Har-Magedon nə vaxt gələcək?
Heç kəsin saymağa qadir olmadığı böyük bir izdiham gördüm. Bu izdihamın içində hər millətdən, hər qəbilədən, hər xalqdan və hər dildən adamlar var idi. Bunlar böyük müsibətdən çıxanlardır (VƏHY 7:9, 14).
HAR-MAGEDON müharibəsinə az qalıb. Artıq döyüş meydanı hazırdır.
Bu gün bütün dünyada Yehova Allaha xidmət edən və Onun Kəlamında yazılan yüksək əxlaq normalarına əməl edən xalq mövcuddur. Allah «hər xalqdan və hər dildən» milyonlarla insanı qardaşlıq telləri ilə birləşdirib. Belə qardaş məhəbbəti Yehovanın Şahidləri arasında hökm sürür (Yəhya 13:35).
Tezliklə Şeytan ordusunu səfərbər edib var qüvvə ilə sülhpərvər və ilk baxışdan müdafiəsiz görünən bu xalqa hücum çəkəcək (Yezekel 38:8—12; Vəhy 16:13, 14, 16). Bunu haradan bilirik? İncildə Har-Magedon müharibəsinin vaxtına işarə edən konkret hadisələr təsvir olunur. Bu hadisələrin çoxu hal-hazırda baş verir.
Gözümüz önündə baş verən hadisələr
Bir dəfə İsa peyğəmbərin şagirdləri ondan soruşmuşdular ki, «dövrün yekununun» yaxın olduğu nədən bəlli olacaq (Matta 24:3). Peyğəmbər belə cavab vermişdi: «Millət millətə qarşı, dövlət dövlətə qarşı qalxacaq. Bir çox yerlərdə qıtlıq və zəlzələlər olacaq». Sonra isə əlavə etmişdi: «Bütün bunlar bəlaların başlanğıcıdır» (Matta 24:7, 8). İsa peyğəmbərin bir həvarisi bu dövrü «axır günlər» adlandırmış və demişdi ki, həmin vaxt «son dərəcə ağır bir zəmanə» olacaq (2 Timoteyə 3:1). Sizcə, bu gün baş verən hadisələr həmin peyğəmbərliklərin yerinə yetdiyini göstərmir?
İsanın şagirdi Yəhya bu zəmanənin nəyə görə ağır olacağını açıqlamışdı. O, Vəhy kitabında yazmışdı ki, vaxt gələcək Şeytanla cinlər yalnız Yer kürəsinin hüdudlarında fəaliyyət göstərəcək və möhləti qısa olduğu üçün Şeytan böyük qəzəb içində olacaq (Vəhy 12:7—12). Məgər bu gün bütün dünyanı qəzəb və nifrət dalğasının bürüdüyünə şahid deyilik?
Həmçinin İsa peyğəmbər demişdi ki, bu çətin zəmanədə misli-bərabəri olmayan iş həyata keçiriləcək. O söyləmişdi: «[Allahın Padşahlığı] haqqındakı bu xoş xəbər millətlərin hamısına şəhadət olsun deyə, bütün yer üzündə təbliğ ediləcək və son o vaxt gələcək» (Matta 24:14). Bu gün 235-dən artıq ölkə və ərazidə Yehovanın Şahidləri Allahın Padşahlığı haqqında müjdəni bəyan edirlər. Onların nəşrləri 500-dən çox dildə dərc olunur. Müqəddəs Kitab əsasında nəşr olunan «Gözətçi qülləsi» və «Oyanın!» jurnalı dünyada geniş yayılan jurnallardandır. Həmçinin Yehovanın Şahidləri tərəfindən Müqəddəs Kitab yüzə yaxın dilə tərcümə edilib. Onlar bu işləri təmənna güdmədən icra edir və bu fəaliyyətə maddi cəhətdən dəstək olurlar. Sizcə, bu müjdəçilik işi İsanın dediyi peyğəmbərliklə üst-üstə düşmür?
Bunlardan əlavə, Müqəddəs Kitabda Yehova Allahla Ona qarşı duranlar arasındakı müharibəyə aparan hadisələr təsvir olunur. Gəlin yaxın gələcəkdə baş verəcək üç hadisəyə nəzər salaq.
Tezliklə baş verəcək hadisələr
1. Allahın Kəlamında deyilir ki, dünya liderləri «sülh və təhlükəsizlik» deyə car çəkəcəklər. Onlar dünyanın əsas problemlərini həll etməyin bir addımlığında olduqlarını zənn edəcəklər. Lakin bu bəyanatın ardınca gələn hadisələr göstərəcək ki, əslində, sülhdən çox-çox uzaqdırlar (1 Salonikililərə 5:1—3).
2. Sonra bir çox dövlətlər bütün dini təşkilatlara qarşı hərəkətə keçməyə qərar verəcəklər. Vəhy kitabında bu dövlətlər vəhşi heyvanla, yalan dinlər isə onun belində oturan qadınla təmsil olunur (Vəhy 17:3, 15—18). Bu dövlətlər Allahın yolunu öyrətdiyini iddia edən yalan dinləri məhv edəcəklər. Bununla onlar özləri də bilmədən Allahın hökmünü icra edəcəklər.
Yəhya peyğəmbər bu səhnəni rəmzi dillə belə təsvir edir: «Gördüyün on buynuz və vəhşi heyvan fahişəyə [yalan dinləri təmsil edən qadına] nifrət edəcək, onu soyunduracaq, viran edəcək, ətini yeyəcək və sonra onu yandırıb külə çevirəcək. Bu fikri onların ürəyinə Allah qoyub» (Vəhy 17:16, 17).
3. Şeytan bu uğurlu hücumdan sonra siyasi və hərbi qüvvələri Yehova Allahın xalqına qarşı səfərbər edəcək (Vəhy 7:14; Matta 24:21).
Bizə aidiyyatı
İlk baxışdan bu şeylərə inanmaq insana çətin gələ bilər. Amma Müqəddəs Kitabı dərindən araşdıranda bu şeylərin yaxın gələcəkdə xırda təfərrüatınadək yerinə yetəcəyinə əmin olursan. Allahın Öz Kəlamında peyğəmbərləri vasitəsilə yazdırdığı çoxlu peyğəmbərliklər artıq yerinə yetib. Bu, öz-özlüyündə bir zəmanətdir ki, gələcək peyğəmbərliklər də gerçəkləşəcəka.
Biz çox istəyərdik ki, siz Qadir Allahın böyük müharibəsinin yaxınlaşdığına əmin olasınız və bu gündən qorxmayasınız (Vəhy 16:14). Siz Allahın xilas edəcəyi insanlar arasında olmaq istəyərdinizmi? Bunun üçün Allahın sizdən nə tələb etdiyini Onun Kəlamından öyrənə bilərsiniz. Bir az vaxt ayırsanız, Yehovanın Şahidləri bu işdə sizə məmnuniyyətlə kömək edərlər. İnanın ki, öyrəndiyiniz şeylər gələcəyə baxışınızı dəyişəcək.
[Haşiyə]
a Müqəddəs Kitabdakı peyğəmbərliklərin yerinə yetməsini sübut edən məlumatı Yehovanın Şahidləri tərəfindən dərc edilən «Müqəddəs Kitab əslində nə öyrədir?» kitabının 2–ci və 9–cu fəsillərindən tapa bilərsiniz
[8–ci səhifədəki şəkil]
Yehovanın Şahidlərinin müjdəçilik işi Müqəddəs Kitabda yazılan peyğəmbərliklə üst-üstə düşür