Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w25 aprel s. 8—13
  • Bizim üçün «Allaha yaxınlaşmaq xoşdur»!

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Bizim üçün «Allaha yaxınlaşmaq xoşdur»!
  • Gözətçi qülləsi 2025
  • Başlıqlar
  • Oxşar material
  • «ALLAHA YAXINLAŞMAQ» BİZİ XOŞBƏXT EDİR
  • «ALLAHA YAXINLAŞMAQ» HƏYATIMIZA MƏNA QATIR VƏ BİZƏ ÜMİD VERİR
  • ALLAHA YAXINLAŞMAĞA DAVAM EDƏK
  • SƏHVLƏRİMİZƏ RƏĞMƏN «ALLAHA YAXINLAŞMAQ» MÜMKÜNDÜR
  • ƏBƏDİYYƏN ALLAHA YAXINLAŞIN
  • Dindaşlarımıza yaxın olmaq xoşdur!
    Gözətçi qülləsi 2025
  • Unutmayın, Yehova «var olan Allahdır»
    Gözətçi qülləsi 2024
  • Şübhələri dəf edək
    Gözətçi qülləsi 2024
  • Yehovaya güvəndiyimizi göstərən qərarlar
    Məsihi həyatı və ibadəti. İş dəftəri 2023
Əlavə
Gözətçi qülləsi 2025
w25 aprel s. 8—13

TƏLİM MƏQALƏSİ 15

NƏĞMƏ 30 Allahım, Atam və Dostum

Bizim üçün «Allaha yaxınlaşmaq xoşdur»!

«Mənimçünsə Allaha yaxınlaşmaq xoşdur» (ZƏB. 73:28).

ƏSAS FİKİR

Bu məqalədə öyrənəcəyik ki, Yehovaya necə yaxınlaşa bilərik və bunun bizə hansı faydaları var.

1, 2. a) Kiminləsə yaxın dost olmaq üçün nə etmək lazımdır? b) Bu məqalədə nə müzakirə olunacaq?

SİZİN yaxın dostunuz var? Onunla necə dostlaşmısınız? Yəqin ki, onunla vaxt keçirmisiniz, həyatda hansı çətinliklərlə üzləşdiyini, nəyi sevib, nəyi sevmədiyini öyrənmisiniz. Ondakı dəyərli keyfiyyətləri görmüsünüz və ondan nümunə götürmək istəmisiniz. Beləcə, getdikcə onu daha çox sevmisiniz.

2 Kiminləsə yaxın dost olmaq üçün vaxt və zəhmət tələb olunur. Yehova ilə dostlaşmaq üçün də bunları etmək lazımdır. Bu məqalədə Allaha yaxınlaşmağın yollarından və bunun faydalarından danışacağıq. Əvvəlcə, gəlin görək ən yaxşı Dostumuz Yehovaya yaxınlaşmağın hansı faydaları var.

3. Nəyə görə Yehovaya yaxınlaşmağın faydaları üzərində düşünməliyik? Nümunə çəkin.

3 Sözsüz ki, Yehovaya yaxınlaşmaq bizə xoşdur, bu bizim xeyrimizədir. Amma bunun nə dərəcədə xeyrimizə olduğu üzərində düşünsək, Ona daha da yaxınlaşmaq istəyəcəyik (Zəb. 63:6—8). Məsələn, hər birimiz bilirik ki, sağlam qidalanmaq, idmanla məşğul olmaq, kifayət qədər dincəlmək və yetərincə su içmək xeyrimizədir. Amma çoxları bunların xeyri barədə düşünmür, buna görə də sağlamlıqlarına fikir vermirlər. Bununla belə, yaxşı vərdişlərin bizə xeyri barədə nə qədər düşünsək, bir o qədər onlara əməl etmək istəyəcəyik. Eynilə, Yehovaya yaxınlaşmağın xeyrimizə olduğunu bilsək də, gərək bu barədə tez-tez düşünək. Onda Dostumuz Yehovaya yaxın olmağa həmişə can atacağıq (Zəb. 119:27—30).

