Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w11 15/9 s. 30—32
  • Problemlər yarananda Pinxas kimi davrana bilərsənmi?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Problemlər yarananda Pinxas kimi davrana bilərsənmi?
  • Gözətçi qülləsi 2011
  • Başlıqlar
  • Oxşar material
  • «İcmanın arasından qalxdı»
  • Dərrakə təhlükəli vəziyyətin qarşısını alır
  • Pinxas Yehovaya müraciət edirdi
  • Yehovanın köməyilə çətin tapşırıqları yerinə yetirə bilərsiniz
    Məsihi həyatı və ibadəti. İş dəftəri 2023
  • Yehova İşmuillə danışır
    Müqəddəs Kitab dünyasına səyahət
Gözətçi qülləsi 2011
w11 15/9 s. 30—32

Problemlər yarananda Pinxas kimi davrana bilərsənmi?

YIĞINCAQDA ağsaqqal kimi xidmət etmək böyük şərəfdir. Lakin Allahın Kəlamında açıq-aydın deyilir ki, ağsaqqallar bir çox problemlərlə üzləşirlər. Bəzən onlar yığıncaqda günah işlədən insanın işinə baxaraq «Rəbb üçün hakimlik» etməli olurlar (2 Saln. 19:6). Yaxud da nəzarətçi, Musa kimi, özünü hazır bilmədiyi bir tapşırıq ala bilər. Allah Musaya bir iş tapşıranda o, həlimcəsinə cavab verdi: «Axı mən kiməm ki, fironun yanına [gedim]?» (Çıx. 3:11).

Qardaşlar Allahın fəal qüvvəsinin vasitəsilə yığıncaqda ağsaqqal təyin edilirlər. Elə həmin qüvvənin təsiri altında yazılmış Müqəddəs Kitab problemlərin öhdəsindən müvəffəqiyyətlə gələn nəzarətçilərin canlı nümunəsi ilə zəngindir. Eleazarın oğlu Pinxas Harunun nəvəsi idi və gələcəkdə baş kahin olacaqdı. Onun həyatında baş verən üç hadisə göstərir ki, məsihçi yığıncağının ağsaqqalları problemləri həll edərkən cəsarətli, dərrakəli olmalı və Yehovaya tam güvənməlidirlər.

«İcmanın arasından qalxdı»

İsraillilər Moav düzənliyində düşərgə salanda Pinxas hələ gənc oğlan idi. Müqəddəs Kitabda oxuyuruq: «İsrail xalqı Şittimdə yaşayarkən kişiləri Moav qızları ilə zina etməyə başladı... İsrail xalqı qurban ətindən yedi və onların allahlarına səcdə etdi» (Say. 25:1, 2). Yehova günah işlədən israilliləri ölümcül vəba ilə cəzalandırdı. İsraillilərin günah işlətdiyini və vəbaya düçar olduğunu eşidəndə Pinxasın həmin an keçirdiyi hissləri təsəvvür edə bilərsinizmi?

Növbəti ayələrin birində deyilir: «Bu an İsrail övladlarından olan bir nəfər gəldi, Musanın və Hüzur çadırının girişində ağlaşan bütün İsrail övladlarının icmasının gözü önündə qohumlarına Midyanlı bir qadın gətirdi» (Say. 25:6). Kahin Pinxas nə etdi? O, gənc idi, ancaq belə təhqiramiz hərəkətə yol verən həmin adam isə İsrail başçılarından və ibadətdə xalqa rəhbərlik edənlərdən biri idi (Say. 25:14).

Lakin Pinxas adamlardan yox, Yehovadan qorxurdu. Pinxas onları görən kimi dərhal əlinə bir nizə götürüb, onların ardınca çadırın içinə girdi və nizəni hər ikisinin qarnına soxdu. Yehova Pinxasın cəsarət və qətiyyətinə necə qiymət verdi? O, elə həmin an vəbanı dayandırdı və mükafat olaraq Pinxasla «əbədi kahinlik əhdi» bağladı. Bu o demək idi ki, kahinlik onun nəslində qalacaqdı (Say. 25:7—13).

Əlbəttə ki, məsihçi ağsaqqallar zorakılığa əl atmırlar. Lakin onlar, Pinxas kimi, qətiyyət və cəsarət göstərməyə hazır olmalıdırlar. Gəlin Gilyermo adlı qardaşın nümunəsinə baxaq. Ondan intizam komitəsində iştirak etmək xahiş ediləndə cəmi bir neçə ay idi ki, ağsaqqal təyin edilmişdi. Bu komitə günah işlətmiş bir ağsaqqalın işinə baxmalı idi. Həmin ağsaqqal vaxtilə Gilyermoya kömək edirdi. O deyir: «Məndən bunu xahiş edəndə özümü çox narahat hiss etdim. Gecələr gözümə yuxu getmirdi. Elə hey düşünürdüm ki, hisslərə qapılmadan bu problemi Yehovanın normalarına uyğun necə həll etmək olar». Bunun sayəsində o, belə bir çətin vəziyyəti həll etmək üçün lazımi cəsarət əldə etdi və günah işlədən qardaşa ruhani kömək göstərməyə müvəffəq oldu (1 Tim. 4:11, 12).

Gördüyümüz kimi, bəzən yığıncaqda yaranan vəziyyət ağsaqqallardan cəsarət və qətiyyətlə hərəkət etməyi tələb edir. Həmin vəziyyətlərdə bu xüsusiyyətləri təzahür etdirən ağsaqqallar iman və sədaqət nümunəsinə çevrilirlər. Əlbəttə, həmimanlılarının ciddi günahından xəbər tutan digər məsihçilərdən də cəsarət tələb olunur. Eynilə, yığıncaqdan kənar edilən dost və ya qohumla ünsiyyəti dayandırmaq üçün məsihçidən sədaqət gözlənilir (1 Kor. 5:11—13).

Dərrakə təhlükəli vəziyyətin qarşısını alır

Pinxasın cəsarətli olmasının səbəbi gənclərə xas olan çılğınlıq deyildi. Gəlin görək Pinxas başqa bir hadisədən xəbər tutanda dərrakə xüsusiyyətini, yəni ağıl və ehtiyatla davranmaq bacarığını necə təzahür etdirmişdi. Ruven, Qad və Menaşşe qəbiləsinin yarısı İordan çayının yaxınlığında səcdəgah tikmişdilər. Bu barədə eşidən digər israillilər düşündülər ki, onlar bunu yalan allahlara ibadət etmək məqsədilə ediblər və onlara qarşı döyüşə çıxmağa hazırlaşdılar (Yeşua 22:11, 12).

Bəs Pinxas nə etdi? O, dərrakə ilə davranaraq İsrail başçıları ilə birgə həmin qəbilələrin yanına gedib məsələni onlarla müzakirə etdi. Bütpərəstlikdə ittiham olunan qəbilələr bu qurbangahı «Rəbb hüzurunda Ona xidmət [etmək]» məqsədi ilə tikdiklərini deyərək vəziyyətə aydınlıq gətirdilər (Yeşua 22:13—34).

Hər hansısa bir həmimanlısının nədəsə ittiham olunduğunu və ya onun haqqında xoşagəlməz bir söz deyildiyini eşidəndə məsihçinin Pinxas kimi davranması necə də müdriklik olardı! Belə hallarda dərrakəli məsihçi dərhal ürəyində həmimanlısı barədə pis düşünməyə başlamayacaq və ya eşitdiyi xoşagəlməz məlumatı başqalarına deməyəcək (Sül. məs. 19:11).

Dərrakə ağsaqqallara Pinxas kimi davranmağa necə kömək edə bilər? On ildən çoxdur ki, ağsaqqal kimi xidmət edən Xayme adlı qardaş deyir: «Təbliğçi mənə kiminləsə şəxsi problemi olduğunu deyəndə dərhal Yehovadan duada xahiş edirəm ki, mənə tərəfkeşlik etməməyə və Müqəddəs Kitaba əsaslanan məsləhət verməyə kömək etsin. Bir dəfə bir bacı mənə yaxınlaşıb başqa yığıncaqdan olan məsul qardaşla onun arasındakı problemdən danışdı. Həmin qardaş isə mənim yaxın dostum idi və mən onunla çəkinmədən bu barədə danışa bilərdim. Lakin bacı ilə birgə bir neçə Müqəddəs Kitab prinsipi üzərində düşündük və bacı gedib birinci o qardaşın özü ilə danışmağa razılıq verdi (Mat. 5:23, 24). Onlar dərhal barışmadılar. Buna görə də mən onun diqqətini Müqəddəs Kitabın digər prinsiplərinə yönəltdim. Bacı dedi ki, bu vəziyyət barədə yenidən dua edəcək və qardaşı bağışlamağa çalışacaq».

Bu iş nə ilə nəticələndi? Xayme qardaş davam edir: «Bir neçə aydan sonra bacı mənə dedi ki, həmin qardaş bir müddətdən sonra özü ona yaxınlaşıb dediyi sözə görə peşman olduğunu söylədi. Qardaş bacı ilə xidmətə çıxdı və ondan üzr istədi. Bununla da problem öz həllini tapdı. Əgər mən tərəfkeşlik etsəydim və onların mübahisəsinə qarışsaydım, nəticə belə yaxşı olmazdı». Müqəddəs Kitab növbəti məsləhəti verir: «Gördüyün şeylər barədə dava yaratmağa tələsmə» (Sül. məs. 25:8). Dərrakəli ağsaqqal həmimanlısı ilə arasında problem olan məsihçini Müqəddəs Kitabın sülhü qorumaq və sülhə can atmaq məsləhətini tətbiq etməyə təşviq edəndə müdrik davranmış olur.

Pinxas Yehovaya müraciət edirdi

Bir müddətdən sonra Pinxas Allahın seçilmiş xalqı üçün baş kahin vəzifəsini icra etmək şərəfinə layiq görüldü. Yuxarıda qeyd olunduğu kimi, o artıq gənc yaşlarında özünü çox cəsarətli və dərrakəli insan kimi göstərmişdi. Lakin çətinliklərin öhdəsindən gəlib-gəlməməsi Yehovaya nə dərəcə güvənməsindən asılı idi.

Bir levilinin cariyəsi Binyamin qəbiləsindən olan Givea kişiləri tərəfindən zorlanaraq öldürülmüşdü. Bu faciəvi hadisədən sonra digər qəbilələr binyaminlilərə qarşı müharibəyə qalxdılar (Hak. 20:1—11). Onlar döyüşə getməzdən öncə Yehovaya duada müraciət etdilər, lakin böyük itkilər verərək iki dəfə məğlub oldular (Hak. 20:14—25). Bəs bundan sonra onlar dua etməyin mənasız olduğunu düşündülərmi? Yehova, doğrudanmı, digər qəbilələrin Givea kişilərinin etdiyi pisliyin cəzasını vermələrini istəyirdi?

Yehovaya olan etibarı qətiyyən sarsılmayan Pinxas yenidən qarşımıza çıxır, lakin bu dəfə İsrailin baş kahini kimi. O, Yehovaya dua edərək deyirdi: «Soydaşlarımız olan Binyamin övladlarına qarşı bir daha döyüşə çıxaqmı, yoxsa bu işdən əl çəkək?» Onun duasına cavab olaraq Yehova binyaminliləri onlara təslim etdi, Givea isə yandırılıb yerlə yeksan edildi (Hak. 20:27—48).

Biz bu hadisədən özümüz üçün hansı ibrət dərsi götürə bilərik? Yığıncaqdakı bəzi problemlər, ağsaqqalların bütün səylərinə və kömək üçün Yehovaya etdikləri dualara baxmayaraq, uzun müddət öz həllini tapmaya bilər. Belə hallarda ağsaqqallar İsanın növbəti sözlərini yadda saxlamalıdırlar: «Durmadan diləyin, sizə veriləcək; durmadan axtarın, tapacaqsınız; durmadan qapını döyün və sizə açacaqlar» (Luka 11:9). Əgər duanın cavabının gecikdiyi təəssüratı yaranırsa, ağsaqqallar əmin ola bilərlər ki, Yehova öz vaxtında cavab verəcək.

Məsələn, İrlandiyada bir yığıncağın Padşahlıq Zalına böyük ehtiyacı vardı, lakin qardaşlar planlaşdırma işinə baxan yerli məmurun icazəsini ala bilmirdilər. O, qardaşların tikmək istədikləri ərazi üçün hazırladıqları layihələrin hamısını rədd etmişdi. Bütün ümidləri ölkə miqyasında bu işə baxan baş məmura qalmışdı. Pinxasın günlərində olduğu kimi, dua etməyin köməyi dəydimi?

Yerli ağsaqqallardan biri xatırlayır: «Yehovaya dəfələrlə dualarımızda yalvardıqdan sonra biz baş qərargaha yola düşdük. Mənə dedilər ki, baş məmurla görüşmək üçün bir neçə həftə gözləməli olacağıq. Lakin gözləməyimiz beş dəqiqədən artıq çəkmədi. Yenidən işlənmiş layihəmizə baxan kimi o, tikintiyə başlamağa icazə verdi. Bundan sonra yerli məmur bizə kömək etmək üçün əlindən gələni edirdi. Bu hadisədən sonra biz duanın, həqiqətən də, böyük təsirə malik olduğuna bir daha əmin olduq». Bəli, Yehova Ona güvənən ağsaqqalların səmimi dualarını cavabsız qoymur.

Qədim İsraildə Pinxas çiyinlərində böyük məsuliyyət yükü daşıyırdı, lakin cəsarətli, dərrakəli olması və Yehovaya güvənməsi sayəsində o, bütün çətinliklərin öhdəsindən müvəffəqiyyətlə gəlirdi. Pinxasın çalışqanlıqla Allahın xalqının qeydinə qalması Yehova tərəfindən müsbət qarşılanırdı. Təxminən min ildən sonra Ezra yazmışdı: «Eleazar oğlu Pinxas onların başçısı idi və Rəbb onunla idi» (1 Saln. 9:20). Qoy bu sözlər Allahın xalqına rəhbərlik edən qardaşların hamısının, eləcə də digər məsihçilərin üzərində yerinə yetsin.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş