Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w12 1/7 s. 10—13
  • Sarsılmış etibarı necə bərpa etməli?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Sarsılmış etibarı necə bərpa etməli?
  • Gözətçi qülləsi 2012
  • Başlıqlar
  • Oxşar material
  • Bu, mümkündür!
  • Toydan sonra
    Allahın məhəbbətindən heç vaxt ayrılmayaq
  • Nikahda sadiqliyi qoruyun
    Gözətçi qülləsi 2009
  • Bir-birinizə sadiq qalın
    Xoşbəxt ailəm
  • İkinci nikah: problemlər və həlli yolları
    Gözətçi qülləsi 2013
Əlavə
Gözətçi qülləsi 2012
w12 1/7 s. 10—13

Ailə xoşbəxtliyinin açarları

Sarsılmış etibarı necə bərpa etməli?

Rafaela: «Heç vaxt ağlıma gəlməzdi ki, nə vaxtsa Elvira mənə xəyanət edər. Bunu biləndə ona olan bütün etibarım öldü. Onu bağışlamaq elə çətin idi ki...»

Elvira: «Mən başa düşürdüm ki, qəbahətim böyükdür. Ancaq Rafaeli peşman olduğuma inandırınca illər keçdi».

XƏYANƏT ailə üçün sözün əsil mənasında faciədir. Bəziləri xəyanətlə üzləşərkən nikahlarını pozmağı, digərləri isə hər şeyə sinə gərib ailələrini qorumağı qət edirlər. Müqəddəs Kitab bu məsələdə qərar verməyi xəyanətlə üzləşən kəsin öz öhdəsinə buraxırb (Matta 19:9). Yuxarıda sözləri gətirilən Rafael həyat yoldaşından boşanmamaq qərarına gəldi. O da, Elvira da ailələrini qorumaq istəyirdi. Ancaq tezliklə aydın oldu ki, bir dam altında yaşamaq hələ ailəni qorumaq demək deyil. Onların sözlərindən də göründüyü kimi, Elviranın xəyanəti onların bir-birinə olan etibarını tamamilə alt-üst etmişdi. Bu etibarı bərpa etmək üçün onlar çox çalışmalı idilər. Axı qarşılıqlı inam, etibar olmayan yerdə hansı ailə səadətindən danışmaq olar?!

Əgər siz də xəyanətin qurbanı olmusunuzsa, bununla belə, yoldaşınızla ailənizi qorumağı qət etmisinizsə, aydın məsələdir ki, bu asan olmayacaq, xüsusilə də xəyanət haqqında öyrəndikdən sonrakı bir neçə ay ərzində. Amma ruhdan düşməyin. Əzmli olsanız, bu çətinliklərə üstün gələcəksiniz. Aranızda itmiş etibarı da bərpa edə biləcəksiniz. Bu məsələdə Allahın Kəlamı sizə kömək olacaq. Gəlin Allahın Kəlamından dörd məsləhətə diqqət yetirək.

1 Bir-birinizə qarşı dürüst olun. Həvari Pavel yazırdı: «Artıq yalanı kənara qoyduğunuz üçün qoy hər kəs yaxınına həqiqəti söyləsin» (Efeslilərə 4:25). Yalanla, yarımhəqiqətlə, yaxud susmaqla problem həll olunmaz. Odur ki, etibarı bərpa etmək üçün bir-birinizlə açıq danışın, sözün düzünü deyin.

Yəqin ilk vaxtlar xəyanət barədə danışmaq hər ikinizə çətin olacaq. Amma əvvəl-axır bu barədə açıq danışmalı olacaqsınız. Hər şeyi xırdalığınadək danışmaq istəməsəniz də, bu söhbətdən ümumiyyətlə qaçmağınız düz olmazdı. Yuxarıda adı çəkilən Elvira deyir: «İlk vaxtlar bu barədə danışmağa xəcalət çəkirdim, mənə çox çətin idi. Hərəkətimə görə çox peşman idim. İstəyirdim hər şeyi yaddan çıxarım, vəssalam». Ancaq söhbətdən qaçmaq Rafaellə onun arasında gərginlik yaradırdı. «Nə qədər ki, Elvira söhbətdən qaçırdı, ürəyimdən şübhələr çəkilmirdi ki çəkilmirdi». O günləri xatırlayaraq Elvira deyir: «Bu barədə yoldaşımla danışmadıqca vəziyyət düzəlmirdi».

Doğrudan da, xəyanət barədə danışmaq ağırdır. Məsələn, Dilbərin əri Polad öz katibəsi ilə ona xəyanət etmişdi. Dilbər deyir: «Beynimdə o qədər sual fırlanırdı ki! Axı necə oldu? Niyə belə elədi? Görəsən nə barədə danışırdılar? Bütün günü elə hey bu haqda fikirləşirdim, həftələr keçdikcə məndə başqa-başqa suallar yaranırdı. Həyatdan küsmüşdüm». Polad isə belə deyir: «Hərdən söhbət vaxtı özümüzdən çıxırdıq. Amma hər dəfə bir-birimizdən üzr istəyirdik. Belə açıq söhbətlər bizi bir-birimizə yaxınlaşdırdı».

Əsas məqsədinizi yaddan çıxarmasanız, belə söhbətlər zamanı yaranan gərginliyi azalda bilərsiniz. Unutmayın ki, məqsədiniz qarşı tərəfi cəzalandırmaq yox, baş verən faciədən özünüzə dərs götürmək, nikahınızı qorumaqdır. Götürək Cahangirlə Mirvarini. Cahangir arvadına xəyanət edəndə hər ikisi problemin səbəbini axtarmağa başladılar. «Mən anladım ki, başım ancaq öz işlərimə qarışıb, — deyə Cahangir etiraf edir. — Mən yalnız onu-bunu razı salmağa, onun-bunun istədiyini etməyə çalışırdım. Arvadıma gələndə isə vaxtım olmurdu». Problemin kökünü tapandan sonra Cahangirlə Mirvari lazımi addımları atmağa başladılar və aralarındakı uçurum yavaş-yavaş aradan qalxdı.

MƏSLƏHƏT. Əgər xəyanətə yol verən tərəf sizsinizsə, özünüzə haqq qazandırmağa çalışmayın. Buna görə həyat yoldaşınızı da günahlandırmayın. Hərəkətinizin məsuliyyətini boynunuzdan atmayın, başa düşün ki, həyat yoldaşınızın könlünü sındırmısınız. Yox əgər siz xəyanətin qurbanı olmusunuzsa, onda həyat yoldaşınızı təhqir etməyin, səsinizi qaldırmayın. Belə şeylərdən qaçınsanız, həyat yoldaşınız sizinlə açıq danışacaq (Efeslilərə 4:32).

2 Güc birlikdədir. «İki adam bir adamdan yaxşıdır. Çünki zəhmətləri üçün yaxşı muzd alacaqlar. Əgər biri yıxılsa, o biri yoldaşını qaldırar» (Vaiz 4:9, 10). Sarsılmış etibarın bərpa olunmasına çalışdığınız vaxt bu ayədəki prinsipə əməl etmək xüsusilə vacibdir.

Həyat yoldaşınızla əl-ələ verib münasibətinizə xələl yetirən inamsızlığı aradan qaldıra bilərsiniz. Amma gərək hər ikiniz ailənizi qoruyasınız, necə deyərlər, tək əldən səs çıxmaz. Yalnız bir tərəf çalışsa, problemlər azalmayacaq, artacaq. Buna görə bir-birinizə dəstək olun.

Rafaellə Elvira bu tövsiyəyə əməl etdi. Elvira deyir: «Cəhdlərimiz dərhal nəticə verməsə də, ruhdan düşmürdük, əl-ələ verib çalışırdıq ki, ailəmizi qoruyaq. Mən özümə söz verdim ki, bir də Rafaelin ürəyinə bu cür yara vurmayacağam. Rafael də qəlb ağrısına dözüb, ailəmizi qorumaq üçün əlindən gələni edirdi. Mən hər gün fürsət axtarırdım ki, ona sədaqətimi göstərim, o isə həmişə mənə məhəbbətini bildirirdi. Buna görə ömrüm boyu ona minnətdar olacağam».

MƏSLƏHƏT. Aranızdakı etibarı bərpa etmək üçün əl-ələ verib çalışın.

3 Köhnə vərdişlərinizdən əl çəkin. İsa peyğəmbər xəyanətdən danışarkən demişdi: «Sağ gözün səni günaha sürükləyirsə, onu çıxarıb at» (Matta 5:27—29). Əgər siz həyat yoldaşınıza xəyanət etmisinizsə, fikirləşin: nikahınızın rifahı naminə hansı hərəkətlərdən və meyillərdən əl çəkməlisiniz.

Aydın məsələdir ki, zina etdiyiniz adamla bütün əlaqələri kəsmək lazımdırc (Süleymanın məsəlləri 6:32; 1 Korinflilərə 15:33). Yuxarıda haqqında danışdığımız Polad həmin qadından uzaqlaşmaq üçün iş qrafikini və cib telefonunun nömrəsini dəyişdi. Ancaq bu, bir nəticə vermədi. Polad həyat yoldaşının etibarını qazanmaq fikrində qəti idi, odur ki, iş yerini dəyişdi və arvadının telefonunu işlətməyə başladı. Bütün bu cəhdlər bəhrəsiz qalmadı. Dilbər deyir: «Artıq o hadisənin üstündən altı il keçib, amma hələ də narahat oluram ki, birdən həmin qadın yenə onunla əlaqə saxlamaq istəyər. Lakin Poladdan arxayınam, bilirəm ki, bir də belə iş tutmaz».

Bundan əlavə, özünüzü yoxlayın. Ola bilsin, siz eşqbazlıq etməyə meyillisiniz, yaxud davranışınız bu cür təəssürat yaradır, habelə, başqaları ilə romantik münasibət qurmaq barədə xəyallara qapılırsınız. Əgər belədirsə, onda «köhnə şəxsiyyəti və onun əməllərini əyninizdən çıxarın». Köhnə vərdişlərinizi atın. Həyat yoldaşınızın etibarını qazanmaq üçün yeni vərdişlərə yiyələnin (Koloslulara 3:9, 10). Bəlkə, siz elə tərbiyə almısınız ki, sevginizi bildirmək sizə çətindir. İlk vaxtlar asan olmasa da, həyat yoldaşınıza nəvaziş göstərin və onu sevginizə əmin edin. Rafael deyir: «Elvira tez-tez mənə nəvaziş göstərir və məni sevdiyini söyləyirdi».

Bir müddət yaxşı olardı ki, gün boyu nə etmisinizsə, hər şeyi həyat yoldaşınıza danışasınız. Mirvari deyir: «Cahangir gün ərzində baş verən hər şeyi, hətta ən xırda şeyləri də mənə danışırdı. Bununla göstərirdi ki, məndən heç nə gizlətmir».

MƏSLƏHƏT. Bir-birinizdən soruşun ki, aranızdakı etibarı bərpa etmək üçün nə edə bilərsiniz. Cavabları qeyd edin, sonra da həyata keçirin. Həmçinin birlikdə vaxt keçirmək üçün nə isə təşkil edin.

4 İrəli baxın. Tez-tələsik qənaətə gəlməyin ki, artıq hər şey öz yoluna düşüb. Süleymanın məsəlləri 21:5 ayəsində deyilir: «Tələsən ehtiyac içinə düşər». Yadda saxlayın ki, etibar bərpa olana qədər, bəlkə də, aylar, illər keçəcək.

Əgər siz xəyanətin qurbanı olmusunuzsa, həyat yoldaşınızı bağışlamaq üçün sizə vaxt lazım gələ bilər. Mirvari deyir: «Mən həmişə fikirləşirdim ki, nəyə görə qadınlar ərlərinin xəyanətini bağışlaya bilmir. Niyə uzun müddət onların hirsi soyumur? Ancaq özüm bu vəziyyətə düşəndə başa düşdüm ki, bağışlamaq çox çətin imiş». Bağışlamağı və yenidən etibar etməyi öyrənmək üçün vaxt lazımdır.

Vaiz 3:1—3 ayələrində deyilir ki, «sağaltmağın öz vaxtı» var. Əvvəlcə sizə elə gələ bilər ki, ən yaxşısı hisslərinizi həyat yoldaşınıza bildirməməkdir. Ancaq bu cür davam etsə, ona yenidən etibar edə bilməyəcəksiniz. Aranızdan uçurumu götürmək üçün həyat yoldaşınızı bağışlayın və mərhəm hisslərinizi, fikirlərinizi bölüşərək onu əfv etdiyinizi göstərin. Həmçinin çalışın ki, həyat yoldaşınız da sevincini, kədərini sizinlə paylaşsın.

Qoymayın ki, ürəyinizdə kin yuva salsın (Efeslilərə 4:32). Qədimdə İsrail xalqının Allahdan üz döndərməsi Allaha o qədər ağır getmişdi ki, O, hətta Özünü xəyanət olunmuş ərlə müqayisə etmişdi (Yeremya 3:8, 9; 9:2). Ancaq Allah əbədi kin saxlamadı (Yeremya 3:12). Xalq sidqi-ürəkdən tövbə edəndə onları bağışladı. Allahın rəftarından çox şey öyrənmək olar.

Hər ikiniz lazımi addımları atandan sonra ürəyinizdə arxayınlıq duyacaqsınız. Onda yalnız nikahınızı qorumağa yox, birlikdə digər məqsədlərə də can ata bilərsiniz. Amma arxayınlaşmayın, bundan sonra da nəyə nail olduğunuzu vaxtaşırı yoxlayın. Aranızda yaranan kiçik problemləri həll etməyə, bir-birinizə sədaqətinizi sübut etməyə davam edin (Qalatiyalılara 6:9).

MƏSLƏHƏT. Nikahınızı əvvəlki halına qaytarmağa yox, həyat yoldaşınızla aranızda yeni və möhkəm münasibətlər qurmağa çalışın.

Bu, mümkündür!

Ümidsizliyə qapıldığınız anlarda yadınıza salın: nikahın banisi Allahdır (Matta 19:4—6). Odur ki, Onun köməyilə sizin də ailəniz xoşbəxtliyə qovuşa bilər. Yuxarıda adları çəkilən ər-arvadlar Müqəddəs Kitabdakı hikmətli kəlamların sayəsində öz nikahlarını qoruya bilmişlər.

Rafael ilə Elviranın yaşadığı təlatümlü çağların üstündən artıq iyirmi il ötür. Rafael o keşməkeşli yollardan necə keçdiklərini belə təsvir edir: «Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı öyrənməyə başlayandan sonra münasibətlərimiz xeyli yaxşılaşdı. Allahın Kəlamının bizə necə kömək etdiyini sözlə ifadə etmək mümkün deyil. Biz o çətin dövrdən başıuca çıxdıq». Elvira isə öz hisslərini belə bölüşür: «Allahın köməyilə o günləri geridə qoyduq. Nə yaxşı ki, hər ikimiz Müqəddəs Kitabı öyrənir, əlimizdən gələni edirdik. İndi biz xoşbəxt ailəyik».

[Haşiyələr]

a Adlar dəyişdirilib.

b Belə bir qərarla üz-üzə duran şəxs «Özünüzü Allahın məhəbbətində saxlayın» kitabının 219-cu səhifəsinə baxa bilər.

c Əgər müəyyən müddət əlaqəni tamamilə kəsmək mümkün deyilsə (məsələn, işə görə), onda çalışın, həmin adamla yalnız zəruri hallarda və başqalarının yanında təmasda olasınız. Bundan yoldaşınızın da xəbəri olmalıdır.

ÖZÜNÜZDƏN SORUŞUN...

▪ Nəyə görə o vaxt mən xəyanətin üstündən keçib nikahımı qorumaq qərarına gəldim?

▪ Hal-hazırda həyat yoldaşımda hansı gözəl xüsusiyyətlər var?

▪ Həyat yoldaşımla görüşdüyüm vaxtlarda ona sevgimi necə bildirirdim? Bəs indi bunu necə edə bilərəm?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş