Möhkəm dur və Şeytanın tələlərindən qaç
«İblisin hiylələrinə sinə [gərin]» (EFES. 6:11).
NECƏ CAVAB VERƏRDİN?
Yehovanın xidmətçisi maddi hərislik tələsinə düşməmək üçün nə etməlidir?
Evli məsihçiyə xəyanət çuxuruna düşməməyə nə kömək edəcək?
Nəyə görə sən əminsən ki, maddi hərisliyə və cinsi əxlaqsızlığa qarşı durmağın faydası var?
1, 2. a) Nəyə görə Şeytanın nə məsh olunmuşlara, nə də ki başqa qoyunlara rəhmi gəlmir? b) Bu məqalədə Şeytanın hansı tələlərindən söhbət gedəcək?
ŞEYTAN İBLİS heç kəsə, xüsusilə də Yehovaya xidmət edən insanlara rəhm etmir. O, hələ yer üzündə yaşayan məsh olunmuşlara qarşı müharibə aparır (Vəhy 12:17). Bu mətanətli məsihçilər müasir dövrdə Padşahlıq haqqında xoş xəbəri təbliğ etmək işinə rəhbərlik edirlər və bu dünyanın hakiminin Şeytan olduğunu bəyan edərək onu ifşa edirlər. Üstəlik, İblis məsh olunmuşları dəstəkləyən və özünün itirdiyi əbədi həyat ümidinə malik olan başqa qoyunlara da nifrət edir (Yəh. 10:16). Onun bu qədər qəzəbli olması heç də təəccüblü deyil! Göydə və ya yerdə yaşamaq ümidimizin olmasından asılı olmayaraq, bizim rifahımız Şeytanı qətiyyən maraqlandırmır. Onun məqsədi bizi öz qurbanına çevirməkdir (1 Pet. 5:8).
2 Məqsədinə nail olmaq üçün Şeytan müxtəlif tələlər və ya torlar quraşdırır. O, imansızların düşüncələrini kor edib, buna görə də onlar xoş xəbəri qəbul etmirlər və həmin tələləri görmürlər. Lakin İblis Padşahlıq haqda xoş xəbəri qəbul edən bəzi insanları da öz tələsinə salmağa müvəffəq olur (2 Kor. 4:3, 4). Əvvəlki məqalədə biz Şeytanın üç tələsindən — 1) düşünmədən danışmaq, 2) qorxu və təzyiq, eləcə də 3) həddən artıq özünü günahlandırmaq tələsindən necə qaça biləcəyimizdən danışdıq. İndi isə gəlin onun daha iki tələsinə — maddi hərisliyə və xəyanətə qarşı necə möhkəm dura biləcəyimizi nəzərdən keçirək.
BOĞAN TƏLƏ — MADDİ HƏRİSLİK
3, 4. Bu dövrün qayğıları insanda maddi hərisliyi necə oyada bilər?
3 İsa çəkdiyi bir məsəldə tikanlığa düşmüş toxum haqda danışdı. O qeyd etdi ki, insan sözü eşidə bilər, «lakin bu dövrün qayğıları və var-dövlətin aldadıcı qüvvəsi sözü boğur və o bar vermir» (Mat. 13:22). Bəli, maddi hərislik düşmənimiz olan Şeytanın istifadə etdiyi tələlərdən biridir.
4 İki amil birgə fəaliyyət göstərdikdə sözü boğa bilər. «Bu dövrün qayğıları» həmin amillərdən biridir. Yaşadığımız bu «son dərəcə ağır bir zəmanə»də narahatçılıq keçirməyimizə çox şey səbəb ola bilər (2 Tim. 3:1). Ola bilsin, bahaçılıq və işsizliyin artması ucbatından sənə dolanmaq çətindir. Gələcək də səni narahat edə bilər və sən: «Təqaüdə çıxanda kifayət qədər gəlirim olacaqmı?» — deyə fikirləşə bilərsən. Bu kimi narahatçılıqlar bəzilərini var-dövlətə can atmağa təşviq edib. Onlar düşünürlər ki, pul təhlükəsiz gələcəyə bir zəmanətdir.
