DƏRS 29
Səs
TƏKCƏ deyilən sözlər yox, həm də onların necə deyilməsi insanlara böyük təsir göstərir. Biz səsində mülayimlik, mehribanlıq və xeyirxahlıq duyulan adama qulaq asmağa daha meyilli oluruq, nəinki sərt və kobud səsli adama, elə deyilmi?
Yaxşı səs təkcə səsin yaranma mexanizmindən asılı deyil. Bu, həm də insanın xasiyyəti ilə bağlı ola bilər. İnsan Müqəddəs Kitab həqiqətlərini öyrənib, onları tətbiq etdikcə, xasiyyətindəki dəyişikliklər onun danışıq tərzində də özünü büruzə verir. Məhəbbət, sevinc və xeyirxahlıq kimi Allaha məqbul keyfiyyətlər onun səsində əks olunur (Qalat. 5:22, 23). Başqaları ilə səmimi-qəlbdən maraqlanması səsindən görünür. Dərin kök salmış narazılıq hissi minnətdarlıqla əvəz olunanda həm sözlər, həm də səsin tonu bunu aydın göstərir (Mərs. 3:39-42; 1 Tim. 1:12; Yəhuda 16). Hətta dilini başa düşməyəndə də, insanın təkəbbürlə, hövsələsiz, tənqidi, kobud, yoxsa təvazökarlıqla, səbirlə, xeyirxahlıqla və məhəbbətlə danışdığını ayırd etmək çətin olmur.
Bəzi hallarda xoşagəlməz səs qırtlağı zədələyən xəstəliyin, yaxud irsən keçən qüsurun nəticəsi ola bilər. Nə qədər ki, bu sistemdə yaşayırıq bu kimi səbəblərin tamamilə aradan qalxması mümkün olmayacaq. Ancaq nitq orqanlarından düzgün istifadə etməyi öyrənməklə vəziyyəti yaxşılaşdırmaq olar.
İlk öncə, etiraf etmək lazımdır ki, hər kəsin özünəməxsus səsi var. Səsini başqasının səsinə bənzətməyə çalışma. Əksinə, özünəməxsus çalarları ilə birlikdə səsinin potensial imkanlarını üzə çıxarmağa çalış. Bu işdə nəyin köməyi dəyə bilər? İki əsas amilin.
Düzgün tənəffüs. Səsin yaxşı çıxması üçün ağciyərlərdə kifayət qədər hava ehtiyatının olması, eləcə də düzgün nəfəs almaq vacibdir. Əks təqdirdə səs zəif çıxacaq və nitq qırıq-qırıq olacaq.
Ağciyərlərin ən böyük hissəsi döş qəfəsinin yuxarı hissəsində yerləşmir; sadəcə çiyin sümüklərinin sayəsində bu hissə enli görunür. Əksinə, ağciyərlərin ən böyük hissəsi diafraqmanın düz üstündə yerləşir. Alt qabırğalara yapışan diafraqma döş boşluğunu qarın boşluğundan ayırır.
Nəfəs alarkən ağciyərlərin yalnız yuxarı hissəsini hava ilə doldursan, tez bir zamanda nəfəsin tükənəcək, səsin zəifləyəcək və yorulacaqsan. Düzgün nəfəs almaq üçün çiyinlərini arxaya verib, düz oturmaq və ya düz durmaq lazımdır. Diqqətli ol ki, danışmazdan əvvəl nəfəs alanda döş qəfəsinin yalnız yuxarı hissəsi genişlənməsin. Əvvəlcə ağciyərlərinin aşağı hissəsini hava ilə doldur. Bu hissə hava ilə dolanda döş qəfəsinin aşağı hissəsi yanlara genişlənir. Bu an diafraqma mədəni və bağırsaqları yüngülcə sıxaraq, aşağı enir, buna görə də bu zaman kəmərin dartıldığını hiss edirik. Ancaq ağciyərlər qarın boşluğunda yox, döş qəfəsində yerləşir. Düzgün nəfəs alıb-almadığını yoxlamaq üçün əllərini hər iki tərəfdən aşağı qabırğalarının üstünə qoy və dərindən nəfəs al. Əgər düzgün nəfəs alırsansa, qarnın çəkilməyəcək və çiyinlərin qalxmayacaq. Əksinə, qabırğalarının azacıq genişlənib qalxdığını hiss edəcəksən.
