Çərşənbə axşamı, 2 sentyabr
Onun ruhu hər şeyi, Allahın dərin sirlərini belə tədqiq edir (1 Kor. 2:10).
Əgər böyük yığıncaqda xidmət edirsinizsə və sizə çox vaxt şərh verilmirsə, ola bilsin, əl qaldırmaqdan vaz keçəsiniz. Amma belə etməyin, yenə də şərh verməyə cəhd edin. Hər görüşə bir neçə şərh hazırlayın. Belə etsəniz, əvvəldə sizə söz verilməsə də, görüş boyu hələ də şərh vermək imkanınız olacaq. «Gözətçi qülləsi»nin təlim nəşrinə hazırlaşanda hər abzasın məqalənin əsas mövzusu ilə necə əlaqəli olduğu barədə düşünün. Onda müzakirə boyu şərh vermək üçün həmişə fikriniz olacaq. Bundan əlavə, bəzi abzaslarda dərin təlimlər müzakirə olunur və onları izah etmək daha qəlizdir. Həmin abzaslara şərh hazırlaya bilərsiniz. Çünki adətən belə abzaslara əl qaldıranların sayı az olur. Bəs əgər artıq neçə görüşdür ki, şərh verə bilməmisinizsə, nə edə bilərsiniz? Görüşdən əvvəl bəndi aparacaq qardaşa yaxınlaşıb hansı suala cavab vermək istədiyinizi deyə bilərsiniz. w23.04 s. 21—22, abz. 9, 10
Çərşənbə, 3 sentyabr
Yusif... Yehovanın mələyinin buyurduğu kimi etdi və arvadını evinə gətirdi (Mət. 1:24).
Yusif Yehovanın buyruqlarına canla-başla əməl edirdi. Onun yaxşı ər olmasının sirri də məhz bunda idi. Ən azı üç dəfə o, Yehovadan ailəsi ilə bağlı göstəriş almışdı. Hər dəfə də o bu göstərişlərə dərhal əməl edirdi. Halbuki bunlar asan tapşırıqlar deyildi (Mət. 1:20; 2:13—15, 19—21). Allahın verdiyi buyruqlara əməl etməklə Yusif Məryəmi qorudu, ona dəstək oldu və onun qayğısına qaldı. Bir düşünün, Yusifin bu cür davranışını görəndə Məryəmin ona sevgisi və hörməti necə artırdı! Əziz ərlər, siz də Yusifdən örnək götürərək çalışın ailənizin qeydinə qalmaq üçün Müqəddəs Kitabdan məsləhətlər axtarasınız. Sonra isə çətin olsa da, bu məsləhətlərə əməl edin. Bununla arvadınızı sevdiyinizi göstərəcəksiniz və nikahınızı möhkəmləndirəcəksiniz. Vanuatuda yaşayan və 20 ildən çoxdur evli olan bir bacı deyir: «Ərim Yehovanın məsləhətinə üz tutanda və Onun göstərişlərinə əməl edəndə ona hörmətim birə-beş artır. Özümü arxayın hiss edirəm və onun verdiyi qərarlara etibar edirəm». w23.05 s. 21, abz. 5
Cümə axşamı, 4 sentyabr
Orada geniş bir yol olacaq, o yol Müqəddəslik yolu adlanacaq (Əşy. 35:8).
Babildən geri qayıdan yəhudilər Allahın «müqəddəs xalqı» olacaqdı (Qan. 7:6). Amma bu o demək deyildi ki, onlar Yehovanı razı salmaq üçün özlərində heç bir dəyişiklik etməməlidirlər. Yəhudilərin əksəriyyəti gözünü Babildə açmışdı. Onlar babillilərin düşüncəsini, dəyərlərini mənimsəmişdi. İlk yəhudilər İsrailə qayıdandan uzun illər sonra vali Nəhəmya xəbər tutdu ki, İsraildə doğulan uşaqlar yəhudilərin dilini bilmir. O buna məəttəl qaldı (Qan. 6:6, 7; Nəh. 13:23, 24). Allahın Kəlamının yazıldığı əsas dili — ibrani dilini bilməyən uşaqlar Yehovanı sevməyi, Ona ibadət etməyi necə öyrənəcəkdilər? (Üzr. 10:3, 44). Odur ki, yəhudilər həyatlarında köklü dəyişiklik etməli idi. Amma bunu İsraildə etmək daha asan idi, çünki burada pak ibadət tədricən bərpa olunurdu (Nəh. 8:8, 9). w23.05 s. 15, abz. 6, 7