4. Məzmurçunun keçirdiyi hisslər Zəbur 73:28 ayəsində necə təsvir olunub?

4 Zəbur 73:28 ayəsini oxuyun. 73-cü məzmurun yazarı lavili idi və Yehovanın məbədində musiqiçi kimi xidmət edirdi. Ehtimal ki, o, Yehovaya uzun illər idi sədaqətlə ibadət edirdi. Bununla belə, başa düşürdü ki, Allaha yaxınlaşmağın xoş olduğunu həm özünə, həm də başqalarına daima xatırlatmalıdır. Bəs biz Yehovaya yaxınlaşmağın hansı faydalarını özümüzə xatırlatmalıyıq?

«ALLAHA YAXINLAŞMAQ» BİZİ XOŞBƏXT EDİR

5. a) Nəyə görə Yehovaya daha da yaxın olmaq bizi xoşbəxt edir? b) Yehovanın verdiyi hikmət sizə necə kömək edib və qoruyub? (Məsəllər 2:6—16).

5 Yehovaya nə qədər yaxın olsaq, bir o qədər xoşbəxt olacağıq (Zəb. 65:4). Xoşbəxt olmağımız üçün çox səbəb var. Məsələn, Allahın Kəlamında yazılanlara əməl edəndə daha da hikmətli oluruq. Qazandığımız hikmət bizi pis təsirlərdən və ciddi səhvlərdən qoruyur. (Məsəllər 2:6—16 ayələrini oxuyun.) Elə buna görə də Müqəddəs Kitabda deyilir: «Xoşbəxt o kəsdir ki, hikmət tapıb, o kəsdir ki, bəsirətə nail olub» (Məs. 3:13).

6. Məzmurçunun sevincini itirməsinə səbəb nə idi?

6 Sözsüz ki, Yehovanın dostlarının da kədərə qərq olduğu vaxtlar olur. 73-cü məzmurun yazarı da mənfi düşüncələrə qapıldığından sevincini itirmişdi. Allahı veclərinə almayan, Ona itaət etməyən pis insanların güzəranının yaxşı olduğunu düşünməyə başlamışdı. Buna görə ürəyində qəzəb və paxıllıq hissi yaranmışdı. Məzmurçu yanlış olaraq belə qənaətə gəlmişdi ki, zorakı, lovğa insanlar var-dövlət içində, sağlam yaşayırlar, hətta dərd nədir bilmirlər (Zəb. 73:3—7, 12). Bu fikir ona o qədər əzab verirdi ki, hətta bir məqamda Yehovanın yolunda hədər yerə zəhmət çəkdiyini düşünmüşdü. Bu qəmgin məzmurçu belə sözlər demişdi: «Deməli, əbəs yerə ürəyimi saf etmişəm, əllərimi günahsızlıq suyunda yumuşam» (Zəb. 73:13).

7. Kədərli anlarımızda nə edə bilərik? (Həmçinin şəklə baxın.)

7 Lakin məzmurçu mənfi fikirlərin onun əlini-qolunu bağlamasına imkan vermədi. O, hərəkətə keçdi. «Allahın müqəddəs məkanına» girdi. Orada Yehova ona düzgün qənaətə gəlməyə kömək etdi (Zəb. 73:17—19). Biz də kədərli olanda ən yaxın Dostumuz Yehova bundan agah olur. Əgər Ona dua edib Kəlamı və yığıncaq vasitəsilə göstərdiyi köməyi qəbul etsək, kədərə üstün gəlməyə güc tapacağıq. Hətta problemlərin içində itib-batanda Yehova bizə sakitlik, qəlb rahatlığı verəcək (Zəb. 94:19)a.

Lavili məbədin eyvanı ilə mis çənin arasında dayanıb.