5. «Var-dövlətin... qüvvəsi» necə aldadıcı ola bilər?
5 İsanın qeyd etdiyi ikinci amil «var-dövlətin aldadıcı qüvvəsi»dir. Bu amil bu dövrün qayğıları ilə birgə sözü boğa bilər. Müqəddəs Yazılar pulun insanın sipəri olduğunu təsdiq edir (Vaiz 7:12). Bununla belə, var-dövlət dalınca qaçmaq heç də ağıllı hərəkət deyil. Çoxları fikir vermişlər ki, var-dövlətin dalınca daha çox düşdükcə maddi hərislik tələsi onları özündə daha möhkəm saxlayır. Bəziləri hətta var-dövlətin quluna çevrilmişlər (Mat. 6:24).
6, 7. a) İşdə yaranan hansı vəziyyət məsihçidə maddi hərislik oyada bilər? b) Məsihçiyə işdən sonra qalıb işləmək təklif olunursa, o, nəyi nəzərə almalıdır?
6 Varlanmaq istəyi adi bir şeydən yarana bilər. Nümunə üçün növbəti vəziyyətə nəzər salaq. Müdirin sənə yaxınlaşıb deyir: «Şad xəbərim var! Bizim şirkət mühüm bir saziş imzalayıb. Bu isə o deməkdir ki, növbəti bir neçə ay ərzində işdən sonra da qalıb işləmək lazım olacaq. Ancaq inan ki, bu, alacağın pula dəyər». Belə vəziyyətdə necə davranacaqsan? Düzdür, ailəni maddi cəhətdən təmin etmək Müqəddəs Kitabın ailə başçılarının üzərinə qoyduğu çox ciddi məsuliyyətdir, ancaq bu, yeganə məsuliyyət deyil (1 Tim. 5:8). Nəzərə alınası digər amillər də var. İşdən sonra nə qədər qalıb işləmək lazım olacaq? Sənin işin, yığıncaq görüşləri və ailəvi ibadət axşamları da daxil olmaqla, ruhani məşğuliyyətlərinə maneçilik törətməyəcək ki?
7 Təklifi götür-qoy edərkən sən daha çox nəyə önəm verəcəksən: əlavə işin sənin cibinə, yoxsa ruhaniliyinə göstərəcəyi təsirə? Daha çox pul qazanmaq istəyi Padşahlıq işinin həyatında ikinci plana keçməsinə səbəb olmayacaq ki? Əgər sən özünün və ailənin ruhani sağlamlığına etinasız yanaşsan, başa düşürsən, maddi hərislik sənə necə təsir edəcək? Əgər sənin ruhaniliyin təhlükədədirsə, möhkəm durmaq və maddi hərisliyin səni «boğmaması» üçün nə edə bilərsən? (1 Timoteyə 6:9, 10 ayələrini oxu.)
8. Müqəddəs Yazılardakı hansı nümunələr bizə həyat tərzimizi nəzərdən keçirməyə kömək edəcək?
8 Maddi hərisliyin bizi boğmaması üçün vaxtaşırı olaraq öz həyat tərzimizi nəzərdən keçirməliyik. Biz heç vaxt öz əməlləri ilə ruhani şeyləri qiymətləndirmədiyini göstərən Esav kimi olmaq istəməzdik! (Yar. 25:34; İbr. 12:16). Eyni zamanda mal-mülkünü satıb, pulu kasıblara paylayıb İsanın ardınca gəlmək təklifini alan varlı kişi kimi də olmamalıyıq. Bu dəvəti qəbul etmək əvəzinə, o «kədərləndi, çünki çox dövlətli idi və çıxıb getdi» (Mat. 19:21, 22). Var-dövlət tələsinə düşən bu şəxs böyük bir üstünlükdən — yer üzündə yaşayan ən böyük insanın davamçısı olmaq şərəfindən məhrum oldu! Ehtiyatlı ol ki, sən də İsa Məsihin şagirdi olmaq üstünlüyünü itirməyəsən.
9, 10. Allahın Kəlamında deyilənləri nəzərə alsaq, maddi əşyalara münasibətimiz necə olmalıdır?
