Yehovanın yolları ilə yerimək bol-bol xeyir-dualar gətirir
NƏ VAXTSA yüksək bir dağa qalxmısanmı? Əgər qalxmısansa, yəqin ki, sən o an özünü dünyanın zirvəsində imiş kimi hiss etmisən. Qəribə hisslərdir! Təmiz dağ havası, zirvədən görünən gözəl mənzərə... Güman ki, sən orada gündəlik narahatçılıqları bir müddət unutmuşdun.
Əksər insanlar dağlarda nadir hallarda olurlar. Amma əgər sən Allaha həsr olunmuş məsihçisənsə, demək olar ki, artıq bir müddətdir ki, ruhani mə’nada dağlıq ərazi ilə yeriyirsən. Qədimdə məzmurçunun etdiyi kimi, sözsüz ki, sən də, belə dua etmisən: “Ya Rəbb, yollarını mənə bildir; yollarını mənə öyrət” (Məzmur 25:4). İlk dəfə Yehovanın evinin dağına qalxıb, yeriməyə başladığın an keçirdiyin hissləri xatırlayırsanmı? (Mika 4:2; Habaqquq 3:19). Şübhəsiz ki, çox tezliklə təmiz ibadətin yüksək yollarının sənin üçün müdafiə olduğunu dərk etdin. O yollarla yeriyərək, sən də: “Sevinc səsini bilən xalq nə bəxtiyardır! Üzünün nurunda yeriyirlər, ya Rəbb”, deyə nida edən məzmurçunun sevincinə malik oldun (Məzmur 89:15).
Lakin bə’zən zirvəyə qalxmaq üçün, yorğunluq və ayaq ağrısına baxmadan, dağın dik yamacları ilə dırmaşmaq lazım gəlir. Allaha xidmət edərək, biz də müqavimətlərlə qarşılaşa bilərik və məcazi mə’nada desək, çətinliklə yeriməyə başlayırıq. Belə olduqda yenidən qüvvə əldə edərək, itirilmiş sevinci necə qaytara bilərik? Bunun üçün, Yehovanın yollarının nə dərəcədə yüksək olduğunu dərk etmək lazımdır.
Yehovanın yüksək qanunları
Yehovanın yolları insan yollarından yüksəkdir, buna görə də təmiz ibadət dağların başına qoyulub, təpələrdən yüksəkdə durur (İşaya 55:9; Mika 4:1). Yehovanın hikməti — “yuxarıdan nazil olan hikmət”dir (Yaqub 3:17). Onun qanunları müqayisəolunmaz dərəcədə yüksəkdir. Məsələn, kən’anlılar uşaqlarını qurban gətirdikləri vaxt, Yehova israillilərə, yaxşılığa təşviq edən yüksək əxlaq qanunları verdi. O, onlara dedi: “Fağıra üzgörənliklə yanaşma və böyük adama üstünlük vermə... Qərib aranızda yerli kimi olacaq və onu özün kimi sevəcəksən” (Levililər 19:15, YD; 34).
Min beş yüz ildən sonra İsa, Yehovanın qanunlarının mükəmməl olduğunu daha aydın surətdə göstərdi (İşaya 42:21). Dağüstü təbliğində o, şagirdlərinə dedi: “Düşmənlərinizi sevin... [sizi] tə’qib edənlər üçün dua edin ki, siz, göylərdə olan Atanızın oğulları olasınız” (Matta 5:44, 45). Sonra əlavə etdi: “Buna görə, insanların sizinlə necə rəftar etməsini istəyirsinizsə, siz də onlarla elə rəftar edin. Çünki Müqəddəs Qanun və peyğəmbərlər belə xülasə edilir” (Matta 7:12).
