ağsaqqallar gənclərə ibadət evinin təmizliyi və qulluğu ilə bağlı işlər həvalə edə bilər. Ağsaqqallar kiməsə hansısa işi tapşırandan sonra onun bu işin öhdəsindən gələcəyinə etibar etdiyini necə göstərə bilər? Ona təlim verməklə, sonra isə bu işi görməyi onun öhdəsinə buraxmaqla. Təzəlikcə ağsaqqal təyin olunmuş Metyu qardaş təcrübəli ağsaqqallara çox minnətdardır. Onlar ona hansısa işi tapşıranda onu görməyin yolunu hərtərəfli izah edirdilər, sonra isə bu işi onun öhdəsinə buraxırdılar. Metyu deyir: «Mən hansısa səhvi edəndə onlar buna təlim prosesinin bir hissəsi kimi baxırdılar və növbəti dəfə bu işi daha yaxşı görməyimə kömək edirdilər»e.

19. Nə etməyə qəti qərarlı olmalıyıq?

19 İsa yer üzündə olduğu son 40 gün ərzində başqalarını ruhlandırır, öyrədir və təlim verirdi. Gəlin biz də İsanın nümunəsini izləyək (1 But. 2:21). O bizə bu sahədə kömək edəcək. Axı o, belə bir söz vermişdi: «Mən bu dövrün yekununa kimi həmişə sizinləyəm» (Mət. 28:20).

İSA YER ÜZÜNDƏ OLDUĞU SON 40 GÜN ƏRZİNDƏ...

  • davamçılarını necə ruhlandırmışdı?

  • davamçılarına Müqəddəs Kitabdakı ayələri başa düşməyə necə kömək etmişdi?

  • kişilərə Yehovanın yolunda daha çox iş görmələri üçün necə təlim vermişdi?

NƏĞMƏ 15 Yehovanın İlkinə təzim edək!

a Müjdələrdə və Müqəddəs Kitabın digər bölmələrində İsanın diriləndən sonra çox insana göründüyü yazılıb. Həmin insanlardan bəziləri bunlar idi: Məcdəlli Məryəm (Yəh. 20:11—18); digər qadınlar (Mət. 28:8—10; Luka 24:8—11); iki şagird (Luka 24:13—15); Butrus (Luka 24:34); Tomasdan başqa digər həvarilər (Yəh. 20:19—24); Tomas da daxil olmaqla həvarilər (Yəh. 20:26); yeddi şagird (Yəh. 21:1, 2); 500-dən çox şagird (Mət. 28:16; 1 Kor. 15:6); qardaşı Yaqub (1 Kor. 15:7); bütün həvarilər (Həv. 1:4); Beytaniyyə yaxınlığındakı həvarilər (Luka 24:50—52). Ola bilsin, Müqəddəs Kitabda İsanın şagirdlərinə göründüyü bütün hadisələr yazılmayıb (Yəh. 21:25).

b Məsihlə bağlı peyğəmbərliklərin siyahısını görmək üçün jw.org saytında «Məsihlə bağlı peyğəmbərliklər İsanın Məsih olduğunu sübut edir?» adlı məqaləyə baxın.

c Bəzi hallarda 25—30 yaşlarında olan qardaşlar rayon nəzarətçisi kimi təyin oluna bilər. Amma əvvəlcə onlar ağsaqqal kimi xidmət edib təcrübə qazanmalıdırlar.

d «Öyrətmək» kimi tərcümə olunmuş yunan sözü təlim verməyi, nəyisə başa salmağı, hər hansı bir fikri əsaslandırmağı, dəlil-sübut gətirməyi bildirir. Yeni şagirdlərə İsanın əmr etdiyi hər şeyə riayət etməyi öyrətmək davamlı prosesdir. Buraya İsanın təlimlərini, bu təlimləri tətbiq etməyi və onun nümunəsini izləməyi öyrətmək daxildir.

e Gənc qardaşlara təlim verməklə bağlı əlavə məlumat almaq üçün «Gözətçi qülləsi»nin 2018-ci il avqust sayının 11—12 səhifələrində yerləşən 15—17 abzaslarına və 2015-ci il 15 aprel sayının 3—13 səhifələrinə baxa bilərsiniz.

f ŞƏKLİN İZAHI. Bir qardaş şagirdinə Müqəddəs Kitabdakı ayələr üzərində düşünməyə kömək edir. Şagird Milad bayramına aid dekorasiyaları zibilə atır.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş