Yehovanın təşkilatı ilə tanış olmaqda uşaqlarınıza kömək edin
UŞAQLAR öyrənməyə meyillidirlər. Ola bilsin, ilk Pasxa axşamı Misirdə olan israilli uşaqlar valideynlərinə belə suallar verirdilər: «Atam quzunu nəyə görə kəsdi? Niyə qapının dirəklərinə qan sürtdü? Biz hara gedirik?» Yehovanın bu kimi sualları bəyəndiyi israilli atalara verdiyi əmrdən bəllidir. Allah gələcəkdə qeyd edəcəkləri Pasxa bayramı ilə əlaqədar onlara demişdi: «Övladlarınız sizdən “Bu ibadətin mənası sizin üçün nədir?” deyə soruşduqları zaman onlara söyləyin: “Bu, Misirliləri bəlaya saldığı zaman Misirdə İsrail övladlarının evləri yanından keçib xilas edən Rəbb üçün Pasxa qurbanıdır”» (Çıx. 12:24—27). Sonralar Yehova israilli valideynlərə Onun buyurduğu ‘qayda və hökmlərə’ dair övladlarının verdiyi suallara cavab vermələrinin vacibliyini xatırlatdı (Qanun. t. 6:20—25).
Buradan görürük ki, Yehova uşaqların ibadətlə bağlı suallarına qaneedici cavablar — Yehovanı onların Allahı və Xilaskarı kimi sevməyə kömək edəcək cavablar almalarını istəyirdi. Bizim günlərdə də Yehova gənclər üçün eyni şeyi arzulayır. Valideynlər oğul və qızlarına Allaha və Onun xalqına səmimi məhəbbəti necə aşılaya bilərlər? Üsullardan biri onları Yehovanın təşkilatı ilə tanış etmək və onun bizə gətirdiyi faydaları başa salmaqdır. Buna görə də gəlin uşaqlarımıza Allahın təşkilatı ilə yaxından tanış olmağa necə kömək edə biləcəyimizi nəzərdən keçirək.
Yığıncaq
Uşaqlarınızı aid olduğunuz yığıncaqla tanış etmək lazımdır. Bunun üçün siz valideynlər onları bütün məsihçi görüşlərinə özünüzlə aparmalısınız. Bununla Yehovanın israilli valideynlərə verdiyi əmrə uyğun hərəkət etmiş olursunuz. O demişdi: «Xalqın kişi, qadın və uşaqlarını... toplayın. Qoy hamı eşidib öyrənsin və Allahınız Rəbdən qorxub, Qanunun bütün sözlərinə diqqətlə əməl etsin. Qoy qanunu bilməyən uşaqlar da eşitsinlər və... Allahınız Rəbdən qorxmağı öyrənsinlər» (Qanun. t. 31:12, 13).
Uşaqlar Yehovanın Kəlamını körpə yaşlarından öyrənə bilərlər. Həvari Pavel Timotey barədə yazmışdı: «Müqəddəs Yazıları körpəlikdən bilirsən» (2 Tim. 3:15). Padşahlıq Zalında keçirilən görüşlərdən hətta lap balaca uşaqlar belə faydalana və Padşahlıq nəğmələri ilə tanış olmağa başlaya bilərlər. Burada onlar Müqəddəs Kitabdan və ona əsaslanan nəşrlərdən necə istifadə etməyi və onlara hörmətlə yanaşmağı öyrənirlər. Üstəlik, görüşlərimizdə onlar Məsihin həqiqi davamçılarının səciyyəvi xüsusiyyəti olan səmimi məhəbbəti duyurlar. İsa demişdi: «Sizə yeni bir əmr verirəm: bir-birinizi sevin. Mən sizi sevdiyim kimi, siz də bir-birinizi sevin. Aranızda məhəbbət olsa, hamı biləcək ki, siz mənim şagirdimsiniz» (Yəh. 13:34, 35). Padşahlıq Zalında hökm sürən səmimi məhəbbət və əsil təhlükəsizlik övladlarınıza dərin təəssürat bağışlayacaq və bunun sayəsində məsihçi görüşləri onların həyatlarının ayrılmaz hissəsinə çevriləcək.
Padşahlıq Zalına tez gəlməyə və görüş bitdikdən sonra bir az qalıb ünsiyyət etməyə vərdiş etsəniz, uşaqlarınızın dost tapmaq imkanı olacaq. Təkcə uşaqlarla ünsiyyət etməyə icazə verməkdənsə, nəyə görə onları hər yaşda olan bacı-qardaşlarla tanış etməyəsiniz? Övladlarınız onlardan yaşca böyük olanlarla tanış olsalar, özləri üçün zəngin təcrübə və hikmət xəzinəsi aşkar edə bilərlər. Qədimdə Zəkəriyyə gənc Yəhuda padşahı Uzziyaya ‘Allahdan qorxmağı öyrədərək’ ona yaxşı təsir bağışladığı kimi, bu gün də Yehovaya uzun illər sədaqətlə xidmət edən məsihçilər onun xalqı arasındakı gənclərə müsbət təsir bağışlayırlar (2 Saln. 26:1, 4, 5). Padşahlıq Zalında siz həmçinin uşaqlarınızı yığıncağın kitabxanası, elanlar lövhəsi və digər şeylərlə tanış edə bilərsiniz.
Ümumdünya təşkilat
Uşaqlar bilməlidirlər ki, aid olduğunuz yığıncaq bütün dünyada sayı 100 000-dən çox olan yığıncaqdan biridir. Uşaqlarınıza bu təşkilatın səciyyəvi xüsusiyyətlərini, onun necə fəaliyyət göstərdiyini və həyata keçirdiyi işə onların necə dəstək ola biləcəklərini başa salın. Onlara rayon və vilayət konqreslərini, həmçinin rayon nəzarətçisinin yığıncağınıza baş çəkdiyi vaxtı nəyə görə səbirsizliklə gözlədiyinizi izah edin. (28-ci səhifədə yerləşən «Ailəvi ibadət üçün mövzular» adlı çərçivəyə baxın.)
İmkan yaranan kimi səyyar nəzarətçilərini, missionerləri, bet-elliləri və tammüddətli xidmətdə olan digər məsihçiləri nahara dəvət edin. Fikirləşməyin ki, onların uşaqlara vaxtı yoxdur. Onlar həmişə uşaqları sevinclə qarşılayan və onlarla ünsiyyət edən İsanı təqlid etməyə çalışırlar (Mark 10:13—16). Yehovanın bu xidmətçilərinin danışdığı əhvalatları eşidəndə və onların müqəddəs xidmətdən sevinc duyduqlarını görəndə sizin uşaqlarınız da qarşılarına tammüddətli xidmətçi olmaq məqsədini qoya bilərlər.
Uşaqlarınızın Yehovanın təşkilatı ilə daha yaxından tanış olmaları üçün başqa nə edə bilərsiniz? Məsələn, ailəvi öyrənmə zamanı «Yehovanın Şahidləri — Allahın Padşahlığının müjdəçiləri» kitabını (rus.) araşdırmaq olar. Onların diqqətini Yehovanın xidmətçilərinin təvazökarlığına və Yehovaya olan sadiqliklərinə yönəldin. Xoş xəbərin bütün dünyada bəyan edilməsi üçün Yehovanın onlardan necə istifadə etdiyini göstərin. Yehovanın təşkilatının buraxdığı videofilmlərin köməyilə uşaqlarınıza keçmişdə və müasir zəmanədə baş verən hadisələrdən vacib dərslər öyrədin. İmkan varsa, öz ölkənizdə ya da xaricdə yerləşən Bet-Ellərə baş çəkin. Bunun sayəsində övladlarınız, eramızın birinci əsrində olduğu kimi, bu gün də sadiq və ağıllı nökərin rəhbərliyi altında fəaliyyət göstərən Yehovanın təşkilatının yer üzündəki hissəsinin bütün dünyadakı bacı-qardaşlara ruhani qida və rəhbərliyi necə təqdim etdiyini öz gözləri ilə görəcəklər (Mat. 24:45—47; Həv. iş. 15:22—31).
Hər bir övladınızın tələbatını nəzərə alın
Uşaqlarınızı öyrədərkən İsanın həvarilərinə necə təlim verdiyini yadda saxlayın. Bir dəfə o, həvarilərinə demişdi: «Sizə hələ deyiləsi çox sözüm var, ancaq indi onları başa düşməzsiniz» (Yəh. 16:12). İsa öz şagirdlərini məlumatlarla yükləmirdi. Əksinə, o, vacib həqiqətləri tədricən açıqlayırdı ki, şagirdləri onları mənimsəyə bilsinlər. Siz də uşaqlarınızı həddən artıq yükləməyin. Onlara təşkilat haqqında az-az, lakin müntəzəm şəkildə öyrədərək maraqlarını qoruyub saxlaya bilərsiniz. Belə etdiyiniz təqdirdə məsihçi yığıncağı barədə öyrənmək onlara xoş olacaq. Uşaqlarınızın tələbatları dəyişdikcə onların artıq bildiyi şeyləri təkrarlaya və biliklərini artıra bilərsiniz.
Məsihçi yığıncağı ruhani güc-qüvvə mənbəyi olduğundan onun fəaliyyətində səylə iştirak edən gənclər Şeytan dünyasının təsirinə daha yaxşı müqavimət göstərirlər (Rom. 12:2). Biz əminik ki, siz valideynlər övladlarınızı Yehovanın təşkilatı ilə tanış etməkdən sevinc duyacaqsınız. Qoy Onun xeyir-duası sayəsində övladlarınız bu təşkilata və xidmət etdiyimiz sevən Allaha bağlansınlar!
[28-ci səhifədəki çərçivə/şəkil]
Ailəvi ibadət üçün mövzular
Bu çərçivədə Yehovanın təşkilatı ilə bağlı bəzi mövzular yer alıb. Nəyə görə ailəvi ibadət zamanı onları birgə müzakirə etməyəsiniz?
▪ Aid olduğunuz yığıncağın tarixçəsini nəzərdən keçirin. O, nə vaxt və necə yaranıb? Yığıncağınız hansı Padşahlıq Zallarından istifadə edib? Yaxşı olardı ki, uzun illər yığıncağınıza gələn bir bacı və ya qardaşı uşaqlarınızın suallarına cavab verməsi üçün evinizə qonaq dəvət edəsiniz.
▪ Yığıncaq və daha böyük görüşlərin məqsədini, eləcə də onlardan necə fayda əldə edə biləcəklərini uşaqlarınıza izah edin.
▪ Yehovanın təşkilatında fəaliyyət göstərən müxtəlif məktəblərin məqsədini nəzərdən keçirin. Bu məktəblərin məzunlarının əldə etdikləri gözəl nailiyyətlər barədə əhvalatlar danışın.
▪ Uşaqlarınıza xoş xəbəri müntəzəm şəkildə təbliğ etməyin vacibliyini başa düşməyə kömək edin. «Yehovanın Şahidlərinin illik məcmuəsi»ndə (rus.) dərc olunan ümumdünya hesabatına öz töhfələrini necə verə biləcəklərini izah edin.
▪ Yehovanın təşkilatında gənclər üçün əlçatan olan tammüddətli xidmətin müxtəlif növlərini nəzərdən keçirin. «Yehovanın iradəsini yerinə yetirmək üçün təşkil olunmuşuq» kitabının 10-cu fəslindən (rus.) bununla bağlı faydalı məlumat əldə edə bilərsiniz.
▪ Övladlarınıza yığıncaqda həyata keçirilən müəyyən tədbirlərin məqsədini başa salın. Nəyə görə ən xırda məsələlərdə belə Yehovanın təşkilatının rəhbərliyinə zidd davranmalı olmadıqlarını onlara izah edin. Ağsaqqalların rəhbərliyinə riayət edərək yığıncaqda nizam-intizamın qorunmasına necə kömək edə biləcəklərini göstərin.
[Şəkil]
Yehovaya uzun müddət xidmət edənlərlə dostluq etməyin övladlarınıza müsbət təsiri olacaq
[26-cı səhifədəki şəkillər]
Qədim İsraildə olduğu kimi, bu gün də valideynlər Yehovanın təşkilatı ilə bağlı uşaqlarının verdiyi suallara qaneedici cavablar verirlər