«Məsihi həyatı və ibadəti. İş dəftəri» üçün mənbələr
FEVRAL
*** w98-E 15/10 s. 21, abz. 11—13 ***
Yerusəlim. Adının mənasını gerçəkləşdirən şəhər
11 Xalq and içdi ki, yazılı surətdə üzərinə götürdüyü öhdəçiliyi yerinə yetirəcək. Onlar Allahın Qanununa tabe olmağa, ətraf xalqlarla ailə qurub qohum olmamağa söz verdilər (Nəhəmya 10:28—30). Üstəlik, yəhudilər Şənbəyə riayət etməyi, həqiqi ibadəti dəstəkləmək üçün hər il ianə etməyi, qurbangah üçün odun gətirməyi, mal-qaralarının ilk balasını qurbanlıq üçün verməyi, torpağın məhsulunun ilk nübarını məbədin yemək otaqlarına gətirməyi öhdələrinə götürdülər. Onlar «Allahın evi ilə bağlı xidmətə» laqeyd yanaşmamağa qətiyyətli idilər (Nəhəmya 10:32—39).
12 Bu gün Yehovanın xalqı Onun böyük ruhani məbədinin həyətlərində Ona qulluq edir. Onlar diqqətli olmalıdırlar ki, bu şərəfə laqeyd yanaşmasınlar (Vəhy 7:15). Buna görə pak ibadətin irəliləməsi üçün həmişə ürəkdən dua etməlidirlər. Bu cür dualara uyğun hərəkət etmək üçün məsihi görüşlərinə hazırlaşmaq, onlarda iştirak etmək, müjdəni təbliğ etmək, maraqlananlara təkrarən baş çəkmək, mümkün olan hallarda onlarla Müqəddəs Kitab dərsi keçmək gərəkdir. Allahın evi ilə bağlı xidmətə laqeyd yanaşmaq istəməyənlərin çoxu təbliğ işi üçün və ibadət yerlərinin yaxşı vəziyyətdə saxlanılması üçün ianələr edirlər. Biz həmçinin böyük ehtiyac duyulan ibadət yerlərinin tikilməsi, onların təmiz və səliqəli saxlanılması üçün özümüz də əlimizdən gələni edə bilərik. Allahın ruhani məbədini sevdiyimizi göstərməyin mühüm yollarından biri dindaşlarımızla sülhdə olmaq, maddi və ruhani köməyə ehtiyacı olanlara əl tutmaqdır (Mətta 24:14; 28:19, 20; İbranilərə 13:15, 16).
13 Nəhəmyanın dövründə möhürlənən öhdəçilik Allahın qədim xalqını Yerusəlimin divarlarının həsr olunduğu günə hazırladı. Ancaq hələ bir vacib məsələ də həll olunmalı idi. Artıq Yerusəlim on iki darvazası olan böyük divarlarla əhatə olunmuşdu. İndi oranın əhalisinin sayını artırmaq lazım idi. «Şəhər geniş və böyük idi, əhalisi isə az idi» (Nəhəmya 7:4). Bu problemi həll etmək üçün xalq püşk atdı ki, hər on nəfərdən biri müqəddəs Yerusəlim şəhərində yaşasın. Hamı bu tədbiri canla-başla dəstəklədi. Bunu görən xalq könüllü olaraq Yerusəlimə köçənlərə xeyir-dua verdi (Nəhəmya 11:1, 2). Müasir dövrdə yetkin məsihilərin köməyinə böyük ehtiyac olan yerlər var. Şəraiti yol verən məsihilər həmin yəhudilərdən örnək alıb belə yerlərə köçə bilərlər.
*** it-2-E s. 454, abz. 1 ***
İsraildə dəstə halında mahnı oxuyanda çox vaxt antifon oxuyurdular, yəni ya xorun iki hissəsi növbəli şəkildə paralel sətirləri oxuyurdu, ya da solo oxuyanla xor dialoq şəklində oxuyurdu. Müqəddəs Kitabda bu cür oxumağa dair çoxlu nümunələr var (Çıx. 15:21; 1 İşm. 18:6, 7). Nəhəmyanın günlərində həmd oxuyan iki böyük xorun təsvirindən və Yerusəlimin divarlarının həsr olunması zamanı onların necə təşkil olunub ifa etmələrindən belə nəticə çıxır ki, onlar da bu tərzdə oxuyurdular.