Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w08 15/9 s. 20—24
  • ‘Dünyanın ruhuna’ müqavimət göstər

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • ‘Dünyanın ruhuna’ müqavimət göstər
  • Gözətçi qülləsi 2008
  • Başlıqlar
  • Oxşar material
  • Müqəddəs ruh, yoxsa dünyanın ruhu?
  • İlk əlamətləri sezin
  • «Ürəkləriniz... ağırlaşmasın»
  • Narahatçılığın sizi boğmasına yol verməyin
  • ‘Ruhani şeyləri düşünməyə’ davam edin
  • Ruha görə hərəkət et və həsr olunmağına uyğun yaşa
    Gözətçi qülləsi 2010
  • Qoy sənə dünyanın yox, Allahın ruhu təsir etsin!
    Gözətçi qülləsi 2011
  • Nəyə görə bizə müqəddəs ruh bələdçilik etməlidir?
    Gözətçi qülləsi 2011
  • Ruha uyan düşüncəyə malik olun və yaşayın!
    Gözətçi qülləsi 2001
Əlavə
Gözətçi qülləsi 2008
w08 15/9 s. 20—24

‘Dünyanın ruhuna’ müqavimət göstər

«Biz bu dünyanın ruhunu deyil, Allahdan gələn Ruhu qəbul etdik» (1 KOR. 2:12).

1, 2. a) Keçmişdə Britaniya şaxtalarında sarıbülbül quşları hansı məqsədlə istifadə olunurdu? b) Məsihçilər hansı təhlükə ilə üzləşirlər?

BRİTANİYA hökuməti 1911-ci ildə şaxtaçıların təhlükəsizliyini təmin etmək üçün bir qanun qəbul etdi. Bu qanuna əsasən, hər şaxtada iki sarıbülbül quşu saxlanılmalı idi. Bu nə üçün tələb olunurdu? Şaxtada yanğın baş verəndə, xilasedicilər bu quşları özləri ilə yerin altına aparmalı idilər. Bu balaca quşlar dəm qazı kimi zəhərli qazlara qarşı çox həssasdır. Əgər hava zəhərlənmiş olsaydı, bu quşlar qəfəsdə ora-bura vurnuxar, hətta tardan yıxıla bilərdilər. Bu ilk əlamət olduqca vacib idi. Rəngsiz və qoxusuz olan dəm qazı, insanın bədənindəki qırmızı qan hüceyrələrinin oksigen mübadiləsinin qarşısını almaqla insanı öldürür. Xilasedicilər sayıq olmasaydılar, huşunu itirə və hətta zəhərləndiklərini belə anlamadan ölə bilərdilər.

2 Ruhani mənada məsihçilər də şaxtaçılar kimi eyni vəziyyətlə qarşılaşırlar. Bu necə ola bilər? İsa şagirdlərinə xoş xəbəri bütün dünyada təbliğ etmək tapşırığını verəndə bilirdi ki, onları Şeytanın və bu dünyanın ruhunun təsiri altında olan təhlükəli dünyaya göndərir (Mat. 10:16; 1 Yəh. 5:19). İsa şagirdlərinə görə o qədər narahat idi ki, ölümündən qabaqkı gecə Atasına dua edirdi: «Mən xahiş etmirəm ki, Sən onları dünyadan götürəsən. Xahiş edirəm ki, onları şərdən [«şeytandan», haşiyə] qoruyasan» (Yəh. 17:15).

3, 4. İsa şagirdlərinə hansı xəbərdarlığı verdi və bu bizi nə üçün maraqlandırmalıdır?

3 İsa davamçılarına xəbərdarlıq etmişdi ki, ruhani sayıqlıqlarını qorumalıdırlar, əks təqdirdə həyatlarını itirə bilərdilər. Onun sözləri bu sistemin sonunda yaşayan bizlər üçün xüsusi məna kəsb edir. O, şagirdlərini təşviq edirdi: «Fəlakətlərdən qaçınmağa layiq olmaq və İnsan Oğlunun hüzuruna çıxa bilmək üçün, hər an dua edin və ayıq olun» (Luka 21:34-36). Həmçinin İsa söz vermişdir ki, onların öyrəndiklərini yadlarına salmağa, ayıq-sayıq durmalarına və cəsarətli olmalarına kömək etmək üçün Atası müqəddəs ruh verəcək (Yəh. 14:26).

