Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w12 1/10 s. 9—11
  • Hindu ailəsi üzərində Allahın Kəlamının qüdrəti

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Hindu ailəsi üzərində Allahın Kəlamının qüdrəti
  • Gözətçi qülləsi 2012
  • Başlıqlar
  • Oxşar material
  • Mənim hindu ailəm
  • Allah haqda həqiqəti tapırıq
  • «Heç nəyə görə narahat olmayın»
  • Yehovaya Xidmət Ömrüm Boyu Mənə Sevinc Gətirib
    Gözətçi qülləsi 2011
  • Müqəddəs Kitab həyatları dəyişir
    Gözətçi qülləsi 2010
  • Müqəddəs Kitab həyatları dəyişir
    Gözətçi qülləsi 2012
Gözətçi qülləsi 2012
w12 1/10 s. 9—11

Hindu ailəsi üzərində Allahın Kəlamının qüdrəti

Nəql etdi Nalini Qovindsami

MƏN 2005-ci il avqustun 22-də ailə üzvlərimin səhər yeməyinə toplaşdığı günü heç vaxt unutmayacağam. Beynimdə böyük şiş olduğu üçün hər an ölə bilərdim. Həyat yoldaşım Krişna dua etdikdən sonra doğmalarıma üz tutaraq dedim:

«Mən çox riskli bir əməliyyat üçün xəstəxanaya gedirəm. Buna görə də hamınız hər şeyə hazır olmalısınız. Hər ehtimala qarşı dəfn mərasimi ilə əlaqədar müəyyən tədbirlər görmüşəm. Yehovaya xidmət edən əzizlərim, xahiş edirəm, heç vaxt bu yoldan dönməyin. Digərlərinə isə yalvarıram, Müqəddəs Kitabı öyrənməyə başlayın və yığıncaqlara gedin. Yalnız onda siz də, mənim kimi, Allahın həqiqi xidmətçilərinin Cənnətə çevrilmiş Yer üzündə mükəmməl sağlamlığa və əbədi həyata sahib olacağına inana bilərsiniz».

Əməliyyatın necə keçdiyi barədə deməzdən əvvəl, özüm barədə və həqiqi Allahı necə tanıdığım haqda danışmaq istəyirəm.

Mənim hindu ailəm

Mənim ailəm Cənubi Afrikanın sahilyanı Durban şəhərində, təpənin başında, taxtadan və dəmirdən tikilmiş böyük bir evdə yaşayırdı. Əsas yolun keçdiyi dərədən evin darvazasına qədər 125 pilləli pilləkəni çıxmalı idik. Bu pillələr qırağı kollarla örtülmüş balaca cığıra çıxırdı. Cığırın ayağında dəmir qapı var idi. Qapının bir tərəfində nənəmin təkyəsi dururdu. Təkyə hindu tanrılarının təsvirləri və heykəlləri ilə dolu idi. Nənəm deyərdi ki, mən «məbəd uşağı»yam (hind dilində mandər ki bəça) və ibadət etdiyimiz tanrıların sayəsində dünyaya gəlmişəm. Təkyənin qarşı tərəfində evin qapısına aparan cilalanmış qırmızı pilləkən vardı. Evimiz böyük idi: onun uzun dəhlizi, kömür sobası olan geniş mətbəxi, yeddi yataq otağı və birotaqlı əlavə tikilisi var idi. Bu evdə, nənəm, babam, atam, onun üç kiçik qardaşı, balaca bacısı və onların ailələri də daxil olmaqla, 27 nəfər yaşayırdı.

Bu boyda ailənin ehtiyaclarının qayğısına qalmaq elə də asan iş deyildi. Ancaq hamımızın bir dam altında yaşaması ailə tellərimizi möhkəmləndirib və bizə xoş xatirələr bəxş edib. Anam Qarqi Devi də daxil olmaqla, evin dörd gəlini növbə ilə yır-yığış, biş-düş işləri ilə məşğul olurdu. Ailənin başçısı babam idi. Bazarlıq işlərinə də o baxırdı. Hər çərşənbə günü babamla nənəm birhəftəlik ət, meyvə-tərəvəz almaq üçün bazara gedərdilər. Biz çay kənarındakı şam ağacının kölgəsində üzü dərəyə oturub onların yolunu gözləyərdik. Uzaqdan babamgilin əllərində iri zənbillərlə avtobusdan düşdüyünü görən kimi onlara kömək etmək üçün 125 pilləni üzü aşağı qaçardıq.

Bizim bağımızda hündür palma ağacı vardı. Mayna quşları orada yuva qurardılar. Biz onların cikkildəyərək ora-bura necə uçuşduğunu seyr edirdik. Nənəm qapının ağzındakı pilləkəndə oturub nağıllar danışar, sanki, quşların çıxardığı səslərin mənasını açıqlayardı. Birlikdə yaşadığımız bu evlə bağlı o qədər xoş xatirələrim var ki! Bizim birlikdə gülüb-oynadığımız, ağladığımız günlər olub. Belə böyük ailədə yaşamaqdan sevinc duyurduq. Ən əsası isə, məhz bu evdə Yaradanımız Yehova Allah və Onun göndərdiyi Xilaskar İsa Məsih haqqında öyrənməyə başlamışıq.

Yehova haqda öyrənməzdən öncə, biz hindu dininə etiqad edirdik. İbadətimizə çoxlu gündəlik ayinlər daxil idi. Həmçinin ilin müəyyən günlərində keçirdiyimiz böyük bayramlara qonaqlar çağırır, birlikdə tanrı və ilahələrə sitayiş edirdik. Bu tədbirlərin bəzilərində nənəm trans halına düşür, ruhlarla əlaqəyə girirdi. Ruhları razı salmaq üçün düz gecə saat 12-də heyvan qurbanları gətirilirdi. Babam xeyriyyəçi kimi tanınırdı. O, məktəblərin və Hindu məbədlərinin tikintisi və fəaliyyəti üçün ianələr edirdi.

Allah haqda həqiqəti tapırıq

1972-ci ildə babam xəstələndi və öldü. Bir neçə aydan sonra Ceyn kimi də tanınan kiçik gəlinimiz İndərvati iki Yehovanın Şahidindən «Gözətçi qülləsi» və «Oyanın!» jurnallarını götürdü. Ancaq gəlinimiz onları evə dəvət etmədiyinə görə özünü çox qınayırdı. Biz həmişə Yehovanın Şahidlərini qovurduq. Lakin növbəti dəfə gələndə əmidostum onları evə dəvət etdi və ailəsindəki problemlərdən, əmimin sərxoşluq etməsindən danışdı. Qohum-qonşu gəlinimizə ərindən boşanmağı məsləhət görürdü. Şahidlər isə Allahın nikaha dair nöqteyi-nəzərini izah etdilər (Matta 19:6). Əmidostum Müqəddəs Kitabın məsləhətlərinə və Allahın gələcəkdə yer üzündə xoşbəxt həyat olacağına dair verdiyi vədə heyran oldu. O, boşanmaq fikrindən daşındı və Şahidlərlə birlikdə müntəzəm olaraq Müqəddəs Kitabı öyrənməyə başladıa. Onlar qonaq otağında öyrənmə keçən zaman o biri gəlinlər öz otaqlarından qulaq asırdılar.

Bir müddətdən sonra gəlinlərimizin hamısı Müqəddəs Kitabı öyrənməyə başladı. Gəlinimiz Ceyn öyrəndiklərini başqalarına da danışırdı, eləcə də bizə «Böyük Müəllimi dinləyin»b kitabından hekayələr oxuyub başa salırdı. Əmilərim Müqəddəs Kitabı öyrəndiyimizdən xəbər tutanda bizə qarşı çıxmağa başladılar. Onlardan biri, Müqəddəs Kitab da daxil olmaqla, bütün ədəbiyyatlarımızı yığıb yandırdı. Yığıncaqlara getdiyimiz üçün əmilərim bizi döyüb-söyürdülər. Ancaq atam yeganə insan idi ki, bu cür münasibət göstərmirdi; o, heç vaxt bizim Allah haqqında öyrənməyimizə etiraz etməyib. Bütün bunlara baxmayaraq, gəlinlərimizin heç biri yığıncaqlardan qalmırdı və getdikcə Yehova Allaha olan məhəbbətləri artırdı.

1974-cü ildə gəlinimiz Ceyn, ondan sonra isə anam və qalan gəlinlər özlərini Allaha həsr etdiklərinin rəmzi kimi suda vəftiz oldular. Bir vaxtdan sonra nənəm hindu ayinlərindən əl çəkdi. Mən illər ərzində Yehovanın Şahidlərinin bütün yığıncaqlarına eləcə gedib-gəlirdim. Günlərin bir günü, Yehovanın Şahidlərinin keçirdikləri konqres zamanı Şamila Ramparsad adlı bir bacı mənə yaxınlaşıb soruşdu: «Sən nə vaxt vəftiz olacaqsan?» «Mən vəftiz ola bilmərəm, axı mənimlə Müqəddəs Kitabı öyrənməyiblər», — deyə cavab verdim. O da mənə birlikdə öyrənməyi təklif etdi. Növbəti konqresdə, 1977-ci il dekabrın 16-da mən vəftiz oldum. Beləliklə, birlikdə yaşadığımız 27 nəfərlik böyük ailəmin 18 üzvü vəftiz oldu. Ancaq mən əməliyyat olan vaxt atam Sani Deva hələ də hindu dininə etiqad edirdi.

