Risklə dolu dünyada təhlükəsizliyə nail olmaq necə mümkündür?
MİNALANMIŞ sahədə yerimək ölümlə nəticələnə bilər. Ancaq minaların harada yerləşdirildiyini göstərən xəritəmiz olsa, hər şey tamamilə başqa cür olardı. Bundan əlavə, təsəvvür etmək olar ki, biz xüsusi tə’lim keçmişik və hansı minanın harada yerləşdiyini müəyyən edə bilirik. Şübhəsiz, belə biliyə sahib olduqda, partlayışdan ölmək və ya şikəst olmaq təhlükəsi nisbətən azalır.
Müqəddəs Kitabı, minaların yerini göstərən və onları müəyyən etmək üçün lazımi bilik verən xəritə ilə müqayisə etmək olar. Müqəddəs Kitabda, təhlükəli vəziyyətlərdən qaçınmağa və həyatda yaranan çətinliklərin öhdəsindən gəlməyə kömək edən misli olmayan hikmət yerləşir.
Süleymanın məsələləri 2:10, 11-ci ayələrində sevindirici və’d verilir: “Sənin ürəyinə hikmət girəcək və canına bilik xoş gələcək; ağıl səni mühafizə edəcək; anlayış səni qoruyacaq”. Burada xatırladılan hikmət və ağılın mənbəyi insan yox, Allahdır. “Məni [Allahın hikmətini] dinləyən təhlükəsizlikdə yaşayacaqdır. Və pislikdən qorxusu olmayıb rahatlıq tapacaqdır” (Süleymanın məsəlləri 1:33). Gəlin görək, Müqəddəs Kitab daha təhlükəsiz olmağımıza və bir çox problemlərdən qaçınmağımıza necə kömək edir.
Bədbəxt hadisələrdən qaçınmaq mümkündür
Bu yaxınlarda Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən dərc olunmuş statistika göstərir ki, bütün dünyada baş verən yol nəqliyyatı qəzaları nəticəsində hər il təxminən 1 771 000 adam həlak olur. Təxminən 40 milyon yaralanır, 8 milyondan artıq insan isə uzun müddətə şikəst olur.
Sürücü öz təhlükəsizliyini bütünlüklə tə’min edə bilməsə də, yol hərəkatı qaydalarına riayət etməmiz, şəxsi təhlükəsizliyimizi xeyli dərəcədə artırır. Müqəddəs Kitabda, belə qaydaları tə’yin edən hakimlər haqqında deyilir: “Hər adam öz üzərində olan hakimlərə tabe olsun” (Romalılara 13:1). Bu məsləhətə riayət edən avtomobilçilər, dəhşətli nəticələrə səbəb olan bədbəxt hadisələrin təhlükəsini azaldırlar.
Bizi avtomobil təhlükəsizliyi qaydalarına riayət etməyə təşviq edən, həyata olan hörmətdir. Müqəddəs Kitabda Yeqova Allah haqqında deyilir: “Həyatın qaynağı səndədir” (Məzmur 36:9). Beləliklə, həyat Allahın ən’amıdır. Deməli, bu ən’amı başqalarından almağa və ya kiminsə həyatına, hətta öz həyatımıza belə, e’tinasız yanaşmağa haqqımız yoxdur (Təkvin 9:5, 6).
Təbiidir ki, həyata hörmət ediriksə, imkan daxilində maşınımızda və evimizdə təhlükəsizliyin qeydinə qalacağıq. Qədim İsraildə həyatın hər bir sahəsində təhlükəsizliyə böyük üstünlük verilirdi. Məsələn, Allahın Qanunu, ev tikilən zaman damda - adətən ailəliklə hamının toplaşdığı yerdə - məhəccər olmasını tələb edirdi. “Yeni ev tikdiyin zaman damın üçün məhəccər düzəldəcəksən, ta ki, oradan biri düşərsə, evinin üzərinə qan gətirməyəsən” (Təsniyə 22:8). Bu cür təhlükəsizlik tədbirləri nəzərə alınmadığı üçün, kim isə damdan yıxılardısa, Allah ev sahibini məs’uliyyətə cəlb edirdi. Şübhəsiz, bu qanuna əsaslanan faydalı prinsipin tətbiq edilməsi sayəsində, həm işdə, həm əyləncə yerlərində bədbəxt hadisələrin sayını xeyli azaltmaq olar.
Ölümlə nəticələnən vərdişlərlə mübarizə
ÜST-in mə’lumatına əsasən, hal-hazırda dünyada bir milyarddan artıq adam siqaret çəkir və hesab olunduğu kimi, tütünün istifadə edilməsi, yalnız bir il ərzində təxminən dörd milyon insanın ölümünə səbəb olur. Bu rəqəmin növbəti 20—30 il ərzində təxminən 10 milyona qədər artacağı gözlənilir. Bu məhvedici vərdişlər, milyonlarla başqa siqaret çəkənlərin və narkomanların səhhətini pozacaq və həyatlarının keyfiyyətini pisləşdirəcəkdir.
Allahın Kəlamında narkomanlıq və tütündən istifadə etmək haqqında konkret olaraq xatırladılmasa da, onun prinsipləri bizi bu pis vərdişlərdən mühafizə edir. Məsələn, 2 Korinflilərə 7:1-də məsləhət verilir: “Özümüzü hər bir bədən və ruh murdarlığından təmizləyək”. Tütün və narkotikin bədəni çoxlu zərərli maddələrlə murdarlaması və ya çirkləndirməsi heç kimdə şübhə oyatmır. Bundan əlavə, Allah bədənlərimizin “müqəddəs”, yə’ni pak olmasını istəyir (Romalılara 12:1). Məgər razı deyilsinizmi ki, bu prinsiplərin tətbiq edilməsi, insanın həyatında qarşılaşdığı təhlükələri xeyli dərəcədə azaldır?
Məhvedici vərdişlərin öhdəsindən gəlmək
İnsanların çoxu yeməyə və içməyə münasibətdə tarazlığı qorumurlar. Həddindən artıq yemək şəkər xəstəliyi, xərçəng və ürək xəstəlikləri ilə nəticələnə bilər. Spirtli içkilərdən sui-istifadə etmək, həmçinin ailələrin dağılması, avtomobil qəzaları, içki düşkünlüyü və qaraciyər sirrozu kimi başqa problemlərə səbəb olur. Tarazlığı qorumamağın digər tərəfi - həddindən artıq pəhrizə meyl etməkdir. Bu isə zərərlidir və həyat üçün təhlükə yaradan iştahsızlığa gətirib çıxara bilər.
Müqəddəs Kitab tibbi kitab olmasa da, yemək və içməyə dair tarazlığı qorumağın vacibliyi haqqında açıq-aşkar məsləhətlər verir. “Oğlum, dinlə və hikmətli ol və yolda ürəyini doğrult. Çox şərab içənlərin, ətə düşkün olanların arasında olma; çünki əyyaş və acgöz kasıb olar” (Süleymanın məsəlləri 23:19—21). Bununla belə, Müqəddəs Kitabda deyilir ki, yemək və içmək insana həzz verməlidir. “Hər adamın yeyib içməsi və bütün əməyindən yaxşılıq görməsi Allahın vergisidir” (Vaiz 3:13).
Müqəddəs Kitab, həmçinin bədən tərbiyəsi ilə məşğul olmağa tarazlaşmış şəkildə yanaşmağa təşviq edərək, “cismani məşqdən fayda”nın az olduğunu söyləyir. Ancaq bunları da əlavə edir: “Allah yolunda yerimək isə hər şey üçün faydalıdır, çünki indiki və gələcək həyat üçün ümid verir” (1 Timoteyə 4:8). Siz soruşa bilərsiniz: Allah yolunda yerimək və ya Allaha sadiq qalmaq artıq indidən hansı faydanı gətirir? Allah yolunda yeriməyin faydalı cəhətləri çoxdur. Allaha sadiqlik həyatımızı ruhən zənginləşdirməkdən əlavə, bizdə məhəbbət, sevinc, sülh və özünə hakim olmaq kimi gözəl xüsusiyyətləri gücləndirir; bütün bunların hamısı isə müsbət nöqteyi-nəzər inkişaf etdirməyə və sağlamlığı qorumağa kömək edir (Qalatiyalılara 5:22, 23).
Əxlaqsızlığın acı nəticələri
Bu gün milyonlarla insanlar bütün əxlaq normalarını unudublar. Bunun nəticələrindən biri, QİÇS epidemiyasıdır. ÜST-in mə’lumatına əsasən, bu epidemiyanın başladığı andan 16 milyon insan həlak olmuşdur, hal-hazırda isə 34 milyon insan QİÇS-lə nəticələnən İİV virusuna tutulmuşdur. Bir çoxları QİÇS xəstəliyinə əxlaqsız cinsi əlaqə, narkomanlıq - çünki narkomanlar çirkli şprislərdən istifadə edirlər - eləcə də mikroblu qanı köçürmə nəticəsində tutulurlar.
Əxlaqsız həyat tərzi dəmrov, süzənək, hepatit V və S, həmçinin sifilis kimi xəstəlikləri özünə daxil edir. Müqəddəs Kitabın yazıldığı dövrdə bu cür tibbi terminlər istifadə olunmurdu. Lakin buna baxmayaraq, insanlar, o zaman yayılmış olan, cinsi yollarla ötürülən xəstəliklərin hansı orqanlara tə’sir göstərdiyini bilirdilər. Məsələn, Süleymanın məsəlləri 7:23 ayəsində zinanın dəhşətli nəticələri, insanın “ciyərinə keçən oxa” bənzədilir. Hepatit kimi, sifilis də adətən qaraciyərə zərbə endirir. Müqəddəs Kitabın qandan və cinsi əxlaqsızlıqdan çəkinmək məsləhəti məsihçilərə necə də vaxtında verilmişdir! (Həvarilərin işləri 15:28, 29).
Pulpərəstlik toru
Çoxları tez varlanmaq arzusu ilə riskə girişərək, pullarını müxtəlif müəssisələrə qoyurlar. Ancaq təəssüflər olsun ki, çox vaxt bu cür risk maddi itkiyə və ya iflasa yol açır. Allahın xidmətçilərinə isə Müqəddəs Kitab məsləhət verir: “Öz əllərinin əməyi ilə yaxşı iş görsün ki, ehtiyacı olanlarla bölüşdürməyə bir şeyi olsun” (Efeslilərə 4:28). Əlbəttə, sə’ylə çalışan kəs həmişə zəngin ola bilmir. Lakin o, ürəyində əmin-amanlığa və mənliyə sahibdir, hətta ola bilsin, dəyərli bir iş üçün ianə edə biləcəyi, qənaət etdiyi müəyyən məbləğdə pulu da vardır.
Müqəddəs Kitab xəbərdarlıq edir: “Varlanmaq istəyənlər isə yoldan çıxır və tora düşürlər və insanları fəlakətə və həlaka aparan bir çox mə’nasız və ziyanverici ehtiraslara qapılırlar. Çünki hər cür pisliyin kökü pulpərəstlikdir. Buna qapılan bə’ziləri... özlərinə bir çox əzablar çəkdirdilər” (1 Timoteyə 6:9, 10). İnkar etmək olmaz ki, “varlanmaq istəyənlər”in çoxu öz məqsədlərinə nail olurlar. Bəs onlar bunu nəyin bahasına edirlər? Sirr deyil ki, buna görə onların sağlamlıqları, ailələri, ruhani vəziyyətləri əziyyət çəkir, hətta yuxusuz qalırlar! (Vaiz 5:12).
Müdrik başa düşür ki, “insan həyatı onun var dövlətinin çoxluğundan asılı deyil” (Luka 12:15). Əlbəttə, əksər hallarda cəmiyyətdə pulsuz və bə’zi əşyalarsız dolanmaq mümkün deyil. Müqəddəs Kitabda deyilir: “Gümüş sipərdir”, ancaq elə buradaca əlavə olunur: “Biliyin üstünlüyü odur ki, hikmət öz sahibini yaşadır” (Vaiz 7:12). Puldan fərqli olaraq, həqiqi bilik və müdriklik istənilən vəziyyətdə, xüsusilə də həyati vacib məsələlər həll olunan zaman bizə kömək edə bilər (Süleymanın məsəlləri 4:5—9).
Yalnız müdrikliyin sizi qoruyacağı zaman
Tezliklə həqiqi müdriklik, ona sahib olanları valehedici tərzdə qoruyacaqdır. Bu, sür’ətlə yaxınlaşan, Allahın pisləri məhv edəcəyi “böyük məşəqqət” zamanı baş verəcəkdir (Matta 24:21). Müqəddəs Kitabda deyildiyi kimi, həmin vaxt insanlar pullarını “murdar şey” olaraq küçəyə atacaqlar. Nə üçün? Çünki onlar, acı təcrübələrində öyrənəcəklər ki, qızıl və gümüş “RƏBBİN qəzəb günündə” həyatı satın almır (Hezekiel 7:19). Ancaq ehtiyatla “göydə xəzinə yığan”, yə’ni ilk növbədə ruhani tələbatlarının qeydinə qalan “böyük izdiham”, son dərəcə qiymətli mükafat alacaq və yer üzü cənnətdə əbədiyyən yaşayacaqdır (Vəhy 7:9, 14; 21:3, 4; Matta 6:19, 20).
Təhlükəsiz bu gələcəyə necə nail ola bilərik? İsa cavab verir: “Əbədi həyat o deməkdir ki, Səni, vahid həqiqi Allahı və göndərdiyin İsa Məsihi tanısınlar” (Yəhya 17:3). Milyonlarla insanlar bu biliyi Allahın Kəlamı olan Müqəddəs Kitabda tapıblar. Bu insanlar gözəl gələcəyə həm ümid edir, həm də artıq indidən onların həyatı əhəmiyyətli dərəcədə sakit və təhlükəsiz olubdur. Məzmurçunun izah etdiyi kimi: “Həm sülh içində yatacağam, həm də yuxuya dalacağam; çünki ancaq sən, ya RƏB, məni təhlükəsizlikdə yaşadırsan” (Məzmur 4:8).
Hər hansı başqa bilik mənbəyi, həyatımızın və sağlamlığımızın mə’ruz qaldığı təhlükəni azaltmağa kömək edə bilən Müqəddəs Kitabla müqayisə oluna bilərmi? Ondan nüfuzlu mənbə tapmaq mümkün deyil. Başqa heç bir kitab, bugünkü, risklə dolu həyatda bizə həqiqi təhlükəsizliyə yol göstərə bilməz. Nəyə görə bu kitabı daha dəqiq tədqiq etməyəsiniz?
[6-cı səhifədəki çərçivə/şəkil]
Müqəddəs Kitab sağlamalığa və təhlükəsizliyə aparan yoldur
Ceyna adlı gənc qadın həyatın acı həqiqətlərindən qaçmaq üçün, adətən marixuana, tütün, kokain, amfetaminlər, LSD və başqa narkotik maddələr qəbul edirdi. Həmçinin çox içirdi. Ceynin sözlərinə görə, ərinin vəziyyəti onun vəziyyətindən heç də yaxşı deyildi. Gələcək onlara qaranlıq görünürdü. Bir dəfə Ceyn, Yeqovanın Şahidləri ilə tanış oldu. O, məsihçi yığıncaqlarına getməyə, “Gözətçi Qülləsi” və “Oyanın!” jurnallarını oxuyub, öyrəndiklərini əri ilə bölüşməyə başladı. Onlar hər ikisi Müqəddəs Kitabı Şahidlərlə öyrənməyə başladılar. Yeqovanın yüksək normalarını sevdikcə, bihuşedici maddələri qəbul etməyi dayandırdılar. Bu onlara necə tə’sir göstərdi? Bir neçə ildən sonra Ceyn yazırdı: “Yeni həyatımız bizə böyük sevinc gətirdi. Mən Yeqovaya, insanları paklaşdıran Kəlamının gücünə, zərərli vərdişlərdən azad olduğumuza və sağlam həyat sürdüyümüzə görə çox minnətdaram”.
Kurt ilə baş verən hadisə, əyani olaraq düzgünlüyün gətirdiyi faydanı göstərir. O, kompüter sistemləri ilə işləyirdi. Bir dəfə müdir Kurta əlverişli qiymətə yeni avadanlıq almasını tapşırdı. Kurt, avadanlığı ala biləcəyi firmanın yerini müəyyən etdi və onlar qiymət məsələsində razılığa gəldilər. Lakin firmanın müavini, qiymət qeyd olunan sənəddə səhvə yol verdi. Qeyd olunan qiymət, müqavilədə nəzərdə tutulmuş qiymətdən təxminən 40 000 (ABŞ) dollar aşağı idi. Kurt səhvi başa düşən zaman, həmin firmaya zəng etdi; firmanın meneceri, işlədiyi son 25 il ərzində bu cür düzgün insana rast gəlmədiyini bildirdi. Kurt izah etdi ki, onun vicdanı Müqəddəs Kitaba əsasən tərbiyələndirilib. Nəticədə menecer ticarət sahəsində düzgünlük haqqında bəhs edən 300 nüsxə “Oyanın!” jurnalı xahiş etdi və işçilərinə payladı. Kurtu isə vəzifəcə yüksəltdilər.
[Haşiyə]
a Məqalədəki adlar dəyişdirilib.
[7-ci səhifədəki şəkil]
“Faydalı olanı sənə öyrədən... Allahın RƏBB [Yeqova] mənəm” (İŞAYA 48:17).