9 Maddi şeylərə görə həddən artıq narahat olmamaq üçün biz İsanın növbəti məsləhətinə əməl etməliyik: «“Nə yeyəcəyik?”, “nə içəcəyik?” və ya “nə geyəcəyik?”, — deyə heç vaxt narahat olmayın. Çünki bütün bunların dalınca başqa millətlər qaçır. Sizin səmavi Atanız isə bütün bunlara ehtiyac duyduğunuzu bilir» (Mat. 6:31, 32; Luka 21:34, 35).
10 Var-dövlətin aldadıcı qüvvəsinin qurbanı olmaq əvəzinə, Müqəddəs Kitabın yazıçılarından biri olan Aqur kimi düşünməliyik. O demişdi: «Məni nə yoxsul, nə də zəngin et, ancaq mənə gündəlik çörəyimi ver» (Sül. məs. 30:8). Aqur pulun sipər olduğunu, eyni zamanda var-dövlətin aldadıcı qüvvəyə malik olduğunu başa düşürdü. Biz dərk etməliyik ki, bu dövrün qayğıları, eləcə də var-dövlətin aldadıcı qüvvəsi bizim ruhaniliyimizin axırına çıxa bilər. Əgər biz əşyalara görə həddən artıq narahat oluruqsa, bu, bizim vaxtımızı ala, taqətdən sala və Padşahlığın işi ilə məşğul olmaq istəyimizi qismən və ya tam öldürə bilər. Buna görə də Şeytanın maddi hərislik tələsinə düşməməyə qəti qərarlı ol! (İbranilərə 13:5 ayəsini oxu.)
GİZLİ ÇUXUR — XƏYANƏT
11, 12. İş yerində yaranan hansı vəziyyətlər məsihçinin həyat yoldaşına xəyanət etməsinə gətirib çıxara bilər?
11 Güclü heyvan ovlamaq istəyən ovçu şikarının tez-tez keçdiyi yerdə çuxur qaza bilər. Adətən, çuxurun üstünü nazik budaqlarla və torpaqla örtürlər ki, o nəzərə çarpmasın. Şeytanın ən uğurlu tələlərindən biri belə çuxura bənzəyir. Söhbət günah sayılan əxlaqsızlıqdan gedir (Sül. məs. 22:14; 23:27). Bir çox məsihçilər özlərini elə vəziyyətə çatdırıblar ki, onlar üçün bu tələyə düşmək çox asan olub. Bəzi evli məsihçilərin həyat yoldaşlarına xəyanət etmələrinə səbəb düzgün olmayan romantik münasibətlər inkişaf etdirmələri olub.
12 Düzgün olmayan romantik münasibətlər iş yerində yarana bilər. Keçirilən bir sorğu nəticəsində məlum olub ki, ərlərinə xəyanət edən qadınların yarısından çoxu və arvadlarına xəyanət edən kişilərin təxminən yetmiş beş faizi iş yoldaşları ilə qeyri-qanuni əlaqədə olublar. Sənin işin əks cinsin nümayəndələri ilə ünsiyyətdə olmağı tələb edirmi? Əgər elədirsə, onlarla münasibətlərini necə xarakterizə edərdin? Münasibətlərinin işgüzar qalmasına xidmət edən sərhədlər qoymusanmı, yoxsa daha artığına yol verirsən? Məsələn, kişi iş yoldaşı ilə tez-tez adi söhbətlər edən bacı sonradan onunla sirdaş olub hətta ailə problemlərini də bölüşə bilər. Digər bir vəziyyətdə isə məsihçi qardaş qadın həmkarı ilə mülayim söhbətdən sonra belə qənaətə gələ bilər: «O, mənim fikirlərimə dəyər verir və onunla söhbət edəndə, həqiqətən də, qulaq asır. Mən onun üçün qiymətliyəm. Kaş ki, evdə də özümə qarşı bu cür münasibət görəydim!» Fikir verdin, belə vəziyyətlərdə məsihçi öz həyat yoldaşına asanlıqla necə xəyanət edə bilər?
13. Düzgün olmayan romantik münasibətlər yığıncaqda necə yarana bilər?
13 Düzgün olmayan romantik münasibətlər yığıncaqda da yarana bilər. Gəlin olmuş bir hadisəyə nəzər salaq. Daniel və onun yoldaşı Saraa daimi pioner idilər. Daniel, özü dediyi kimi, heç vaxt «yox» deməyən ağsaqqallardan idi. O, yığıncaqda verilən bütün tapşırıqları canla-başla qəbul edirdi. Bundan əlavə, Daniel beş gənclə Müqəddəs Kitabı öyrənirdi. Onlardan üçü sonradan vəftiz oldu. Bu yeni vəftiz olan qardaşların böyük köməyə ehtiyacı vardı. Danielin başı yığıncaq işlərinə qarışanda onlara tez-tez Sara kömək edirdi. Tezliklə belə bir vəziyyət yarandı: Danielin əvvəllər Müqəddəs Kitabı öyrətdiyi gənclər emosional dəstəyə ehtiyac duyurdular və onu Saradan alırdılar. Saranın isə diqqətə ehtiyacı vardı və o, bu diqqəti onlardan alırdı. Bununla ölümcül tələ quruldu. «Arvadımın aylarla onlara dəstək olması onu ruhani və emosional cəhətdən əldən saldı, — deyə Daniel qeyd edir. — Bu, eləcə də mənim ona maraq göstərməməyim fəlakətə səbəb oldu. O, həmin kəslərdən biri ilə mənə xəyanət etdi. Sara düz mənim gözümün önündə ruhən zəiflədi və mən o qədər məşğul idim ki, bu, mənim diqqətimdən yayındı». Sənin də başına belə fəlakət gəlməsin deyə nə edə bilərsən?
14, 15. Evli məsihçilər xəyanət çuxuruna düşməmək üçün nə etməlidirlər?
14 Xəyanət çuxuruna düşməmək üçün nikahın nə olduğu haqda düşün. İsa demişdi: «Allahın bir boyunduruqda birləşdirdiyini qoy heç kəs ayırmasın» (Mat. 19:6). Heç vaxt fikirləşmə ki, sənin teokratik məsuliyyətlərin həyat yoldaşından daha vacibdir. Üstəlik, unutma, az əhəmiyyətli işlərə görə tez-tez həyat yoldaşından ayrı vaxt keçirməyin nikahında zəiflik olduğuna işarə edə, eləcə də şirnikdirici vəziyyətin yaranmasına və hətta ciddi günaha gətirib çıxarda bilər.
15 Bəs əgər sən ağsaqqalsansa, onda sürünün işi necə olsun? Həvari Peter yazmışdı: «Allahın sizə əmanət etdiyi sürünü otarın və bunu zorla yox, könül xoşluğu ilə, haqsız qazanca sevgidən yox, canla-başla edin» (1 Pet. 5:2). Əlbəttə, sənə həvalə olunmuş yığıncaq üzvlərinə etinasızlıq göstərmək düzgün olmazdı. Ancaq sən ağsaqqallıq vəzifəni icra etmək üçün üzərinə bir ər kimi düşən vəzifəni qurban verməli deyilsən. Həyat yoldaşın evdə «acından öldüyü» bir halda, bütün diqqətini yığıncağı ruhən qidalandırmağa yönəltməyin mənasız, hətta təhlükəli olardı. Daniel deyir: «Məsihçi heç vaxt yığıncaq işlərini ailəsinin rifahı bahasına görməməlidir».
16, 17. a) Məsihçi iş yerində hansı tədbirləri görə bilər ki, romantik münasibətlərə girişmək fikri olmadığı aydın görünsün? b) Məsihçiyə xəyanətdən qaçınmağa kömək edən məqalələrdən nümunə çək?
