Yehova sənin «sağ-salamat» olmağını istəyir
BƏŞƏR tarixində ən təhlükəli hadisə baş verəndə Qadir Allah Onun rəğbətini qazanan bütün insanların ‘qurtuluşunun’ qayğısına qalacaq (Yoel 2:32). Əslində, Yehova həmişə insanları zərərdən qorumaq istəyib. «Həyat mənbəyi» Onda olduğundan O, bütün insanları qiymətli və müdafiə olunmağa layiq hesab edir (Məz. 36:9).
Allahın qədim xidmətçiləri Onun həyata baxışlarına şərik idilər. Yaradılış 33:18 ayəsinə əsasən, Yaqub ailəsi ilə birlikdə çox təhlükəli bir səyahəti «sağ-salamat» başa vurdu. Yaqub Yehovanın müdafiəsinə arxalanırdı, bununla belə, yanındakı adamların hamısını qorumaq üçün praktiki addımlar atdı (Yar. 32:7, 8; 33:14, 15). Müqəddəs Kitab prinsiplərini tətbiq etməklə sən həm özünün, həm də başqalarının təhlükəsizliyini daha yaxşı təmin edə biləcəksən. Gəlin görək, bunu Padşahlıq Zallarının tikintisində iştirak edənlərə və bu kimi digər işlərlə məşğul olanlara, eləcə də bədbəxtlik zamanı köməklik göstərənlərə necə tətbiq etmək olar.
Musanın Qanunu və təhlükəsizlik
Musanın Qanunu israillilərdən təhlükəsizlik qaydalarına riayət etməyi tələb edirdi. Məsələn, ev tikən israilli evinin damının kənarlarına alçaq hasar və ya sürahi çəkməli idi. İnsanlar yastı damlara tez-tez qalxıb-düşdükləri üçün sürahi onları yıxılmaqdan qoruyurdu (1 Sam. 9:26; Mat. 24:17). Əgər ev sahibinin bu qanuna etinasızlıq göstərməsi ucbatından bədbəxt hadisə baş verirdisə, Yehova onu məsuliyyətə cəlb edirdi (Qanun. t. 22:8).
Qanunun təhlükəsizlik haqda tələbi ev heyvanlarının vurduğu zərərə də tətbiq edilirdi. Əgər heyvan insanı vurardısa, onun sahibi başqalarının təhlükəsizliyini təmin etmək üçün onu öldürməli idi. Həmin heyvanın ətini yeməyə və ya satmağa icazə verilmədiyindən bu, onun üçün böyük itki idi. Amma zənn edək ki, heyvan insana xətər yetirdikdən sonra sahibi onu nəzarət altında saxlamır. Bəs sonra? Əgər həmin heyvan bundan sonra kimisə öldürsəydi, həm heyvan, həm də sahibi öldürülməli idi. Bu qanun mal-qarasına səhlənkarlıq göstərən hər kəsi hərəkətlərinin nəticəsi barədə düşünməyə vadar edirdi (Çıx. 21:28, 29).
Qanun həm də israilliləri alətlərdən düzgün istifadə etməyə təşviq edirdi. Məsələn, bir çox israillilər balta ilə odun doğrayırdılar. Əgər baltanın dəmiri sapından çıxıb təsadüfən odunçunun yanındakı adama dəyib onu öldürsəydi, o, sığınacaq şəhərlərindən birinə qaçmalı idi. O, burada baş kahinin ölümünədək qalmalı idi. Deməli, bilmədən kiminsə ölümünə bais olan insan uzun illər ailəsinin və evinin üzünə həsrət qala bilərdi. Bu quruluş israillilərə Yehovanın gözündə həyatın müqəddəs olduğunu öyrədirdi. Həyata dair Allahın nöqteyi-nəzərinə şərik olan insan alətlərini yaxşı vəziyyətdə saxlayır və iş görərkən onlarla ehtiyatlı davranırdı (Say. 35:25; Qanun. t. 19:4—6).
Yehova bu qanunları verməklə aydın göstərdi ki, O, xalqının həm evdə, həm də çöldə təhlükəsizlik qaydalarına riayət etməsini istəyir. Təsadüfən də olsa, kimisə öldürən və ya kiməsə xəsarət yetirən adam Onun qarşısında cavab verməli idi. Yehovanın təhlükəsizliyə dair nöqteyi-nəzəri dəyişməyib (Mal. 3:6). O, bu gün də istəyir ki, insanlar özlərinə və başqalarına xətər yetirməsinlər. Təhlükəsizlik qaydalarına xüsusilə də həqiqi ibadətdə istifadə olunan binaların tikintisi və xidməti zamanı riayət etmək vacibdir.
Tikintidə təhlükəsizlik
Padşahlıq və Konqres Zallarının, həmçinin filialların tikintisində iştirak etməyi və onlara xidmət göstərməyi özümüzə şərəf bilirik. Eyni şeyi təbii fəlakətlər baş verən zaman icra etdiyimiz iş haqqında da demək olar. Biz hər zaman öz işimizi məharətlə yerinə yetirmək istəyirik, çünki ən xırda işdə belə səriştəsizlik bizə və başqalarına xəsarət yetirə bilər (Vaiz 10:9). Həqiqətən də, əgər işləyərkən təhlükəsizlik qaydalarına əməl etmək vərdişimiz olarsa, zərərdən qaçına bilərik.
Müqəddəs Kitabda deyilir: «Gəncləri qüvvəti şərəfləndirər, ağ saçlar qocalara zinət verər» (Sül. məs. 20:29). Ağır iş görmək üçün qolu qüvvətli gənclər gərəkdir. Saçlarına dən düşən, tikinti işində böyük təcrübəsi olan işçilər isə son tamamlama işlərini görürlər. Ancaq onlar da vaxtilə gənc olanda ağır işlər görmüşlər. Əgər sən könüllülərin sırasına təzəcə daxil olmusansa, səriştəli işçilərin işləmək tərzinə fikir ver və onların göstərişlərinə əməl et. Əgər öyrənmək istəyin varsa, tikinti işində təcrübəsi olan qardaşlar sənə çox şey öyrədə bilərlər. Buraya təhlükəli maddələrdən təhlükəsiz istifadə qaydaları və ağır yüklərin qaldırılması daxildir. Onda sənin işin səmərəli və təhlükəsiz olacaq və sənə sevinc gətirəcək.
Tikintidə işləyənlər həmişə ehtiyatlı olmalıdırlar. Şərait bir göz qırpımında dəyişə bilər. Dümdüz yerdə indi quyu ola bilər. Briqadadan kimsə nərdivanın, körpünün (ayaqaltı taxta) və ya boya qutusunun yerini dəyişə bilər. Fikrin yayınsa, asanlıqla xəsarət ala bilərsən. Təhlükəsizlik qaydalarına görə, tikinti meydançasında işləyənlərdən fərdi mühafizə vasitələrindən istifadə etmək tələb olunur. Qoruyucu eynək, kaska və münasib ayaqqabılar səni tikinti meydançasında bir çox təhlükələrdən qoruya bilər. Amma bunun üçün onları yaxşı vəziyyətdə saxlamaq və istifadə etmək lazımdır.
Bir çox alətlərdən istifadə etmək asan görünsə də, onlardan məharətlə və təhlükəsiz şəkildə istifadə etmək üçün təlim və təcrübə tələb olunur. Əgər işində lazım olan alətdən istifadə etmək təcrübən yoxdursa, bu haqda işə nəzarət edən qardaşa xəbər ver. O qayğı göstərəcək ki, sən lazımi təlim keçəsən. Bu halda təvazökarlıq, yəni öz imkanlarının məhdud olduğunu dərk etmək çox vacibdir. Əslində, bu tələb olunur ki, tikintidə nə sən, nə də başqaları xəsarət alsın (Sül. məs. 11:2).
Tikintidə insanların xəsarət almalarının əsas səbəblərindən biri yıxılmaqdır. Nərdivana qalxmazdan və ya taxtabəndə ayağını qoymazdan öncə əmin ol ki, o, tam təhlükəsiz və yaxşı vəziyyətdədir. Taxtabənddə və ya damda iş görənlərdən tələb oluna bilər ki, xilasedici kəmərdən istifadə etsinlər və ya orada sürahi olsun. Hündürlükdə işləməyə dair sualların varsa, nəzarətçinə müraciət eta.
Bütün dünyada Yehovanın xidmətçilərinin sayı artdıqca həqiqi ibadətin irəliləməsində böyük rolu olan Padşahlıq Zallarına və digər tikililərə də tələbat artır. Padşahlıq Zalının tikintisinə və bu kimi başqa layihələrə nəzarət edənlər onların rəhbərliyi altında çalışan Yehovanın dəyərli xidmətçilərini təhlükələrdən qorumaq məsuliyyəti daşıyırlar (Yeşaya 32:1, 2). Əgər sənə tikintidə bacı-qardaşlara nəzarət etmək həvalə olunubsa, təhlükəsizlik qaydalarının vacibliyini heç vaxt yaddan çıxarma. Əmin ol ki, tikinti meydançası təmizdir və əl-ayağa dolaşan heç nə yoxdur. Lazım gələndə xeyirxahcasına, ancaq qəti şəkildə təhlükəsizlik qaydalarını xatırlat. Gənc və təcrübəsiz işçilərin həddən artıq təhlükəli ərazilərə daxil olmalarına icazə vermə. Briqadanın üzləşə biləcəyi təhlükələri qabaqcadan görməyə çalış və onların təhlükəsiz işləməyi öyrənmələrinin qayğısına qal. Unutma ki, bizim məqsədimiz işi xəsarətsiz başa çatdırmaqdır!
Məhəbbətin rolu
Həqiqi ibadətdə istifadə olunan Padşahlıq Zallarının və digər tikililərin inşaası müəyyən təhlükələrlə bağlıdır. Buna görə də bu kimi layihələrdə iştirak edənlər ehtiyatlı olmalıdırlar. Müqəddəs Kitab prinsiplərinə və işlə bağlı qaydalara riayət etməklə və sağlamdüşüncəlilik təzahür etdirməklə sən həm özünü, həm də səninlə çiyin-çiyinə çalışanları xəsarətlərdən qoruyacaqsan.
Bizi təhlükəsizliyə bu qədər dəqiq riayət etməyə təşviq edən əsas səbəb nədir? Məhəbbət. Bəli, Yehovanı sevdiyimiz üçün biz də insan həyatına qiymət qoyuruq. Üstəlik, insanlara məhəbbət hər hansı işi onların xəsarət almasına səbəb olacaq tərzdə, yəni başdansovdu görməkdən çəkindirəcək (Mat. 22:37—39). Buna görə də gəlin iştirak etdiyimiz tikinti layihəsini «sağ-salamat» başa çatdırmaq üçün əlimizdən gələni edək.
[Haşiyə]
a 30-cu səhifədəki «Nərdivandan təhlükəsiz istifadə qaydaları» adlı çərçivəyə bax.
[30-cu səhifədəki çərçivə]
Nərdivandan təhlükəsiz istifadə qaydaları
Son il ərzində ABŞ-da 160 000-dən çox işçi nərdivandan yıxılaraq müxtəlif xəsarətlər almışdır. Üstəlik, bunun nəticəsində təxminən 150 nəfər həyatını itirmişdir. Harada yaşamağından və ya işləməyindən asılı olmayaraq, növbəti qaydalara əməl etməyin sayəsində sən bu kimi hallardan qaçınacaqsan.
◇ Laxlayan, yaxud sınıq nərdivandan istifadə etmək və ya onu yenidən təmir etmək lazım deyil. Əksinə, sındırıb tullamaq lazımdır.
◇ Hər bir nərdivan müəyyən çəki üçün nəzərdə tutulub. Nərdivana dırmaşanda əmin ol ki, sənin çəkinlə alətlərin və materialların çəkisi birlikdə bu həddi aşmır.
◇ Nərdivanı düz və möhkəm səth üzərində quraşdır. Onu heç vaxt taxtabənd, yeşik və ya qutu kimi möhkəm olmayan şeylərin üstünə qoyma.
◇ Qalxıb-düşəndə üzün həmişə nərdivana tərəf olsun.
◇ Heç bir nərdivanın yuxarıdakı son iki pilləsinin üstündə oturmaq və ya dayanmaq olmaz.
◇ Nərdivanın hündürlüyü qalxmaq istədiyin yerdən ən azı 1 metr hündür olmalıdır. Nərdivanın аyаqlаrı sürüşməsin deyə onu bir yerə bərkit və ya qabağına bir taxta parçası vur. Əgər bunu etmək mümkün deyilsə, kimdənsə xahiş et ki, iş gördüyün müddətdə nərdivanı tutsun. Nərdivanın o yana-bu yana tərpənməməsi üçün yuxarıdan onu harasa bərkit.
◇ Nərdivanın pillələrinə taxta dayayıb üstünə çıxma.
◇ Nərdivanın başında işləyərkən əlçatmayan yerlərə əlini və ya ayağını uzatma, əks təqdirdə, nərdivan aşa bilər. Bu kimi təhlükəli hərəkətlərdən qaçın. Lazım gəldikdə nərdivanın yerini dəyiş.
◇ Əgər sən qapı arxasına nərdivan qoyub işləməli olursansa, onda qapıdan işarə as və onu açarla bağla. Əgər qapını bağlamaq mümkün deyilsə, kimdənsə xahiş et ki, qapının ağzında dayanıb gəlib-gedənləri xəbərdar etsin.
◇ Əgər nərdivan yalnız bir nəfər üçün nəzərdə tutulubsa, ikinci adam ora qalxa bilməzb.
[Haşiyə]
b Nərdivandan təhlükəsiz istifadəyə dair əlavə məlumat üçün «Oyanın!» jurnalının 1999-cu il 8 avqust sayının 22—24-cü səhifələrinə (rus.) baxın.
[29-cu səhifədəki şəkil]
Musanın Qanununa görə, damın qırağına sürahi çəkmək tələb olunurdu