73-cü məzmuru yazan lavili «Allahın müqəddəs məkanın»da dayanıb (7-ci abzasa baxın)


«ALLAHA YAXINLAŞMAQ» HƏYATIMIZA MƏNA QATIR VƏ BİZƏ ÜMİD VERİR

8. Allaha yaxınlaşmaq hansı vacib sahələrdə bizim xeyrimizədir?

8 Allaha yaxınlaşmaq iki vacib sahədə bizim xeyrimizədir. İlk növbədə bu bizə mənalı həyat sürməyə kömək edir. İkincisi, Allaha yaxınlaşanda gözəl gələcəyə ümidimiz olur (Ərm. 29:11). Gəlin hər iki sahəni ətraflı araşdıraq.

9. Allaha yaxınlaşmaq həyatımıza necə məna qatır?

9 Allaha yaxınlaşmaq həyatımıza məna qatır. Bu gün çoxları Allahın varlığını inkar edir. Onlar düşünürlər ki, həyatın məqsədi, məramı yoxdur və gec-tez bəşəriyyətin mövcudluğu sona çatacaq. Lakin biz Müqəddəs Kitab əsasında əmin olmuşuq ki, Allah var və Onun yolunda etdiklərimiz əbəs deyil, çünki O «Onu cidd-cəhdlə axtaranlara mükafat» verir (İbr. 11:6). Yehova bizi Ona ibadət etmək təlabatı ilə yaradıb. Buna görə Ona ibadət edəndə əsl xoşbəxtlik duyuruq (Qan. 10:12, 13).

10. Zəbur 37:29 ayəsinə əsasən Yehova ümidini Ona bağlayanlara nə vəd edir?

10 Çoxlarının ümidi yalnız bu həyatla məhdudlaşır. Onlar işə gedib-gəlir, ailə, uşaq sahibi olur və təqaüdə çıxacaqları vaxt üçün pul yığırlar. İnsanlar Allahın gələcəklə bağlı vədlərindən bixəbərdirlər. Yehovanın xidmətçiləri isə ümidlərini Ona bağlayıblar (Zəb. 25:3—5; 1 Tim. 6:17). Biz Dostumuza, Allaha güvənirik. Bilirik ki, O, verdiyi vədləri yerinə yetirəcək. Bizi qarşıda saysız-hesabsız gözəl nemətlər gözləyir. Ən əsası isə Yehovaya Cənnətdə əbədiyyən qulluq edəcəyik. (Zəbur 37:29 ayəsini oxuyun.)

11. Yehova ilə dostluq etməyin hansı faydasını görürük və bu zaman Yehova hansı hissləri keçirir?

11 Allaha yaxınlaşmağın bizə başqa sahələrdə də faydası var. Məsələn, Yehova Ona yaxın olan kəslərin günahını tövbə etdikləri təqdirdə bağışlayacağına söz verir (Əşy. 1:18). Bunun sayəsində biz keçmiş günahlarımıza görə artıq vicdan əzabı çəkmirik (Zəb. 32:1—5). Bundan əlavə, Yehovaya yaxınlaşmağımız Onun qəlbini şad edir (Məs. 23:15). Sözsüz ki, bunlar Yehova ilə dostluğun gətirdiyi nemətlərdən yalnız bir neçəsidir. Bəs Onunla dostluğunuzu möhkəmləndirmək üçün daha nə edə bilərsiniz?

ALLAHA YAXINLAŞMAĞA DAVAM EDƏK

12. Allaha daha da yaxınlaşmaq üçün nələr etmisiniz?

12 Əgər siz vəftiz olunmuş məsihisinizsə, Yehovaya yaxınlaşmaq üçün artıq böyük yol qət etmisiniz. Siz Yehova Allahı və Məsih İsanı daha yaxından tanımısınız, keçmiş günahlarınızdan tövbə etmisiniz, imanınızın güclü olduğunu göstərmisiniz və Onun iradəsinə uyğun davranmaq üçün əlinizdən gələni etmisiniz. Amma Yehovaya daha da yaxın olmaq üçün bunları daima etməlisiniz (Kol. 2:6).