16 «Gözətçi qülləsi» və «Oyanın!» jurnallarında məsihçilərə xəyanət çuxurundan yan gəzməyə kömək edən bir çox məqalələr dərc olunub. Məsələn, «Gözətçi qülləsi»nin 2006-cı il 1 oktyabr sayında növbəti məsləhətlər yer alıb: «İş yerində yaxın münasibətlər üçün şərait yaradan vəziyyətlərdən uzaqlaş. Məsələn, əks cinsdən olan əməkdaşınla iş vaxtından sonra bir yerdə işləmək təhlükəli ola bilər. Məsihçi kişi və qadın danışığı, davranışı ilə göstərməlidir ki, belə münasibətlərə baş qoşmaq fikrində deyil. Allah yolunda yeriyən qadın geyimi və makiyajı ilə özünə diqqəti cəlb etməyəcək... Eyni şey kişilərə də aiddir... Həyat yoldaşı və uşaqlarının şəkillərini göz qabağında qoysan, ailənin sənin üçün hər şeydən üstün olduğunu həm başqaları bilər, həm də özün unutmazsan. Kiminsə sənə söz atmasına, səninlə eşqbazlıq etməsinə qətiyyən yol vermə».
17 «Oyanın!» jurnalının 2009-cu il aprel sayında (rus.) çıxan «Nikahda sədaqət əslində nə deməkdir?» adlı məqalə ailəli insanları həyat yoldaşı olmayan kəs barədə seksual xəyallara dalmaqdan çəkindirirdi. Məqalədə qeyd olunurdu ki, seksual xəyallar xəyanət etmək ehtimalını daha da artırır (Yaq. 1:14, 15). Əgər sən evlisənsə, yaxşı olardı ki, həyat yoldaşınla birgə vaxtaşırı olaraq bu kimi məlumatları nəzərdən keçirəsən. Nikah Yehovanın təsis etdiyi quruluşdur və o müqəddəsdir. Həyat yoldaşınla nikahınız barədə söhbət etmək üçün vaxt ayırmağın göstərəcək ki, sən, həqiqətən də, müqəddəs şeylərə dəyər verirsən (Yar. 2:21—24).
18, 19. a) Xəyanət nəyə gətirib çıxarır? b) Həyat yoldaşlarına sadiq olanlar hansı xeyir-duaları biçirlər?
18 Əgər ürəyindən kiminləsə romantik münasibətlər qurmaq keçirsə, xəyanət və əxlaqsızlığın pis nəticələrini gözünün önünə gətir (Sül. məs. 7:22, 23; Qalat. 6:7). Əxlaqsızlığa yol verənlər Yehovanı məyus edir və özlərinə, eləcə də həyat yoldaşlarına zərbə vururlar. (Malaki 2:13, 14 ayələrini oxu.) Bundan əlavə, namuslarını qoruyan kəslərin aldığı xeyir-dualar haqda da düşün. Bu xeyir-dua yalnız gələcək əbədi həyat deyil, təmiz vicdan da daxil olmaqla, indi ən yaxşı həyat yaşamaq imkanıdır. (Süleymanın məsəlləri 3:1, 2 ayələrini oxu.)
19 Məzmurçu oxuyurdu: «[Allahın] qanununu sevənlər böyük əmin-amanlıq tapırlar, onlar heç nə ilə büdrəməzlər» (Məz. 119:165). Beləliklə, həqiqəti sev və Müqəddəs Kitabın növbəti məsləhətinə əməl et: «Diqqətli olun, [bu pis zəmanədə] düşüncəsizlər kimi yox, müdriklər kimi hərəkət edin» (Efes. 5:15, 16). Bizim getdiyimiz yol Şeytanın Allahın həqiqi xidmətçiləri üçün qurduğu tələlərlə doludur. Lakin biz onlara düşməmək üçün lazım olan hər şeylə təchiz olunmuşuq. Yehova bizə Şəririn hiylələrinə sinə gərmək və onun «bütün alovlu oxlarını» söndürmək üçün lazım olan hər şeyi verib! (Efes. 6:11, 16).
[Haşiyə]
a Adlar dəyişdirilib.
[26–cı səhifədəki şəkil]
Maddi hərislik insanın ruhaniliyini boğa bilər. Yol vermə ki, bu, səninlə də baş versin
[29–cu səhifədəki şəkil]
Eşqbazlığa başlamaq və ya him-cimlərə hay vermək insanı xəyanət çuxuruna sala bilər