Uşaqların dilindən tökülən ruhlandırıcı kəlmələr
2009-cu ilin dekabr ayında Rusiya Federasiyasının Ali Məhkəməsi Rusiyanın Taqanroq şəhərində Yehovanın Şahidlərinin yerli dini təşkilatının ləğv edilməsi, Padşahlıq zalının müsadirə edilməsi və nəşrlərimizdən 34-nün ekstremist elan olunması barədə qərarı dəstəklədi. Bu inanılmaz hadisələr barədə məlumat, uşaqlar da daxil olmaqla, bu qərarın təsir göstərdiyi Şahidlərin şəkilləri ilə birgə bizim rəsmi İnternet saytımızda yerləşdirilmişdi.
Bu hadisədən bir neçə ay keçmiş Rusiyada Yehovanın Şahidlərinin Mərkəzi İdarəsinə Kvinslenddə (Avstraliya) yaşayan və Yehovanın Şahidləri olan bir ailədən bağlama və məktub gəldi. Onlar məhkəmənin qərarı barədə həmin hesabatı oxumuşdular. Məktubda deyilirdi: «Əziz qardaşlar, uşaqlarımız Kodi və Larisa Rusiyadakı dostlarının üzləşdikləri sınaqlardan və təzahür etdirdikləri imandan çox təsirləndilər. Onlar açıqca və məktublar yazıblar, biz isə Taqanroqdakı uşaqlar üçün hədiyyələrdən ibarət olan balaca bir bağlama hazırladıq ki, çox uzaqda onlar kimi Yehovaya sədaqətlə xidmət edən və onları düşünən uşaqların olduğunu bilsinlər. Uşaqlarımız onlara qucaq dolu salamlarını və sevgilərini göndərirlər».
Taqanroqdakı uşaqlar hədiyyələri aldıqdan sonra Avstraliyadakı ailəyə şəkilli minnətdarlıq məktubları yazdılar. Rusiyadakı filialda xidmət edən bir qardaş bu uşaqların dilindən tökülən ruhlandırıcı kəlmələrdən təsirlənərək Kodi və Larisaya məktub yazdı: «Təsəvvür edirsiniz, həm uşaqlar, həm də böyüklər üçün etmədikləri işə görə cəzalandırılmaq nə qədər xoşagəlməzdir?! Taqanroqdakı bacı-qardaşlarımız pis iş görmədikləri bir halda, onların Padşahlıq zalını əllərindən alıblar. Həmin hadisə onları çox kədərləndirib. Bu uşaqlar biləndə ki, dünyanın o biri başında onları düşünənlər var, çox ruhlanacaqlar. Səmimiyyətinizə və səxavətinizə görə çox sağ olun!» (Məz. 8:2).
Biz, həqiqətən də, ümumdünya qardaşlığın bir hissəsiyik və bir-birimizə bəslədiyimiz məhəbbət bizə həyatdakı bütün təqib və çətinliklərin öhdəsindən gəlməyə kömək edir. Məhkəmə zallarında Yehovanın Şahidlərinin nəşrlərinin insanları ədavətə təhrik edib-etməməsinin mübahisəsi getdiyi bir vaxtda, uşaqlarımız milli və mədəni sərhədləri aşaraq, eləcə də İsanın növbəti sözlərinin doğruluğunu təsdiq edərək sakitcə bir-birlərinin rifahı üçün narahat olduqlarını göstərirlər: «Aranızda məhəbbət olsa, hamı biləcək ki, siz mənim şagirdimsiniz» (Yəh. 13:35).
[32–ci səhifədəki şəkillər]
Avstraliyadakı uşaqlardan (sağda) hədiyyələr alan Rusiyadakı uşaqlar (solda)