«Heç nəyə görə narahat olmayın»

Filipililərə 4:6, 7 ayələrindəki sözlər mənə həmişə, xüsusilə də beynimdə böyük şiş aşkar edilən zaman ürək-dirək verirdi. Həmin ayələrdə deyilir: «Heç nəyə görə narahat olmayın. Hər diləyinizi dua, yalvarış və şükranla Allaha bildirin. Allahın verdiyi qəlb rahatlığı bütün insan fikirlərini üstələyir; o, ürəyinizi və zehninizi Məsih İsa vasitəsilə qoruyacaq». Heç nəyə görə narahat olmamaq elə də asan deyil, xüsusilə də hər an ölüm təhlükəsi ilə üz-üzə durursansa. Xəstəliyim barədə biləndə məni ağlamaq tutdu, lakin Yehovaya dua etdikdən sonra daxilimdə «bütün insan fikirlərini üstələy[ən]» qəlb rahatlığı duydum.

Həqiqətən də, Yehovanın, sanki, sağ əlimdən tutub addımbaaddım mənimlə getdiyini hiss edirdim (Yeşaya 41:13). Allah mənə Müqəddəs Kitabın qandan çəkinmək əmrinə tabe olmaqda qətiyyətli olduğumu tibb heyətinə cəsarətlə izah etməyə kömək etdi (Həvarilərin işləri 15:28, 29). Nəticədə, cərrah və anestezioloq qansız əməliyyat etməyə razılaşdılar. Əməliyyatdan sonra cərrah mənə yaxınlaşıb, hər şeyin uğurlu keçdiyini və şişin tamamilə götürüldüyünü dedi. Həmçinin o qeyd etdi ki, hələ heç vaxt ağır beyin əməliyyatından sonra belə tez sağalan xəstə görməyib.

Üç həftədən sonra, yataqda olmağıma baxmayaraq, ilk Müqəddəs Kitab öyrənməsini keçirdim. Yeddinci həftənin sonunda isə maşın sürməyə, təbliğə və Yehovanın Şahidlərinin yığıncağına getməyə başladım. Xoş xəbəri çatdırmaq işində mənə kömək edən bacı-qardaşlarıma ürəkdən minnətdaram. Onlar məni tək qoymamağa çalışır və evə sağ-salamat çatmağım üçün qayğı göstərirdilər. Əminəm ki, mənim belə tez ayağa qalxmağımda Müqəddəs Kitabın audioyazısına qulaq asmağımın və diqqətimi ruhani işlərə yönəltməyimin köməyi olub.

Əməliyyatdan sonra atamın Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı öyrənməyə başladığını biləndə çox sevindim. Atam 73 yaşında vəftiz oldu və hal-hazırda Yehovaya səylə xidmət edir. 40-dan çox qohum-əqrəbam indi bizimlə birgə çiyin-çiyinə Allaha ibadət edir. Sol gözümün görmə sahəsinin zədələnməsinə və kəllə sümüyümün metalın köməyilə saxlanılmasına baxmayaraq, ümidimi itirməmişəm və Yehova Allahın yerüzü Cənnətdə «yeni şeylər yarad[acağı]» vaxtı səbirsizliklə gözləyirəm (Vəhy 21:3—5).

Məni sevən ömür-gün yoldaşım Allahın mənə xeyir-duasıdır. O, yığıncaqda nəzarətçi kimi xidmət edir. Gözəl qızım Klerista isə tammüddətli xidməti davam etdirməyim üçün mənə böyük dayaqdır. Yehova Allah xidmətimi bol-bol xeyir-dualandırıb. Bu günə kimi çox insana Allahın Kəlamının qüdrətini öz həyatlarında görməyə kömək etmişəm. Bu insanların 30-dan çoxu özlərini Allaha həsr edib vəftiz olublar.

Ümid dolu ürəklə mən Yehova Allahın bizi bu dünyanın əzab-əziyyətlərindən qurtaracağı və yer üzündə gözəl Cənnəti bərpa edəcəyi vaxtı böyük səbirsizliklə gözləyirəm.

[Haşiyələr]

a Allahın yer üzünə dair niyyəti barədə daha ətraflı məlumat əldə etmək üçün Yehovanın Şahidləri tərəfindən dərc olunan «Müqəddəs Kitab əslində nə öyrədir?» kitabının 3-cü fəslinə baxın.

b Yehovanın Şahidləri tərəfindən dərc olunurdu. Artıq dərc olunmur.

[10–cu səhifədəki şəkil]

Anamın qucağında

[10–cu səhifədəki şəkil]

Evimiz

[10–cu səhifədəki şəkil]

125 pilləli pilləkənin yanında

[11–ci səhifədəki şəkil]

Həyat yoldaşım (solda), qızım və valideynlərimlə

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş