Oxucuların sualları
Məsihi özünümüdafiə məqsədilə odlu silah, məsələn, tüfəng və ya avtomat saxlaya bilər?
Məsihilər özlərini müdafiə etmək üçün müəyyən tədbirlər görə bilərlər, amma Müqəddəs Kitab prinsipləri çərçivəsində. Bu prinsiplərə əsasən, məsihinin özünümüdafiə məqsədilə tapanca, tüfəng kimi odlu silah saxlaması düzgün deyil. Gəlin bu məsələdə bizə düzgün qərar verməyə kömək edən bir neçə amili nəzərdən keçirək.
Yehovanın gözündə həyat müqəddəsdir, xüsusən də insan həyatı. Davud peyğəmbər Yehovaya xitabən demişdi: «Həyat mənbəyi Sənsən» (Zəb. 36:9). Özünü və mülkünü qorumaq məqsədilə münasib tədbirlər görmək qərarına gələn məsihi əlindən gələni etməlidir ki, heç kimin həyatına və qanına bais olmasın (Qan. 22:8; Zəb. 51:14).
Düzdür, insan özünümüdafiə məqsədilə istifadə etdiyi istənilən əşya ilə başqasının qanına bais ola bilər. Amma odlu silahla qəsdən və ya təsadüfən insanı qətlə yetirmək ehtimalı daha böyükdüra. Həmçinin onsuz da qəzəbli olan qəsbkar qarşı tərəfin silah çıxartdığını görəndə vəziyyət daha da gərginləşə və ölümlə nəticələnə bilər.
İsa yer üzündə yaşadığı sonuncu gecə davamçılarına özlərinə qılınc almağı tapşıranda bunu özünümüdafiə məqsədilə söyləməmişdi (Luka 22:36, 38). Məqsəd davamçılarına mühüm bir məsələni başa salmaq idi: onun davamçıları hətta üstlərinə silahlı dəstə hücum etsə belə, zorakılığa qarşı zorakılıq tətbiq etməməlidirlər (Luka 22:52). Butrus qılıncla baş kahinin nökərinin qulağını kəsəndə İsa ona demişdi: «Qılıncını qaytar qoy qınına». Sonra İsa bu gün də onun davamçılarının əldə rəhbər tutduğu bir prinsipi, çox vacib bir həqiqəti açıqladı: «Qılınc götürən hər kəs qılıncdan öləcək» (Mət. 26:51, 52).
Mikə 4:3 ayəsində yazıldığı kimi Allahın xalqı «qılınclarından gavahın, nizələrindən oraq» düzəldir. Əsl məsihiləri səciyyələndirən bu cəhət həvari Bulusun Allahın ilhamı ilə yazdığı növbəti çağırışa uyğun gəlir: «Heç kimə pislik əvəzinə pislik etməyin... Əlinizdən gələn qədər hamı ilə sülhdə olmağa çalışın» (Rom. 12:17, 18). Başı çox bəlalar çəksə də, «quldurların əlindən təhlükə» ilə üzləşsə də, Bulus dediyi sözə əməl edirdi, heç vaxt öz təhlükəsizliyini Müqəddəs Yazılardakı prinsiplərdən üstün tutmurdu (2 Kor. 11:26). O, Allaha və Onun Kəlamındakı «hərb silahından üstün» olan hikmətə güvənirdi (Vaiz 9:18).
Məsihilər üçün həyat puldan, vardan dəyərlidir. «İnsanın var-dövləti başından aşıb-daşsa da, həyatı bundan asılı deyil» (Luka 12:15). Əgər silahlı qarətçini şirin dillə yola gətirmək alınmırsa, İsanın «pis adama müqavimət göstərmə» məsləhətinə əməl etmək hikmətli addım olardı. Bu vəziyyətdə məsihi hətta ayədə deyildiyi kimi üst paltarını da, köynəyini də, yəni qarətçinin istədiyi hər şeyi verməyə hazır olmalıdırb (Mət. 5:39, 40; Luka 6:29). Ən yaxşısı isə bu vəziyyətin yaranmaması üçün əvvəlcədən tədbir görməkdir. Əgər varımızı nümayişə qoymasaq və qonum-qonşunun yanında mehriban, sakit məsihi kimi tanınsaq, cinayətkarların qurbanı olmaq təhlükəsindən qaça bilərik (1 Yəh. 2:16; Məs. 18:10).
Məsihilər başqalarının vicdanını nəzərə alırlar (Rom. 14:21). Yığıncaqda bilinsə ki, məsihi özünü müdafiə etmək üçün silah saxlayır bu, bacı-qardaşlardan kimisə şoka sala, hətta imanını sarsıda bilər. Silah saxlamağa hüquqi cəhətdən haqqımız çatsa da, məhəbbət bizi başqalarının rifahını özümüzünkündən üstün tutmağa, onların imanını sarsıdan hərəkət etməməyə təşviq edəcək (1 Kor. 10:32, 33; 13:4, 5).
Məsihilər nümunəvi olmağa çalışırlar (2 Kor. 4:2; 1 But. 5:2, 3). Əgər Müqəddəs Kitabdan məsləhət veriləndən sonra da məsihi özünümüdafiə üçün silah saxlamaq qərarına gələrsə, o, nümunəvi sayıla bilməz. Bu səbəbdən ona yığıncaqda məsuliyyətlər verilməyəcək. Eyni vəziyyət işi ilə bağlı silah daşıyan məsihiyə də aid olunur. Bu halda ən yaxşısı odur ki, məsihi başqa iş tapsınc.
İş məsələsində olduğu kimi, özünü, ailəsini və əmlakını necə qoruyacağı da məsihinin şəxsi seçimidir. Amma bu seçim hikmətli Yaradanımızın məhəbbətdən irəli gələrək verdiyi prinsiplərə əsaslanmalıdır. Bu prinsipləri nəzərə alaraq yetkin məsihi özünümüdafiə məqsədilə odlu silah saxlamır. Məsihilər əmindirlər ki, Allaha güvənsələr və Müqəddəs Kitab prinsiplərinə riayət etsələr, əbədiyyən sakit və firavan həyat yaşayacaqlar (Zəb. 97:10; Məs. 1:33; 2:6, 7).
Böyük müsibətdə məsihilər müdafiə üçün Yehova Allaha sığınacaqlar, özlərinin müdafiəsinə qalxmayacaqlar
a Ola bilsin, məsihi ov ovlamaq və ya vəhşi heyvanlardan qorunmaq məqsədilə odlu silah (tüfəng və ya avtomat) saxlamaq qərarına gəlsin. Silahı istifadə etməyəndə onun içini boşaltmaq, sökmək və gözdən uzaq yerdə saxlamaq məsləhətdir. Silah saxlamağın qadağan olduğu, məhdudiyyət qoyulduğu və qanunla tənzimləndiyi ölkələrdə yaşayan məsihilər qanuna tabe olmalıdır (Rom. 13:1).
b Özünü cinsi təcavüzdən qorumaqla bağlı məlumat üçün «Oyanın!» jurnalının 1993-cü il oktyabr sayının 6—8 səhifələrinə (türk.) və «Gənclərin sualları. Praktiki məsləhətlər» kitabının birinci cildinin 32-ci fəslinə baxın.
c İşlə əlaqədar silah daşımaqla bağlı əlavə məlumatı «Gözətçi qülləsi» jurnalının 2005-ci il 1 noyabr sayının 31-ci səhifəsində (türk.) və 1984-cü il 1 fevral sayının 24—26 səhifələrində (türk.) tapa bilərsiniz.