Müqəddəs görüşlərimizə hörmətlə yanaşırıq
«[Onları] müqəddəs dağıma gətirib dua evimdə sevindirəcəyəm» (YEŞAYA 56:7).
1. Görüşlərimizin hörmətə layiq olduğunu Müqəddəs Yazılar necə göstərir?
YEHOVA məsh olunmuşları və digər məsihçiləri, yə’ni xalqını Ona ibadət etmək üçün ‘müqəddəs dağına’ toplayıb. Allah onları ‘bütün xalqlar üçün dua evində’, ruhani mə’bədində sevindirir (Yeşaya 56:7; Mark 11:17). Xalqların toplanmasından görünür ki, Yehovaya ibadət müqəddəs, saf və ucadır. Görüşlərimiz Müqəddəs Kitabı öyrənmək, Allaha ibadət etmək üçün təşkil olunub. Bu görüşlərə layiqincə hörmət bəsləməklə Yehovanın müqəddəsliyə olan baxışına şərik olduğumuzu göstəririk.
2. Nədən görünür ki, Yehova ibadət üçün seçdiyi yeri müqəddəs sayırdı və Məsih Allahın baxışına şərik olduğunu necə göstərmişdi?
2 Qədim İsraildə Yehovanın ibadət üçün seçdiyi yer müqəddəs sayılmalı idi. Hüzur çadırı, o cümlədən, onun avadanlıqları və ləvazimatları müqəddəs olmaq üçün məsh və təqdis edilməli idilər (Çıxış 30:26-29). Hüzur çadırının otaqlarından biri «Müqəddəs Yer», o birisi isə «Əqdəs», yə’ni Ən Müqəddəs yer adlanırdı (İbranilərə 9:2, 3). Sonralar Hüzur çadırının əvəzinə Yerusəlimdə mə’bəd tikildi. Yehovaya ibadətin mərkəzi olduğu üçün Yerusəlim ‘müqəddəs şəhər’ adlanırdı (Nehemya 11:1; Matta 27:53). İsa yer üzündə xidmət edərkən mə’bədə layiqincə hörmət göstərirdi. Məsələn, bir dəfə o, mə’bədin həyətində ticarət edən və ondan kəsmə yol kimi istifadə edən insanlara qəzəblənmişdi (Mark 11:15, 16).
3. İsrailin toplantılarının müqəddəsliyini nə göstərir?
3 İsraillilər Yehovaya ibadət etmək və Onun Qanununa qulaq asmaq üçün müntəzəm olaraq birlikdə yığılırdılar. Bayramların müəyyən günləri «müqəddəs toplantı» və ya «təntənəli toplantı» adlanırdı ki, bu da onların müqəddəs olduğunu göstərirdi (Levililər 23:2, 3, 36, 37). Ezra və Nehemyanın günlərində keçirilən toplantıda levililər ‘Qanunu xalqa izah edirdilər’. ‘Bütün xalq Qanunun sözlərini eşidərkən ağladığı’ üçün «levililər “susun, kədərlənməyin çünki bu gün müqəddəsdir” deyə bütün xalqı sakitləşdirdi». Bundan sonra israillilər ‘çox böyük sevinclə’ yeddi günlük Çardaqlar bayramını qeyd etdilər. ‘Birinci gündən sonuncu günə qədər hər gün Allahın Qanun kitabından oxudular. Onlar yeddi gün bayram keçirtdilər, səkkizinci gün isə qayda-qanuna görə təntənəli toplantı quruldu’ (Nehemya 8:7-11, 17, 18). Bu, həqiqətən də ehtirama layiq müqəddəs toplantı idi.
Bizim görüşlərimiz müqəddəsdir
4, 5. Görüşlərimiz nəyə görə müqəddəsdir?
4 Doğrudur, bu gün yer üzündə Yehovaya ibadət etmək üçün müqəddəs şəhər və xüsusi mə’bəd yoxdur. Ancaq nəzərdən qaçırmamalıyıq ki, Yehovaya ibadət etmək üçün təşkil olunan görüşlər müqəddəsdir. Həftədə üç dəfə Müqəddəs Yazıları oxuyub öyrənmək üçün görüşürük. Burada Nehemyanın günlərində olduğu kimi Yehovanın Kəlamının ‘mə’nası izah edilir’ (Nehemya 8:8). Görüşlərimizin hamısı dua ilə başlayıb, dua ilə bitir, əksəriyyətində Yehovaya həmd nəğmələri oxunur (Məzmur 26:12). Yığıncaq görüşləri ibadətimizin bir hissəsi olduğu üçün onlara ehtiram və hörmətlə yanaşmalıyıq.
5 Allahın xalqı ibadət etmək, Müqəddəs Kitabı öyrənmək və xoş ünsiyyət etmək üçün bir yerə toplaşanda Yehova ona xeyir-dua verir. Əmin ola bilərik ki, Allah məhz görüşlərə ‘bərəkət verilməsini buyurub’ (Məzmur 133:1, 3). Görüşlərdə iştirak edib, ruhani proqramı izləyəndə, Allahdan xeyir-dua alırıq. Bundan əlavə İsa demişdir: «Haradasa iki və ya üç kişi Mənim adımla bir yerə toplaşmış olursa, Mən orada, onların arasındayam». Kontekstdən aydın olur ki, bu sözlər məsihçilər arasında ciddi problemləri həll etmək üçün ağsaqqalların keçirdiyi görüşə aiddir. Ancaq bu prinsipi yığıncaq görüşlərinə də aid etmək olar (Matta 18:20). Məsihçilər Məsihin adı ilə bir yerə toplaşanda o, müqəddəs ruhun vasitəsilə orada iştirak edir. Belə isə bu görüşlər müqəddəs hesab edilməli deyilmi?
6. Görüşlərin keçirildiyi böyük və ya kiçik tikililər hansı münasibətə layiqdir?
6 Düzdür, Yehova əl ilə tikilən mə’bədlərdə yaşamır. Bununla belə, Padşahlıq Zallarımız həqiqi ibadət yeridir (Həvarilərin işləri 7:48; 17:24). Biz orada Yehovanın Kəlamını öyrənmək, Ona dua etmək və həmd nəğmələri oxumaq üçün toplaşırıq. Konqres zallarına da bu məqsədlə gəlirik. İcarəyə götürülən mədəniyyət sarayları, sərgi kompleksləri və ya stadionlar konqres zamanı ibadət yerinə çevrilir. Böyük və ya kiçik olmasına baxmayaraq bu tikililər hörmətə layiqdir və bu hörməti davranışımız və münasibətimizlə göstərməliyik.
Görüşlərə necə hörmət göstərə bilərik?
7. Görüşlərə hörmət etdiyimizi necə göstərə bilərik?
7 Görüşlərimizə olan hörmət müxtəlif şeylərdə əks olunur. Bunlardan biri Padşahlıq mahnılarını oxuyan zaman zalda olmaqdır. Mahnılardan çoxu dua formasında yazıldığı üçün ehtiramla ifa edilməlidir. 22-ci məzmurdan sitat gətirərək həvari Pavel İsa haqqında yazırdı: «Sənin adını Mənim qardaşlarıma agah edəcəyəm; camaat içində Sənə nəğmə ilə həmd edəcəyəm» (İbranilərə 2:12). Buna görə də aparıcı mahnının nömrəsini e’lan etməmiş artıq yerimizdə olmalı, oxuyanda diqqətimizi mahnının mə’nasına cəmləşdirməliyik. Gəlin biz də məzmurçu kimi bu mahnıları eyni hisslərlə oxuyaq: «Əməlisalehlər məclisində, icma arasında Rəbbə bütün qəlbimlə şükür edəcəyəm» (Məzmur 111:1). Bəli, Yehovaya həmd nəğmələri oxumaq görüşlərə vaxtında gəlmək və axıra kimi qalmaq üçün vacib səbəblərdən biridir.
8. Müqəddəs Kitabdakı hansı nümunə duaya hörmətlə yanaşmağın zəruriliyini göstərir?
8 Görüşlərimizin dəyərini artıran başqa bir səciyyəvi xüsusiyyət toplaşanların adından edilən səmimi duadır. Bir dəfə birinci əsr məsihçiləri Yerusəlimdə bir yerə toplaşaraq, ‘yekdilliklə Allaha dua edirdilər’. Bundan sonra tə’qiblərə baxmayaraq, onlar ‘Allahın sözünü cəsarətlə söyləməyə’ davam etdilər (Həvarilərin işləri 4:24-31). Dua vaxtı oradakılardan kiminsə fikrinin başqa yerdə dolaşdığını təsəvvür etmək olarmı? Xeyr, onlar «yekdilliklə» dua edirdilər. Görüşlərimizdə edilən dua oradakıların hisslərini ifadə edir. Bu dualara hörmətlə yanaşmaq lazımdır.
9. Geyimimiz və davranışımızla müqəddəs görüşlərimizə hörmət etdiyimizi necə göstəririk?
9 Bundan başqa geyimimizlə də görüşlərimizin müqəddəsliyinə böyük hörmət bəslədiyimizi göstəririk. Həm geyimimiz həm də saç düzümümüz görüşlərimizə layiq olmalıdır. Həvari Pavel məsləhət edirdi: «Mən istəyirəm ki, kişilər hər yerdə pak əllər qaldırlb, qəzəblənməyərək və mübahisə etməyərək dua etsinlər; qadınlar da utancaqlıq və mö’tədilliklə, ədəbli qiyafətlə özlərini bəzəsinlər. Saçlarını hörməklə, qızıl, mirvari yaxud bahalı paltarla deyil, Allaha hörmət etdiklərini iddia edən qadınlara yaraşan tərzdə özlərini xeyirli işlərlə bəzəsinlər» (1 Timoteyə 2:8-10). Açıq stadionlarda keçirilən konqreslərdə iştirak edəndə geyimimiz havaya uyğun olmaqla yanaşı, həm də layiqli olmalıdır. Bundan başqa, görüşlərimizə hörmət ediriksə, proqram zamanı yemək yeməyəcək, saqqız çeynəməyəcəyik. Layiqli geyim və davranış Yehova Allaha, ibadətimizə və həmimanlılarımıza şərəf gətirir.
Allahın evinə layiq davranış
10. Həvari Pavel necə göstərmişdi ki, məsihçi görüşlərində yüksək davranış tələb olunur?
10 Korinflilərə məktubunda həvari Pavel məsihçi görüşlərinin keçirilməsinə dair müdrik məsləhət verir. O, fikrinə yekun vuraraq deyir: «Qoy hər şey ədəblə və nizamla edilsin» (1 Korinflilərə 14:40). Görüşlər yığıncağın vacib sahəsi olduğu üçün orada Yehovanın evinə layiq davranmalıyıq.
11, 12. a) Görüşlərə gələn uşaqlara nə aşılanmalıdır? b) Görüşlər zamanı uşaqlar imanlarını necə ifadə edirlər?
11 Görüşlərimizdə özlərini aparmaq qaydasını xüsusilə uşaqlara öyrətmək lazımdır. Məsihçi valideynlər uşaqlarına başa salmalıdırlar ki, Padşahlıq Zalı və kitab öyrənməsi keçirilən yer oynamaq yeri deyil. Orada biz Yehovaya ibadət edir və Onun Kəlamını öyrənirik. Müdrik Padşah Süleyman yazırdı: ‘Allahın evinə getdiyin zaman hərəkətlərinə diqqət et. Qulaq asmaq üçün oraya gir’ (Vaiz 5:1). Musa israillilərə böyüklər və ‘uşaqlarla’ birlikdə yığışmağı tapşırdı. O dedi: ‘Xalqı toplayın. Qoy hamı eşidib öyrənsin və Allahınız Rəbdən qorxub, qanunun bütün sözlərinə dəqiq əməl etsin. Qoy qanunu bilməyən uşaqlar da eşitsinlər və mülk olaraq almaq üçün İordan çayından keçib gedəcəyiniz ölkədə ömür boyu Allahınız Rəbdən qorxmağı öyrənsinlər’ (Qanunun təkrarı 31:12, 13).
12 Bu gün uşaqlar valideynləri ilə birlikdə qulaq asmaq və öyrənmək üçün yığıncağa gəlirlər. Uşaqlar müzakirə olunan materialı və ən əsas Müqəddəs Kitab tə’limlərini başa düşməyə başlayanda qısa şərhlər verərək imanlarını ‘ağızları ilə iqrar edə’ bilərlər (Romalılara 10:10). Balaca uşaq əvvəlcə başa düşdüyü suala bir neçə sözlə cavab verə bilər. İlk vaxtlar cavabı üzdən oxusa da, vaxt keçdikcə fikrini öz sözləri ilə ifadə etməyə çalışacaq. Bu, uşaq üçün həm faydalıdır, həm də maraqlı. Uşaqlar imanlarını belə səmimi şəkildə ifadə edəndə yığıncaqdakı böyüklərin də ürəyi sevinir. Təbii ki, valideynlər özləri şərh verməklə uşaqlarına nümunə qoyurlar. Yaxşı olar ki, uşaqların özlərinin Müqəddəs Kitabı, nəğmə kitabı və öyrənilən ədəbiyyatı olsun. Onlar belə ədəbiyyatlara hörmətlə yanaşmağı öyrənməlidirlər. Bütün bunlar uşaqlara görüşlərimizin müqəddəs olduğunu aşılayacaq.
13. Görüşlərimizə ilk dəfə gələn adamda hansı təəssüratın yaranmasını istəyirik?
13 Əlbəttə biz istəmirik ki, görüşlərimiz xristian kilsələrində keçirilən ayinlərə bənzəsin, yə’ni nə soyuq, həddindən artıq mö’min, nə də səs-küylü olsun. Padşahlıq Zalında dostyana və mehriban ab-hava olsa da, orada həddindən artıq sərbəstliyə yol verilməməlidir. Görüşlərə Yehovaya ibadət etmək üçün gəldiyimizdən onlar layiqli tərzdə keçirilməlidir. Bizim arzumuz budur ki, görüşə ilk dəfə gələn adam proqrama qulaq asandan, bizim və uşaqlarımızın davranışını müşahidə edəndən sonra: «Allah həqiqətən aranızdadır!» desin (1 Korinflilərə 14:25).
İbadətimizin ayrılmaz hissəsi
14, 15. a) ‘Allahımızın mə’bədinə laqeyd yanaşmamaq’ üçün biz nə etməliyik? b) Yeşaya 66:23 ayəsi indi necə yerinə yetir?
14 Yuxarıda deyildiyi kimi, Yehova xalqını ‘dua evində’, yə’ni ruhani mə’bədində toplayaraq ‘sevindirir’ (Yeşaya 56:7). Sadiq Nehemya yəhudilərə xatırlatdı ki, onlar ianələr etməklə mə’bədə layiqincə hörmət göstərməli idilər. O dedi: «Biz Allahımızın mə’bədinə laqeyd yanaşmayacağıq» (Nehemya 10:39). Biz də Yehovanın Ona ‘dua evində’ ibadət etmək çağırışına laqeyd yanaşmamalıyıq.
15 Yeşaya ibadət etmək üçün müntəzəm görüşməyin vacibliyini göstərərək peyğəmbərlik etmişdi: «“Hər Təzə ay mərasimində, hər şənbə günündə bütün bəşər gəlib qarşımda səcdə edəcək”, Rəbb deyir» (Yeşaya 66:23). Həmin peyğəmbərlik bu gün yerinə yetir. Sadiq məsihçilər hər həftə Yehovaya ibadət etmək üçün bir yerə toplaşırlar, yə’ni başqa işləri ilə yanaşı məsihçi görüşlərinə gəlir və təbliğ edirlər. Sən də ‘gəlib [Allahın] qarşısında səcdə edirsənmi’?
16. Nə üçün görüşlərdə müntəzəm iştirak etmək elə indidən həyatımızın ayrılmaz hissəsi olmalıdır?
16 Yeşaya 66:23 ayəsi Yehovanın və’d etdiyi yeni dünyada tam həyata keçəcək. O zaman hərfi mə’nada «bütün bəşər» əbədiyyət boyunca həftəbəhəftə gəlib Yehovaya «səcdə», yə’ni ibadət edəcək. Yehovaya ibadət yeni dünyada ruhani həyatımızın ayrılmaz hissəsi olacağı üçün, elə indidən müqəddəs görüşlərimizi həyatımızın ayrılmaz hissəsi etməli deyilikmi?
17. ‘O Günün yaxınlaşdığı nisbətdə’ nə üçün görüşlərə xüsusən ehtiyacımız var?
17 Son yaxınlaşdığı üçün məsihçi görüşlərini buraxmamağa daha qətiyyətli olmalıyıq. Görüşlərimizin müqəddəsliyinə hörmətdən irəli gələrək biz işə, məktəb dərslərinə, əlavə kurslara görə məsihçi görüşlərimizi buraxmırıq. Bundan başqa, bizim həmimanlılarımızla ünsiyyətin verdiyi gücə ehtiyacımız vardır. Yığıncaq görüşlərində bir-birimizlə tanış olur, bir-birimizi ruhlandırır, həmçinin «məhəbbətə və xeyirli işlərə» təşviq edirik. Xüsusən, ‘o Günün yaxınlaşdığı nisbətdə’ bunu etmək daha vacibdir (İbranilərə 10:24, 25). Buna görə gəlin, layiqli geyim, davranış və müntəzəm iştirakımızla müqəddəs görüşlərə hörmət göstərək. Bundan bəlli olacaq ki, biz Yehovanın müqəddəs şeylərə olan baxışına şərikik.
Təkrar üçün suallar
• Nədən görünür ki, Yehovaya ibadət üçün təşkil edilən görüşlər müqəddəs hesab edilməlidir?
• Görüşlərimiz nəyə görə müqəddəsdir?
• Uşaqlar görüşlərin müqəddəsliyinə hörmət etdiklərini necə göstərə bilərlər?
• Nə üçün biz görüşlərdə müntəzəm iştirakı həyatımızın ayrılmaz hissəsi etməliyik?
[28-ci səhifədəki şəkillər]
Harada keçirilməsindən asılı olmayaraq, Yehovaya ibadət etmək üçün təşkil edilən görüşlər müqəddəsdir.
[31-ci səhifədəki şəkil]
Uşaqlar ‘qulaq asmaq və öyrənmək’ üçün görüşlərə gəlirlər.