Allaha yaxınlaşın
Yehova Allahın ürəyi yumşaldı
UŞAQLIQDAN Allahın qanunlarına əsasən tərbiyə olunmuş, lakin sonradan onlara uyğun yaşamağa son qoyan bir nəfər etiraf edir: «Mən özümü lazımsız hiss edirdim». O, həyat tərzini dəyişmək üçün addımlar atmağa başlayanda Allahın onu heç vaxt bağışlamayacağından qorxurdu. Amma günahlarından tövbə etmiş bu insan Müqəddəs Kitabın 2 Salnamələr 33:1—17 ayələrində haqqında bəhs olunan Menaşşenin hadisəsindən özünə təsəlli tapdı. Keçmiş günahlarınıza görə siz də özünüzü dəyərsiz hiss edirsinizsə, Menaşşenin nümunəsindən təskinlik tapa bilərsiniz.
Menaşşe Allahı sevən bir ailədə böyümüşdü. Atası Xizqiya Yəhudanın ən yaxşı padşahlarından biri idi. Menaşşe atasının Allah tərəfindən möcüzəvi şəkildə ölümcül xəstəlikdən qurtulmasından üç il sonra anadan olmuşdu (2 Padşahlar 20:1—11). Şübhəsiz, Xizqiya oğluna Allahın mərhəmətinin təcəssümü olan bir bəxşiş kimi yanaşırdı və çalışırdı ki, ona həqiqi ibadətə məhəbbət aşılasın. Lakin Allahdan qorxan valideynlərin uşaqları heç də həmişə onların yolu ilə getmirlər. Bunu Menaşşenin nümunəsindən görmək olar.
Atası öləndə Menaşşenin cəmi 12 yaşı olardı. Təəssüf ki, Menaşşe «Rəbbin gözündə pis olan işlər» etməyə başladı (1 və 2-ci ayələr). Bəlkə, həqiqi ibadətə heç bir hörmət bəsləməyən məsləhətçilər bu gənc padşaha pis təsir göstərmişdilər? Müqəddəs Kitabda bu haqda heç bir şey deyilmir. Ancaq deyilir ki, Menaşşe güclü bütpərəstliyə və zorakılığa qapılmışdı. O, yalançı allahlara səcdəgahlar tikmiş, oğullarını qurban gətirmiş, falçılıq və cadugərliklə məşğul olmuş, düzəltdiyi oyma bütü Yerusəlimdə Yehovanın məbədinə qoymuşdu. İnadkar Menaşşe padşah dəfələrlə Yehovanın xəbərdarlığını rədd etmişdi, halbuki o, Yehovanın möcüzəsi sayəsində dünyaya gəlmişdi (3—10-cu ayələr).
Əvvəl-axır Yehova yol verdi ki, Menaşşeni qandallayıb Babilə əsir aparsınlar. Sürgündə olarkən onun tutduğu yolun üzərində ciddi düşünmək imkanı vardı. İndi o, aciz və cansız bütlərin onu qorumağa qadir olmadıqlarını anladımı? Allah qorxusuna malik olan atasının uşaqlıqdan ona öyrətdiyi şeylərin üzərində düşündümü? Hər necə olsa da, ən vacibi Menaşşe öz ürəyinin düşüncələrini dəyişmişdi. Müqəddəs Kitabda deyilir: «O bu kədərində Allahı Rəbbə yalvardı və atalarının Allahı önündə özünü çox alçaltdı, Allaha dua etdi» (12 və 13-cü ayələr). Bəs belə ağır günahlar işlətmiş bir insan Allah tərəfindən bağışlana bilərdimi?
Menaşşenin səmimi-qəlbdən tövbə etməsi sayəsində Yehovanın ürəyi yumşaldı. Allah onun mərhəmət üçün yalvarışını eşitdi və «onu yenə Yerusəlimə — öz padşahlığına gətirdi» (13-cü ayə). Tövbə edib, ona uyğun davranaq, o, səhvlərini aradan qaldırmaq üçün əlindən gələni etdi: padşahlığı bütlərdən təmizlədi və xalqını ‘Rəbbə qulluq etməyə’ çağırdı (15—17-ci ayələr).
Əgər keçmiş günahlarınıza görə siz də özünüzün heç bir şeyə layiq olmadığınızı düşünürsünüzsə, Menaşşenin nümunəsi üzərində dərindən düşünün. Bu hadisə Allahın ilhamlanmış Kəlamının bir hissəsidir (Romalılara 15:4). Yehova bir şeyi bilməyimizi istəyir — O «bağışlayan» Allahdır (Məzmur 86:5). Günahın özü yox, günahkarın ürəyinin vəziyyəti Onun üçün böyük əhəmiyyət kəsb edir. Peşmançılıq çəkib ürəkdən dua edən, pis yolundan əl çəkən və düzgün olanı etməyə can atan insan, Menaşşe kimi, Yehova Allahın mərhəmətinə layiq görülə bilər (Yeşaya 1:18; 55:6, 7).
Yanvarda növbəti fəsilləri oxumaq təklif olunur:
_______