4 Bəs bizim haqqımızda nə demək olar? Həmin müqəddəs ruhun köməyinə biz də ümid edə bilərikmi? Biləriksə, onu almaq üçün nə etməliyik? Dünyanın ruhu nədir və necə fəaliyyət göstərir? Dünyanın ruhuna necə müqavimət göstərə bilərik? (1 Korinflilərə 2:12 ayəsini oxu.)

Müqəddəs ruh, yoxsa dünyanın ruhu?

5, 6. Müqəddəs ruh bizim üçün nə edə bilər və onu almaq üçün nə etməliyik?

5 Müqəddəs ruhun fəaliyyəti təkcə birinci əsrlə bitmir. Bu ruh bizim günlərdə də əlçatandır və bizə düzgün olanı etməyə, həmçinin xidmətimizdə fəal olmağa güc verir (Rom. 12:11; Filip. 4:13). O həm də «ruhun səmərəsi»nə daxil olan məhəbbət, lütfkarlıq və yaxşılıq kimi xoş xüsusiyyətləri özümüzdə yetişdirməyə kömək edir (Qalat. 5:22, 23). Amma Yehova Allah Öz müqəddəs ruhunu onu diləməyənlərə vermir.

6 Buna görə yaxşı olardı ki, özümüzdən soruşaq: «Müqəddəs ruhu almaq üçün nə etməliyəm?» Müqəddəs Kitab bir neçə üsul göstərir. Vacib və sadə üsullardan biri onu Allahdan diləməkdir. (Luka 11:13 ayəsini oxu.) Başqa faydalı üsul Allahın ilhamlandırdığı Kəlamındakı məsləhətləri öyrənmək və onlara əməl etməkdir (2 Tim. 3:16). Əlbəttə, hər kəs Allahın ruhunu Müqəddəs Kitabı sadəcə oxumaqla almır. Lakin səmimi məsihçi Allahın Kəlamını araşdıranda ilhamlanmış Kəlamda əks olunan hissləri və baxışları mənimsəyə bilər. Yehovanın İsanı Öz təmsilçisi təyin etdiyini və ruhunu onun vasitəsilə verdiyini qəbul etməyimiz də vacibdir (Kolos. 2:6). Deməli, biz İsanın nümunəsini izləməli və təlimlərinə uyğun yaşamalıyıq (1 Pet. 2:21). Məsihi nə qədər çox təqlid etməyə çalışsaq, müqəddəs ruhu da bir o qədər çox alacağıq.

7. Dünyanın ruhu insanlara necə təsir edir?

7 Dünyanın ruhu isə insanlara elə təsir edir ki, onlar Şeytanın şəxsiyyətini əks etdirirlər. (Efeslilərə 2:1-3 ayələrini oxu.) Dünyanın ruhu müxtəlif cür fəaliyyət göstərir. Ətrafımızda baş verənlər göstərir ki, bu ruh insanları Allahın normalarına qarşı çıxmağa təhrik edir. O, dünyada ‘cismani ehtirasa, gözlərin ehtirasına və həyatın təkəbbürünə’ səbəb olur (1 Yəh. 2:16). Onun bəhrəsi cinsi əxlaqsızlıq, bütpərəstlik, sehrbazlıq, həsəd, qəzəb və sərxoşluq kimi cismani əməllərdir (Qalat. 5:19-21). O, dönüklərin murdar fikirlərinin yayılmasına səbəb olur (2 Tim. 2:14-18). Bir fakt danılmazdır: insan nə qədər dünyanın ruhunun ona təsir etməsinə yol verərsə, bir o qədər də Şeytana bənzəyəcək.

8. Bizlərdən hər birimiz nəyə qərar verməliyik?

8 Biz özümüzü kənar təsirlərdən tamamilə təcrid edə bilmərik. Hər kəs həyatına müqəddəs ruhun, yoxsa dünyanın ruhunun istiqamət verəcəyinə qərar verməlidir. Dünyanın ruhunun təsiri altında olan insanlar ondan azad olub, müqəddəs ruhun həyatlarına istiqamət verməsinə yol verə bilərlər. Bu insanların müqavimətlə üzləşməsi də mümkündür. Bir vaxtlar müqəddəs ruha görə hərəkət edənlər bu dünyanın ruhunun tələsinə düşə bilərlər (Filip. 3:18, 19). Gəlin görək bu dünyanın ruhuna necə müqavimət göstərə bilərik.

