Allahın xidmətçiləri kimi, ədəb-ərkanla davranın
«Allahı təqlid edin» (EFES. 5:1).
1, 2. a) Ədəb-ərkanlı olmaq nəyə görə vacibdir? b) Bu məqalədə nəyi müzakirə edəcəyik?
ETİKET qaydaları üzrə mütəxəssis Syu Foks hörmətcil davranış tərzi haqqında yazır: «Ədəb-ərkan qaydalarına riayət etməkdə fasilə vermək lazım deyil. Nəzakətli olmaq hər zaman, hər yerdə işə yarayır». İnsanlar həmişə nəzakətli davrananda başqaları ilə problemləri ya azalır, ya da ümumiyyətlə yox olur. Ancaq bunun əksi də danılmazdır. Başqaları ilə kobud rəftar münaqişəyə, incikliyə və məyusluğa gətirir.
2 Ümumilikdə götürdükdə, həqiqi məsihçi yığıncağında ədəb-ərkan qaydalarına riayət olunur. Lakin biz ehtiyatlı olmalıyıq ki, bu dünyada adi şey hesab olunan nəzakətsizliyi və kobudluğu mənimsəməyək. Gəlin görək, nəzakətli olmağa dair Müqəddəs Kitab prinsiplərini tətbiq etmək bizi necə qoruya və insanları həqiqi ibadətə necə cəlb edə bilər. Ədəb-ərkan qaydalarına riayət etməyin nə demək olduğunu başa düşmək üçün gəlin Yehova Allahın və Onun Oğlunun nümunəsinə nəzər salaq.
Yehova və Onun Oğlu ədəb-ərkanlı olmaqda nümunədirlər
3. Yehova nəzakətli olmağa dair hansı nümunəni verir?
3 Yehova Allah nəzakətli olmaqda mükəmməl nümunədir. Kainatın Ali Hökmdarı kimi yüksək mövqe tutmasına baxmayaraq, O, insanlarla çox nəzakətlə və hörmətlə davranır. Orijinal mətnə əsasən, Yehova İbrahimə və Musaya müraciət edəndə, adətən, «zəhmət olmasa» kimi tərcümə olunan ibrani sözündən istifadə edirdi (Yar. 13:14; Çıx. 4:6). Xidmətçiləri səhvə yol verəndə Yehova onlara qarşı ‘rəhmli, lütfkar, hədsiz səbirli, məhəbbətli və sədaqətlidir’ (Məz. 86:15). O, başqaları ümidlərini doğrultmayanda tez özündən çıxan insanlardan necə də fərqlənir!
4. Başqaları bizimlə söhbət edəndə Yehovanı necə təqlid edə bilərik?
4 Yehovanın nəzakətli olması həmçinin insanları necə dinləməsindən də görünür. İbrahim Sodomun sakinləri ilə bağlı suallar verəndə Yehova onun hər bir sualına səbirlə cavab verdi (Yar. 18:23-32). O, İbrahimlə söhbətin vaxtını boş yerə sərf etmək olduğunu düşünmürdü. Əksinə, Yehova xidmətçilərinin dualarını və tövbə edən günahkarların fəryadlarını eşidir. (Məzmur 51:11, 17 ayələrini oxu.) Başqaları bizimlə söhbət edəndə biz də Yehovanı təqlid edərək onları dinləməli deyilikmi?
5. İsa kimi nəzakətli olmaq başqaları ilə münasibətlərimizi necə yaxşılaşdıra bilər?
5 Bir çox şeylərlə yanaşı, İsa Məsih Atasından nəzakətli olmağı da öyrənmişdi. İcra etdiyi xidmət bəzən çoxlu vaxt və qüvvə tələb etsə də, İsa həmişə səbirli və nəzakətli idi. O, cüzamlılara, kor dilənçilərə və köməyə ehtiyacı olan digər insanlara yardım göstərməyə hazır idi. Onlar münasib olmayan vaxtda gəlsələr də, İsa onları rədd etmirdi. O, çox vaxt əlindəki işini bir kənara qoyub əziyyət çəkən insanlara kömək edirdi. İsa ona iman gətirənlərə qarşı çox diqqətcil idi (Mark 5:30-34; Luka 18:35-41). Biz bir məsihçi kimi nəzakətli və başqalarına kömək etməyə hazır olmaqla İsanın nümunəsini izləyirik. Belə davranış qohum-qonşuların və başqalarının diqqətindən yayınmır. Üstəlik, Yehovaya izzət, bizə isə xoşbəxtlik gətirir.
