Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • bt fəs. 26 s. 203—210
  • «Heç bir insan tələfatı olmayacaq»

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • «Heç bir insan tələfatı olmayacaq»
  • Allahın Padşahlığı haqqında ətraflı şəhadət verək
  • Başlıqlar
  • Oxşar material
  • Külək qarşıdan əsirdi (Həvarilərin işləri 27:1—7a)
  • «Fırtına gəmini atıb-tuturdu» (Həvarilərin işləri 27:7b—26)
  • «Hamı sağ-salamat sahilə çatdı» (Həvarilərin işləri 27:27—44)
  • «Misilsiz insanpərvərlik» (Həvarilərin işləri 28:1—10)
  • Bulusu Romaya göndərirlər
    Müqəddəs Kitab dünyasına səyahət
  • Cəsarətli olun, Yehova dayağınızdır
    Gözətçi qülləsi 2020
  • Bulus «ətraflı şəhadət» verirdi
    Allahın Padşahlığı haqqında ətraflı şəhadət verək
Allahın Padşahlığı haqqında ətraflı şəhadət verək
bt fəs. 26 s. 203—210

FƏSİL 26

«Heç bir insan tələfatı olmayacaq»

Gəmi qəzasına uğrayan Bulus böyük iman və insanpərvərlik göstərir

Həvarilərin işləri 27:1—28:10

1, 2. Bulusu qarşıda necə səyahət gözləyir və ola bilsin, onu hansı suallar narahat edir?

FESTİN sözləri elə hey Bulusun beynində dolanıb durur: «Sezarın yanına... gedəcəksən». Zarafat deyil, onun müqəddəratı həll olunur. İki ildir ki, həvari dörd divardan başqa bir şey görmür; qarşıdakı səyahət onun canını heç olmasa bu yeknəsəqlikdən qurtaracaq (Həv. 25:12). Bulus öz təcrübəsindən bilir ki, dəniz səyahəti yalnız sərin mehin və mavi üfüqlərin həzz verdiyi gəzinti demək deyil. Bundan əlavə, Sezarın önündə durmaq üçün Romaya edəcəyi bu səyahət, ola bilsin, Bulusda bir sıra ciddi suallar doğurur.

2 Bulus dəfələrlə «dənizdə təhlükə» ilə üzləşmiş, üç dəfə gəmi qəzasına uğramışdı. Hətta elə olmuşdu ki, sağ qalmaq üçün bir gün bir gecə açıq dənizdə dalğalarla çarpışmışdı (2 Kor. 11:25, 26). Üstəlik, bu səyahət onun azadlıqda ikən etdiyi təbliğ səyahətlərindən tamamilə fərqli olacaq. Belə ki, indi onun ixtiyarı öz əlində deyil. Həm də qət edəcəyi məsafəni adam dilinə gətirməyə belə qorxur: Qeysəriyyədən Romaya təxminən 3000 kilometrlik yoldur. Görəsən, o, mənzilbaşına sağ-salamat yetişəcək? Bu bir yana qalsın, hələ Allah bilir, onu Romada nə gözləyir. Axı Şeytan dünyasının ən qüdrətli hökmdarının özü onu mühakimə edəcək!

3. Bulus nə etmək əzmində idi və bu fəsildə biz nəyi müzakirə edəcəyik?

3 Bulus haqqında bu qədər öyrəndikdən sonra onun gələcəyi düşünərək məyusluğa, ümidsizliyə qapılmasını təsəvvür etmək olarmı? Qətiyyən! Bulus bilirdi ki, onu qarşıda çətinliklər gözləyir, amma məhz hansı çətinliklər, bunu bilmirdi. Nəyə görə ondan asılı olmayan şeylərə görə narahat olub, özünü xidmətin gətirdiyi sevincdən məhrum edəydi? (Mət. 6:27, 34). Bulus başa düşürdü ki, Yehova onun hər fürsətdən istifadə edərək Padşahlıq haqqında xoş xəbəri hamıya, o cümlədən hökmdarlara təbliğ etməsini istəyir (Həv. 9:15). O, nəyin bahasına olursa olsun, bu tapşırığı yerinə yetirmək əzmində idi. Məgər bizim də məqsədimiz bu deyil? Belə isə, gəl birlikdə bu tarixi səyahəti izləyək və görək buradan özümüz üçün hansı dərsləri götürə bilərik.

