Həqiqəti mənimsəmisinizmi?
“Allahın yaxşı, məqbul və kamil iradəsinin nə olduğunu dərk etmək üçün ağlınızın yenilənməsi ilə kökündən dəyişin” (ROMALILARA 12:2).
1, 2. Bu gün məsihçi olmaq nə üçün asan deyil?
BU SON günlərdə - “çətin anlar”da - məsihçi olmaq asan deyildir (2 Timoteyə 3:1). Məsihin göstərdiyi nümunəyə riayət etmək üçün, dünyaya qalib gəlmək lazımdır (1 Yəhya 5:4). İsanın məsihçi yolu haqqında dediyini xatırlayaq: “Dar qapıdan girin; çünki həlaka aparan qapı geniş və yol enlidir; və ondan girənlər çoxdur. Çünki həyata aparan qapı dar və yol ensizdir və onu tapanlar azdır”. O, həmçinin dedi: “Kim ardımca gəlmək istəyirsə, qoy özünü inkar etsin və çarmıxını götürüb Məni izləsin” (Matta 7:13, 14; Luka 9:23).
2 Həyata aparan ensiz yolu tapdıqdan sonra, məsihçinin növbəti çətinliyi bu yolda qalmaqdır. Bu nəyə görə asan deyil? Ona görə ki, Allaha həsr edilib vəftiz olunduqdan sonra, Şeytan bizə qarşı hiylələr qurmağa başlayır (Efeslilərə 6:11). O, bizim zəif yerlərimizi tapır və ruhaniliyimizi parçalamaq məqsədilə bu zəif yerlərə hücum edir. Əgər Şeytan, İsanı ruhən sarsıtmağa çalışırdısa, bizi rahat buraxacağına ümid etmək olarmı? (Matta 4:1—11).
Şeytanın hiylələri
3. Şeytan Həvvanın zehnində şübhə toxumunu necə əkdi?
3 Şeytanın hiyləgər üsullarından biri, zehnimizə şübhə toxumu səpməkdir. O, ruhani dəbilqəmizdə zəif yerlər axtarır. Bu üsulu lap başlanğıcda Həvvaya qarşı tətbiq edərək soruşdu: “Gerçək, Allah: “Bağçanın heç bir ağacından yeməyəcəksiniz” dedimi?” (Təkvin 3:1). Başqa sözlərlə desək, Şeytan soruşurdu: “Allah sizə necə qadağan edə bilərdi? O, sizi bu cür ne’mətlərdən necə məhrum edə bilərdi? Allah bilir ki, ondan yediyiniz gün gözləriniz açılacaq və siz, yaxşını və pisi bilərək Allah kimi olacaqsınız!” Şeytan şübhə toxumu əkib, onun cücərməsini gözlədi (Təkvin 3:5).
4. Bizim zəmanədə kimdə isə hansı şübhələr yarana bilər?
4 Şeytan həmin üsuldan bu gün necə istifadə edir? Əgər biz, Müqəddəs Kitabın oxunmasına, şəxsi öyrənməyə, duaya, məsihçi xidmətinə və yığıncaq görüşlərinə lazımi diqqəti ayırmırıqsa, başqaları tərəfindən söylənilən şübhəli fikirlərin qarşısında müdafiəsiz bir vəziyyətdə olacağıq. Məsələn, kim isə soruşa bilər: biz haradan bilirik ki, bu, İsanın öyrətdiyi həqiqətdir? Doğrudurmu ki, biz son günlərdə yaşayırıq? Axı artıq XXI əsrdir. Har-Megidon yaxındırmı, yoxsa hələ çoxmu uzaqdır? Əgər kimdə isə bu cür şübhələr yaranırsa, onlarla necə mübarizə aparmaq olar?
5, 6. Şübhələr yaranan zaman biz nə etməliyik?
5 Yaqub belə bir praktiki məsləhət verdi: “Əgər sizlərdən birinin hikməti əksikdirsə, hər kəsə comərdliklə və gileylənməyərək verən Allahdan [“daima”, YD] diləsin, ona veriləcəkdir. Amma qoy imanla diləsin, heç şübhə etməsin. Çünki şübhə edən, küləyin qaldırdığı və təlatümə gətirdiyi dəniz dalğasına bənzər. Qoy belə bir adam düşünməsin ki, Rəbbdən bir şey alacaqdır. Mütərəddid adam etdiyi heç bir şeydə sabit deyil” (Yaqub 1:5—8).
6 Beləliklə, biz nə etməliyik? “Allahdan daima” iman və anlayış, həmçinin bu və ya digər sualları aydınlaşdırmaq, ya da şəxsi öyrənmə zamanı şübhələri həll etmək üçün sə’ylərimizdə bizə yardım etməsini diləməliyik. Eyni zamanda Yeqovanın bizə lazım olan yardımı göstərəcəyinə şübhə etmədən, imanda güclü olanlardan da kömək diləyə bilərik. Yaqub habelə yazırdı: “Allaha tabe olun, iblisə isə qarşı durun və o, sizdən qaçacaqdır. Allaha yaxınlaşın, O da sizə yaxınlaşar”. Bəli, əgər biz öyrənmə və dua vasitəsilə Allaha yaxınlaşarıqsa, şübhələrimiz aradan qaldırılacaqdır (Yaqub 4:7, 8).
7, 8. İsanın öyrətdiyi ibadət üsulunu müəyyən etməkdə bə’zi me’yarlar hansılardır və bu me’yarlara kimlər cavab verir?
7 Misal üçün, belə bir sual üzərində düşünək: Nədən bilək ki, Allaha, İsanın öyrətdiyi kimi ibadət edirik? Bunu hansı me’yarlarla müəyyən etmək olar? Müqəddəs Kitabın göstərdiyi kimi, məsihçilər arasında həqiqi məhəbbət olmalıdır (Yəhya 13:34, 35). Onlar Allahın Yeqova adını izzətləndirməlidirlər (İşaya 12:4, 5; Matta 6:9). Onlar bu adı bəyan etməlidirlər (Çıxış 3:15; Yəhya 17:26).
8 Həqiqi ibadətin başqa bir fərqləndirici cəhəti - Allahın Kəlamı olan Müqəddəs Kitaba hörmət göstərməkdir. Bu, Allahın şəxsiyyətini və niyyətlərini açıqlayan yeganə kitabdır (Yəhya 17:17; 2 Timoteyə 3:16, 17). Bundan əlavə, məsihçilər Allahın Padşahlığı haqqındakı müjdəni - yer üzü cənnətdə əbədi həyata yeganə ümid verən müjdəni - bəyan edirlər (Mark 13:10; Vəhy 21:1—4). Onlar, bu dünyaya xas olan pozucu siyasətdən və ləkələyici həyat tərzindən kənar dururlar (Yəhya 15:19; Yaqub 1:27; 4:4). Bu gün bu me’yarlara kimlər cavab verir? Faktlar göstərir ki, yalnız Yeqovanın Şahidləri.
Şübhələr davam edirsə, nə etməli?
9, 10. Şübhələr keçib getmirsə nə etməli?
9 Şübhələr keçib getmirsə, nə etməli? Necə olmalı? Müdrik padşah Süleyman cavab verir: “Oğlum, qulağını hikmətə çevirərək və anlayışa ürəyini meylləndirərək, sözlərimi qəbul edər və əmrlərimi yanında saxlarsansa; gerçək, əgər idrakı çağırar və anlayışa səsini yüksəldərsənsə; əgər gümüş axtarar kimi onu axtarar və xəzinələr araştırar kimi onu araşdırarsansa; RƏB qorxusunu o zaman anlayacaqsan və Allah biliyini tapacaqsan” (Süleymanın məsəlləri 2:1—5).
10 Gözəl fikirdir, elə deyilmi? Allahın müdrikliyinə diqqət yetirməyə hazırıqsa, “Allah biliyini taparıq”. Bəli, Allahın sözlərini qəbul etməyə və qoruyub saxlamağa hazırıqsa, o zaman Küll-İxtiyar Rəbb haqqında bilik əldə edə bilərik. Bunun üçün isə, duanın və şəxsi öyrənmənin köməyi ilə Yeqovaya müraciət etmək vacibdir. Onun Kəlamının gizlədilmiş xəzinələri, hər hansı şübhələri həll etməyə və həqiqət işığını görməyə bizə kömək edər.
11. Şübhələr Elişanın qulluqçusuna necə tə’sir etdi?