6. İsa mülayim və mehriban olmağa dair hansı nümunəni qoyub?
6 İsanın başqalarına hörmət etməsi onlara adları ilə müraciət etməsindən də görünür. Bəs yəhudi din rəhbərləri necə, onlar da insanları adları ilə çağırırdılarmı? Xeyr. Onlar Qanundan xəbəri olmayanları ‘məlun’, yəni lənətli sayır və onları alçaldırdılar (Yəh. 7:49). Ancaq eyni sözləri Allahın Oğlu haqqında demək olmaz. O, Martaya, Məryəmə, Zakaya və bir çox başqalarına adları ilə müraciət edirdi (Luka 10:41, 42; 19:5). İnsanların bir-birinə necə müraciət etməsinə mədəniyyətləri və müxtəlif vəziyyətlər təsir etsə də, Yehovanın xidmətçiləri hamı ilə mehriban olmağa çalışırlara. Onlar yol vermirlər ki, bu dünyada mövcud olan sinfi ayrı-seçkilik həmimanlılarına və başqalarına layiq olduqları hörməti göstərməyə mane olsun. (Yaqub 2:1-4 ayələrini oxu.)
7. Müqəddəs Kitab prinsipləri bütün insanlarla nəzakətli davranmağa necə kömək edir?
7 Allahın və Onun Oğlunun bütün millətlərdən və xalqlardan olan insanlarla nəzakətli davranması onlara hörmət etdiklərini göstərir və bu, insanları həqiqətə cəlb edir. Əlbəttə ki, ədəb-ərkan qaydaları müxtəlif yerlərdə bir-birindən fərqlənir. Ancaq biz hər bir addımımızı sərt qaydalara əsasən atmağa çalışmırıq. Əksinə, imkan veririk ki, insanlara müxtəlif yerlərdə hörmətimizi necə göstərməli olduğumuzu Müqəddəs Kitab prinsipləri müəyyən etsin. Gəlin görək, başqaları ilə nəzakətli davranmaq məsihçi xidmətində səmərəli olmağa necə kömək edə bilər.
İnsanlarla salamlaş və onlarla ünsiyyət et
8, 9. a) Hansı vərdiş nəzakətsizlik kimi qiymətləndirilə bilər? b) Nəyə görə İsanın Matta 5:47 ayəsindəki sözlərinin insanlarla münasibətimizə təsir etməsinə yol verməliyik?
8 Bu yüksəktempli həyatda bir çox yerlərdə iki insanın bir-birinə «salam» və ya «necəsən?» demədən yan keçməsi adi bir hala çevrilib. Əlbəttə, heç kimdən gözlənilmir ki, insanlarla dolu səki ilə gedərkən yoldan ötən hər kəslə görüşüb söhbət etsin. Lakin bir çox başqa hallarda başqaları ilə salamlaşmaq münasib və arzuolunandır. Səndə başqaları ilə salamlaşmaq vərdişi varmı? Yoxsa çox vaxt gülümsəmədən və ya heç bir xoş söz söyləmədən insanlardan yan ötürsən? İnsan özü də istəmədən əslində nəzakətsizlik hesab olunan vərdişi inkişaf etdirə bilər.
9 İsanın sözlərini yaddan çıxarmamalıyıq: «Yalnız qardaşlarınızı salamlayırsınızsa, xüsusi bir şey edirsinizmi? Bütpərəstlər də elə etmirlərmi?» (Mat. 5:47). Bununla bağlı məsləhətçi Donald Ueys yazırdı: «Kimsə onları saymayıb yanlarından düz keçəndə insanlar inciyir. Həqiqətən də, belə davranışa haqq qazandırmaq olmaz. Bunun sadə bir əlacı var: insanlarla salamlaşın, onlarla söhbət edin». Əgər biz başqalarına soyuq və laqeyd yanaşmasaq, bu, yaxşı bəhrələr verəcək.
10. Xoş rəftar və mülayimlik xidmətimizi səmərəli etməyə necə kömək edə bilər? («Söhbətə xoş təbəssümlə başla» adlı çərçivəyə baxın.)
10 Amerikanın şimalında böyük şəhərdə yaşayan məsihçi ər-arvadın — Tom və Kerolun nümunəsinə baxaq. Onlar qonşularla xoş söhbəti xidmətlərinin bir hissəsi etmişlər. Yaqub 3:18 ayəsinə istinad edərək Tom deyir: «Biz insanlarla dostyana və mehriban olmağa çalışırıq. Biz çöldə olanlara və həmin ərazidə işləyənlərə yaxınlaşırıq. Gülümsəyərək onları salamlayırıq. Biz onları maraqlandıran şeylər — onların uşaqları, itləri, evləri və işləri haqqında söhbət edirik. Müəyyən vaxtdan sonra onlar bizə öz dostları kimi yanaşırlar». Kerol əlavə edir: «Növbəti dəfə görüşəndə özümüzü təqdim edir və onların adını soruşuruq. Qonşularla nə haqda danışdığımızı deyirik, ancaq çalışırıq, söhbətimiz qısa olsun. Nəticədə, həmişə yaxşı şahidlik veririk». Tom və Kerol bir çox qonşularının etimadını qazana bilmişlər. Bir çoxları Müqəddəs Kitaba əsaslanan nəşrləri qəbul etmiş, bir neçəsi isə həqiqətə böyük maraq göstərmişdir.
Çətin vəziyyətlərdə nəzakətli ol
11, 12. Xoş xəbəri təbliğ edərkən nəyə görə pis münasibətlə qarşılaşacağımızı gözləməliyik və buna reaksiyamız necə olmalıdır?
11 Bəzən xidmətdə kobud münasibətlə qarşılaşırıq. Bu, bizi təəccübləndirmir, çünki İsa şagirdlərini qabaqcadan xəbərdar etmişdi: «Əgər Məni təqib etdilərsə, sizi də təqib edəcəklər» (Yəh. 15:20). Ancaq biz alçaldıcı sözlərə eyni şəkildə cavab versək, bu, yaxşı nəticələr gətirməyəcək. Bəs biz necə reaksiya göstərməliyik? Həvari Peterin sözlərinə diqqət yetirin: «Malik olduğunuz ümid barəsində sizdən hesabat istəyən hər kəsə həmişə mülayimliklə və ehtiramla cavab vermək üçün hazır olun» (1 Pet. 3:15). Nəzakətli olmağımız — mülayim və ehtiramla cavab verməyimiz — bizi təhqir edənlərin baxışlarını dəyişə bilər (Tit. 2:7, 8).
12 Biz təhqiramiz sözlərə elə reaksiya göstərməyi öyrənə bilərikmi ki, Allahı razı salaq? Bəli, öyrənə bilərik. Pavel məsləhət görür: «Qoy sözünüz həmişə nəvazişli olsun və ona duz qatılmış kimi olsun ki, siz hər adama necə cavab vermək lazım olduğunu biləsiniz» (Kolos. 4:6). Əgər ailə üzvlərimizlə, iş və ya məktəb yoldaşlarımızla, həmimanlılarımızla və qonşularımızla nəzakətli olmağa vərdiş etsək, onda rişxəndə və təhqirə məsihçiyə yaraşan tərzdə cavab verməyi öyrənəcəyik. (Romalılara 12:17-21 ayələrini oxu.)
13. Nəzakətli olmağın bizə qarşı çıxanların münasibətini necə dəyişdiyini göstərən bir nümunə çəkin.
13 Çətin anlarda nəzakətli davranmaq yaxşı bəhrələr verir. Məsələn, Yaponiyada bir Şahid həm ev sahibi, həm də onun qonağı tərəfindən rişxəndlə qarşılandı. Qardaş nəzakət göstərib oranı tərk etdi. Həmin ərazidə təbliğ etməyə davam edərkən o fikir verdi ki, qonaq yaxınlıqdan onu müşahidə edir. Qardaş həmin adama yaxınlaşanda o dedi: «Sizdən üzr istəyirəm. Sizi təhqir etməyimizə baxmayaraq, fikir verdim ki, siz sadəcə gülümsəyirdiniz. Mən də sizin kimi olmaq üçün nə edə bilərəm?» Həmin adam işini və anasını yenicə itirdiyi üçün bir daha xoşbəxt olacağına ümid etmirdi. Qardaş ona Müqəddəs Kitabı öyrənməyi təklif etdi, o da razılaşdı. Qısa müddətdən sonra onlar Müqəddəs Kitabı həftədə iki dəfə öyrənməyə başladılar.
Nəzakətliliyi inkişaf etdirməyin ən yaxşı yolu
14, 15. Qədimdə Yehovanın xidmətçiləri uşaqlarını necə tərbiyə edirdilər?
14 Qədimdə Allahdan qorxan valideynlər çalışırdılar ki, uşaqları özlərini evdə ədəb-ərkanla aparmağı bacarsınlar. Görün, Yaradılış 22:7 ayəsində İbrahimlə İshaq bir-birinə necə nəzakətlə müraciət edir. Yusifin nümunəsindən də görünür ki, o, valideynlərindən yaxşı tərbiyə almışdı. O, həbsxanaya düşəndə hətta başqa dustaqlara da hörmətlə yanaşırdı (Yar. 40:8, 14). Firona dediyi sözlərindən görmək olar ki, Yusif səlahiyyətli şəxslərə düzgün müraciət etməyi bacarırdı (Yar. 41:16, 33, 34).
15 İsrail oğullarına verilən On əmrin birində deyilirdi: «Ata-anana hörmət et ki, Allahın Rəbbin sənə verdiyi torpaqda ömrün uzun olsun» (Çıx. 20:12). Uşaqlar evdə ədəb-ərkan qaydalarına riayət etməklə valideynlərinə hörmət etdiklərini göstərirdilər. İftahın qızı atasının onun üçün çox çətin olan bir andını yerinə yetirməklə ona böyük hörmət göstərdi (Hak. 11:35-40).
16-18. a) Uşaqlara ədəb-ərkan qaydalarını necə aşılamaq olar? b) Uşaqlara ədəb-ərkanlı olmağı öyrətməyin gətirdiyi faydalardan bəziləri hansılardır?
16 Uşaqlarımıza ədəb-ərkan qaydalarını öyrətmək çox vacibdir. Böyüklər kimi başqaları ilə yola getmək üçün uşaqlar düzgün tərzdə qonaq qarşılamağı, telefona cavab verməyi və başqaları ilə süfrə arxasında oturmağı öyrənməlidirlər. Uşaqlara başqaları üçün qapını tutmağın, yaşlı və xəstə adamlara qarşı nəzakətli olmağın, yaxud da ağır yükü olanlara yardım etməyin nəyə görə vacib olduğunu izah etmək lazımdır. Onlar sidq-ürəkdən deyilən «zəhmət olmasa», «çox sağ olun», «xoş gəlmisiniz», «kömək edə bilərəmmi?» və «bağışlayın» kimi ifadələrin vacibliyini başa düşməlidirlər.
17 Uşaqlara nəzakətli olmağı öyrədərkən sərt olmamalıyıq. Ən yaxşısı onlara nümunə göstərməkdir. İyirmi beş yaşlı Kurt özünün və üç qardaşının nəzakətli olmağı necə öyrəndikləri haqda deyir: «Biz valideynlərimizin bir-birilə necə mülayim davrandıqlarını və başqaları ilə səbir və hörmətlə rəftar etdiklərini görürdük. Atam Padşahlıq Zalında görüşdən əvvəl və sonra yaşlı bacı-qardaşlarla ünsiyyət edəndə çalışırdı ki, mən də onun yanında olum. Mən onun başqaları ilə görüşüb salamlaşdığını eşidir və onlara hörmətlə yanaşdığını görürdüm». Kurt davam edir: «Atamın davranış tərzi get-gedə mənə də keçdi. Artıq insanlarla nəzakətli davranmaq məndə öz-özünə alınırdı. Başqalarına qarşı nəzakətli olmaq istəyi məcburi yox, ürəkdən gəlməlidir».
18 Valideynlərin övladlarına ədəb-ərkan qaydalarını aşılaması hansı nəticəni gətirə bilər? Bunun sayəsində onlar özlərinə dost tapmağı və başqaları ilə sülhü qorumağı öyrənəcəklər. Gələcəkdə isə müdirləri və iş yoldaşları ilə yola gedə biləcəklər. Üstəlik, nəzakətli, tərbiyəli və dürüst uşaqlar valideynlərinə sevinc və məmnunluq gətirirlər. (Süleymanın məsəlləri 23:24, 25 ayələrini oxu.)
Ədəb-ərkanla davranmağımız bizi başqalarından fərqləndirir
19, 20. Nəyə görə biz insanlara hörmətlə yanaşan Allaha və Onun Oğluna bənzəməyə çalışmalıyıq?
19 Pavel deyir: «Sevimli övladlar kimi, Allahı təqlid edin» (Efes. 5:1). Bu məqalədə araşdırılan bəzi prinsipləri yerinə yetirməklə biz Yehova Allahı və İsa Məsihi təqlid etmiş oluruq. Belə etməklə biz yalnız səlahiyyətli şəxslərin rəğbətini qazanmaq və ya maddi mənfəət əldə etmək xatirinə xoş münasibət göstərərək ikiüzlü davranmayacağıq (Yəhuda 16).
20 Pis hökmranlığının son günlərində Şeytan Yehovanın qoyduğu hörmətcil davranış prinsiplərini yox etmək niyyətindədir. Lakin İblis həqiqi məsihçilərin riayət etdiyi ədəb-ərkan qaydalarını pozmağa müvəffəq olmayacaq. Gəlin hamımız hər bir insana hörmətlə yanaşan Allaha və Onun Oğluna bənzəməyə çalışaq. Onda danışıq və davranışımızla kobud və nəzakətsiz insanlardan həmişə fərqlənəcəyik. Bununla biz nəzakətli olmaqda kamil nümunə verən Yehova Allahımızın adına izzət gətirəcək və səmimi insanlarda həqiqi ibadətə qarşı maraq oyadacağıq.
[Haşiyə]
a Bəzi mədəniyyətlərdə özündən yaşca böyük insana razılığı olmadan adı ilə müraciət etmək hörmətsizlik sayılır. Məsihçilərin belə ənənələri nəzərə almaları yaxşı olardı.
Yadınızdadırmı?
• Ədəb-ərkanlı və ya nəzakətli olmaqda Yehovadan və Onun Oğlundan nə öyrənə bilərik?
• Nəyə görə insanlarla mehribanlıqla görüşməyimiz məsihçi adımıza yaxşı təsir göstərir?
• Nəzakətli olmaq səmərəli xidmət etməkdə bizə necə kömək edə bilər?
• Uşaqlara ədəb-ərkan qaydalarını aşılamaqda valideynlərin hansı rolu var?
[27-ci səhifədəki çərçivə]
Söhbətə xoş təbəssümlə başla
Çoxları tanımadıqları insanlarla söhbətə başlamaqdan çəkinirlər. Lakin Allaha və yaxınlarına olan məhəbbətdən irəli gələrək, Yehovanın Şahidləri əllərindən gələni edirlər ki, Müqəddəs Kitab həqiqətlərini başqaları ilə bölüşmək üçün söhbət etməyi öyrənsinlər. Bu sahədə tərəqqi etməkdə bizə nə kömək edə bilər?
Filipililərə 2:4 ayəsində dəyərli prinsip var: «Hər kəs yalnız öz mənfəətini deyil, başqalarının da mənfəətini güdsün». Gəlin bu sözlərin üzərində düşünək: əgər əvvəllər kiminləsə heç vaxt qarşılaşmamışıqsa, əlbəttə, biz onun üçün yad olacağıq. Bəs o, özünü bizimlə sərbəst hiss etsin deyə nə edə bilərik? Xoş təbəssüm və dostcasına salamlamaq insanda bizə qarşı rəğbət hissi oyada bilər. Lakin başqa şeyləri də nəzərə almaq lazımdır.
Kiminləsə söhbətə başlamağa cəhd edəndə insanı fikirlərindən ayıra bilərik. Biz insanın nə fikirləşdiyini nəzərə almadan istədiyimiz mövzunu müzakirə etsək, o, bizi dinləməyə meyilli olmaya bilər. Buna görə də, əgər biz insanın nə haqda düşündüyünü təxmin etmişiksə, onda nəyə görə söhbətə elə bundan başlamayaq? İsa Samariyada quyu başında bir qadınla rastlaşanda məhz bu cür davrandı (Yəh. 4:7-26). Qadının fikri quyudan su çəkməkdə idi. İsa söhbətinə bunun əsasında başladı və sonra mövzunu ruhani söhbətə yönəltdi.
[26-cı səhifədəki şəkil]
İnsanlarla mehriban olmağın sayəsində onlara yaxşı şahidlik verə bilərik
[28-ci səhifədəki şəkil]
Nəzakətli olmaq həmişə münasibdir