İsa Məsih Külli-İxtiyar Allahdırmı?
Adətən verilən cavablar?
▪ «Bəli, İsa Məsih Külli-İxtiyar Allahdır».
▪ «İsa insan bədənində yerə gəlmiş Allahdır».
İsa bu haqda nə demişdi?
▪ «Əgər Məni sevsəydiniz, Atamın yanına gedirəm dediyim üçün sevinərdiniz; çünki Ata Məndən üstündür» (Yəhya 14:28). İsa Allaha bərabər olmadığını deyirdi.
▪ «Mənim Atamın və sizin Atanızın, Mənim Allahımın və sizin Allahınızın yanına qalxıram» (Yəhya 20:17). İsa özünü Allah adlandırmırdı. Allah haqqında ayrıca şəxsiyyət kimi danışırdı.
▪ «Mən Özümdən söyləmədim; Məni göndərən Ata Özü nə deyəcəyimi və nə söyləyəcəyimi Mənə əmr etdi» (Yəhya 12:49). İsanın təlimləri özünün yox, Allahın idi.
İSA MƏSİH özünü Külli-İxtiyar Allah yox, Onun Oğlu olduğunu deyirdi. Əgər İsa Allah idisə, bəs onda yerdə olanda kimə dua edirdi? (Matta 14:23; 26:26-29). Sözsüz ki, İsa yalandan özünü başqası ilə danışan kimi göstərməzdi!
Şagirdlərindən ikisi İsadan onlara Padşahlığında xüsusi yer verməsini xahiş edəndə o demişdi: «Sağımda və ya solumda oturmağa izin vermək Mənim əlimdə deyildir. Ancaq Atam bu yerləri müəyyən şəxslər üçün hazırlamışdır» (Matta 20:23). Onların xahişini yerinə yetirməyə səlahiyyətinin çatmadığını deməklə İsa yalanmı söyləyirdi? Qətiyyən! Əksinə, o, təvazökarlıq göstərərək etiraf etdi ki, bu cür qərarları qəbul etmək yalnız Allahın ixtiyarındadır. Bundan əlavə, İsa qeyd etmişdi ki, bəzi şeyləri nə o, nə də mələklər bilir, onları yalnız Allah bilir (Mark 13:32).
İsa yalnız yerdə olandamı Allaha tabe idi? Xeyr. Müqəddəs Kitabda deyilir ki, hətta ölüb dirildikdən sonra da İsa Allahın tabeçiliyində idi. Həvari Pavel ‘Məsihin başının Allah’ olduğunu xatırladır (1 Korinflilərə 11:3). Müqəddəs Kitabda deyilir ki, gələcəkdə «hər şey Ona tabe edildikdən sonra, Oğulun Özü də, Ona hər şeyi tabe Etdirənə tabe olacaq ki, Allah hər şeydə hər şey olsun» (1 Korinflilərə 15:28).
Aydındır ki, İsa Külli-İxtiyar Allah deyil. Məhz buna görə o, səmavi Atasını Allahı adlandırırdı (Vəhy 3:2, 12; 2 Korinflilərə 1:3, 4)a.
[Haşiyə]
a Bu mövzu ilə bağlı ətraflı məlumatı Yehovanın Şahidləri tərəfindən dərc olunmuş «Müqəddəs Kitab əslində nə öyrədir?» kitabının 201-204-cü səhifələrindən ala bilərsiniz.
[7-ci səhifədəki şəkil]
İsa qeyd etmişdi ki, bəzi şeyləri nə o, nə də mələklər bilir, onları yalnız Allah bilir