11 Duanın, Allahın qorxu və şübhə içində olan xidmətçisinə necə kömək etməsinə əyani nümunəni 2 Krallar 6:11—18 ayələrində görmək olar. Elişanın qulluqçusunun ruhani anlayışı zəif idi. O, Suriya qoşunları tərəfindən mühasirəyə alınmış Allahın xidmətçisinə kömək etməyə hazır olan səmavi orduları imanın gözləri ilə görmürdü. Qorxu içində olan qulluqçu qışqırdı: “Eyvah, əfəndim, necə edəcəyik?” Elişa nə cavab verdi? “Qorxma, çünki bizimlə olanlar, onlarla olanlardan çoxdur”. Bəs qulluqçu buna necə əmin ola bilərdi, axı o, səmavi orduları həqiqi mə’nada görmürdü?
12. a) Elişanın qulluqçusunun şübhələri aradan necə qaldırıldı? b) Hər hansı şübhələri biz necə aradan qaldıra bilərik?
12 “Elişa yalvarıb dedi: Ya RƏB, rica edirəm, onun gözlərini aç ki, görsün. RƏB də qulluqçunun gözlərini açdı; və gördü; və budur, Elişanın çevrəsində; dağ atəş atları və arabaları ilə dolu idi”. Bu hadisədə Yeqova imkan verdi ki, qulluqçu Elişanı müdafiə edən səmavi orduları görsün. Lakin bu gün biz yuxarıdan belə köməyin veriləcəyinə ümid bəsləyə bilmərik. Unutmamalıyıq ki, Elişanın qulluqçusunun, öyrənərək imanını möhkəmlədə biləcəyi bütöv Müqəddəs Kitabı yox idi. Bizim isə Müqəddəs Kitabımız var. Onu diqqətlə oxuyarıqsa, imanımız möhkəmlənər. Misal üçün, Yeqovanı səmavi həyətində təsvir edən hissələr üzərində dərindən düşünmək olar. Bu hissələr bizi əmin edir ki, Yeqovanın, bu gün yer üzündə maarifləndirmə fəaliyyətinin keçirilməsində xidmətçilərinə kömək edən səmavi təşkilatı var (İşaya 6:1—4; Hezekiel 1:4—28; Daniel 7:9, 10; Vəhy 4:1—11; 14:6, 7).
Şeytanın hiylələrindən qorunun!
13. Şeytan nəyin vasitəsilə həqiqətdə möhkəm durmağımıza maneçilik törətməyə çalışır?
13 Ruhaniliyimizi zəiflətmək və həqiqətdə möhkəm qalmağımıza mane olmaq üçün, Şeytan daha hansı üsullardan istifadə edir? Məsələn, bunun üçün o, bizi əxlaqsızlığın bütün növlərinə təşviq edir. Bu gün əxlaqsızlığa qərq olan dünyada eşq macərası (hər şeyi olduğu kimi adlandırsaq - həyat yoldaşına xəyanətkarlıq) və ya təsadüfi cinsi əlaqələr təbii haldır. Zövq almaq həsrətində olan indiki nəsil, nəyin bahasına olursa-olsun kef çəkməyə can atır. Bu cür həyat tərzi kinolarda və videofilmlərdə, həmçinin televiziya verilişlərində təbliğ edilir. Kütləvi informasiya vasitələri, xüsusilə də İnternet pornoqrafiya ilə doludur. Hər şeyə maraq göstərənləri təhlükə gözləyir (Yaqub 1:13—15; 1 Saloniklilərə 4:3—5).
14. Bə’zi məsihçilər nəyə görə Şeytanın hiylələrinin qurbanı oldular?
14 Bə’zi məsihçilər, hər şeyə olan marağın onlar üzərində hakimlik etməsinə yol vermiş və üstüörtülü və ya hətta açıq pornoqrafiyaya baxmaqla öz zəkalarını və ürəklərini murdarlamışlar. Şeytanın tələ yemi onları cəlb etmiş və onlar bu tələyə düşmüşlər. Əksər hallarda bu, onların ruhən qəzaya uğramasına səbəb olmuşdur. Bu insanlar “pislik barədə körpələr kimi” olmadılar. Onlar “əqlən... kamil” olmadılar (1 Korinflilərə 14:20). Allahın Kəlamının prinsiplərinə və normalarına riayət etmədikləri üçün, hər il minlərlə insanlar yığıncaqdan uzaqlaşdırılırlar. Onlar “Allahın bütün zirehlərinə” e’tinasız yanaşır və onu geymirdilər (Efeslilərə 6:10—13; Koloslulara 3:5—10; 1 Timoteyə 1:18, 19).
Nail olduqlarınızı qiymətləndirin
15. Bə’zilərinə ruhani mirasını qiymətləndirmək nə üçün çətin olur?
15 İsa dedi: “Siz həqiqəti dərk edəcəksiniz; və həqiqət sizi azad edəcəkdir” (Yəhya 8:32). Yeqovanın Şahidlərinin əksəriyyəti bir zamanlar əvvəlki həyat tərzini kənara qoyub, yalan dindən uzaqlaşmışlar. Buna görə də, həqiqətin gətirdiyi azadlıq onlar üçün çox dəyərlidir. Digər tərəfdən, Şahid olan valideynlərinin tərbiyəsi altında böyüyən yeniyetmələrdən bə’zilərinə, ruhani miraslarını qiymətləndirmək çətin olur. Onlar heç zaman yalan dinə və ya daima zövq axtaran, narkomaniya və əxlaqsızlıqla dolu olan bu dünyaya məxsus olmamışlar. Bu səbəbdən onlar, bizim ruhani cənnətimizlə, Şeytanın parçalanan dünyası arasındakı kəskin fərqi görmürlər. Bə’ziləri isə nəyi itirdiklərini bilmək üçün, dünyəvi zəhərdən dadmaq həvəsinə təslim ola bilərlər (1 Yəhya 2:15—17; Vəhy 18:1—5).
16. a) Özümüzə hansı sualları verə bilərik? b) Bizi nəyə öyrədir və nəyə təşviq edirlər?
16 Ağrı və iztirabı dadmaq üçün özümüzü nə iləsə yandırmağa dəyərmi? Başqalarının acı təcrübələri üzərində öyrənmək daha yaxşı olmazmı? Nə itirdiyimizi yoxlamaq üçün, bu dünyanın “murdarlıqlarına yenidən qapılmağa” dəyərmi? (2 Peter 2:20—22). Peter, bir zamanlar Şeytan dünyasına məxsus olan birinci əsrin məsihçilərinə xatırlatdı: “Yetər ki, siz keçmiş zamanlarda iman gətirməyənlərin istəklərini yerinə yetirib, ömrünüzü səfahətlə, şəhvətlə, sərxoşluqla, işrət aləmləri ilə, içki məclisləri ilə və iyrənc bütpərəstliklə keçirdiniz”. Xeyr, insanın nə dərəcədə alçala biləcəyini anlamaq üçün, bizə bu dünyanın “pozğunluğunda” iştirak etmək lazım deyil (1 Peter 4:3, 4). Əksinə, Padşahlıq Zallarında - Müqəddəs Kitabın tə’lim mərkəzlərində - bizə Yeqovanın yüksək əxlaq normalarını öyrədirlər. Bundan əlavə, həqiqətdə olduğumuza əmin olmamız və bununla da həqiqəti mənimsəməmiz üçün düşüncəmizi işlətməyə təşviq olunuruq (Yeşu 1:8; Romalılara 12:1, 2; 2 Timoteyə 3:14—17).
Adımız - sadəcə sözlər deyil
17. Biz hansı tərzdə Yeqovanın yararlı Şahidləri ola bilərik?
17 Əgər həqiqəti mənimsəmişiksə, onda hər bir münasib imkan yarananda, onu başqaları ilə bölüşməyə can atacağıq. Bu o demək deyil ki, maraq göstərməyən insanları həqiqəti qəbul etməyə vadar edəcəyik (Matta 7:6). Bu o deməkdir ki, Yeqovanın Şahidləri olduğumuzu başqalarına cəsarətlə bildirəcəyik. Əgər insan cüz’i maraq göstərirsə - səmimi qəlbdən suallar verir və ya bizdən Müqəddəs Kitab nəşrlərini qəbul edirsə - ümidimizi onunla bölüşməyə hazır olacağıq. Buna görə harada olsaq da - evdə, işdə, məktəbdə, mağazada və ya istirahət guşələrində - yaxşı olar ki, özümüzlə həmişə hansısa ədəbiyyat olsun (1 Peter 3:15).
18. Məsihçi olduğumuzu başqalarına aydın şəkildə bildirərək, necə çoxlu fayda əldə etmək olar?
18 Məsihçi olduğumuzu ətrafdakılara aydın tərzdə bildirərək, Şeytanın məkrli hücumlarından daha yaxşı müdafiə oluna bilərik. Yeqovanın Şahidləri işləyən yerlərdə kiminsə ad gününü, Milad bayramını qeyd edir və ya lotereya oynayırlarsa, çox vaxt belə sözlər eşitmək olar: “Ona müraciət etməyin heç bir xeyri yoxdur. O, Yeqovanın Şahididir”. Məhz elə bu səbəbdən, insanlar bizim yanımızda ədəbsiz zarafatlardan da çəkinə bilərlər. Buna görə də, başqalarına məsihçi imanımız barəsində danışarıqsa, bu bizə çox fayda gətirəcəkdir. Həvari Peter qeyd etdi: “Əgər yaxşılıq etməyə sə’y göstərsəniz, sizə kim pislik edər? Amma əgər salehlik uğrunda əziyyət çəksəniz belə, siz bəxtiyarsınız” (1 Peter 3:13, 14).
19. Axır günlərin sonuna yaxınlaşdığımızı haradan bilirik?
19 Həqiqəti mənimsəyərək başqa fayda da əldə edirik - bu əşyalar sisteminin son günlərində yaşadığımıza əmin oluruq. Bilirik ki, Müqəddəs Kitabın çox peyğəmbərlikləri son icrasına yaxınlaşıra. Pavelin “axır günlərdə çətin anlar”ın gələcəyi haqdakı xəbərdarlığı, keçən yüzilliyin çoxlu dəhşətli hadisələri ilə təsdiq olunur (2 Timoteyə 3:1—5; Mark 13:3—37). Bu yaxınlarda dərc olunan qəzetdə, XX əsr haqqındakı məqalələrdən biri belə adlanırdı: “Bu əsr tarixə vəhşilik əsri kimi daxil olacaqdır”. Məqalədə deyilirdi: “1999-cu il, ən qanlı yüzilliyin ikinci yarısının ən qanlı ili olmuşdur”.
20. Bizim zəmanəmizdə nə etmək lazımdır?
20 İndi sarsılmağın vaxtı deyil. Hər şeydən görünür ki, Yeqova, millətlərin hamısına şəhadət olsun deyə bütün dünyada keçirilən Müqəddəs Kitabın böyük maarifləndirmə işini xeyir-dualandırır (Matta 24:14). Həqiqəti mənimsəyin və onu başqaları ilə bölüşün. Əbədiyyən yaşamağınız, indi gördüyünüz işdən asılıdır. “Kotan”dan lazımi tərzdə yapışmayan insan, Yeqovanın xeyir-duasını ala bilməz (Luka 9:62). İndi “möhkəm, sarsılmaz” olmağın, “hər zaman Rəbbin işində tərəqqi” etməyin və “Rəbbin yolunda” çəkdiyimiz əməyin əbəs olmadığını düşünməyin vaxtıdır (1 Korinflilərə 15:58).
[Haşiyə]
a “Gözətçi Qülləsi”nin 2000-ci il, 15 yanvar nömrəsinə, 12, 13-cü səhifələrə (rus.) baxın. 13—18-ci abzaslarda, axır günlərin 1914-cü ildə başlandığını göstərən altı inandırıcı sübut gətirilir.
Xatırlayırsınızmı?
• Şübhələri aradan necə qaldıra bilərik?
• Elişanın qulluqçusunun nümunəsi əsasında nə öyrənə bilərik?
• Özümüzü daima hansı aldadıcı şeylərdən qorumalıyıq?
• Yeqovanın Şahidləri olduğumuzu başqalarına nəyə görə aydın şəkildə bildirməliyik?
[19-cu səhifədəki şəkil]
Görünmə, şübhələrindən azad olmaqda Elişanın qulluqçusuna kömək etdi.
[20-ci səhifədəki şəkillər]
Müqəddəs Kitabı müntəzəm öyrənmək və dua etmək, şübhələri aradan qaldırmaqda bizə kömək edəcəkdir.
[21-ci səhifədəki şəkil]
Benindəki bu Zalda olduğu kimi, Padşahlıq Zallarında bizə Yeqovanın yüksək əxlaq normalarını öyrədirlər.