Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • yp1 fəs. 7 s. 49—54
  • Evi tərk etməyə hazırammı?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Evi tərk etməyə hazırammı?
  • Gənclərin sualları. Praktiki məsləhətlər. Cild 1
  • Başlıqlar
  • Oxşar material
  • Niyyətim nədir?
  • Hazırammı?
  • Nəyə can atıram?
  • Sodom və Homorranın məhv edilməsi
    Gözətçi qülləsi 2008
  • Vaxtdan necə səmərəli istifadə edim?
    Gənclərin sualları. Praktiki məsləhətlər. Cild 1
  • Nə üçün vəftiz olunum?
    Gənclərin sualları. Praktiki məsləhətlər. Cild 2
  • Mən nə geyinim axı?
    Gənclərin sualları. Praktiki məsləhətlər. Cild 1
Əlavə
Gənclərin sualları. Praktiki məsləhətlər. Cild 1
yp1 fəs. 7 s. 49—54

Fəsil 7

Evi tərk etməyə hazırammı?

«Hərdən mənə elə gəlir ki, hamı mənə uşaq kimi baxır, çünki 19 yaşım olmasına baxmayaraq, hələ də valideynlərimlə yaşayıram. Çoxları hesab edir ki, hələ sərbəst yaşamağa başlamamısansa, deməli, böyüməmisən» Keti

«Bu gün-sabah 20 yaşım olacaq, amma hələ də öz istədiyim kimi yaşa bilmirəm. Bu, məni lap özümdən çıxarır. Fikirləşirəm ki, artıq evdən getməyin vaxtıdır» Fiona

SƏN evdən getməyə hazır olmamışdan çox-çox əvvəl ürəyində sərbəst olmaq arzusu baş qaldıra bilər. Bu da təbii bir istəkdir. Axı 3-cü fəsildə deyildiyi kimi, uşaqlar böyüyür və vaxtı çatanda ailə qurub ata ocağını tərk edir. Bu, Allahın başlanğıcdakı niyyəti olub (Yaradılış 2:23, 24; Mark 10:7, 8). Bəs sərbəst yaşamağa, həqiqətən də, hazır olduğunu haradan bilmək olar? Sən üç vacib suala cavab verməlisən. Birincisi...

Niyyətim nədir?

Aşağıdakı siyahıya nəzər sal. Evi tərk etməyinin əsas səbəblərini ardıcıl olaraq nömrələ.

․․․․․ Evdəki problemlərdən qaçmaq

․․․․․ Daha çox sərbəst olmaq

․․․․․ Dostlarımın gözündə ucalmaq

․․․․․ Dostumla birlikdə qalmaq

․․․․․ Başqa ərazidə könüllü kimi xidmət etmək

․․․․․ Həyat təcrübəsi qazanmaq

․․․․․ Valideynlərimin maddi yükünü yüngülləşdirmək

․․․․․ Digər ․․․․․

Demək olmaz ki, yuxarıda sadalanan səbəblər tamamilə səhvdir. Məsələ sənin bunu hansı niyyətdən irəli gələrək etməyindədir. Əgər sadəcə məhdudiyyətlərdən qaçmaq istəyirsənsə, ehtimal ki, ümidin boşa çıxacaq.

20 yaşında evi tərk edən Daniella öz təcrübəsindən çox şey öyrənib. O deyir: «Biz hamımız özümüzə müəyyən şeylərdə məhdudiyyətlər qoymalı oluruq. İnsan ayrı yaşayanda iş qrafikinə və ya maddi imkanına uyğun yaşamaq məcburiyyətində qalır». Karmen altı ay müddətinə başqa ölkəyə köçmüşdü. O deyir: «Bu, mənim xoşuma gəlirdi, ancaq heç boş vaxtım olmurdu. Evi yığışdırmaq, paltar yumaq, sınıq-söküyü təmir etmək, həyət-bacaya əl gəzdirmək kimi işlərin hamısı mənim üstümdə idi».

Yol vermə ki, başqaları sənin qərarına təsir etsin (Süleymanın məsəlləri 29:20). Ola bilsin, evi tərk etmək üçün əsaslı səbəblərin var, ancaq düzgün niyyətin olması kifayət deyil. Sən öz qayğına qalmağı bacarmalısan. Bu yerdə ikinci sual meydana çıxır...

Hazırammı?

Evdən köçüb tək yaşamağı təbiət qoynuna uzun bir səyahətə çıxmaqla müqayisə etmək olar. Xəritədən istifadə etməyi, çadır qurmağı, ocaq qalamağı və yemək bişirməyi bacarmadığın halda yola düşərsənmi? Çətin ki! Bununla belə, bir çox gənclər əllərindən bir şey gəlməyə-gəlməyə evdən köçüb ayrı yaşayırlar.

Müdrik padşah Süleyman demişdi: «Uzaqgörən hər addımına nəzər salar» (Süleymanın məsəlləri 14:15). Ayrı yaşamağa hazır olub-olmadığını bilmək üçün aşağıdakı bəndləri nəzərdən keçir. Bacardığın işlərin yanına ✔ işarəsi, üzərində işləməli olduqlarının yanında isə X işarəsi qoy.

□ Puldan düzgün istifadə etmək. 19 yaşlı Serena deyir: «Mən heç vaxt öz məsrəflərimi özüm ödəməmişəm. Bir gün evi tərk edib, haqq-hesab işləri ilə məşğul olmaq fikri məni dəhşətə gətirir». Bəs puldan düzgün istifadə etməyi necə öyrənmək olar?

Müqəddəs Kitab məsəlində deyilir: «Qoy hikmətli qulaq asıb müdrikliyini artırsın» (Süleymanın məsəlləri 1:5). Valideynlərindən ayda bir nəfərin kommunal xidmətləri, kirayə, yemək, benzin və nəqliyyat pulunun təxminən nə qədər etdiyini soruş. Sonra qoy valideynlərin sənə büdcə tərtib etməyi və məsrəfləri ödəməyi öyrətsinləra.

□ Ev işlərini idarə etmək. 17 yaşlı Brayn deyir ki, evi tərk etmək barədə düşünəndə onun üçün ən dəhşətli şey paltar yumaqdır. Bəs sən öz qayğına qalmağa hazır olub-olmadığını necə öyrənə bilərsən? 20 yaşlı Harun belə məsləhət görür: «Bir həftə elə yaşa ki, guya təkbaşınasan. Yalnız öz qazancınla aldığın və özün hazırladığın yeməkləri ye. Paltarlarını özün yuyub-ütülə. Evləri yığışdır. Heç kimin səni aparıb-gətirməsini gözləmə, lazım olan yerə özün gedib-gəlməyə çalış». Bu məsləhətə əməl etməklə sən 1) faydalı bacarığa yiyələnəcək və 2) valideynlərinin sənə çəkdikləri zəhməti daha çox qiymətləndirəcəksən.

□ Başqaları ilə yola getmək. Valideynlərinlə və bacı-qardaşlarınla yola gedirsənmi? Əgər bunu etmək çətindirsə, sənə elə gələ bilər ki, dostunla yaşamaq daha asan olar. Ancaq gəl görək 18 yaşlı Yeva bu barədə nə deyir: «İki rəfiqəm bir yerdə yaşamaq qərarına gəldi. Bundan qabaq yaxın rəfiqə olsalar da, bir evdə yola gedə bilmədilər. Onlardan biri səliqə-səhmanı sevən, o biri isə səliqəsiz idi. Biri ruhani şeyləri birinci yerə qoyduğu halda, digəri buna bir o qədər də meyilli deyildi. Nəticədə, bu iş baş tutmadı».

Problemi necə həll etmək olar? 18 yaşlı Erin deyir: «Başqaları ilə dil tapmağı, problemlərin öhdəsindən gəlməyi və güzəştə getməyi hələ evdə ikən öyrənmək olar. Fikir vermişəm ki, valideynləri ilə münaqişə ucbatından evdən başını götürüb gedənlər problemləri həll etməyi yox, onlardan qaçmağı öyrənirlər».

□ Ruhani işlərin qrafiki. Bəziləri valideynlərinin təyin etdiyi ruhani qrafikdən canını qurtarmaq üçün evdən gedirlər. Digərləri Müqəddəs Kitabı oxumağa, ruhani işləri birinci yerə qoymağa qəti-qərarlı olurlar, ancaq qısa bir zamanda bu işdən soyuyurlar. Sən imanının gəmi kimi qəzaya uğramasından necə qaçına bilərsən? (1 Timoteyə 1:19)b.

Yehova Allah istəyir ki, hər bir kəs inandığı şeylərə şəxsən əmin olsun (Romalılara 12:1, 2). Müqəddəs Kitabı şəxsən araşdırmaq və digər ruhani işlərlə məşğul olmaq üçün yaxşı qrafik qur və ona dəqiq əməl et. Qrafiki təqvimdə qeyd et və gör valideynlərinin xatırlatması olmadan bir ay ərzində ona riayət edə bilirsənmi.

Və nəhayət, gəlib-çatdıq üçüncü suala...

Nəyə can atıram?

Evdən getməkdə məqsədin nədir: problemlərdən qaçmaq, yoxsa valideynlərinin başçılığından azad olmaq? Əgər elədirsə, deməli, sənin üçün əsas hara getmək yox, sadəcə evdən canını qurtarmaqdır. Bu cür davranış sürücünün maşının güzgüsündən yalnız arxaya baxması kimidir. Əgər o, təkcə geridə qalan şeylərə diqqətini cəmləyirsə, qabaqda olan şeyləri görə bilməz. Bundan nə öyrənə bilərik? Diqqətini yalnız evdən getməyə yox, qarşına hansı dəyərli məqsədlər qoya biləcəyinə cəmlə.

Yetkinlik yaşına çatmış Yehovanın Şahidlərindən bəziləri təbliğ etmək üçün uzaq ərazilərə, yaxud başqa ölkələrə köçürlər. Digərləri ibadət binalarının tikintisində kömək etmək və ya Yehovanın Şahidlərinin filiallarından birində xidmət etmək üçün evlərindən ayrılırlar. Bəziləri isə ailə qurmağa hazırlaşarkən tək yaşamalı olduqlarını düşünürlərc.

Məqsədin hər nə olursa-olsun, verdiyin qərarı yüz ölç, bir biç. Müqəddəs Kitab məsəlində deyilir: «Çalışqanın niyyəti xeyir gətirər, tələsən ehtiyac içinə düşər» (Süleymanın məsəlləri 21:5). Valideynlərinin məsləhətlərinə qulaq as (Süleymanın məsəlləri 23:22). Bu haqda dua et. Qərar verərkən yuxarıda xatırlanan Müqəddəs Kitab prinsiplərini nəzərə al.

Əslində, məsələ sənin evi tərk etməyə hazır olub-olmamağında yox, sərbəst həyata hazır olub-olmamağındadır. Əgər, həqiqətən də, hazır olduğunu düşünürsənsə, onda sənə uğurlar!

[Haşiyələr]

a Əlavə məlumat üçün 2-ci cildin 19-cu fəslinə bax.

b Əlavə məlumat üçün 2-ci cildin 34 və 35-ci fəsillərinə bax.

c Bəzi ölkələrdə belə bir adət var ki, uşaq, xüsusilə də qız uşağı ailə qurmamışdan qabaq evi tərk etməməlidir. Müqəddəs Kitabda buna dair konkret göstəriş yoxdur.

AÇAR AYƏ

“İnsan öz ata-anasından ayrılacaq” Matta 19:5

MƏSLƏHƏT

Sənin yeməyinə, mənzil haqqına və digər şeylərə xərclənən məbləği bir müddət valideynlərinə ver. Əgər evdə olduğun müddətdə öz xərclərini ödəyə bilmirsənsə və ya bunu etmək istəmirsənsə, deməli, ayrı yaşamağa hazır deyilsən.

BİLİRSƏN... ?

Hansı niyyətdən irəli gələrək evi tərk etmək istəməyindən gələcəkdə xoşbəxt olub-olmamağın asılıdır.

HƏRƏKƏT PLANI!

Evdən köçməkdə məqsədim... ․․․․․

Bu mövzu barədə valideynlərimə vermək istədiyim suallar: ․․․․․

NECƏ DÜŞÜNÜRSƏN?

● Ailə üzvlərinlə yola getmək çətin olsa da, evdən getməyə tələsməməklə hansı təcrübəni qazana bilərsən?

● Ailənlə birlikdə yaşadığın müddətdə nə edə bilərsən ki, həm ailənə kömək edəsən, həm də gələcəkdə öz evini idarə etməyə hazır olasan?

[52–ci səhifədəki yazı]

“Sərbəst olmaq istəyi normaldır. Ancaq əgər sən sadəcə qaydalardan boyun qaçırmağa çalışırsansa, deməli, ayrı yaşamağa hazır deyilsən” Harun

[50 və 51–ci səhifələrdəki şəkil]

Evdən köçüb tək yaşamağı təbiət qoynuna uzun bir səyahətə çıxmaqla müqayisə etmək olar. Yola düşməmişdən qabaq lazımi bacarıqlara yiyələnmək gərəkdir

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş