DƏRS 44
Suallardan yaxşı istifadə et
SUALLARA ya şifahi, ya da ürəkdə cavab vermək tələb olunduğundan onlar dinləyiciləri mövzuya cəlb etməyə kömək edir. Suallar söhbətə və canlı fikir mübadiləsinə yol açır. Sən bir natiq və müəllim kimi, suallardan maraq doğurmaq, mövzu ilə bağlı mülahizə yürütməyə kömək etmək, yaxud dediklərinin vacibliyini vurğulamaq üçün istifadə edə bilərsən. Suallardan yaxşı istifadə edəndə başqalarını sadəcə dinləməyə yox, əksinə, fəal surətdə düşünməyə təşviq edirsən. Məqsədini fikrində tut və sualları elə ver ki, ona çata biləsən.
Söhbətə cəlb etmək üçün. Təbliğ xidməti zamanı həmsöhbətin meyilli olarsa, hər fürsətdən istifadə edərək, onu fikirlərini bölüşməyə təşviq et.
Bir çox Şahidlər sadəcə: «Siz heç düşünmüsünüzmü..?» — deyə soruşmaqla maraqlı söhbətə başlayırlar. İnsanları həqiqətən də narahat edən suallar verəndə xidmət çox maraqlı olur. Hətta insana gözləmədiyi sualı verəndə də onda maraq oyana bilər. «Necə düşünürsünüz..?», «Sizcə..?», «...necə münasibət bəsləyirsiniz?» kimi suallarla müxtəlif məsələlər haqda danışmağa başlamaq olar.
Müjdəçi Filip Yeşaya peyğəmbərin kitabını oxuyan həbəşistanlı saray məmuruna yaxınlaşanda sadəcə soruşmuşdu: «Oxuduğunu heç anlayırsanmı?» (Həv. iş. 8:30). Bu sual Filipə İsa Məsih haqqında həqiqəti izah etməyə yol açdı. Oxşar suallardan istifadə edərək müasir Şahidlərdən də bəziləri Müqəddəs Kitab həqiqətini düzgün başa düşməyi arzulayan insanları tapmışlar.
Çox vaxt insanlara öz fikirlərini bölüşməyə imkan verəndə onlar qulaq asmağa daha meyilli olurlar. Buna görə də sual verəndən sonra diqqətlə qulaq as. İnsanın verdiyi cavaba tənqidi yox, nəzakətlə yanaş. Səmimi-qəlbdən edə biləcəksənsə, təriflə. Bir din alimi İsanın sualına ‘ağıllı cavab verəndə’ İsa onu tərifləyərək demişdi: «Sən Allahın Səltənətindən uzaq deyilsən» (Mark 12:34). Hətta həmsöhbətinlə baxışlarınız müxtəlif olsa da, fikirləri ilə bölüşdüyü üçün ona təşəkkür etmək olar. Onun dediklərindən Müqəddəs Kitab həqiqətini çatdırarkən nəyi nəzərə almalı olduğunu müəyyən edə bilərsən.
Vacib fikirlərə keçmək üçün. Bir qrup insana müraciət edərkən və ya kiminləsə söhbət edərkən vacib fikirlərə keçməzdən öncə sual verməyə çalış. Diqqət yetir ki, verdiyin suallar dinləyiciləri həqiqətən də maraqlandıran mövzularla bağlı olsun. Həmçinin cavabı dərhal aydın olmadığı üçün maraq oyadan suallar verə bilərsən. Sual verdikdən sonra qısa ara versən, çox ehtimal ki, dinləyicilər ardınca deyəcəyin sözlərə daha böyük maraqla qulaq asacaqlar.
Mikeya 6:6-8 ayələrində Mikeya peyğəmbərin bir-birinin ardınca bir neçə sual verdiyini oxuyuruq. Allahın Ona ibadət edənlərdən nə gözlədiyini soruşduqdan sonra o, hər biri bu sualı müəyyən mənada cavablandıran daha dörd sual verdi. Bütün bu suallar oxuculara diqqətlərini Mikeyanın axırda verdiyi cavabdakı dərin fikirlərə yönəltməyə kömək edir. Bax gör sən də öyrədərkən bu üsuldan istifadə edə bilərsənmi.
Mövzu üzərində düşünmək üçün. Gətirilən dəlillərin məntiqi ardıcıllığını göstərmək üçün də suallardan istifadə etmək olar. Malaki 1:2-10 ayələrindən göründüyü kimi, Yehova israillilərə ciddi xəbəri çatdıranda belə etmişdi. Əvvəlcə O, xalqa dedi: «Sizi sevdim». Onlar bu məhəbbəti dəyərləndirməmişdilər, buna görə də Yehova soruşdu: «Esav Yaqubun qardaşı deyildimi?» Sonra Yehova Edomun viranə qalmasını bu xalqı pis əməllərinə görə sevmədiyinə sübut kimi gətirdi. Bunun ardınca da Yehova israillilərin Onun məhəbbətinə layiqincə cavab vermədiyini vurğulamaq üçün, özünə suallar daxil edən nümunələr çəkdi. Suallardan bəziləri sanki sədaqətsiz kahinlər tərəfindən verilir, digərlərini isə Yehova kahinlərə verir. Onların dialoqu insanın hisslərinə təsir edir və diqqətini cəlb edir, buradakı məntiq təkzibedilməz, xəbər isə yaddaqalandır.
Bəzi natiqlərdə suallardan bu cür istifadə etmək çox yaxşı alınır. Bu zaman şifahi cavab tələb olunmasa da, dinləyicilər müzakirəyə cəlb olunur və xəyalən dialoqda iştirak edirlər.
Müqəddəs Kitab öyrənməsini elə keçirmək lazımdır ki, öyrənən də müzakirədə iştirak etsin. Əlbəttə, öyrənən üzündən oxumayıb öz sözləri ilə cavab versə, daha çox fayda əldə edər. Nəzakətlə öyrənəni düşünməyə təşviq edən əlavə suallar ver. Əsas fikirləri müzakirə edərkən onu Müqəddəs Kitaba əsasən cavab verməyə təşviq et. Həmçinin soruşa bilərsən: «İndi araşdırdığımız fikir əvvəl öyrəndiyimizlə necə əlaqəlidir? Bu, nə üçün vacib fikirdir? Həyatımıza necə təsir etməlidir?» Bu üsul öyrənilən mövzuya dair öz əminliyini ifadə etməkdən, yaxud geniş izahat verməkdən faydalıdır. Belə etməklə öyrənənə Allaha düşüncəli şəkildə ibadət etməyə kömək edərsən (İbr. 5:14).
Öyrənən hansısa fikri başa düşməyəndə səbirli ol. Ola bilsin, o, indi eşitdiklərini uzun illər ərzində inandığı təlimlərlə müqayisə etməyə çalışır. Mövzuya başqa yöndən yanaşmağa çalış. Lakin hərdən təkcə əsas şeyləri izah etmək kifayət edir. Tez-tez Müqəddəs Kitabdan istifadə et. Nümunələr çək. Bununla yanaşı, onu sübutlar üzərində düşünməyə sövq edən sadə suallar ver.
İnsanın ürəyindəkiləri öyrənmək üçün. Suallara cavab verəndə, insanlar öz hisslərini və fikirlərini həmişə açıq bildirmirlər. Sadəcə sənin hansı cavabı almaq istədiyini təxmin edib o cür cavab verə bilərlər. Bu zaman dərrakəli olmaq lazımdır (Sül. məs. 20:5). İsa kimi sən də soruşa bilərsən: «Buna iman edirsənmi?» (Yəh. 11:26).
Davamçılarından çoxu İsanın sözlərindən büdrəyib onu tərk edəndə İsa öz fikirlərini ifadə etmələri üçün həvarilərindən soruşdu: «Yoxsa siz də getmək istəyirsiniz?» Peter: «Ya Rəbb, biz kimin yanına gedə bilərik? Əbədi həyatın sözləri Səndədir. Biz də iman etdik və bilirik ki, Yaşayan Allahın Oğlu Məsih Sənsən», — deməklə hamının fikrini bildirdi (Yəh. 6:67-69). Başqa bir halda İsa şagirdlərindən soruşdu: «İnsanların dediyinə görə Mən, İnsan Oğlu, kiməm?» Bundan sonra şagirdlərini ürəklərindəkini deməyə təşviq edən sual verdi: «Bəs siz Məni kim hesab edirsiniz?» Cavabında Peter dedi: «Sən Diri Allahın Oğlu Məsihsən» (Mat. 16:13-16).
Müqəddəs Kitab öyrənməsində müəyyən mövzuların müzakirəsinə bu cür yanaşmağın faydalı olduğunu görə bilərsən. Öyrənəndən soruşmaq olar: «Sinif yoldaşların (iş yoldaşların) bu məsələyə necə yanaşırlar?» Sonra isə sual verə bilərsən: «Bəs sən özün bu haqda nə fikirləşirsən?» İnsanın ürəyindəkiləri biləndə, bir müəllim kimi, ona daha çox kömək edə bilərsən.
Vurğulamaq üçün. Suallardan, həmçinin fikirləri vurğulamaq üçün də istifadə etmək olar. Romalılara 8:31, 32 ayələrində yazıldığı kimi, həvari Pavel də bu üsuldan istifadə edirdi: «Əgər Allah bizimlədirsə, kim bizə qarşı ola bilər? Məgər Öz Oğlunu əsirgəməyib hamımız üçün təslim edən, Onunla bərabər bütün şeyləri bizə ehsan etməyəcəkdirmi?» Diqqət yetir ki, cümlələrin ikinci hissəsində verilən suallar birinci hissədəki fikri inkişaf etdirir.
Yehovanın Babil padşahına çıxardığı hökmü yazdıqdan sonra Yeşaya: «Ordular Rəbbinin hökmünü kim boşa çıxara bilər? Qalxmış əlini kim geri döndərə bilər?» — deyərək, hökmün icra olunacağına əminliyini ifadə etdi (Yeşaya 14:27). Bu cür sualların məzmunu göstərir ki, onlarda ifadə olunan fikirlər təkzibedilməzdir. Bu suallara cavab tələb olunmur.
Yanlış düşüncə tərzini üzə çıxarmaq üçün. Diqqətlə düşünülmüş suallar, həmçinin yanlış düşüncə tərzini üzə çıxarmaq üçün effektiv üsuldur. İsa bir nəfəri sağaltmazdan əvvəl fəriseylərdən və bəzi qanunşünaslardan soruşdu: «Şənbə günü şəfa vermək caizdirmi?» Şəfa verəndən sonra o, başqa sual verdi: «Əgər şənbə günü sizlərdən birinin eşşəyi və ya öküzü quyuya düşərsə, onu dərhal çıxartmazmı?» (Luka 14:1-6). İsa sualına cavab gözləmirdi, heç cavab verən də tapılmadı. Suallar onların yanlış düşüncə tərzini ifşa etmişdi.
Hərdən həqiqi məsihçilər də yanlış düşüncə tərzinə uya bilərlər. Birinci əsrdə Korinf şəhərindəki bəzi məsihçilər öz aralarında yoluna qoymalı olduqları problemlərə görə qardaşlarını məhkəməyə verirdilər. Belə vəziyyətdə Pavel necə davrandı? Onların düşüncə tərzini düzəltmək üçün bir neçə düşünülmüş sual verdi (1 Kor. 6:1-8).
Təcrübən artdıqca, sullardan yaxşı istifadə etməyi öyrənəcəksən. Lakin xüsusilə də yaşlı, şəxsən tanış olmadığın və səlahiyyətli şəxslərlə danışarkən hörmətcil olmağı unutma. Müqəddəs Kitab həqiqətini cəlbedici tərzdə çatdırmaq üçün suallardan istifadə et.