13. Yehova ilə münasibətimizi möhkəmləndirmək üçün hansı üç addımı atmalıyıq?

13 Yehova ilə münasibətlərinizi daha da möhkəmləndirmək üçün nə etmək lazımdır? 1) Allahın Kəlamını mütaliə edib araşdırmağa davam etməliyik. Bu zaman məqsədimiz sadəcə Yehova haqda ümumi məlumat əldə etmək olmamalıdır. Biz Yehovanın düşüncə tərzini, bizdən nə gözlədiyini başa düşməyə çalışmalıyıq və Kəlamındakı prinsiplərə uyğun yaşamalıyıq (Efes. 5:15—17). 2) İmanımızı möhkəmləndirməliyik. Bunun üçün Yehovanın bizi nə qədər çox sevdiyi, bunu müxtəlif yollarla necə göstərdiyi üzərində düşünməliyik. 3) Yehovaya ağır gedən hər şeyə nifrət etməliyik və bu cür işlərlə məşğul olan insanlarla dostluq etməməliyik (Zəb. 1:1; 101:3).

14. 1 Korinflilərə 10:31 ayəsinə əsasən gündəlik həyatda etdiyimiz hansı şeylər Yehovanı razı salır? (Həmçinin şəkillərə baxın.)

14 1 Korinflilərə 10:31 ayəsini oxuyun. Yehovaya məqbul işlərlə məşğul olmaq çox vacibdir. Amma bu işlər yığıncaq və təbliğlə bitmir. Gündəlik həyatda məşğul olduğumuz işlərlə də Yehovanı razı salmalıyıq. Məsələn, hər sahədə dürüst olanda və sahib olduğumuz şeyləri başqaları ilə bölüşəndə Yehovanın qəlbini sevindiririk (2 Kor. 8:21; 9:7). Həmçinin Yehova istəyir ki, bizə verdiyi həyat ənamına yüksək dəyər verək. Buna görə də biz yemək-içmək məsələsində tarazlığı qoruyuruq və başqa üsullarla sağlamlığımızın qeydinə qalırıq. Hətta xırda görünən məsələlərdə belə Yehovanı razı salmağa çalışanda O bunu görür və bizə olan sevgisi daha da artır (Luka 16:10).

Şəkillər: Yehovanı razı salmağın yolları. 1) Avtomobili təhlükəsiz idarə etmək: avtomobil idarə edən qardaş qırmızı işıqda dayanır. 2) Özümüzə yaxşı baxmaq: qardaş açıq havada yeyin-yeyin gəzir. 3) Sağlam qidalanmaq: boşqabda müxtəlif faydalı qidalar var. 4) Qonaqpərvər olmaq: bacı əli sarıqlı yaşlı bir bacıya gül və yemək gətirib.

Nəqliyyat vasitəsini təhlükəsiz idarə etmək, idmanla məşğul olmaq, sağlam qidalanmaq, əliaçıq olmaq və bu kimi işlər Yehovanın qəlbini sevindirir (14-cü abzasa baxın)


15. Yehova insanlarla necə rəftar etməyimizi istəyir?

15 Yehova həm salehlərə, həm də qeyri-salehlərə qarşı xeyirxahdır (Mət. 5:45). O bizim də başqaları ilə eyni cür rəftar etməyimizi istəyir. Məsələn, heç kəsin haqqında pis danışmamalıyıq, davakar olmamalıyıq və hamı ilə mülayim davranmalıyıq (Tit. 3:2). Bunu nəzərə alaraq kimsə sadəcə Yehovaya ibadət etmir deyə ona xor baxmayacağıq (2 Tim. 2:23—25). Biz həmişə hər kəslə xoş davrananda Yaradanımız Yehovaya yaxınlaşmaq üçün daha bir addım atmış oluruq.

SƏHVLƏRİMİZƏ RƏĞMƏN «ALLAHA YAXINLAŞMAQ» MÜMKÜNDÜR

16. Bir müddət Yehovaya xidmət edəndən sonra 73-cü məzmurun yazarı hansı hissləri keçirmişdi?

16 Səhvlərinizə görə Yehovanın məhəbbətinə layiq olmadığınızı düşünmüsünüz? Bu məqalədə qeyd olunduğu kimi 73-cü məzmurun yazarı da eyni hissləri keçirmişdi. O, təəssüflə demişdi: «Mənim ayaqlarım az qala sapmışdı, ayaqlarım az qalmışdı sürüşsün» (Zəb. 73:2). O, boynuna almışdı ki, qəlbi «acı zəhərlə dolmuşdu», Allahın nəzərində «ağılsız», «qanmaz heyvan kimi idi» (Zəb. 73:21, 22). Bəs o, elə düşünürdümü ki, xətalarına görə Yehova onu daha sevməyəcək və bağışlamayacaq?

17. a) Məzmurçu hətta həyatının ən zülmət çağında nə etmişdi? b) Onun nümunəsindən nə öyrənə bilərik? (Həmçinin şəkillərə baxın.)

17 Məzmurçu Yehovanın onu tərk etdiyini düşünsə də, görünür, bu hisslər çox qısa çəkmişdi. Həyatının ən zülmət çağında məzmurçu Allaha yaxınlaşmağın vacibliyini anlamışdı. Bunu onun dediyi sözlərdən görmək olar: «Amma indi həmişəlik Səninləyəm [Yehova], mənim sağ əlimdən tutmusan. Öyüd-nəsihətinlə mənə yol göstərirsən, sonra da məni şan-şöhrətə yüksəldəcəksən» (Zəb. 73:23, 24). Biz də özümüzü zəif hiss edəndə və ya səhvlərimizə görə ruhdan düşəndə qayamız Yehovaya sığınmalıyıq (Zəb. 73:26; 94:18). Hətta bir anlıq ayaqlarımız sapsa da, Yehovaya geri qayıda bilərik və əmin ola bilərik ki, O bizi bağışlayacaq (Zəb. 86:5). Xüsusilə də həyatımızın ən zülmət çağlarında Allaha daha da yaxınlaşmalıyıq (Zəb. 103:13, 14).

Şəkillər: 1) Ruhdan düşən bir qardaş çarpayısında əyləşib. 2) Sonra həmin qardaş gülümsəyərək yığıncaqda bir ər-arvadı salamlayır.

Ruhani cəhətdən zəiflədiyimizi hiss ediriksə, ibadətə həmişəkindən çox vaxt ayıraraq Yehovaya daha da yaxınlaşmalıyıq (17-ci abzasa baxın)


ƏBƏDİYYƏN ALLAHA YAXINLAŞIN

18. Nəyə görə Yehovaya yaxınlaşmağın sərhədi yoxdur?

18 Yehovaya yaxınlaşmağın və Onu tanımağın sərhədi yoxdur. Müqəddəs Kitabda deyilir ki, Yehovanın yolları, hikməti və biliyi «tədqiqolunmazdır» (Rom. 11:33). Biz Onun haqqında yeni şeylər öyrənməyə əbədiyyən davam edəcəyik.

19. «Zəbur» kitabında bizə əminlik verən hansı sözlər var?

19 Zəbur 79:13 ayəsində yazılıb: «Biz, Sənin xalqın, örüşünün sürüsü, əbədi Sənə şükür edərik, mədhini nəsildən-nəslə ucaldarıq». Daima Allaha yaxınlaşın, onda əbədiyyən nemətlər alacağınıza sizdə də əminlik olacaq və qətiyyətlə deyəcəksiniz: «Qəlbimin qayası Allahdır, nəsibim əbədiyyən Odur» (Zəb. 73:26).

NECƏ CAVAB VERƏRDİNİZ?

  • Allaha yaxınlaşmağın faydaları barədə nəyə görə tez-tez düşünməliyik?

  • Allaha yaxınlaşmağın bizə hansı faydaları var?

  • Allaha daima yaxınlaşmaq üçün nə etməliyik?

NƏĞMƏ 32 Yehovanın tərəfini tut!

a Uzun müddətdir əhvalınız pisləşirsə, məyusluq, narahatlıq yaşayırsınızsa, sizə mütəxəssis köməyi lazım gələ bilər. Əlavə məlumat almaq üçün «Gözətçi qülləsi» № 1, 2023-cü il sayına baxın.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş