«Məsihi həyatı və ibadəti. İş dəftəri» üçün mənbələr
4—10 FEVRAL
SƏRİŞTƏLİ MÜJDƏÇİ OLUN
w06-E 1/6 s. 12, 13
Özünüzün və başqalarının günahlı olduğunu nəzərə alın
Həyatdan məmnunluq duymaq üçün biz özümüzün və başqalarının imkanlarının məhdud olduğunu nəzərə almalıyıq. Romalılara yazdığı məktubda həvari Bulus qeyd etmişdi: «Hamı günah işləyib, heç kəs Allahın calalını əks etdirə bilmir» (Romalılara 3:23). Yehovanın calalının bir çox cəhətləri bizim üçün dərkedilməzdir. Buna Yaradılış 1:31 ayəsində yazılmış sadə bir həqiqəti nümunə çəkmək olar: «Allah yaratdıqlarının hamısına baxdı və gördü ki, hər şey çox yaxşıdır». Yehova nə vaxt gördüyü işə çevrilib baxsa, onun «çox yaxşı» olduğunu görəcək. Ancaq heç bir insan özünün gördüyü iş haqda bunu deyə bilməz. İmkanlarımızın məhdud olduğunu qəbul etmək həyatdan məmnunluq duymaq üçün ilk addımdır. Lakin bununla hər şey bitmir. Biz Yehovanın da bu məsələyə baxışını anlamalı və qəbul etməliyik.
«Günah» kimi tərcümə olunan yunan sözü «hədəfə düşməmək» mənasını verən sözdən əmələ gəlib (Romalılara 3:9). Məsələn, təsəvvür edin ki, idmançı oxu düz hədəfə atıb mükafat almaq istəyir. Onun üç oxu var. Birinci oxu atır, amma hədəfdən bir metr aralı düşür. İkinci dəfə daha diqqətlə oxu hədəfə tuşlayır, ancaq 30 santimetr aralıya düşür. Bütün diqqətini toplayıb sonuncu oxu atır, bu dəfə cəmi 2 santimetr hədəfdən yana düşür. Ox bu dəfə hədəfə çox yaxın olur, amma nə fayda, yenə də hədəfə düşməyib.
Biz hamımız həmin oxatana bənzəyirik. Bəzən hədəfdən çox uzağa düşürük. Digər hallarda hədəfə yaxın olsaq da, yenə də ondan yan keçirik. Belə olanda məyus oluruq, çünki var gücümüzlə çalışsaq da, yenə də tam müvəffəqiyyət qazana bilmirik. Ancaq indi gəlin yenə də oxatanın nümunəsinə qayıdaq.
O, dilxor halda çevrilib getmək istəyir. O, çox ümid edirdi ki, mükafatı alacaq. Birdən hakim onu çağırır, mükafatı verib deyir: «Bu, sənindir. Səndən çox xoşum gəldi, gücünü əsirgəmədən çalışdın». Oxatanın sevinci yerə-göyə sığmır!
Bəli, kamilliyə yetişib Allahdan əbədi həyat ənamını alan hər kəsin sevinci aşıb-daşacaq (Romalılara 6:23). O zaman onların etdiyi hər bir şey çox yaxşı olacaq, onlar bir də heç vaxt hədəfdən yan keçməyəcəklər. Sözün əsl mənasında, həyatdan məmnunluq duyacaqlar. Əgər bunu yadda saxlasaq, özümüzə və ətrafımızdakı insanlara münasibətimiz yaxşı olacaq.
11—17 FEVRAL
Hikmət xəzinəsindən incilər
w14-E 1/6 s. 11, abz. 1
Əcdadlarımızın aqibəti necə olacaq?
Qeyri-saleh insanlar diriləndə onlara keçmiş əməlləri əsasında hökm çıxarılmayacaq. Romalılara 6:7 ayəsində deyilir: «Ölmüş adam günahdan azaddır». Qeyri-salehlər ölməklə artıq günahlarının əvəzini almış olacaqlar. Buna görə də onlara ölməzdən əvvəl cahillik ucbatından etdikləri işlərə görə yox, diriləndən sonra etdikləri əməllər əsasında hökm çıxarılacaq. Bunun onlara hansı faydası olacaq?
25 FEVRAL — 3 MART
Hikmət xəzinəsindən incilər
it-1-E s. 1260, abz. 2
Qısqanc, qısqanclıq
Yanlış qeyrət. İnsan səmimi-qəlbdən hansısa bir şeyin qeyrətini çəkə bilər, amma bu, yanlış olar və Allaha ağır gedə bilər. Buna birinci əsrdəki yəhudiləri misal çəkmək olar. Onlar Tövrata əsasən gördükləri işlər əsasında salehliyə nail olmağa çalışırdılar. Amma həvari Bulus bildirdi ki, onların qeyrəti dəqiq biliyə əsaslanmadığı üçün yanlış yerə yönəlmişdi. Buna görə də onlar əsl salehliyə yetişmədilər, yəni Allahın gözündə saleh sayılmadılar. Onlar saleh sayılmaq və Qanunun lənətindən azad olmaq üçün səhvlərini görməli və Məsih vasitəsilə Allaha yaxınlaşmalı idilər (Rm 10:1—10). Tarslı Şaul belə adamlardan idi. O, ifrat dərəcədə iudaizmin təəssübkeşi idi, Allahın yığıncağına olmazın zülmlər edir, onu viran qoyurdu. Şaul cidd-cəhdlə, qüsursuzcasına Tövrata riayət edir (Qt 1:13, 14; Fp 3:6). Onun iudaizmin qeyrətini çəkməsi yanlış idi. Amma o nə edirdisə, sidqi-ürəkdən edirdi, buna görə də Yehova Məsih vasitəsilə lütf edib onu həqiqi ibadətə yönəltdi (1Tm 1:12, 13).