Sonra nəfəs vermək üzərində işlə. Ağciyərlərindəki havanın hamısını birdən buraxma. Nəfəsini yavaş-yavaş ver. Nəfəsverməni boğazını gərərək tənzimləməyə çalışma. Yoxsa səsin gərgin, ya da çox hündürdən çıxacaq. Qabırğaarası və qarın əzələlərinin təzyiqi havanı qovur, diafraqma nəfəsvermənin sürətini tənzimləyir.
Qaçışçı yarışdan əvvəl məşq etdiyi kimi, natiq də məşq edərək tənəffüsünü tənzimləməyi öyrənməlidir. Çiyinlərini geri verərək dik dur, elə nəfəs al ki, ağciyərlərinin aşağı hissəsi hava ilə dolsun. Sonra yavaş-yavaş və mümkün qədər çox sayaraq, tədricən nəfəsini burax. Bundan sonra eyni cür nəfəs alaraq ucadan oxumağı məşq et.
Sıxılmış əzələləri boşalt. Səsin yaxşı çıxması üçün digər vacib amil budur! Danışarkən özünü boş tutmağı öyrənsən, əldə edəcəyin nailiyyətlər səni təəccübləndirəcək. Həm daxili gərginliyini aradan qaldırmalı, həm də bədənini boş tutmalısan, çünki zehni gərginlik əzələləri də gərginləşdirir.
Zehni gərginliyi dinləyicilərinə düzgün münasibət göstərməklə aradan qaldıra bilərsən. Ola bilər, Müqəddəs Kitabı bir neçə aydır öyrənirsən və Padşahlığın yeni təbliğçisisən. Hətta belə olduqda da, yadda saxla ki, xidmət zamanı Yehovanın niyyəti haqqında insanlarla bölüşə biləcəyin dəyərli biliyə maliksən. Həm də özlərinin hiss edib-etmədiklərindən asılı olmayaraq, köməyə ehtiyacları olduğu üçün sən onlara baş çəkirsən. Digər tərəfdən, əgər Padşahlıq Zalında çıxış edirsənsə, yadda saxla ki, auditoriyanın əksəriyyətini Yehovanın xidmətçiləri təşkil edir. Onlar sənin dostlarındır və sənin uğur qazanmağını istəyirlər. Heç bir başqa natiq bizim kimi belə mehriban və məhəbbətli auditoriya qarşısında çıxış etmir.
Boğaz əzələlərində gərginliyi azaltmaq üçün diqqətini bu əzələlərə yönəlt və məqsədyönlü şəkildə onları boşaltmağa çalış. Yadda saxla ki, səs tellərinin arasından hava keçəndə onlar titrəyir. Kamançanın və ya tarın simlərini sıxıb boşaldanda onun səsinin hündürlüyü dəyişdiyi kimi, bizim də səsimizin hündürlüyü boğaz əzələlərinin dartılıb-boşalmasına müvafiq olaraq dəyişir. Səs telləri boşalanda səs alçaqdan çıxır. Boğaz əzələlərini boşaltmaq həm də burun yollarını açıq saxlamağa kömək edir ki, bu da əhəmiyyətli dərəcədə səsə öz təsirini göstərir.
Bütün bədənini — dizlərini, əllərini, çiyinlərini, boynunu boşalt. Bu, səsin bərkdən çıxması üçün lazım olan rezonansın (bədənin müəyyən hissələrində yaranan titrəyiş sayəsində səslərin güclənməsi) yaranmasına kömək edəcək. Bütün bədən rezonator rolunu oynayanda rezonans yaranır, gərginlik isə buna mane olur. Qırtlaqda yaranan səs təkcə burun boşluğunda yüksəlmir; döş qəfəsi, dişlər, damaq və boşluqlar da rezonator rolunu oynayır. Gitaranın dekasına ağır bir şey qoysan, səs boğuq çıxacaq. Səsin yaxşı əks olunması və hündürdən çıxması üçün dekanın üstü boş olmalıdır. Əzələlər sayəsində möhkəm duran skelet haqda da eyni şeyi demək olar. Rezonans səsdə düzgün dəyişikliklər etməyə və müxtəlif hissləri ifadə etməyə kömək edir. Səs tellərini gücə salmadan böyük auditoriyaya müraciət edə biləcəksən.