Külək qarşıdan əsirdi (Həvarilərin işləri 27:1—7a)

4. Bulus hansı gəmi ilə yola düşdü və onu kimlər müşayiət edirdi?

4 Bulusu və bir neçə başqa dustağı Yuli adlı Roma yüzbaşısına təhkim etdilər. Yuli Kiçik Asiyanın qərbindəki Ədrəmit limanından gələn ticarət gəmisi ilə getməyi qərara aldı. Gəmi Qeysəriyyədən şimala getməli, sonra dönüb qərb istiqamətində yoluna davam etməli idi. Yükünü boşaldıb təzə yük vurmaq üçün arada dayanmalı idi. Bu cür gəmilər sərnişin daşımaq üçün nəzərdə tutulmurdu. Buna görə də onlarda heç adi sərnişinlərin rahatlığı üçün şərait yaradılmırdı, o ki qaldı dustaqların. («Dəniz səyahəti və ticarət yolları» adlı çərçivəyə bax.) Yaxşı ki, Bulus cinayətkarların içində tək deyildi. Ən azı iki qardaş, Aristarx və Luka onun yanında idi. Şübhəsiz ki, bu hadisəni məhz Luka qələmə almışdı. Biz bilmirik, bu iki vəfalı qardaş gəmiyə adi sərnişin kimi gediş haqqını ödəyib minmişdilər, yoxsa Bulusu müşayiət edən qulluqçu kimi (Həv. 27:1, 2).

DƏNİZ SƏYAHƏTİ VƏ TİCARƏT YOLLARI

Qədim dövrdə gəmilərlə sərnişin yox, əsas etibarilə, yük daşınırdı. Gəmi ilə getmək istəyən adam ona lazım olan istiqamətə gedən gəmi tapmalı, sahibi ilə yol pulunu danışıb razılaşmalı, sonra isə gəminin yola düşməsini gözləməli idi.

Minlərlə gəmi Aralıq dənizi ilə ərzaq və digər mallar daşıyırdı. Belə gəmilərdə gedənlərin çoxu göyərtədə, özlərinin gecə açıb, səhər yığdıqları çadıra bənzər örtünün altında yatırdı. Onlar həmçinin özləri ilə səyahət üçün lazım olan hər şeyi, o cümlədən yemək və yataq götürməli idilər.

Səyahətin nə qədər çəkəcəyi büsbütün küləklərdən asılı olurdu. Qış vaxtı hava sərt olduğundan noyabrın ortalarından martın ortalarına kimi, adətən, gəmilər yola çıxmırdı.

Gəmi və dörd əsas hissəsi, arxa tərəfdən burun hissəsinə kimi. 1) Sükan avarları. 2) Onurğa yelkən. 3) Lövbərlər. 4) Ön yelkən.

5. Bulus Sidonda kimlərlə görüşdü və bundan nə öyrənirik?

5 Bir gün ərzində şimala doğru 110 kilometr yol getdikdən sonra gəmi Suriya sahilində, Sidonda lövbər saldı. Görünür, Yuli Bulusa adi dustaq kimi yanaşmırdı, yəqin ona görə ki, Roma vətəndaşı olan Bulus hələ məhkum olunmamışdı (Həv. 22:27, 28; 26:31, 32). Yuli ona dindaşlarının yanına gedib onlarla görüşməyə icazə verdi. Sözsüz ki, bu bacı-qardaşlar çoxdandır həbsdə olan həvariyə qulluq etməyi özlərinə böyük şərəf bilirdilər! Bəs sən nə vaxt belə qonaqpərvərlik göstərə bilərsən? Əmin ol ki, bunun müqabilində sən özün də çox ruhlanacaqsan (Həv. 27:3).

6—8. a) Sidondan Knidə səyahəti təsvir et. b) Bu səyahət vaxtı Bulusun qarşısında təbliğ etmək üçün hansı imkanlar açıldı?

6 Gəmi Sidondan çıxıb sahil boyunca şimala üzdü və Kilikiyanın, Bulusun böyüdüyü Tars şəhərinin yaxınlığından keçdi. Luka gəminin başqa haradasa dayandığı haqda heç nə yazmır, lakin küləyin qarşıdan əsdiyini qeyd edir, bununla da təhlükəli vəziyyətə düşdüklərini bildirir (Həv. 27:4, 5). Buna baxmayaraq, əminliklə deyə bilərik ki, Bulus əlinə imkan düşən kimi xoş xəbəri bölüşürdü. Sözsüz ki, o, digər dustaqlara, eləcə də gəmiçilər və əsgərlər də daxil olmaqla gəmidə olan başqa adamlara təbliğ edirdi. O, həmçinin gəminin dayandığı hər yerdə xoş xəbəri bölüşürdü. Biz də yaranan hər fürsətdən istifadə edərək təbliğ etməliyik.

7 Bir qədər sonra gəmi Kiçik Asiyanın cənubunda yerləşən Mira şəhərinin limanına çatdı. Orada Bulus və gəmidə olanlar Romaya gedən başqa gəmiyə minməli idilər (Həv. 27:6). O dövrdə Romaya taxılın böyük hissəsi Misirdən gəlirdi və Misirin taxıl gəmiləri Mirada dayanırdı. Yuli belə bir gəmi tapıb əsgərləri və dustaqları ona mindirdi. Ehtimal ki, bu gəmi birincidən xeyli böyük idi. Taxılla yüklənmiş gəmiyə 276 nəfər adam — gəmi heyəti, əsgərlər, məhbuslar, eləcə də Romaya gedən digər sərnişinlər minmişdi. Yenə də Bulus üçün gözəl imkan yarandı, axı indi gəmidə yeni sərnişinlər var idi. Şübhəsiz, Bulus fürsəti əldən buraxmayıb onlara həqiqi Allah haqqında danışdı.

8 Gəminin növbəti dayanacağı Kiçik Asiyanın cənub-qərbində, Kniddə oldu. Külək arxadan əsəndə gəmi bu məsafəni bir günə üzürdü. Lakin Lukanın qeyd etdiyi kimi, onlar «yavaş-yavaş üzərək xeyli vaxtdan sonra birtəhər gəlib Knidə» çatdılar (Həv. 27:7a). Hava şəraiti pisləşmişdi. («Aralıq dənizində əsən küləklər» adlı çərçivəyə bax.) Güclü küləklərin və təlatümlü dənizin o yan-bu yana yırğaladığı gəmidəki adamların halını təsəvvür edə bilərsən?

ARALIQ DƏNİZİNDƏ ƏSƏN KÜLƏKLƏR

Qədimdə Aralıq dənizində üzən ticarət gəmilərinin hansı istiqamətdə və nə vaxt yola düşmələri bütövlüklə küləkdən və fəsildən asılı olurdu. Dənizin şərqində yay aylarında küləklər, adətən, qərbdən şərqə əsirdi. Buna görə də şərq istiqamətində üzmək daha asan olurdu. Həvari Bulus da üçüncü təbliğ səyahətindən qayıdanda məhz belə olmuşdu. O, yoldaşları ilə birlikdə Miletdən çıxan gəmi ilə Rodosa, oradan da Pataraya getmişdi. Pataradan onlar birbaş Finikiyanın sahilində yerləşən Sura üzdülər. Luka yazır ki, onlar Kipri sol tərəfdə qoyaraq keçdilər, yəni Kiprdən cənub tərəfə getdilər (Həv. 21:1—3).

Bəs əks istiqamətdə, yəni qərbə doğru üzmək haqqında nə demək olar? Külək imkan verəndə gəmilər qərbə elə həmin marşrutla hərəkət edirdi. Lakin hərdən bu qeyri-mümkün olurdu. Bir ensiklopediyada deyilir: «Qışda hava qeyri-sabit olurdu. Güclü siklonlar Aralıq dənizi boyunca şərqə doğru hərəkət edərək özləri ilə şiddətli külək, tufan, leysan yağış, hətta qar gətirirdi». Belə hava şəraitində dənizdə üzmək çox təhlükəli idi.

Gəmilər demək olar ki, ilin istənilən vaxtı Fələstin sahili boyunca şimala, sonra isə dönüb Pamfiliya boyunca qərbə doğru üzə bilərdilər. Pamfiliya tərəflərdə sahildən əsən xəfif küləklər və qərb axını gəminin hərəkətini asanlaşdırırdı. Bulus Romaya aparılanda da səyahətin əvvəlində belə olmuşdu. Amma küləklər qarşıdan da əsə bilərdi (Həv. 27:4). Lukanın haqqında yazdığı taxıl gəmisi, ola bilsin, Misirdən şimala getmiş, sonra da dönüb Kiprlə Kiçik Asiya arasındakı təhlükəsiz sularda üzmüşdü. Kapitan Miradan qərbə, Yunanıstanın cənubunu keçib İtaliyanın qərb sahilinə üzmək istəyirdi (Həv. 27:5, 6). Lakin külək və əlverişsiz fəsil bu planı tamamilə alt-üst etdi.

«Fırtına gəmini atıb-tuturdu» (Həvarilərin işləri 27:7b—26)

9, 10. Krit tərəfdə hansı çətinliklər yarandı?

9 Gəminin kapitanı Kniddən qərbə doğru üzmək istəyirdi, lakin Luka deyir ki, külək buna imkan vermədi (Həv. iş. 27:7b). Gəmi dənizin ortasına üzdükcə sahildəki axını itirdi, sonra şimal-qərbdən əsən güclü külək böyük sürətlə onu cənuba tərəf apardı. Bundan əvvəlki gəmi qarşı tərəfdən əsən küləklərdən qorunmaq üçün Kipr adasına daldalandığı kimi, bu gəmi də Krit adasına sığındı. Krit adasının şərq qurtaracağında yerləşən Salmoni burnunu keçəndən sonra vəziyyət bir qədər yaxşılaşdı. Gəmi adanın cənub hissəsinə gəldi, bura isə külək tutmayan yer idi. Yəqin, indi gəmidəkilər bir az rahat nəfəs aldılar. Amma nə qədər ki, dənizdə idilər, tam rahatlıqdan danışmaq olmazdı, çünki qış yaxınlaşırdı.

10 Luka özünə xas dəqiqliklə davam edir: «Sahil boyu güc-bəla ilə üzərək... Gözəl Limanlar adlanan yerə gəlib çıxdıq». Hətta Krit adasının daldasında da gəmini idarə etmək çətin idi. Nəhayət ki, onlar lövbər salmaq üçün kiçik bir buxta tapdılar. Ehtimal edilir ki, bu buxta sahil xətti ilə gedərkən şimala dönməmiş yerləşirdi. Luka deyir ki, onlar orada «xeyli vaxt» qaldılar, lakin vaxt gözləmirdi. Sentyabr, oktyabr aylarında dənizdə səyahət etmək daha təhlükəli olurdu (Həv. 27:8, 9).

11. Bulus gəmidəkilərə nə etməyi məsləhət gördü, amma əksəriyyət hansı qərara gəldi?

11 Ola bilsin, Bulusun Aralıq dənizində dəfələrlə səyahət etdiyini bilən bəzi sərnişinlər ondan məsləhət istəyirdilər. O məsləhət gördü ki, gəmi yoluna davam etməsin, əks təqdirdə bu səyahət təkcə gəmi üçün yox, hətta gəmidəkilər üçün də «böyük fəlakətlə nəticələnəcək». Lakin kapitanla gəmi sahibi dayanmağa razı olmadılar, yəqin ona görə ki, daha təhlükəsiz yer tapmaq istəyirdilər. Yüzbaşı Yuli onlarla razılaşdı. Əksəriyyət də elə fikirdə idi ki, gəmi Gözəl Limanlar buxtasından bir qədər aralıda yerləşən Feniks limanına getməlidir. Ola bilsin, oradakı buxta daha böyük və qışlamaq üçün daha əlverişli idi. Buna görə də, cənubdan xəfif külək əsəndə, onlar aldanıb yola düşdülər (Həv. 27:10—13).

12. Kritdən çıxandan sonra hansı təhlükəli vəziyyət yarandı və fəlakətdən qurtulmaq üçün dənizçilər hansı tədbirləri gördülər?

12 Lakin onların işi nəhs gətirdi: şimal-şərqdən «şiddətli külək qalxdı». Onlar bir müddət Gözəl Limanlardan təxminən 65 kilometr aralıda yerləşən Qavdos adlı kiçik bir adaya daldalanaraq üzdülər. Amma təhlükə hələ sovuşmamışdı: külək gəmini cənuba aparıb Afrika sahilindəki saylara çırpa bilərdi. Bundan qorxan dənizçilər gəminin yedəkdə apardığı kiçik qayığı dartıb göyərtəyə qaldırdılar. Görünür, qayıq su ilə dolmuşdu, çünki ayədə deyilir ki, onlar bunu güc-bəla ilə etdilər. Sonra gəmini bərkitmək üçün altından kəndir və ya zəncir keçirib onun taxta örtüyünü sarıdılar. Onurğa yelkəni endirib gəmini küləyə əks istiqamətdə sürməyə çalışdılar. Hamı təlaş içində idi. Görülən tədbirlərin köməyi dəymədi, belə ki, «fırtına gəmini atıb-tuturdu». Üçüncü gün gəmini suyun üzündə saxlamaq üçün gəmi ləvazimatını dənizə atdılar (Həv. 27:14—19).

13. Fırtına vaxtı gəmidəki vəziyyəti təsvir et.

13 Bulusgildən başqa hamının canına vəlvələ düşmüşdü. İsa Məsih görüntüdə həvariyə demişdi ki, o, Romada şahidlik edəcək. Sonradan Yehovanın mələyi bu sözləri təsdiq etmişdi (Həv. 19:21; 23:11). İki həftə fırtına dayanmaq bilmədi. Şiddətli yağış və qalın buludlar günəşin və ulduzların qabağını tutduğundan kapitan nə gəminin olduğu yeri, nə də hansı istiqamətdə hərəkət etdiyini müəyyən edə bilmirdi. Gəmidəkilər neçə vaxt idi ki, heç nə yeməmişdilər. Bir tərəfdən soyuq, yağış, digər tərəfdən gəmi tutması, qorxu... Belə halda kimin boğazından çörək keçərdi?

14, 15. a) Bulus qəza haqqında qabaqcadan xəbərdarlıq etdiyini nə üçün xatırlatdı? b) Bulusun ümidverici xəbəri çatdırmasından nə öyrənirik?

14 Bulus ayağa qalxıb onlara qabaqcadan xəbərdarlıq etdiyini xatırlatdı, amma bununla o, dənizçiləri günahkar çıxarmaq istəmirdi. Baş verən hadisələr göstərirdi ki, onun sözlərinə qulaq asmağa dəyərdi. Sonra Bulus əlavə etdi: «Daha keçib, indi qorxmayın, gəmi məhv olsa da, heç bir insan tələfatı olmayacaq» (Həv. 27:21, 22). Şübhəsiz, bu sözlər hamıya toxtaqlıq verdi. Bulusun özünə də çox xoş idi ki, Yehova insanlara bu təsəlliverici xəbəri onun vasitəsilə çatdırmışdı. Biz də heç vaxt unutmamalıyıq ki, Yehova üçün hər bir insanın həyatı dəyərlidir. O, bütün insanların qeydinə qalır. Həvari Butrus yazmışdı: «Yehova... heç kəsin məhv olmasını istəmir, əksinə, istəyir ki, hamı tövbəyə gəlsin» (2 But. 3:9). Buna görə də biz təxirə salmadan xoş xəbəri mümkün qədər çox insana çatdırmalıyıq. Bu, ölüm-dirim məsələsidir!

15 Şübhə yoxdur ki, Bulus gəmidəkilərə «Allahın... verdiyi vəd» haqqında şahidlik etmişdi (Həv. 26:6; Kol. 1:5). İndi isə gəmi qəzaya uğramaq üzrə olanda Bulus onlara artıq haqqında eşitdikləri Allahın başqa bir ümidverici xəbərini — onların fəlakətdən qurtulacaqlarını çatdırdı. O, belə dedi: «Allahın mələyi bu gecə yanımda peyda olub mənə dedi: “Bulus, qorxma. Sən Sezarın hüzurunda durmalısan. Allah yol yoldaşlarını da sənə bağışladı”». Sonra onları təşviq etdi: «Buna görə də ruhdan düşməyin. Mən Allahıma etibar edirəm, bilirəm ki, hər şey belə də olacaq. Ancaq gəmi bir adanın yanında qəzaya uğramalıdır» (Həv. 27:23—26).

«Hamı sağ-salamat sahilə çatdı» (Həvarilərin işləri 27:27—44)

Bulus yük gəmisinin anbarında yığışmış izdihamın arasında dua edir. Taqətdən düşmüş bəziləri başını aşağı salsa da, digərləri müşahidə edir. Yeşiklərin üstündəki çörəklərdir.

«O,.. hamının qarşısında Allaha şükür etdi» (Həvarilərin işləri 27:35)

16, 17. a) Bulus nə üçün dua etdi və bu, gəmidəkilərə necə təsir göstərdi? b) Bulusun dedikləri necə yerinə yetdi?

16 Külək gəmini artıq 870 kilometr qovub aparmışdı. Təlaş içində keçən bu iki həftədən sonra gəmiçilər nəhayət ki, yeni bir şey, sahilə çırpılan dalğaların səsini eşitdilər. Dənizçilər arxa tərəfdən lövbərləri suya atdılar ki, külək gəmini aparmasın və şərait yol verərsə, gəminin burnunu sahilə tərəf çevirib saya oturda bilsinlər. Həmin vaxt dənizçilər gəmini tərk etmək istədilər, lakin əsgərlər buna imkan vermədilər. Bulus yüzbaşını və onun əsgərlərini xəbərdar etmişdi: «Bu adamlar gəmidə qalmasalar, siz xilas ola bilməyəcəksiniz». İndi, az-çox sabit vəziyyət yarandıqdan sonra Bulus camaatı çörək yemək üçün dilə tutdu və onları xilas olacaqlarına bir də əmin etdi. Sonra «hamının qarşısında Allaha şükür etdi» (Həv. 27:31, 35). Bulus Allaha dua edib şükür etməklə Luka, Aristarx, o cümlədən müasir məsihilər üçün yaxşı nümunə qoydu. Bəs sən başqalarının qarşısında dua edəndə sözlərin onları ruhlandırıb təsəlli verirmi?

17 Bulusun duasından sonra «onların hamısı toxtayıb yeməyə başladılar» (Həv. 27:36). Sonra gəmidəkilər buğdanı dənizə atıb gəmini daha da yüngülləşdirdilər ki, onun suya oturma dərəcəsi azalsın. Bunun sayəsində gəmi sahilin lap yaxınlığına üzə bilərdi. Hava işıqlaşanda lövbərləri kəsdilər, arxa tərəfdəki sükan avarlarının iplərini açdılar və ön yelkəni qaldırdılar ki, gəmini saya oturdanda onu idarə etmək mümkün olsun. Gəminin burnu quma batdı. Dalğaların zərbəsindən arxa hissəsi dağılmağa başladı. Bunu görən əsgərlərdən bəziləri dustaqları öldürmək istədi ki, heç biri qaça bilməsin, amma Yuli icazə vermədi. O, hamıya üzüb sahilə çıxmağı əmr etdi. Bulus necə demişdisə, elə də oldu — 276 nəfərdən heç kimə heç nə olmadı. «Beləliklə, hamı sağ-salamat sahilə çatdı». Bəs görəsən onlar hara gəlib çıxmışdılar? (Həv. 27:44).

«Misilsiz insanpərvərlik» (Həvarilərin işləri 28:1—10)

18—20. Maltalıların misilsiz insanpərvərliyi özünü nədə büruzə verdi və Allah hansı möcüzəni göstərdi?

18 Sən demə, Bulusgil Siciliyanın cənubunda yerləşən Malta adasına gəlib çıxmışdılar. («Hansı ada?» adlı çərçivəyə bax.) Başqa dildə danışan ada sakinləri onlara «misilsiz insanpərvərlik» göstərdilər (Həv. 28:2). Onlar iliyinə kimi islanan və soyuqdan tir-tir əsən bu yadellilər üçün tonqal qaladılar. Yağışa və soyuğa baxmayaraq, ocağın istisi onları qızındırırdı. Bu zaman bir möcüzə baş verdi.

19 Bulus boş oturmayıb çırpı yığdı. Onu tonqala atanda bir gürzə peyda olub onun əlindən yapışdı. Maltalılar bunun ilahi cəza olduğunu fikirləşdiləra.

20 Yerli sakinlər elə düşünürdülər ki, Bulus iltihabdan şişəcək. Bir elmi mənbəyə əsasən, orijinal mətndə bu yerdə «tibbi termin» istifadə olunub. Bu, təəccüblü deyil, çünki hadisəni qələmə alan «sevimli həkim» Luka olub (Həv. 28:6; Kol. 4:14). Lakin Bulus əlini silkələyib ilanı oda atdı, özünə isə heç nə olmadı.

21. a) «Həvarilərin işləri» kitabının təkcə bu parçasında Lukanın məlumatı dəqiqliklə verdiyi necə müşahidə olunur? b) Bulus hansı möcüzələri göstərirdi və bu, maltalılara necə təsir bağışladı?

21 Yaxınlıqda Publi adında torpaq sahibi yaşayırdı. Ola bilsin, o, Roma hökumətinin Malta adasına təyin etdiyi baş məmur idi. Luka onun «adanın böyüyü» olduğunu deyir. Maraqlıdır ki, Maltada tapılan iki qədim kitabədə də məhz Lukanın işlətdiyi titul yazılmışdı. Publi Bulusu və onun yoldaşlarını üç gün qonaq saxladı. Ancaq onun atası xəstə idi. Yenə də Luka vəziyyəti dəqiqliklə təsvir edir. O, tibbi dillə kişinin xəstəliyinin nədən ibarət olduğunu göstərərək yazır ki, «o, qanlı ishal xəstəliyinə tutulmuşdu və qızdırma içində idi». Bulus dua edib əllərini kişinin üzərinə qoydu və o sağaldı. Bu möcüzədən heyrətə düşən camaat başqa xəstələri də onun yanına gətirməyə başladılar. Onlar həmçinin Bulusa və onun yoldaşlarına hədiyyələr gətirirdilər. Belə ki, qardaşlar heç nədən korluq çəkmirdilər (Həv. 28:7—10).

22. a) Lukanın Romaya səyahətlə bağlı yazdıqlarına bir professor necə şərh vermişdi? b) Növbəti fəsildə nəyi araşdıracağıq?

22 Bulusun səyahətinin bu fəsildə araşdırdığımız hissəsi xüsusi dəqiqliklə və ən xırda təfərrüatlarına kimi təsvir olunub. Bir professor demişdi ki, Lukanın hekayəti Müqəddəs Kitabda yer alan ən canlı təsvirlərdən biridir. Orada birinci əsr gəmiçiliyinə aid təfsilatlar və Aralıq dənizinin şərqindəki şərait son dərəcə dəqiqliklə təsvir olunub. Buradan belə qənaətə gəlmək olar ki, bu məlumatlar gündəlikdən götürülüb yazılmışdı. Böyük ehtimal var ki, həvari ilə səyahət edərkən Luka dəqiq qeydlər aparırdı. Əgər belədirsə, səyahətin növbəti mərhələsində də yazmağa çox şey olacaqdı. Görəsən Romaya çatanda Bulusla nə baş verdi? Bunu növbəti fəsildə araşdıracağıq.

HANSI ADA?

Bulusun qəzaya uğradığı Maltanın məhz hansı ada olduğu haqda müxtəlif rəylər irəli sürülmüşdü. Bir fərziyyəyə görə bu, Yunanıstanın qərb sahilində Korfu adasının yaxınlığında yerləşən bir adadır. Digər fikir «Həvarilərin işləri» kitabında adanın yunanca necə adlanmasına əsaslanır. Belə ki, adanın adı yunanca Meliti kimi səslənir. Buna görə də bəziləri bu adanın Adriatik dənizində Xorvatiya sahilinə yaxın yerləşən və indi Mlet kimi tanınan Meliti İllirika adası olduğunu deyirlər.

Düzdür, Həvarilərin işləri 27:27 ayəsində Adriya dənizinin adı çəkilir. Lakin Bulusun günlərində «Adriya» dedikdə təkcə indiki Adriatik dənizi nəzərdə tutulmurdu. Bura İoni dənizi və Siciliyanın şərqi ilə Kritin qərbi arasındakı sular, beləcə, müasir Maltanın yerləşdiyi dəniz də daxil idi.

Bulusun olduğu gəmini külək Kniddən cənuba, Krit adasından da aşağı qovmuşdu. Həmin tufan zamanı əsən küləkləri nəzərə alsaq, çətin ki, gəmi dönüb Mletə, yaxud Korfunun yaxınlığındakı adaya qədər şimala üzə bilərdi. Beləliklə, Maltanın Kritdən qərbdə yerləşməsi daha ağlabatandır. Buradan belə nəticəyə gəlirik ki, gəmi Siciliyanın cənubunda yerləşən Malta adasında qəzaya uğramışdı.

a Bu növ ilanın camaata məlum olmasından görünür ki, o vaxtlar Maltada gürzə ilanı olub. Müasir dövrdə isə bu adada gürzə yaşamır. Gürzələrin kökünün kəsilməsinə əsrlər ərzində adanın ətraf mühitində baş verən dəyişikliklər, yaxud orada əhalinin artması səbəb ola bilərdi.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş