Vadidə Allahın adı
SANKT-MORİS. Bu ad sənə tanış gəlir? Bəlkə də hə. Çünki bu, İsveçrənin Enqadin vadisində yerləşən dünya şöhrətli kurort zonasıdır. Bu gözəl, səfalı guşə İsveçrənin cənub-şərqində, İtaliya ilə sərhədinin yaxınlığında, bəyaz qarla örtülmüş Alp dağlarının qoynunda yerləşir. Sankt-Moris insanları uzun illər bu vadiyə cəlb edən yerlərdən yalnız biridir. Gözoxşayan təbiəti, zəngin flora və faunası ilə Dahi Yaradanımız Yehova Allaha izzət gətirən İsveçrənin Milli Parkı da burada yerləşir (Məz. 148:7—10). Lakin tək bu mənzərəli yerlər yox, 17-ci əsrin ortalarına gedib çıxan bir ənənənin izləri də Allahı izzətləndirir.
Bu vadidəki bir çox evlərin üzərində olan qeyri-adi bir şey insanların diqqətini özünə cəlb edir. Evlərin ön hissələrində, məsələn, giriş qapılarının üzərində Allahın adına rast gəlmək olar. Ötən əsrlərdə evlərin çöl tərəfini yazılarla bəzəmək adəti vardı. O dövrün insanları bu yazıları suvağın üstündə cızır, daşların üzərində oyur, yaxud da evlərin üstündə boya ilə yazırdılar. Bu şəkildə Bever kəndindəki bir evi görmək olar. Evin üzərindəki yazı belə tərcümə olunur: «1715-ci il. Yehova başlanğıcdır və Yehova sondur. Hər şeyə Allahın köməyi ilə nail olmaq olar, Onun köməyi olmadan bir şey etmək mümkün deyil». Gördüyümüz kimi, 18-ci əsrin əvvəllərinə təsadüf edən bu yazıda Allahın şəxsi adına düz iki dəfə rast gəlinir.
İkinci şəkildə isə 17-ci əsrinin ortalarına aid olan yazı təsvir olunub. Madulin kəndindəki bir tikilinin üzərində növbəti sözlər həkk olunub: «Məzmur 127. Evi Yehova tikməzsə, inşaatçılar boş yerə çalışır. Lukis Rumadis. 1654-cü il».
Nəyə görə insanlar o vaxtlar Allahın adını evlərinin üzərində yazırdılar? Reformasiya dövründə Müqəddəs Kitab Enqadin vadisinin sakinlərinin danışdığı latın əsaslı retoroman dilinə tərcümə olunmuşdu. Bu, həmin dilə tərcümə edilən ilk kitab idi. Allahın Kəlamından oxuduqları yerli sakinlərə o qədər böyük təsir göstərmişdi ki, onlar evlərinin bayır hissəsində yalnız öz adlarını yox, Allahın adı yazılan Müqəddəs Kitab ayələrini də həkk edirdilər.
O vaxtdan bəri əsrlər ötsə də, bu yazılar bu gün də Yehovanın adını bəyan edir və Ona izzət gətirir. Turistlər və yerli sakinlər gözəl Allah olan Yehova barədə daha çox öyrənmək üçün Onun adını daşıyan digər tikiliyə — Bevərdə yerləşən Yehovanın Şahidlərinin Padşahlıq Zalına baş çəkməyə dəvət olunurlar.
[7-ci səhifədəki şəkil. İcazə ilə]
© Stähli Rolf A/age fotostock