İlk əlamətləri sezin

9-11. Dünyanın ruhuna uyduğumuzu göstərən bəzi əlamətlər hansılardır?

9 Məqalənin əvvəlində xatırlanan Britaniya şaxtaçıları zəhərli qazın yayılıb-yayılmamasını öyrənmək üçün sarıbülbüllərdən istifadə edirdilər. Şaxtaçı bu quşun öz tarından yıxıldığını görəndə, xilas olmaq üçün təcili tədbir görmək lazım olduğunu anlayırdı. Bəs ruhani mənada bizim bu dünyanın ruhunun təsirinə düşdüyümüzü göstərən ilk əlamətlərdən bəziləri hansılardır?

10 Allahın Kəlamındakı həqiqəti yeni öyrənəndə və həyatımızı Yehovaya həsr edəndə, ola bilsin, Müqəddəs Kitabı səylə oxuyurduq. Ehtimal ki, səmimi-qəlbdən və tez-tez dua edirdik. Yığıncaq görüşlərinə məmnuniyyətlə gəlirdik və hər görüş bizim üçün, səhrada susayan adam üçün yaşıllıq və suyun olduğu kimi, ruhani təravət mənbəyi idi. Bu bizə dünyanın ruhundan azad olmağa və bir daha onun təsiri altına düşməməyə kömək etmişdi.

11 İndi də Müqəddəs Kitabı hər gün oxumağa çalışırıqmı? (Məz. 1:2). Dualarımız müntəzəm və səmimidirmi? Yığıncaq görüşlərini sevirikmi və həftə ərzində keçirilən görüşlərdə iştirak edirikmi? (Məz. 84:10). Yoxsa bu yaxşı vərdişlərin bəziləri artıq bizdə yoxdur? Əlbəttə, vaxt və gücümüzü alan məsuliyyətlərimiz var və bəzən ibadətimizlə bağlı hər şeyi etmək çətin ola bilər. Əgər müəyyən vaxtdan sonra hansısa yaxşı ruhani vərdişi tərgitmişiksə, demək olmazmı ki, biz bu dünyanın ruhunun təsiri altına düşmüşük? Onları bərpa etmək üçün var gücümüzlə çalışacağıqmı?

«Ürəkləriniz... ağırlaşmasın»

12. İsanın sözlərinə görə, onun şagirdləri nəyə diqqət etməlidirlər və nə üçün?

12 Dünyanın ruhuna daha necə müqavimət göstərmək olar? İsa şagirdlərinə ayıq qalmağı tapşıranda, öncə onlara özlərini konkret təhlükədən gözləmələrini söylədi. O dedi: «Diqqətli olun ki, ürəkləriniz qarınqululuq və sərxoşluqla, bu həyatın qayğıları ilə ağırlaşmasın və o Gün sizi qəflətən yaxalamasın» (Luka 21:34, 35).

13, 14. Yeyib-içməklə bağlı özümüzə hansı sualları vermək yaxşı olardı?

13 Bu xəbərdarlıq haqda düşün. İsa yeməkdən və içkidən həzz almağımı mühakimə edirdi? Yox! Süleymanın sözləri ona yaxşı tanış idi: «Mən bilirəm ki, insan üçün şadlıq etməkdən və ömrü boyu xeyirxahlıq etməkdən yaxşı şey yoxdur. Həm də hər kəsin yeyib-içməyi və gördüyü işdən zövq almağı Allahın bəxşişidir» (Vaiz 3:12, 13). Amma İsa bilirdi ki, bu dünyanın ruhu bu məsələlərdə nəfsə hakim olmamağa təşviq edir.

14 Necə əmin ola bilərik ki, qarınqululuq və sərxoşluq kimi təhlükəyə düşərək əqlimiz dünyanın ruhu ilə zəhərlənməyib? Özümüzdən soruşa bilərik: «Qarınqululuq barədə Müqəddəs Kitabda və ya nəşrlərimizdə verilən məsləhətlərə necə münasibət göstərirəm? Onların mənə aid olmadığı və ya həddən artıq sərt olduğunu düşünərək onları inkar edirəmmi, yaxud özümə bəraət qazandırırammı?a Spirtli içkilərə, istifadə edirəmsə, onların tarazlı istifadəsinə və sərxoşluqdan qaçınmağa dair verilən məsləhətlərə necə baxıram? Bu məsləhətlərin müəyyən səbəblərə görə mənə aid olmadığını düşünərək onların əhəmiyyətini azaldırammı? Əgər başqaları spirtli içkilərə aludə olduğuma dair narahatçılıqlarını bildirirlərsə, özümü müdafiə edirəmmi, yaxud hirslənirəmmi? Başqalarını Müqəddəs Kitabın belə məsləhətlərinə ciddi yanaşmamağa təşviq edirəmmi?» Bəli, məhz insanın bu məsələlərə münasibəti onun dünyanın ruhuna uyub-uymamasını müəyyən edir. (Romalılara 13:11-14 ayələri ilə müqayisə et.)

a  Qarınqululuq insanın düşüncə tərzi ilə bağlıdır və beləsi tamahkardır və ya həddini bilmir. Bu, insanın bədən ölçüləri ilə yox, onun yeməyə münasibəti ilə müəyyən edilir. Ola bilsin, insan çəkidə normal və hətta arıqdır, lakin qarınqulu ola bilər. Başqa tərəfdən, artıq çəki xəstəlik və ya irsi amillərin nəticəsində yarana bilər. İnsanın qarınqulu olduğunun əsas göstəricisi, çəkisindən asılı olmayaraq, onun yeməyə qarşı acgöz, tamahkar münasibətidir. («Gözətçi Qülləsi»nin 2004-cü ilin 1 noyabr sayındakı «Oxucuların sualları»na baxın, rus.)

Narahatçılığın sizi boğmasına yol verməyin

15. İnsanlar nəyə meyllidirlər və İsa hansı məsləhəti verdi?

15 Dünyanın ruhuna müqavimət göstərməkdə digər vacib üsul narahatçılıqları dəf etməkdir. İsa bilirdi ki, qeyri-kamil insanlar olan bizlər gündəlik tələbatlara görə narahat olmağa meylliyik. O, şagirdlərinə məsləhət verdi: «Qayğı çəkməyin» (Mat. 6:25, İ–93). Aydındır ki, biz Allahı razı salmaq, məsihçi məsuliyyətlərini yerinə yetirmək və ailə tələbatlarını ödəmək kimi zəruri şeylərə görə narahat oluruq (1 Kor. 7:32-34). Belə isə İsanın xəbərdarlığından nə öyrənə bilərik?

16. Dünyanın ruhu bir çox insanlara necə təsir göstərir?

16 Bir çox insanlar var-dövlətlə öyünməkdə özünü büruzə verən dünyanın ruhuna yoluxduqlarına görə həddindən artıq narahatçılığa qapılırlar. Onlar istəyirlər ki, biz pulun təhlükəsizliyi təmin etdiyinə və insanın dəyərinin ruhani keyfiyyətlərlə yox, əmlakının kəmiyyəti və keyfiyyəti ilə ölçüldüyünə inanaq. Bu təbliğata uyanlar var-dövlət qazanmağın quluna çevrilirlər və ən təzə, ən böyük və ən qabaqcıl malları almaq istəyi daima onları narahat edir (Sül. məs. 18:11). Maddi əşyalara dair təhrif olunmuş belə nöqteyi-nəzər insanda narahatçılıq doğurur ki, bu da onun ruhani inkişafına mane olur. (Matta 13:18, 22 ayələrini oxu.)

17. Nə edə bilərik ki, narahatçılıqlar bizi boğmasın?

17 İsanın «əvvəlcə Allahın Səltənətini və Onun salehliyini axtarın» göstərişinə əməl etsək, narahatçılıqlardan azad ola bilərik. İsa əmin etdi ki, onun dediyi kimi davransaq, doğrudan da ehtiyac duyduğumuz şeylər bizə əlavə olaraq veriləcəkdir (Mat. 6:33). Bu vədə inandığımızı necə göstərə bilərik? Bunun bir yolu, maliyyə məsələlərində Allahın normalarına riayət edərək əvvəlcə Allahın salehliyini axtarmaqdır. Məsələn, vergi bəyannaməsini saxtalaşdırmayacağıq və ya işlərimizdə hətta «kiçik» yalan söyləməyəcəyik. Əlimizdən gələni edəcəyik ki, maliyyə öhdəliklərimizi yerinə yetirək, yəni borclarımızı qaytarmaq məsələsinə gəldikdə, ‘bəlimiz, bəli olacaq’ (Mat. 5:37; Məz. 37:21). Belə düz davranış insanı varlı etmir, lakin belə insan Allah tərəfindən bəyənilir, vicdanı təmiz olur və narahatçılıqları xeyli azalır.

18. İsa bizim üçün hansı gözəl nümunəni qoyub və onu təqlid etmək bizə hansı faydanı gətirir?

18 Əvvəlcə Padşahlığı axtarmaq həyatımızda ən vacib şeyin nə olduğunu dərk etmək deməkdir. İsanın nümunəsinə baxaq. Onun paltarı arasında yüksəkkeyfiyyətlisi də vardı (Yəh. 19:23). Yaxşı dostların əhatəsində yeməkdən və şərabdan həzz alırdı (Mat. 11:18, 19). Lakin əşyalar və əyləncə onun həyatında xörəyin özü yox, ona qatılan ədviyyat kimi idi. İsanın yeməyi Yehovanın iradəsini yerinə yetirməkdən ibarət idi (Yəh. 4:34-36). İsanın nümunəsini təqlid edəndə həyatımız necə də məmnunedici olur! Məyusluğa qapılan insanlara Müqəddəs Yazılardan təsəlli verməkdən sevinc duyuruq. Həmimanlılarımız bizi sevir və dəstəkləyir. Və Yehovanın ürəyini sevindiririk. Həyatımızda nəyin daha vacib olduğunu dərk edəndə əmlak və əyləncə artıq bizə ağalıq etmir. Əksinə, onlar Yehovaya ibadətdə bizə kömək edən qul və ya alət olur. Allahın Padşahlığını dəstəkləmək üçün nə qədər çox fəaliyyət göstərsək, dünyanın ruhunun təsiri altına düşmək ehtimalı da bir o qədər az olacaq.

‘Ruhani şeyləri düşünməyə’ davam edin

19-21. Ruhani şeyləri necə düşünə bilərik və nəyə görə bunu etməliyik?

19 Fikirlər hərəkətlərdən öncə gəlir. Çoxlarının düşünülməmiş hərəkətlər adlandırdığı şeylər çox vaxt cismani düşüncə tərzindən irəli gəlir. Buna görə, həvari Pavel düşüncəmizi qorumağın vacib olduğunu bizə xatırladır: «Cismani təbiətə görə yaşayanlar, cismani şeyləri düşünürlər, Ruha görə yaşayanlar, ruhani şeyləri düşünürlər» (Rom. 8:5, İ–93).

20 Düşüncəmizə, eləcə də hərəkətlərimizə dünyanın ruhunun təsir etməsinə yol verməmək üçün nə etməliyik? Beynimizi mümkün qədər dünyanın təbliğatından qoruyaraq nə haqda düşündüyümüzə nəzarət etməliyik. Məsələn, özümüzə əyləncə seçəndə ehtiyatlı olmalıyıq ki, əxlaqsızlığa və zorakılığa təşviq edən verilişlər beynimizi ləkələməsin. Başa düşürük ki, Allah Özünün müqəddəs, pak ruhunu beynini natəmiz fikirlərlə dolduran insanlara verməyəcək (Məz. 11:5; 2 Kor. 6:15-18). Bundan əlavə, müntəzəm olaraq Müqəddəs Kitabı oxumaqla, dua etməklə, düşünməklə və yığıncaq görüşlərinə getməklə göstəririk ki, Allahın ruhunu almaq istəyirik. Təbliğ xidmətində müntəzəm iştirak etməklə ruhla əməkdaşlıq edirik.

21 Əlbəttə, dünyanın ruhuna və onun bəhrəsi olan cismani arzulara müqavimət göstərməliyik. Bunu etmək üçün səy göstərməyimizə dəyər, çünki həvari Pavel demişdir ki, «cismani təbiətə uyan düşüncə — ölüm, Ruha uyan düşüncə isə — həyat və sülhdür» (Rom. 8:6).

Yadınızdadırmı?

• Müqəddəs ruhu almaq üçün nə etməliyik?

• Dünyanın ruhu bizə hansı yollarla təsir göstərə bilər?

• Biz dünyanın ruhuna necə müqavimət göstərə bilərik?

[21-ci səhifədəki şəkil]

İşə və ya məktəbə getməzdən öncə müqəddəs ruh üçün dua et

[23-cü səhifədəki şəkillər]

Düşüncələrimizi təmiz saxlamalı, işlərimizdə dürüst və vərdişlərimizdə tarazlı olmalıyıq

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş