Çərşənbə, 3 sentyabr
Yusif... Yehovanın mələyinin buyurduğu kimi etdi və arvadını evinə gətirdi (Mət. 1:24).
Yusif Yehovanın buyruqlarına canla-başla əməl edirdi. Onun yaxşı ər olmasının sirri də məhz bunda idi. Ən azı üç dəfə o, Yehovadan ailəsi ilə bağlı göstəriş almışdı. Hər dəfə də o bu göstərişlərə dərhal əməl edirdi. Halbuki bunlar asan tapşırıqlar deyildi (Mət. 1:20; 2:13—15, 19—21). Allahın verdiyi buyruqlara əməl etməklə Yusif Məryəmi qorudu, ona dəstək oldu və onun qayğısına qaldı. Bir düşünün, Yusifin bu cür davranışını görəndə Məryəmin ona sevgisi və hörməti necə artırdı! Əziz ərlər, siz də Yusifdən örnək götürərək çalışın ailənizin qeydinə qalmaq üçün Müqəddəs Kitabdan məsləhətlər axtarasınız. Sonra isə çətin olsa da, bu məsləhətlərə əməl edin. Bununla arvadınızı sevdiyinizi göstərəcəksiniz və nikahınızı möhkəmləndirəcəksiniz. Vanuatuda yaşayan və 20 ildən çoxdur evli olan bir bacı deyir: «Ərim Yehovanın məsləhətinə üz tutanda və Onun göstərişlərinə əməl edəndə ona hörmətim birə-beş artır. Özümü arxayın hiss edirəm və onun verdiyi qərarlara etibar edirəm». w23.05 s. 21, abz. 5
Cümə axşamı, 4 sentyabr
Orada geniş bir yol olacaq, o yol Müqəddəslik yolu adlanacaq (Əşy. 35:8).
Babildən geri qayıdan yəhudilər Allahın «müqəddəs xalqı» olacaqdı (Qan. 7:6). Amma bu o demək deyildi ki, onlar Yehovanı razı salmaq üçün özlərində heç bir dəyişiklik etməməlidirlər. Yəhudilərin əksəriyyəti gözünü Babildə açmışdı. Onlar babillilərin düşüncəsini, dəyərlərini mənimsəmişdi. İlk yəhudilər İsrailə qayıdandan uzun illər sonra vali Nəhəmya xəbər tutdu ki, İsraildə doğulan uşaqlar yəhudilərin dilini bilmir. O buna məəttəl qaldı (Qan. 6:6, 7; Nəh. 13:23, 24). Allahın Kəlamının yazıldığı əsas dili — ibrani dilini bilməyən uşaqlar Yehovanı sevməyi, Ona ibadət etməyi necə öyrənəcəkdilər? (Üzr. 10:3, 44). Odur ki, yəhudilər həyatlarında köklü dəyişiklik etməli idi. Amma bunu İsraildə etmək daha asan idi, çünki burada pak ibadət tədricən bərpa olunurdu (Nəh. 8:8, 9). w23.05 s. 15, abz. 6, 7
Cümə, 5 sentyabr
Yehova yıxılanlara dayaq olur, qəddi əyilənləri ayağa qaldırır (Zəb. 145:14).
Əfsuslar olsun ki, nə qədər həvəsli, nizamlı olsaq da, bəzən hər şey plan üzrə getməyə bilər. Ola bilsin, qəfil iş çıxsın və məqsədimizi icra etməyə vaxt qalmasın (Vaiz 9:12). Yaxud da elə problemlə üzləşə bilərik ki, bu bizi ruhdan salar, gücümüz tükənər (Məs. 24:10). Həmçinin günahlı olduğumuz üçün hansısa yanlış hərəkətimizlə məqsədimizə çatmağı daha da çətinləşdirə bilərik (Rom. 7:23). Ya da sadəcə yorğun ola bilərik (Mət. 26:43). Bu kimi maneələrə baxmayaraq, təslim olmamağa bizə nə kömək edə bilər? Yadda saxlayın: məqsədinizə çatmağa nəyinsə mane olması o demək deyil ki, daha sizdə alınmayacaq. Müqəddəs Kitabda yazılıb ki, biz tez-tez problemlərlə üzləşə bilərik. Amma orada, həmçinin yazılıb ki, biz ayağa qalxa bilərik. Bəli, nəsə mane olsa da, məqsədinizə çatmağa çalışanda göstərirsiniz ki, Yehovanı razı salmaq istəyirsiniz. Yehova da sizin təslim olmadığınızı görəndə təsəvvürəgəlməz dərəcədə sevinir. w23.05 s. 30—31, abz. 14, 15