«Məsihi həyatı və ibadəti. İş dəftəri» üçün mənbələr
© 2023 Watch Tower Bible and Tract Society of Pennsylvania
3—9 İYUL
ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | ÜZEYİR 4—6
«Allahın evinin inşasına mane olmayın»
Zəkəriyyənin gördüyünü görürsünüz?
13 Məbədin tikintisi qadağan olunmuşdu. Buna baxmayaraq, Yehovanın rəhbərlik etmək üçün təyin etdiyi iki nəfər, baş kahin Yeşu (Yuşə) və vali Zərubabil Allahın evini tikməyə başladılar (Üzr. 5:1, 2). Kimlərsə bu qərarın yanlış olduğunu düşünə bilərdi. Çünki məbədin tikintisini düşmənlərdən gizlətmək mümkün deyildi. Onlar isə hər imkandan istifadə edib, bu işə mane olacaqdılar. Yeşu və Zərubabil arxayın olmalı idilər ki, Yehova onlara dayaq olacaq. Yehova da onları buna arxayın etdi. Gəlin görək necə.
w17 № 3 s. 9, abz. 2—5
Daha bir tarixi dəlil
Qüdsün (Yerusəlim) Fars imperiyası tərkibində olan dövrü idi. Şəhər farsların «çayın o tayı» adlandırdığı ərazidə yerləşirdi (Fərat çayından qərbdə). Babilistanı zəbt edəndən sonra farslar Babil əsirləri olan yəhudiləri azad edir, onlara Qüdsə qayıdıb Allahları Yehovanın uçuq məbədini bərpa etməyə izin verirlər (Üzeyir 1:1—4). Yəhudilərin düşmənləri məbədin tikilməsini istəmir. Onlar həmin inşaatı əllərində əsas tutaraq yəhudiləri dövlətə qarşı üsyankarlıqda ittiham edirlər (Üzeyir 4:4—16). I Daranın hakimiyyəti dövründə (e. ə. 522—486-cı illər) Təttanay adlı məmur bu məsələ ilə bağlı araşdırma aparmışdı. Müqəddəs Kitabda göstərilir ki, Təttanay «çayın o tayındakı bölgənin valisi» idi (Üzeyir 5:3—7).
Arxeoloqlar tərəfindən Təttanay adı yazılmış bir neçə mixi yazı lövhəsi aşkarlanıb. Bu lövhələrin ailə arxivinə aid olduğu güman edilir. Lövhələrdən biri I Daranın hakimiyyətinin 20-ci ilinə, yəni e. ə. 502-ci ilə aid olunan borc öhdəliyi sənədidir. Sənəddə borcalma əməliyyatını təsdiq edən şəxsin «çayın o tayının valisi Tattannu»nun xidmətçisi olduğu göstərilir. Bu, Müqəddəs Kitabda adı çəkilən həmin Təttanaydır.
Təttanayın vəzifəsi nədən ibarət idi? E. ə. 535-ci ildə Böyük Kuruş (Kir) öz imperiyasını əyalətlərə bölür. Əyalətlərdən biri «Babil və çayın o tayı» adlanır. Sonradan o, iki hissəyə bölünür və birinin adı «Çayın o tayı» olaraq qalır. Bu əyalətə Bekaa dərəsi, Finikiya, Səməriyyə və Yəhuda bölgələri daxil idi. Əyalət, görünür, Dəməşq şəhərindən idarə olunurdu. Təttanay e. ə. 520—502-ci illər arası bu ərazinin valisi olub.
Təttanay yəhudilərin üsyan qaldırıb-qaldırmadığını araşdırmaq məqsədilə Qüdsə səfər edir. Sonra şah Daraya bildirir ki, yəhudilərin dediyinə görə, Yehovanın məbədini bərpa etməyə onlara Kuruş izin verib. Saray arxivlərində araşdırma aparılır və bu iddia öz təsdiqini tapır (Üzeyir 5:6, 7, 11—13; 6:1—3). Beləcə, Təttanaya buyrulur ki, tikinti işinə mane olmasın və o, belə də edir (Üzeyir 6:6, 7, 13).
Zəkəriyyənin gördüyünü görürsünüz?
7 Bundan sonra baş verən dəyişiklik məbədi tikən yəhudilərə xeyli rahatlıq gətirdi. Fars imperiyasını yeni şah, I Dara idarə etməyə başladı. Hakimiyyətinin ikinci ilində, eramızdan əvvəl 520-ci ildə o öyrəndi ki, məbədin tikintisinə qoyulan qadağa qanunsuz imiş. Bundan sonra şah Dara işin tamamlanması üçün fərman verdi (Üzr. 6:1—3). Elə bu xəbərin özü hamını mat-məəttəl qoydu. Amma hələ bu harası idi?! Padşah fərman verdi ki, ətraf xalqlar bərpa işlərinə mane olmağa son qoysunlar və üstəlik, işə dəstək olmaq üçün lazımi qədər pulla və vəsaitlərlə təmin etsinlər! (Üzr. 6:7—12). Nəticədə, yəhudilər məbədin tikintisini 4 ildən bir az çox vaxta, eramızdan əvvəl 515-ci ildə bitirdilər (Üzr. 6:15).
Zəkəriyyənin gördüyünü görürsünüz?
16 Bu gün Yehova bizə həmçinin «sadiq və ağıllı nökər» vasitəsilə göstərişlər verir (Mət. 24:45). Ola bilər ki, sadiq nökərin verdiyi göstərişləri bəzən tam başa düşməyək. Məsələn, ola bilsin, təbii fəlakətə hazırlaşmaq üçün bizə konkret göstərişlər verilsin. Lakin biz düşünürük ki, çətin ki bizim ərazimizdə belə fəlakət baş versin. Yaxud bizə elə gələ bilər ki, sadiq nökər pandemiya dövründə hədsiz ehtiyatla davranır. Aldığımız göstərişlər bizə ağlabatan gəlməyəndə nə etməliyik? İsrailliləri yadımıza sala bilərik. Onlar Yehovanın Yeşu və Zərubabil vasitəsilə verdiyi göstərişə uyğun davranmağın xeyrini gördülər. Həmçinin Müqəddəs Kitabdan oxuduğumuz digər hadisələr haqda düşünə bilərik. Olub ki, insan baxışı ilə ağlabatan görünməyən hansısa göstəriş həyatları xilas edib (Hak. 7:7; 8:10).
Hikmət xəzinəsindən incilər
w93-E 15/6 s. 32, abz. 3—5
Müqəddəs Kitaba etibar etmək olar?
Sikkə indiki Türkiyənin cənub-şərqində yerləşən Tarsus şəhərində hazırlanmışdır. O, eramızdan əvvəl IV əsrdə fars valisi Mazaeusun hakimiyyəti dövründə istehsal edilmişdir. Bu sikkə onu «çayın [Fərat çayının] o tayındakı bölgənin valisi» kimi tanıdırdı.
Nəyə görə bu ifadə diqqətəlayiqdir? Çünki eyni ifadəyə Müqəddəs Kitabda da rast gələ bilərsiniz. Üzeyir 5:6—6:13 ayələrində fars şahı Dara ilə vali Təttanay arasındakı yazışmadan söhbət gedir. Mövzu yəhudilərin Yerusəlimdəki məbədi bərpa etmələri ilə bağlı idi. Üzeyir Allahın qanunun peşəkar köçürücüsü idi və əmin ola bilərsiniz ki, o, hər şeyi dəqiqliklə qələmə alıb. Üzeyir 5:6 və 6:13 ayələrindən görə bilərsiniz ki, o, Təttanayı «çayın o tayındakı bölgənin valisi» kimi təqdim edib.
Üzeyir bunu b. e. ə təxminən 460-cı ildə, yəni sikkə istehsal olunmamışdan haradasa 100 il əvvəl qələmə almışdı. Bəzi insanlar düşünə bilər ki, qədimdə yaşamış bir valinin adının orada qeyd olunması elə də vacib məqam deyil. Əgər Müqəddəs Kitab yazarlarının qeyd etdiyi bu cür xırda təfərrüatlara etibar edə bilirsinizsə, deməli, bu onların yazdığı digər məlumatlara da etibarınızı artıracaq.
10—16 İYUL
ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | ÜZEYİR 7, 8
«Üzeyirin əməlləri Yehovaya şərəf gətirdi»
Səmərəli və xoş öyrənmə
8 Bəli, Yeqovanın Kəlamına məhəbbətimiz, hisslərimizin mərkəzi olan ürəyimizdən gəlməlidir. Yenicə oxuduğumuz hissələrin üzərində dayanmaqdan məmnunluq hissi almalıyıq. Biz ruhani cəhətdən dərin fikirlərə diqqət yetirməli, onları canımıza çəkməli və onların üzərində düşünməliyik. Bunun üçün sakitcə fikirləşmək və dua etmək vacibdir. Ezra kimi, biz də ürəyimizi Allahın Kəlamını oxumağa və tədqiq etməyə hazırlamalıyıq. Ezra haqqında yazılıb: “Rəbbin şəriətini arayıb icra etmək üçün və İsraildə qanunu və hökmləri öyrətmək üçün Ezra öz ürəyini hazırlamışdı” (Ezra 7:10). Ezranın öz ürəyini hansı üç məqsəd üçün hazırladığına diqqət yetirin: öyrənmək, öyrəniləni həyatda tətbiq etmək və başqalarına tə’lim vermək. Biz onun nümunəsinə riayət etməliyik.
si-E s. 75, abz. 5
Müqəddəs Yazıların kitabı nömrə 13 — 1 Salnamələr
Üzeyir bu mötəbər və dəqiq tarixi qələmə almaq üçün ən uyğun şəxs idi. «Üzeyir Yehovanın Qanununu tədqiq və tətbiq etməyi, İsraildə qayda-qanunları və hökmləri öyrətməyi ürəyində qət etmişdi» (Üzeyir 7:10). Yehova müqəddəs ruhu ilə ona dayaq olurdu. Üzeyirdəki ilahi hikməti görən Fars şahı ona Yəhuda vilayəti ilə bağlı çoxlu mülki işlər həvalə etdi (Üzeyir 7:12—26). Beləcə, həm Allahın ruhu, həm də şahın verdiyi səlahiyyət sayəsində Üzeyir öz yazılarını həmin vaxt mövcud olan ən mötəbər sənədlər əsasında tərtib etmişdi.
it-1-E s. 1158, abz. 4
Təvazökarlıq
Düzgün rəhbərlik əldə etməyə kömək edir. Özünü Allahın qarşısında aşağı tutan insan Ondan rəhbərlik alacağına əmin ola bilər. Üzeyirin üzərində çox böyük bir məsuliyyət var idi. Belə ki, o, kahinlərdən, məbəd qulluqçularından, qadınlardan və uşaqlardan əlavə 1500-dən çox kişinin Babildən Yerusəlimə qayıtmasına rəhbərlik etməli idi. Bundan əlavə, Yerusəlimdəki məbədi bəzəmək üçün onlar özləri ilə çoxlu qızıl və gümüş də götürmüşdülər. Bu səyahət zamanı onların müdafiəyə ehtiyacı var idi, lakin Üzeyir Fars şahından hərbi müdafiə istəmədi və bununla da insan gücünə arxalanmadığını göstərdi. Bundan əlavə, o, şaha əvvəlcədən demişdi: «Allahımız Ona üz tutanlara yar olur». Buna görə də o, oruc elan etdi ki, insanlar Yehovanın qarşısında özlərini aşağı tutsunlar. Onlar Allaha yalvardılar və O da onları eşitdi, beləcə, yol boyu xalqı düşmən tələlərindən qorudu. Təhlükəli səfər uğurla başa çatdı (Üz 8:1—14, 21—32). Babildə əsirlikdə olan Dənyal peyğəmbər də özünü Allahın qarşısında aşağı tutaraq Ondan hikmət diləyib, yol göstərməyini xahiş etmişdi. Allah razılıq əlaməti olaraq mələyi vasitəsilə ona vəhy vermişdi (Dn 10:12).
Hikmət xəzinəsindən incilər
«Ezra» kitabından diqqətəlayiq fikirlər
7:28—8:28 — Nə üçün Babildəki bir çox yəhudilər Ezra ilə Yerusəlimə qayıtmağa meyilli deyildilər? Birinci qrup yəhudilərin vətənə dönməsindən 60 ildən çox vaxt keçməsinə baxmayaraq, Yerusəlim hələ də seyrək məskunlaşmışdı. Yerusəlimə qayıtmaq çətin və təhlükəli şəraitdə yeni həyata başlamaq demək idi. Ola bilsin ki, Babildə maddi cəhətdən çiçəklənən yəhudilərə Yerusəlim heç bir cəlbedici maddi nailiyyət təklif etmirdi. Bundan əlavə, onları təhlükəli səyahət gözləyirdi. Geri dönmək üçün onlardan cəsarət, Yehovaya möhkəm iman və həqiqi ibadətə sə’y tələb olunurdu. Hətta Ezra da ‘üzərində olan Yehovanın əlindən qüvvət alırdı’. Onun çağırışına 1500 ailə — təxminən 60 000 adam hay verdi. Ezra əlavə addımlar atdıqdan sonra 38 levili və 220 netinim də onlara qoşuldu.
17—23 İYUL
ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | ÜZEYİR 9, 10
«İtaətsizliyin acı nəticələri»
«Ezra» kitabından diqqətəlayiq fikirlər
9:1, 2 — Ətraf xalqlardan olan insanlarla nikaha girmək nə dərəcədə təhlükəli idi? Dirçəlmiş xalq Məsih gələnədək həqiqi ibadəti qorumalı idi. Başqa xalqdan olanlarla nikah həqiqi ibadət üçün real təhlükə idi. Bə’zilərinin bütpərəstlərlə nikaha girməsi üzündən, Yəhudi xalqı bu xalqlar içində əriyib itə və nəticədə həqiqi ibadət yer üzündən silinə bilərdi. Belə olduqda Məsih hansı xalqa göndəriləcəkdi? Təəccüblü deyil ki, Ezra baş verənləri gördükdə bərk sarsıldı!
w09-E 1/10 s. 10, abz. 6
Yehova sizə nə buyurur?
Ürəkdən itaət etsək, Yehova bizə bol nemətlər verəcək. Musa demişdi: «Yehovanın sənin yaxşılığın üçün verdiyi, bu gün sənə çatdırdığım bütün əmr və qanunları yerinə [yetir]» (13-cü ayə). Bəli, Yehovanın hər əmri, Onun buyurduğu hər bir şey bizim xeyrimizədir. Başqa cür ola da bilməz. Axı Müqəddəs Kitabda deyilir ki, «Allah məhəbbətdir» (1 Yəhya 4:8). Deməli, Allah bizə nə buyurursa, əbədi rifahımız üçün buyurur (Əşiya 48:17). Yehovanın buyurduğu hər şeyi etsək, həm indi özümüzü bir çox problemlərdən qoruyacağıq, həm də gələcəkdə Onun hakimiyyəti altında əbədiyyət boyu nemətlər alacağıq.
Hikmət xəzinəsindən incilər
«Ezra» kitabından diqqətəlayiq fikirlər
10:3, 44 — Nə üçün arvadlarla birlikdə uşaqları da atdılar? Əgər uşaqlar qalsaydılar, o zaman qovulmuş qadınlar övladlarının arxasınca qayıda bilərdilər. Bundan əlavə, ümumiyyətlə, balaca uşaqların ana qayğısına ehtiyacı vardır.
24—30 İYUL
ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | NƏHƏMYA 1, 2
«Mən dərhal... dua etdim»
Daima Yehovaya üz tutun
5 Bəzi hallarda Allahdan kömək almaq üçün qısaca dua etməli ola bilərik. Bir dəfə fars padşahı Artaxşasta öz saqisi Nehemyanın kədərli olduğuna fikir verdi. Padşah soruşdu: «Sən məndən nə diləyirsən?» Nehemya dərhal ‘göylərin Allahına dua etdi’. Bu vəziyyətdə Nehemyanın ürəyində etdiyi dua uzun ola bilməzdi. Amma Allah Öz xidmətçisinin duasına cavab verdi, çünki Yerusəlimin divarlarını bərpa etmək üçün padşah Nehemyaya kömək etdi. (Nehemya 2:1-8 ayələrini oxu.) Bəli, hətta ürəkdə söylənilən qısa duanın da köməyi ola bilər.
Sərbəst çıxış
Etiqadların haqqında hazırlaşmadan izahat vermək tələb olunanda yaxşı cavab verməyə nə kömək edə bilər? Artaxşasta padşahın sualına cavab verməzdən əvvəl sakitcə dua edən Nehemyanı təqlid et (Neh. 2:4). Sonra cəld fikrində plan hazırla. Əsas addımlar bunlardır: 1) açıqlamaq üçün bir-iki fikir seç (Fikirləri «Müqəddəs Kitab əsasında söhbət etmək üçün mövzular» broşürasından seçə bilərsən). 2) Bu fikirləri təsdiq etmək üçün hansı ayələrdən istifadə edəcəyini müəyyən et. 3) Sual verənin yaxşı qulaq asması üçün sözünə nəzakətlə necə başlayacağını fikirləş, sonra danışmağa başla.
Hikmət xəzinəsindən incilər
12 Gəlin eramızdan əvvəl beşinci əsrdə Fars padşahı Artaxşastanın saqisi kimi xidmət etmiş Nehemyanın nümunəsinə nəzər salaq. Nehemya hərarətli dualar etməkdə gözəl nümunə qoyub. O, Yerusəlimdəki yəhudilərin düşdükləri vəziyyətə görə günlərlə «Allahının önündə oruc tutaraq dua [etmişdi]» (Neh. 1:4). Artaxşasta ondan kədərli olmasının səbəbini soruşanda Nehemya dərhal «göylərin Allahına dua [etdi]» (Neh. 2:2—4). Bunun nəticəsi nə oldu? Yehova onun dualarına cavab verdi və vəziyyəti Öz xalqının xeyrinə dəyişdi (Neh. 2:5, 6). Sözsüz, bu, Nehemyanın imanını çox möhkəmləndirdi!
13 Nehemya kimi, daima dua etmək bizə imanımızı möhkəm saxlamağa kömək edir. Şeytan qəddardır və çox vaxt zəiflədiyimizi görəndə bizə zərbə endirir. Məsələn, xəstəlik və ya depressiyadan əziyyət çəkən zaman bizə elə gələ bilər ki, Allaha kifayət qədər xidmət etmirik. Yaxud bəzilərimiz keçmişdə sürdüyümüz həyat tərzinə görə məyusluğa qapıla bilərik. Şeytan bizi inandırmaq istəyir ki, biz heç nəyə yaramırıq. O, bizim hisslərimizlə oynayaraq imanımızı zəiflətməyə çalışır. Lakin «dualarda ayıq» olmaqla imanımızı möhkəm saxlaya bilərik. Həqiqətən də, «imanın böyük qalxanını» götürmək bizə «Şəririn bütün alovlu oxlarını» söndürməyə kömək edəcək (Efes. 6:16).
31 İYUL — 6 AVQUST
ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | NƏHƏMYA 3, 4
«Fiziki işlər görməyi şəninizə sığışdırırsınız?»
«Nehemya» kitabından diqqətəlayiq fikirlər
3:5, 27. Biz həqiqi ibadətin maraqları üçün görülən fiziki işi Teqoa «əsilzadələri» kimi öz ləyaqətimizdən aşağı hesab etməli deyilik. Bunun əvəzinə, gəlin özlərini işə sə’ylə həsr edən sadə teqoalıları təqlid edək.
Yehovanın istədiyi kəs ola bilərsiniz
11 Əsrlər öncə Yerusəlim divarlarının bərpasında Yehova bir çoxlarından istifadə etmişdi. Onların arasında Səllum qızları da var idi (Nəh. 2:20; 3:12). Atalarının başçı olmasına baxmayaraq, onlar həvəslə belə bir ağır və təhlükəli işi görürdülər (Nəh. 4:15—18). Səllum qızları bu işi görməyi şənlərinə sığışdırmayan təquhluların əsilzadələrindən necə də fərqlənirdilər! (Nəh. 3:5). Layihənin cəmi 52 günə tamamlandığını görəndə Səllum qızlarının necə sevindiyini təsəvvür etmək olar! (Nəh. 6:15). Bizim dövrümüzdə də bacılar müqəddəs xidmətin xüsusi növündə — Yehovaya həsr olunan binaların təmir və tikintisində sevə-sevə iştirak edirlər. Onların bacarığı, şövqü, sədaqəti bu işin həyata keçməsində vacib rol oynayır.
Böyüklüyə dair məsihçi nöqteyi-nəzərini inkişaf etdir
16 Bütün məsihçilər — uşaqlar və böyüklər — böyüklüyə dair məsihçi nöqteyi-nəzərini inkişaf etdirməyə çalışmalıdırlar. Yığıncaqda müxtəlif tapşırıqları yerinə yetirmək lazımdır. Bu dünyada kimin isə layiqli saymadığı işi sənə həvalə edəndə, heç zaman incimə (1 Samuel 25:41; 2 Krallar 3:11). Valideynlər, uşaqlarınızı, o cümlədən yeniyetmə yaşında olan uşaqlarınızı onlara Padşahlıq Zalında və ya konqresin keçirildiyi yerdə həvalə olunan hər bir işə həvəslə girişməyə təşviq edirsinizmi? Onlar sizin özünüzün adi, nəzərə çarpmayan işləri yerinə yetirdiyinizi görürlərmi? Yehovanın Şahidlərinin ümumdünya mərkəzi idarəsində çalışan bir qardaş öz valideynlərinin nümunəsini indiyədək yaxşı xatırlayır. O deyir: “Onların Padşahlıq Zalının və ya konqres keçirilən yerin yığışdırılmasına münasibətlərindən görünürdü ki, onlar bu işi vacib sayırlar. Onlar çox vaxt yığıncaq və ya bacı-qardaşlar üçün hansısa işləri könüllü olaraq yerinə yetirir və heç bir tapşırığı alçaldıcı saymırdılar. Bu cür əhval-ruhiyyə mənə Beyt-Eldə hər bir tapşırığı həvəslə qəbul etməyə kömək edir”.
Hikmət xəzinəsindən incilər
«Nehemya» kitabından diqqətəlayiq fikirlər
4:17, 18 — Bir əl ilə tikinti işlərini necə görmək olardı? Yük daşıyan fəhlələr üçün bu problem deyildi. Yük daşıyanlar asanlıqla bir əli ilə yükü çiyinlərində və ya başlarında saxlayır, ‘o biri əli ilə silah tuturdular’. İşini iki əli ilə görməli olan bənnalar da «hər biri qılıncı belinə bağlayaraq divar tikirdi». Düşmən hücum etdiyi halda onlar müdafiəyə hazır idilər.
Gördüyün işdən zövq al
1 İnsan «gördüyü işdən zövq [almaq]» üçün yaradılıb (Vaiz 2:24). Lakin xidmətimizin müsbət nəticələrini görməsək, ruh düşkünlüyü bizi sevincdən məhrum edə və səyimizi azalda bilər. Bəs müsbət əhval-ruhiyyəmizi qorumağa bizə nə kömək edə bilər?
2 Realist ol. İsanın təbliğinə çox az adamın hay verməsinə baxmayaraq, onun xidmətinin uğurlu olduğuna heç bir şübhə yoxdur (Yəh. 17:4). İsa əkinçi məsəlində demişdi ki, nəticədə bir çoxlarının ürəyi Padşahlıq haqqında xəbərin toxumlarını qəbul etməyə meyilli olmayacaq (Mat. 13:3—8, 18—22). Buna baxmayaraq, səy göstərməyin sayəsində xidmətimiz səmərəli olacaq.
3 Biz necə çoxlu bar verə bilərik? İsanın məsəlinə əsasən, xoş xəbəri qəbul edənlər bəhrə verməli idilər (Mat. 13:23). Buğdanın saplağı böyüyüb yetişdikdə onlar kiçik saplaqlar deyil, bəhrə şəklində yeni toxumlar verir. Eynilə, məsihçinin də bar verməsi mütləq yeni şagirdlər hazırlaması deyil, Padşahlıq haqqında xoş xəbəri təbliğ edərək çoxlu toxum səpməsidir. İnsanların xoş xəbərə münasibətindən asılı olmayaraq, Padşahlıq toxumunun səpilməsinin gətirdiyi fayda bizə məmnunluq gətirəcək. Bununla biz Yehovanın adının müqəddəs tutulmasında öz töhfəmizi vermiş olacağıq (Yeşaya 43:10—12; Mat. 6:9). Allahın əməkdaşları olmaq şərəfi bizə sevinc bəxş edəcək (1 Kor. 3:9). Üstəlik, «dilimizin bəhrəsini» təqdim etməyimiz Yehovaya xoşdur (İbr. 13:15, 16).
4 Bundan əlavə, biz öz zəhmətimizin nəticəsini görməyə bilərik. Çox ehtimal ki, İsanın təbliğinə qulaq asanlardan bəziləri o, yerüzü xidmətini başa vuranadək onun şagirdi olmadı. Eynilə, bizim də səpdiyimiz Padşahlıq toxumları insanın ürəyində dərhal kök atıb inkişaf etməyə bilər və o, həqiqətə gələndə bizim bundan xəbərimiz olmaya bilər. Əslində isə, bizim xidmətimizin faydası çoxdur. Buna görə də, gəlin çoxlu bar verək və İsanın şagirdi olduğumuzu sübut edək (Yəh. 15:8).
7—13 AVQUST
ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | NƏHƏMYA 5—7
«Nəhəmya qulluq gözləmirdi, qulluq edirdi»
w02-E 1/11 s. 27, abz. 3
Həqiqi ibadətin keşiyində duranlar — keçmişdə və bu gün
Nəhəmya bu layihə üçün təkcə vaxtından, təşkilatçılıq qabiliyyətindən istifadə etmədi. O, həqiqi ibadəti dəstəkləmək üçün maddi vəsaitlərini də sərf edirdi. Nəhəmya köləlikdə olan yəhudi qardaşlarını satın almaq üçün özü xərc çəkmişdi. Sələmsiz borc vermişdi. O, əsla yəhudilərin «çiyninə ağır yük» qoymaq istəmirdi, buna görə də valiyə çatan aylıq haqqı tələb etmirdi. Əksinə, evinin qapılarını geniş açaraq süfrəsində 150 nəfərə, habelə ətraf xalqlardan gələnlərə yemək verirdi. Hər gün qonaqları üçün «1 öküz, 6 kök qoyun və quşlar hazırlanırdı». Həmçinin on gündən bir süfrədə «növbənöv bolluca şərab olurdu». Bütün bunların xərcini Nəhəmya özü çəkirdi (Nəhəmya 5:8, 10, 14—18).
w19.09 1/11 s. 16, abz. 10
Özünüzü hədsiz narahatlıqdan, yalanlardan və ruh düşkünlüyündən qoruyun
10 Nəhəmya səlahiyyətindən istifadə edərək xalqı öz qoyduğu qanunlara əməl etməyə məcbur etmədi. Əksinə, Yehovaya ürəkdən dua edərək ona yol göstərməsini dilədi və xalqa Yehovanın qanunlarını xatırlatdı (Nəh. 1:4—10; 13:1—3). Nəhəmya həmçinin təvazökarcasına xalqla çiyin-çiyinə işlədi, hətta onlara Yerusəlimin divarlarını bərpa etməkdə kömək etdi (Nəh. 4:15).
«Əllərin yanına düşməsin»
16 Yehovanın köməyi ilə Nəhəmya və soydaşları qüvvətlənib canla-başla işə başladılar. Onlar Yerusəlimin divarlarını cəmi 52 günə tikib qurtardılar! (Nəh. 2:18; 6:15, 16). Nəhəmya təkcə tikintiyə nəzarət etmirdi, özü də bu işdə fəal iştirak edirdi (Nəh. 5:16). Bu gün də fədakar ağsaqqallar Nəhəmyadan nümunə götürərək təşkilatın tikinti layihələrində, ibadət evlərinin təmirində və təmizlik işində iştirak edirlər. Eləcə də dindaşları ilə çiyin-çiyinə çalışmaqla və bir ağsaqqal kimi onları ziyarət etməklə ürəyi təlaş keçirənlərin süstləşmiş qollarını qüvvətləndirirlər. (Əşiya 35:3, 4 ayələrini oxuyun.)
w00-E 1/2 s. 32, abz. 3
Yehova sizi necə xatırlayacaq?
Müqəddəs Kitabda Allah bir şeyi «xatırlayır», «yada salır» deyilirsə, bu, adətən, müsbət məna kəsb edir. Məsələn, yer üzündə daşqın baş verəndən 150 gün sonra Allah «Nuhu xatırladı», sonra O, «yer üzünə külək göndərdi və su azalmağa başladı» (Yaradılış 8:1; haşiyə). Əsrlər sonra, filiştlilər tərəfindən kor edilmiş və zəncirlənmiş Şimşon bu cür dua etmişdi: «Yehova, məni yadına sal. Pərvərdigara, mənə ancaq bu dəfəlik qüvvət ver». Yehova Şimşona insan gücündən üstün olan güc verməklə onu yada saldığını göstərdi və beləcə o, Allahın düşmənlərindən qisasını ala bildi (Hakimlər 16:28—30). Nəhəmyaya gəlincə, Yehova onun çəkdiyi zəhmətə bərəkət verdi və Yerusəlimdə həqiqi ibadət bərpa olundu.
Hikmət xəzinəsindən incilər
«Pisliyə yaxşılıq ilə qalib gəl»
15 Ən axırda Nehemyanın düşmənləri israilli Şemayanı pulla öz tərəflərinə çəkdilər ki, Nehemyanı Allahın qanununu pozmağa təhrik etsin. Şemaya Nehemyaya dedi: «Gəl Allahın evində mə’bəddə görüşək və qapılarını bağlayaq. Çünki səni öldürməyə adamlar gələcək». Şemayanın sözlərinə görə, Nehemyaya sui-qəsd hazırlanırdı və o, mə’bəddə gizlənməklə canını xilas edə bilərdi. Amma Nehemya kahin deyildi. Allahın evində gizlənməyi günah olardı. Bəs görəsən, o, həyatını qurtarmaq üçün Allahın qanunu pozacaqdımı? Nehemya cavab verdi: «Kim mənim yerimdə olsa sağ qalsın deyə mə’bədə girər? Girmərəm» (KM). Nehemya nəyə görə tora düşmədi? Çünki bilirdi ki, Şemaya israilli olsa da, onu «Allah göndərməmişdi». Üstəlik, həqiqi peyğəmbər heç vaxt ona Allahın qanununu pozmağı məsləhət görməzdi. Nehemya yenə də düşmənlərinə məğlub olmadı. Çox keçməmiş o yazdı: «Elul ayının iyirmi beşində, əlli iki gün ərzində divarın tikintisi tamamlandı» (Nehemya 6:10-15; Saylar 1:51; 18:7).
Təcrübəli müjdəçilər bir-birlərinə kömək edirlər
17 İsa şagirdlərini təbliğə iki-iki göndərirdi (Mark 6:7; Luka 10:1). Sonralar həvari Pavel «xoş xəbər uğrunda [onunla]... çiyin-çiyinə mübarizə aparmış» yoldaşlarının adını çəkmişdi (Filip. 4:3). Müqəddəs Kitaba uyğun olaraq, 1953-cü ildə Padşahlığın təbliğçiləri başqalarını öyrətmək üçün təlim proqramı təşkil etdilər.
18 Xidmətdə olarkən bir-birimizlə necə əməkdaşlıq edə bilərik? (1 Korinflilərə 3:6—9 ayələrini oxu.) Əməkdaşın ayə oxuyarkən öz Müqəddəs Kitabından onu izlə. Söhbət zamanı diqqətin əməkdaşında və ev sahibində olsun ki, lazım gəldikdə əməkdaşına kömək edə biləsən (Vaiz 4:12). Amma bir şeyi yadda saxlamaq lazımdır ki, əməkdaşın yaxşı şahidlik verən və ya ev sahibi danışan zaman onların sözünü kəsmək düzgün olmazdı. Sənin yersiz canfəşanlığın əməkdaşını ruhdan sala, ev sahibində isə çaşqınlıq yarada bilər. Düzdür, bəzən söhbətə qoşulmaq lazım gəlir. Ancaq nəsə demək istəsən, çalış, fikrini qısaca bildir və sonra əməkdaşının söhbəti davam etdirməsinə imkan ver.
19 Evdən-evə xidmət zamanı əməkdaşınızla bir-birinizə necə kömək edə bilərsiniz? Niyə də boş vaxtınızdan təqdimənizi yaxşılaşdırmaq üçün istifadə etməyəsiniz? Ehtiyatlı olun ki, sahənizdə yaşayan insanlar barədə ruhdan salan tərzdə danışmayasınız. Eləcə də diqqətli olun ki, digər təbliğçilər barədə də mənfi fikirlər söyləməyəsiniz (Qalat. 5:15). Biz saxsı qab olduğumuzu unutmamalıyıq. Yehova bizi xoş xəbərin müjdəçisi olmaq şərəfinə layiq görməklə böyük xeyirxahlıq göstərib. (2 Korinflilərə 4:1, 7 ayələrini oxu.) Beləliklə, gəlin hamımız bütün gücümüzü səfərbər edək və müjdəçilik işini tam şəkildə yerinə yetirərək bizə həvalə olunan xoş xəbərə görə minnətdarlığımızı bildirək.
14—20 AVQUST
ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | NƏHƏMYA 8, 9
«Yehovanın bəxş etdiyi sevinc sizə qaladır»
Levililərin duasından nə öyrənirik?
2 Yuxarıda bəhs edilən toplantıdan bir ay əvvəl yəhudilər Yerusəlimin divarlarının bərpasını başa vurmuşdular (Neh. 6:15). Allahın xalqı bu işi cəmi 52 gün ərzində tamamlamış və artıq onların öz ruhani tələbatlarını ödəmək üçün başları açılmışdı. Yeni ayın, tişri ayının birində xalq şəhər meydanında Ezranın və digər levililərin Allahın Qanununu ucadan oxuyub izah etmələrini dinləmək üçün toplaşdı (1-ci şəkil). Bütün «dinləyib anlaya bilən»lər də daxil olmaqla, ailələrin hamısı yığışıb «səhər açılandan günortaya qədər» qulaq asdılar. Onlar rahat Padşahlıq zalında keçirilən yığıncaq görüşlərində iştirak edən bizlərə necə də gözəl nümunə qoyublar! Ancaq heç elə olurmu ki, bəzən görüş zamanı fikriniz yayınır və əhəmiyyətsiz şeylər haqda düşünürsünüz? Belə olan halda, sadəcə qulaq asmaqla kifayətlənməyib dinlədiklərini ürəkdən qəbul edən və Allahın Qanununu pozan bir xalq olduqlarına görə ağlamağa başlayan qədim israillilərin nümunəsinə yenidən nəzər salın (Neh. 8:1—9).
Ruha görə hərəkət edəcəksinizmi?
9 Sevinc əsl xoşbəxtlikdən doğan hissdir. Yehova ‘xoşbəxt Allahdır’ (1 Timoteyə 1:11, YD; Məzmur 104:31). Oğul Atasının iradəsini yerinə yetirməkdən sevinc duyur (Məzmur 40:8; İbranilərə 10:7-9). ‘Rəbbin verdiyi sevinc bizim də qüvvətimizdir’ (Nehemya 8:10).
10 Hətta çətinliyin, qəm-qüssənin və ya tə’qiblərin müqabilində belə, Allahın iradəsini yerinə yetirəndə Onun verdiyi sevincdən dərin məmnunluq duyuruq. Allahın verdiyi «bilik» bizə necə böyük xoşbəxtlik gətirir! (Süleymanın məsəlləri 2:1-6). Allahla münasibətlərimizin əsasını Onun haqqında dəqiq bilik və İsanın fidyə qurbanlığına iman təşkil edir (1 Yəhya 2:1, 2). Yeganə beynəlxalq qardaşlığın üzvü olmaq da bizə sevinc gətirir (Sefanya 3:9; Haqqay 2:7). Allahın Padşahlığının tezliklə bütün yer üzünü idarə edəcəyini bilmək və xoş xəbərin təbliğində iştirak etmək də çox sevindiricidir (Matta 6:9, 10; 24:14). Əbədi həyat ümidi də sevincimizə sevinc qatır (Yəhya 17:3). Belə gözəl ümidə malik olduğumuz üçün biz ‘tam sevinc içində yaşamalıyıq’ (Qanunun təkrarı 16:15).
Hikmət xəzinəsindən incilər
it-1-E s. 145, abz. 2
Arami dili
Yəhudilər Babil əsarətindən qayıtdıqdan bir müddət sonra kahin Üzeyir Yerusəlimdə toplaşan yəhudilərə Qanunu oxudu və bir qrup lavili oxunanları xalqa izah etdi. Nəhəmya 8:8 ayəsində deyilir: «Onlar Tövratı, Allahın kitabını ucadan oxuyur, oxuduqlarını aydın izah edir, mənasını açıqlayırdılar. Beləcə, onlar xalqa oxuduqlarını başa saldılar». Burada işlədilən «izah edir» ifadəsi, ola bilsin, ibrani dilindən arami dilinə tərcüməni nəzərdə tutur. Çox güman ki, ibranilər Babildə olarkən bu dildə danışırdılar. Şübhəsiz, hər bir halda bu söz oxunan məlumatın ətraflı izah edildiyini ehtiva edir. Yəhudilər ibrani dilini başa düşsələr də, bu cür izahat sayəsində onlar oxunulan şeylərin dərinliyinə vara bilərdilər.
21—27 AVQUST
ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | NƏHƏMYA 10, 11
«Onlar Yehovanın yolunda qurbanlar verdilər»
w98-E 15/10 s. 22, abz. 13
Yerusəlim — adına layiq şəhər
13 Nəhəmyanın günlərində bağlanan əhd Allahın qədim xalqını Yerusəlim divarının həsr olunma gününə hazırladı. Lakin burada diqqətəlayiq başqa bir məqam da var. Artıq 12 darvazası olan böyük divarlarla əhatə olunmuş Yerusəlim şəhərinə daha çox əhali lazım idi. Bəzi israillilər artıq orada yaşasa da, «şəhər geniş və böyük idi, əhalisi isə az idi» (Nəhəmya 7:4). Bu məsələnin həlli üçün püşk atıldı ki, «hər on nəfərdən biri müqəddəs Yerusəlim şəhərində» yaşasın. Könüllü olaraq şəhərə köçməyi seçənlərə xalq xeyir-dua verdi (Nəhəmya 11:1, 2). Bu, bu gün tələbat olan əraziyə köçməyə və oradakı yetkin məsihilərə kömək etməyə imkanı yol verən məsihilər üçün gözəl örnəkdir!
w86-E 15/2 s. 26
Həqiqi ibadət zəfər çalır
İrs olaraq aldıqları mal-mülkü qoyub Yerusəlimə köçmək xərc tələb edirdi, həmçinin müəyyən çətinliklərə də qatlaşmaq lazım idi. Bundan başqa, orada yaşayanlar müxtəlif təhlükələrlə üzləşə bilərdilər. Bunları nəzərə alaraq, xalq könüllü olaraq Yerusəlimə köçənlərin fədakarlığını qiymətləndirir və şübhəsiz ki, onlara nemətlər verməsi üçün Yehovaya dua edir.
İmanla davranmaq Allahın razılığını qazandırır
15 Biz həyatımızı Yehovaya həsr edəndə söz vermişdik ki, qeyd-şərtsiz Onun iradəsini yerinə yetirəcəyik. Başa düşürdük ki, bu əhdi yerinə yetirmək üçün nəyisə qurban verməli olacağıq. Lakin bizə xoşumuza gəlməyən iş tapşırılanda Yehovanın iradəsini nə dərəcədə yerinə yetirməyə hazır olduğumuz sınanır. Bu kimi məsələlərdə fədakarlıq göstərəndə, hətta çətin olsa belə, Yehovaya xidmət edəndə iman sahibi olduğumuzu sübut edirik. Yehova bunun əvəzində bizə həmişə mükafat verir. Üstəlik, Yehovanın mükafatı bizim verdiyimiz qurbanlardan, çəkdiyimiz iztirablardan qat-qat artıq olur (Məl. 3:10). Bəs İftahın qızı haqqında nə demək olar?
Hikmət xəzinəsindən incilər
«Nehemya» kitabından diqqətəlayiq fikirlər
10:34 — Nə üçün camaatdan mə’bədi odunla tə’min etmək tələb olunurdu? Musanın qanununda bu haqda əmr yox idi. Bu tələb sırf ehtiyac üzündən doğmuşdu. Qurbangahda qurbanları yandırmaq üçün böyük miqdarda odun tələb olunurdu. Görünür, mə’bəd qulları kimi xidmət edən Netinimlərin sayı kifayət qədər deyildi. Bu səbəbdən, mə’bədi fasiləsiz olaraq odunla tə’min etmək üçün püşk atıldı.
Allaha məqbul qurbanlar
12 Romalılara ünvanladığı məktubunda Pavel yazır: «Bədəninizi diri, müqəddəs və məqbul qurban kimi Allaha təqdim edin; zehninizi müqəddəs xidmətin icrasına sərf edin» (Rom. 12:1). Allahın rəğbətini qazanmaq istəyənlərin bədənləri təmiz, yəni Ona məqbul olmalıdır. Əgər insan qeyri-qanuni olaraq narkotik maddələr qəbul edir, siqaret çəkir, betel qozu (Asiyada geniş yayılmış və narkotik kimi istifadə olunan bitki növü) çeynəyir və ya spirtli içkilərdən sui-istifadə edirsə, onun bədəni çirklənir və artıq Allaha məqbul deyil (2 Kor. 7:1). Bundan əlavə, ‘cinsi əxlaqsızlıqla məşğul olan öz bədəninə qarşı günah işlətdiyi’ üçün hər cür əxlaqsızlıq edənlərin qurbanını Allah təhqir kimi qəbul edir (1 Kor. 6:18). Allahı razı salmaq istəyən şəxs ‘hər bir işində müqəddəs olmalıdır’ (1 Pet. 1:14—16).
13 Yehovanın xoşuna gələn digər qurban isə dilimizin bəhrəsidir. Yehovanı sevənlər Onun haqqında həm evdə, həm də başqalarının qarşısında həmişə yaxşı danışırlar. (Məzmur 34:1—3 ayələrini oxu.) 148—150-ci məzmurları oxu və bu üç məzmurun bizi Yehovaya həmd etməyə necə təşviq etdiyinə fikir ver. Həqiqətən də, «ürəyidüz olanlara həmd söyləmək yaraşır» (Məz. 33:1). Bizim nümunəmiz olan İsa Məsih xoş xəbəri təbliğ etməklə Yehovaya həmdlər söyləməyin vacibliyini göstərmişdi (Luka 4:18, 43, 44).
14 Canla-başla təbliğ etməyimiz Yehovanı sevdiyimizi və Onun rəğbətini qazanmaq istədiyimizi göstərir. Gəlin Huşə peyğəmbərin yalan ibadətlə məşğul olan və buna görə də Yehovanın gözündən düşən israilliləri nəyə təşviq etdiyinə nəzər salaq (Huşə 13:1—3). «Hər qəbahətimizi bağışla, bizi mərhəmətlə qəbul et. Buğalar yerinə ağzımızdan çıxan şükürləri təqdim edirik»,— sözləri ilə Huşə israilliləri Allaha yalvarmağa çağırırdı (Huşə 14:1, 2).
15 İsraillilərin Yehovaya qurban gətirə biləcəkləri ən bahalı heyvan buğa idi. ‘Buğalar yerinə ağzımızdan çıxan şükürlər’ kimi tərcümə olunan ifadə orijinal mətndə «ağzımızın gənc buğaları» kimi səslənir. Bu ifadə altında həqiqi Allaha həmd etmək üçün deyilən səmimi, yaxşı düşünülmüş sözlər nəzərdə tutulurdu. Yehova bu cür qurbanlar gətirənlərə necə yanaşırdı? O demişdi: «Onları ürəkdən sevəcəyəm» (Huşə 14:4). Bu cür həmd qurbanları gətirənlərdən Yehova Öz əfvini, lütfünü və dostluğunu əsirgəmirdi.
28 AVQUST — 3 SENTYABR
ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | NƏHƏMYA 12, 13
«Dost seçimimiz Yehovaya sadiqliyimizdən xəbər verir»
it-1-E s. 95, abz. 5
Əmunilər
Tubiyyə məbəddən qovulduqdan sonra xalqa Allahın Kəlamından Qanunun təkrarı 23:3—6 ayələrindəki qanun oxundu. Orada qeyd olunurdu ki, əmunilər və muabilər İsrail icmasına daxil ola bilməzlər və xalq bu sözlərə əməl etməyə başladı (Nə 13:1—3). Bu qadağa təxminən 1000 il əvvəl, əmunilər və muabilər Vəd olunmuş diyara gedən israillilərə kömək etməkdən imtina etdikləri üçün verilmişdi. Bu isə o demək idi ki, həmin xalqlar İsrail icmasının sahib olduğu imtiyazlardan və hüquqlardan yararlana bilməzdilər. Bununla belə, əmunilər və ya muabilər israillilərlə danışa və onların arasında yaşayıb Allahın xalqa verdiyi nemətlərə şərik ola bilərdilər. Buna sübut olaraq, əvvəldə adı çəkilən Davudun cəsur döyüşçüsü əmuni Saliqin, həmçinin muabi Rutun adını çəkmək olar (Rt 1:4, 16—18).
Siz pak edildiniz
5 Nehemya 13:4—9 ayələrini oxu. Zərərli təsirlərlə əhatə olunduğumuzdan müqəddəs qalmaq elə də asan deyil. Məsələn, Müqəddəs Kitabda baş kahin Elyaşivdən və Fars padşahının Yəhudeyaya, ehtimal ki, kiçik məmur təyin etdiyi ammonlu Toviyadan bəhs olunur. Toviya və onun dostları Nehemyanın Yerusəlim divarlarını bərpa etmək cəhdlərinə qarşı çıxmışdılar (Neh. 2:10). Ammonluların məbədin ərazisinə daxil olmaları qadağan idi (Qanun. t. 23:3). Bəs onda nə üçün baş kahin Toviya kimi bir adama məbədin yemək otağında yer vermişdi??
6 Toviya ilə Elyaşiv dostluq edirdilər. Toviya və oğlu Yehoxanan yəhudi qızı almışdı və bir çox yəhudilər Toviya haqqında ağızdolusu danışırdılar (Neh. 6:17—19). Elyaşivin nəvələrindən biri Toviyanın yaxın dostu olan Samariya valisi Sanballatın qızını almışdı (Neh. 13:28). Görünür, baş kahin Elyaşiv məhz bu dostluq əlaqəsinə görə Allahın xalqına qarşı çıxan bu qeyri-yəhudinin ona təsir etməsinə yol vermişdi. Ancaq Nehemya Toviyanın bütün əşyalarını yemək otağından çıxardıb atmaqla Yehovaya sədaqət təzahür etdirmiş oldu.
w96-E 15/3 s. 16, abz. 6
Sədaqətimiz sınanda
Yehova Allaha sadiq olmaq istəyiriksə, Onun düşmənləri ilə dostluq etməyəcəyik. İsanın şagirdi Yaqub bununla bağlı yazmışdı: «Ey vəfasızlar, məgər bilmirsiniz ki, dünya ilə dostluq Allahla düşmənçilik deməkdir? Buna görə də dünyanın dostu olmaq istəyən özünü Allahın düşməni edir» (Yaqub 4:4). Biz Davud padşahın sədaqətindən nümunə götürmək istəyirik. O, sadiqliyini bu sözlərlə ifadə etmişdi: «Ey Yehova, Sənə nifrət edənlərə necə nifrət etməyim? Sənə qarşı çıxanlardan necə ikrah etməyim? Bütün nifrətimlə onlara nifrət edirəm, onlar mənim qatı düşmənimdir» (Zəbur 139:21, 22). Biz bilərəkdən günah edən kəslərlə dostluq etmirik, onlarla ortaq, şərik heç nəyimiz yoxdur. Yehovaya sarsılmaz sədaqətimiz varsa, istər şəxsən, istərsə də televiziya vasitəsilə Onun düşmənləri ilə dostluq qurmaqdan qaçmalıyıq.
Hikmət xəzinəsindən incilər
it-2-E s. 452, abz. 9
Musiqi
Məbəddə məzmur oxunmasına xüsusi önəm verilirdi. Bunu Müqəddəs Yazılarda məzmur oxuyanlara edilən çoxlu sayda istinadlardan görmək olar. Orada həmçinin deyilir ki, onlar özlərini bütünlüklə bu işə həsr edə bilsinlər deyə, digər lavililər üçün verilən ümumi məsuliyyətlərdən azad idilər (1Sm 9:33). Onlar Babildən qayıdanlar arasında ayrıca bir qrup kimi vurğulanır. Bu da onu göstərir ki, lavililərdən olan bu qrup hələ də ayrıca fəaliyyətini davam etdirirdi (Üz 2:40, 41). Hətta fars şahı Artakserks (Əliuzun) əmr verir ki, bu kimi xüsusi qrup insanlardan «vergi, xərac və torpaqbasdı» alınmasın (Üz 7:24). Daha sonralar şah «onların gündəlik tələbatlarının ödənilməsi» ilə bağlı dəyişməz bir fərman verir. Bu fərman şah Artakserks tərəfindən verilsə də, çox güman ki, onu xalqa Üzeyir çatdırmışdı. Üzeyirə bu səlahiyyəti şah vermişdi (Nə 11:23; Üz 7:18—26). Beləliklə, məzmur oxuyanların hamısı lavili olsa da, Müqəddəs Kitabda onların nəyə görə ayrıca «məzmur oxuyanlar və lavililər» adlandığını başa düşmək olar (Nə 7:1; 13:10).