«Məsihi həyatı və ibadəti. İş dəftəri» üçün mənbələr
*** ip-2 fəs. 9 s. 131 ***
«Yehova xeyrimizə bizi öyrədir»
18 Peyğəmbər Yehova Allahdan ilham alaraq bəyan edir: «Məni Külli-İxtiyar Yehova və Onun ruhu göndərdi. Sənin Qurtarıcın, İsrailin Müqəddəsi Yehova belə deyir: “Mən sənin Allahın Yehovayam, Mən sənin xeyrinə səni öyrədirəm, səni getməli olduğun yolla aparıram”» (Əşiya 48:16b, 17). Yehovanın məhəbbəti və qayğısı ilə ifadə olunan bu sözlər İsrail xalqını bir daha əmin edir ki, Allah onları Babil əsarətindən qurtarmaq niyyətindədir. Bəli, Yehova onların Qurtarıcısıdır (Əşiya 54:5). Yehova cani-dildən istəyir ki, israillilər Ona sarı dönsünlər və əmrlərinə qulaq versinlər. Haqq ibadət özünə Allahın qoyduğu qayda-qanunlara əməl etməyi daxil edir. İsraillilər «getməli olduqları yol»u öyrənməyənə qədər düz yolda yeriyə bilməzlər.
*** ip-2-E s. 131, abz. 19 ***
Yehova xeyrimizə bizi öyrədir
19 Yehova Allah istəyir ki, xalqı qarşıda gələn müsibətdən canını qurtarıb həyatdan zövq alsın. Bu niyyətini Yehova gözəl sözlərlə ifadə edir: «Kaş əmrlərimə diqqət yetirəydin! Onda əmin-amanlığın çay kimi, salehliyin dəniz dalğaları kimi olardı». Külli-İxtiyar Yaradanın bu mehriban müraciəti insana necə də qol-qanad verir (Qanunun təkrarı 5:29; Zəbur 81:13). Deməli, israillilər əsir getmək əvəzinə, axan çay kimi tükənməz əmin-amanlıq içində yaşaya bilərdilər (Zəbur 119:165). Onların saleh əməlləri dənizdə saya gəlməz dalğalar qədər çox ola bilərdi (Amus 5:24). Yehova onların qayğısını çəkdiyi üçün onlara mehribanlıqla getməli olduqları yolu göstərdi. Kaş onlar dinləyərdilər!
*** ip-2-E s. 132, abz. 20, 21 ***
Yehova xeyrimizə bizi öyrədir
20 İsrail xalqı tövbə etsəydi, hansı nemətləri alacaqdı? Yehova deyir: «Nəslin qum qədər, övladların qum dənələri qədər olardı. Adları heç vaxt önümdən silinib yox olmazdı» (Əşiya 48:19). Bu sözlərlə Yehova Allah xalqına xatırladır ki, İbrahimin övladlarını «göydəki ulduzlar, dəniz sahilindəki qum dənələri qədər» çoxaldacağına söz verib (Yaradılış 22:17; 32:12). Amma İbrahimin bu övladları üsyankardır, buna görə də bu vədin gerçəkləşməsini gözləməyə haqları yoxdur. Onlar o dərəcədə pis ad qazanıblar ki, hətta Yehovanın Özünün təsis etdiyi Qanuna görə, bir xalq kimi adları yer üzündən silinməlidir (Qanunun təkrarı 28:45). Ancaq bununla belə, Yehova Öz xalqının məhv olmasını istəmir və onları birdəfəlik tərk etməyi düşünmür.
21 Kəsərli sözlərlə ifadə olunan bu ayədəki prinsipləri Yehovanın müasir xalqına da şamil etmək olar. Yehova həyat mənbəyidir və bizim necə yaşamalı olduğumuzu Ondan yaxşı heç kim bilə bilməz (Zəbur 36:9). Onun verdiyi qayda-qanunlar bizi sevincdən məhrum etmək üçün deyil, bizim xeyrimizədir. Məsihilər Yehovadan öyrəndiklərini həyatlarında tətbiq etməklə Ondan təlim almaq istədiklərini göstərirlər (Mikə 4:2). Allahın buyruqları ruhaniliyimizi və Onunla olan münasibətimizi qoruyur, bizi Şeytanın pis təsirindən hifz edir. Allahın verdiyi qanunların əsasında duran prinsipləri başa düşməyin sayəsində görəcəyik ki, Allah nə deyirsə, bizim xeyrimizədir. Biz əmin olacağıq ki, Allahın əmrləri ağır deyil və onlara əməl etsək, məhvə uğramayacağıq (1 Yəhya 2:17; 5:3).
Hikmət xəzinəsindən incilər
*** it-1-E s. 643, abz. 4, 5 ***
Boşanma
Simvolik boşanma. Müqəddəs Kitabda nikah simvolik mənada da işlənir (Əş 54:1, 5, 6; 62:1—6), boşanma da həmçinin (Ər 3:8).
Eramızdan əvvəl 607-ci ildə Babil qoşunları Yəhuda padşahlığını ələ keçirdi, Yerusəlimi isə darmadağın edib xalqını əsir apardı. Bundan uzun illər öncə Yehova əsir düşəcək yəhudilərə peyğəmbərlik sözləri ilə belə bir sual vermişdi: «Hanı boşadığım ananızın talağı?» (Əş 50:1). Yehova onların «anası»nı, yəni bütövlükdə xalqı məcazi mənada boşamaq qərarına gəlmişdi. O, bunu haqlı olaraq etmişdi. Buna səbəb Yehovanın onlarla bağladığı əhdi pozub boşanma prosesinə başlaması deyildi, xalqın özünün Qanun əhdini pozması idi. Lakin israillilərdən sağ qalanlar tövbə etdi və dua etdi ki, vətənlərinə qayıdanda Yehova yenidən onlarla münasibətlərini bərpa etsin. Eramızdan əvvəl 537-ci ildə, yəni onlar 70 il əsirlikdə qalandan sonra Yehova verdiyi vədi yerinə yetirdi, Öz adı naminə onları vətənlərinə qaytardı. (Zb 137:1—9; «NİKAH» bölməsinə baxın.).
13—19 FEVRAL
Hikmət xəzinəsindən incilər
*** w06-E 15/3 s. 11, abz. 2 ***
Müqəddəs Kitab hekayəsinin simvolik mənası
Bəs «azad qadın» olan Sara və onun oğlu İshaq kimi təmsil edir? Həvari Bulus «sonsuz qadın» olan Saranın məcazi mənada Allahın arvadını, yəni təşkilatının səmavi hissəsini təmsil etdiyini bildirmişdi. İsa Məsih yer üzünə gələnə qədər bu səmavi qadının yer üzündə məsh olunmuş «övladları» olmadığı üçün o, sonsuz sayılırdı (Qalatiyalılara 4:27; Əşiya 54:1—6). Lakin eramızın 33-cü ilində Əllinci gün bayramında müqəddəs ruh bir qrup kişi və qadının üzərinə endi və onlar yenidən doğuldular, yəni səmavi qadının övladları oldular. Bu yolla Allah onları oğulluğa götürdü və onlarla bağlanılan yeni əhd əsasında İsa Məsihin həmvarisi oldular (Romalılara 8:15—17). Bu övladlardan biri olan həvari Bulus yazmışdı: «Səmavi Yerusəlim isə azaddır və o, bizim anamızdır» (Qalatiyalılara 4:26).
20—26 FEVRAL
*** ip-2-E s. 322, abz. 4 ***
Sionda salehlik dirçəlir
4 Əşiya peyğəmbər yazır: «Külli-İxtiyar Yehovanın ruhu üzərimdədir, çünki Yehova məni həlimlərə müjdə vermək üçün məsh etdi. O, məni qəlbisınıqların yarasını sarımağa, əsirlərə azadlığı, dustaqlara gözlərinin açılacağını xəbər verməyə göndərdi» (Əşiya 61:1). Xoş xəbəri kim müjdələməlidir? Ehtimal ki, bu sözlər ilk öncə Əşiyaya aiddir. O, Allahın bir elçisi kimi, Babildə əsir olanlar üçün müjdə qələmə almışdı. Ancaq İsa Məsih Əşiya peyğəmbərin sözlərini özünə aid edib bu peyğəmbərliyin daha vacib anlamda gerçəkləşəcəyini vurğulamışdı (Luka 4:16—21). Bəli, Məsih həlimlərə müjdə vermək üçün göndərilmişdi. Bu iş üçün o, vəftiz olarkən müqəddəs ruhla məsh olunmuşdu (Mətta 3:16, 17).
*** ip-2-E s. 326, 327, abz. 13—15 ***
Sionda salehlik yetişəcək
13 Eramızın 33-cü ilinin Əllinci gün bayramından başlayaraq, Allah yeni xalqının ruhani mülkünə, «Allahın İsrailinə» cəsarətli məsh olunmuş məsihiləri — «böyük salehlik ağacları»nı əkməyə başladı (Qalatiyalılara 6:16). Neçə-neçə əsrliklər ərzində bu «ağaclar»ın sayı 144 000-ə çatmalı idi. Onlar Yehova Allahı ucaldan salehlik barları verməli idilər (Vəhy 14:3). Axırıncı «böyük ağaclar» 1919-cu ildən bu yana, Yehova öz ruhani xalqını müvəqqəti fəaliyyətsiz vəziyyətdən çıxartdıqdan sonra böyüməyə başladı. Yehova onları ruhani cəhətdən bol-bol suyla təmin etməklə saleh, bar verən «ağaclar»dan ibarət meşə saldı (Əşiya 27:6).
14 Əşiya peyğəmbər bu «ağacların» gördüyü işin nədən ibarət olduğunu vurğulayaraq davam edir: «Qədim dağıntıları abad edəcəklər, keçmişdən qalma viranəlikləri tikib qaldıracaqlar, yerlə yeksan şəhərləri bərpa edəcəklər» (Əşiya 61:4). Fars şahı Kuruşun əmri ilə Babildən çıxan mömin yəhudilər uzun illər xaraba qalan Yerusəlimi və məbədi bərpa etdilər. Bərpaolunma dövrü həmçinin eramızın 33-cü və 1919-cu ilindən sonrakı vaxta aiddir.
15 Eramızın 33-cü ilində İsa Məsihin həbsi və əzablı ölümü davamçılarını kədərləndirmişdi (Mətta 26:31). Lakin Məsih dirilib davamçılarına görünəndən sonra onların ovqatı yaxşılaşdı. Müqəddəs ruh onların üzərinə enəndə isə onlar Yerusəlimdə, bütün Yəhudiyyədə və Səməriyyədə, hətta yerin ucqarlarınadək xoş xəbəri təbliğ etməyə başladılar (Həvarilərin işləri 1:8). Beləcə, onlar pak ibadəti yenidən dirçəltdilər. Eynilə də, 1919-cu ildən sonra İsa Məsih qalan məsh olunmuş qardaşlarını təşviq etdi ki, «keçmişdən qalma viranəlikləri» tikib qaldırsınlar. Əsrlərlə xristian dünyasının din xadimləri insanları Yehova haqda bilik almaqdan məhrum etmişdilər. Bu biliyin əvəzinə onlara insan adət-ənənələri və Müqəddəs Kitaba əsaslanmayan təlimlər aşılamışdılar. Məsh olunmuş məsihilər isə yığıncaqlarını yalan dinlərin adət-ənənələrindən təmizlədilər. Bunun sayəsində pak ibadət dirçəlməyə davam etdi. Həmçinin məsh olunmuşlar gələcəkdə böyük vüsət alacağı və tayı-bərabəri olmayacaq bir fəaliyyətə qədəm qoydular (Mark 13:10).
27 FEVRAL — 5 MART
*** ip-2-E s. 383, abz. 23 ***
«Yaratdığım şeylərə görə əbədiyyən sevinin»
23 Vəhy kitabında Yəhyanın gördüyü vəhy qələmə alınıb. Yəhyaya Yehovanın günündə bu dünyanın sonunun gələcəyi, sonra isə Şeytanın dibsiz quyuya atılacağı haqda vəhy nazil olmuşdu (Vəhy 19:11—20:3). Bunu təsvir etdikdən sonra Yəhya Əşiya peyğəmbərin sözlərini təkrarlayıb deyir: «Mən yeni göy və yeni yer gördüm». Bu möhtəşəm vəhydən xəbər verən növbəti ayələrdə Yehova Allahın yer üzündəki şəraiti yaxşılığa doğru dəyişəcəyi vaxtdan danışılır (Vəhy 21:1, 3—5). Deməli, Əşiyanın «yeni göy və yeni yer»lə bağlı peyğəmbərliyi yer üzündə yaradılacaq Cənnətdə gerçəkləşəcək! Yeni göyün hakimiyyəti altında yeni insan cəmiyyəti Cənnətdə yaşayacaq. Onlar həm ruhani mənada, həm də hərfi mənada Cənnətdə yaşayacaqlar. Nə yaxşı ki, «köhnə şeylər [xəstəliklər, dərdlər və insanların üzləşdiyi digər əzablar] yada düşməyəcək, daha xatırlanmayacaq». Xatırlayacağımız şeylər isə indiki kimi, ürəyimizi üzməyəcək, ağrı verməyəcək.
*** ip-2-E s. 384, abz. 25 ***
«Yaratdığım şeylərə görə əbədiyyən sevinin»
25 Bu gün də Yehova Yerusəlimi fərəh qaynağı edir. Necə? Artıq öyrəndiyimiz kimi, 1914-cü ildə qurulan yeni göyə, yəni səmavi Padşahlığa sonda 144 000 hakimiyyət şərikləri daxil olacaq. Peyğəmbərliyə əsasən, onlar «Yeni Yerusəlim» adlanır (Vəhy 21:2). Məhz Yeni Yerusəlim haqda Yehova Allah belə deyir: «Mən Yerusəlimi fərəh qaynağı, əhlini sevinc mənbəyi olmaq üçün yaradıram». Yeni Yerusəlimin vasitəsilə Allah saleh bəndələrinə tayı-bərabəri olmayan nemətlər yetirəcək. Bir daha ağlaşma, fəğan səsi eşidilməyəcək, çünki Yehova hamının «qəlbinin muradını çin» edəcək (Zəbur 37:3, 4).