Bu yüksək qanunlar səmimi insanların ürəyinə yol tapır və onları təşviq edir ki, ibadət etdikləri Allahı təqlid etsinlər (Efeslilərə 5:1; 1 Saloniklilərə 2:13). Pavellə baş verənləri xatırlayın. Müqəddəs Kitabda bu insan haqqında ilk dəfə oxuduqda, görürük ki, o, “Stefanın öldürülməsinə razı olmuşdu”, bundan başqa məsihçi yığıncağı ilə qəddarcasına davranırdı. Lakin cəmi bir neçə il keçdikdən sonra o, Salonik şəhərində yaşayan qardaşlarla “uşaqlarını bağrına basıb əmizdirən ana kimi” davranır, onlara məhəbbətlə məsləhət verirdi. Allah tərəfindən aldığı bilik Paveli əhəmiyyətli dərəcədə dəyişilməyə vadar etdi. Əvvəllər tə’qibçi olan bu insan, indi qayğıkeş bir məsihçi idi (Həvarilərin işləri 8:1, 3; 1 Saloniklilərə 2:7). Şübhəsiz ki, Pavel Məsihin tə’liminin onda etdiyi dəyişikliklərə görə minnətdar idi (1 Timoteyə 1:12, 13). Bu cür minnətdarlıq hissi Yehovanın yüksək yolları ilə getməyə davam etməkdə bizə necə kömək edə bilər?
Minnətdarlıq təzahür etdirin
Gözəl dağ mənzərəsindən sonsuz dərəcədə zövq almaq olar. Lakin ayrı-ayrı qəribə formalı daşların, incə güllərin, vəhşi heyvanların gözəlliyi də insanı özünə cəlb edir. Yehovanın yolları ilə yeriyərkən aldığımız kiçik və böyük xeyir-duaları ruhani mə’nada görməyi də öyrənməliyik. Bu cür davranaraq, məcazi mə’nada desək, ayaqlarımızı sürüməyə son qoyub, daha gümrah yeriyəcəyik. Biz, Davudun sözlərini təkrar edə biləcəyik: “Səhər inayətini mənə eşitdir; çünki mən sənə güvənirəm; gedəcəyim yolu mənə bildir” (Məzmur 143:8).
Artıq uzun illərdir ki, Yehovanın yolları ilə yeriyən Meri deyir: “Yehovanın yaratdıqlarını nəzərdən keçirərkən, yalnız onların necə mö’cüzəli şəkildə yaradıldıqlarını deyil, həm də Allahın məhəbbətini görürəm. Hər bir heyvan, quş və ya həşərat balaca, lakin mö’cüzəli bir aləmi təqdim edir. İllər keçdikcə daha aydın ruhani həqiqətləri anladıqca da eyni tərzdə zövq alıram”.
Minnətdarlığımızı necə artıra bilərik? Birincisi, Yehovanın bizim üçün etdiyi işləri, sanki O, bunu etməyə borclu imiş kimi qəbul etməli deyilik. Pavel yazmışdır: “Durmadan dua edin. Hər şəraitdə şükür edin” (1 Saloniklilərə 5:17, 18; Məzmur 119:62).
Minnətdarlıq hissini artırmağa şəxsi öyrənmə də kömək edir. Pavel Kolos şəhərində yaşayan məsihçiləri təşviq edirdi: “Onun [İsa Məsihin] yolunda yeriyin; öyrədildiyiniz kimi imanda möhkəmlənin” (Koloslulara 2:6, 7). Müqəddəs Kitabı oxuyub, üzərində düşündüyümüz zaman imanımız möhkəmlənir və bu kitabın Müəllifi ilə münasibətimiz daha da e’tibarlı olur. Müqəddəs Kitabın hər səhifəsində imanı möhkəmlədən bu cür dəyərli fikirlər yerləşir.
Bundan əlavə, bu yolu davam etdirmək bizə ona görə asandır ki, Yehovaya qardaşlarımızla birgə xidmət edirik. Məzmurçu oxuyurdu: “Səndən qorxanlara mən yoldaşam” (Məzmur 119:63). Məsihçi yığıncaqları və dostluq görüşləri bizə unudulmaz dəqiqələr bəxş edir. Onu da anlayırıq ki, Yehova və Onun yüksək yolları olmasaydı, ümumdünya məsihçi ailəsi mümkün olmazdı (Məzmur 144:15b).
Minnətdarlıq hissi inkişaf etdirərək, biz ayıq qalmağın da vacibliyini unutmalı deyilik. Bu keyfiyyət, daha sonra da Yehovanın yüksək yolları ilə yeriməkdə bizə kömək edəcəkdir.
Ayıq və məs’uliyyətli olun
Azmamaq və ya uçurumdan yıxılmamaq üçün ayıq olmaq dağda xüsusilə vacibdir. Yehova bizi iradə azadlığı ilə yaradıb və qərar qəbul etməyi bizim ixtiyarımıza buraxıb. Məsihçi vəzifələrini icra edərkən, bizə verilmiş azadlıqdan gərək “ayıq” şəkildə, yə’ni məs’uliyyətlə istifadə edək.
Yehova, xidmətçilərinin öz vəzifələrinə məs’uliyyətlə yanaşacaqlarına e’tibar edir. O bizə, məsihçi xidmətinə nə qədər qüvvə və vaxt sərf etməli, nə qədər pul və ya başqa şeylər verməli olduğumuza dair göstərişlər vermir. Əksinə, Pavelin Korinf şəhərindəki yığıncağa dediyi sözləri bizə də aiddir: “Hər kəs ürəyində niyyət etdiyi kimi versin” (2 Korinflilərə 9:7; İbranilərə 13:15, 16).
Məs’uliyyətli olmaq o deməkdir ki, xoş xəbəri başqaları ilə bölüşmək, həmçinin Padşahlığın ümumdünya işi üçün pul ianə etmək lazımdır. Məsihçi yığıncağının ağsaqqalı olan Qerhart izah edir ki, Şərqi Avropa ölkələrindən birində keçirilən konqresdə iştirak etdikdən sonra, arvadı ilə birlikdə daha çox ianə etməyə başladılar. O deyir: “Biz gördük ki, həmin ölkədə yaşayan qardaşlarımız olduqca kasıb yaşadıqlarına baxmayaraq, Müqəddəs Kitaba əsaslanan ədəbiyyatı yüksək qiymətləndirirlər. Buna görə də qərara aldıq ki, nə qədər imkanımız çatır başqa ölkələrdə ehtiyac içində yaşayan qardaşlarımıza pul ianə etməklə kömək əlimizi uzadaq”.
Dözümlü olmağa davam edin
Dağlıq ərazidə yerimək dözümlülük tələb edir. Uzun səyahətə hazırlaşmaq üçün, çoxları müntəzəm olaraq fiziki məşqlər edir və qısa məsafəli gəzintilərə çıxırlar. Bunun kimi, ruhani cəhətdən möhkəm qalmaq üçün də, biz, həvari Pavelin məsləhətinə əsasən, həmişə teokratik işlərlə məşğul olmalıyıq. “Rəbbə layiq şəkildə hərəkət” etmək istəyənlər, gərək “hər cür xeyirli işdə səmərə” versinlər (Koloslulara 1:10, 11).
Nəzərdə tutulan yeri, məsələn, uzaqda yerləşən dağın təpəsini görmək səyahətçiyə dözümlə irəliləməkdə kömək edir. Yolun yarısını qət edib, geriyə boylanaraq sevinclə deyə bilər ki, hədəf daha yaxındadır.
Əbədi həyata olan ümid də bizi məsihçi yolunda möhkəmlədir, bizə kömək edir (Romalılara 12:12). Yehovanın yolları ilə getməklə, qarşımıza məqsədlər qoyur və onlara nail olmaq bizə sevinc gətirir. Yehovaya sədaqətlə xidmət etdiyimiz illərə nəzər saldıqda, yaxud özümüzdə etdiyimiz dəyişiklikləri xatırladıqda necə də dərin məmnunluq hissi duyuruq (Məzmur 16:11).
Uzun məsafəni piyadə qət edib, qüvvədən düşməmək üçün, düzgün temp seçmək vacibdir. Müntəzəm olaraq yığıncaqlarda və təbliğdə iştirak etməyi özünə daxil edən yaxşı düşünülmüş şəxsi cədvəl, qarşımıza qoyduğumuz məqsədlərə qətiyyətlə çatmaqda bizə kömək edəcək. Pavel həmimanlılarını təşviq edirdi ki, “əyara görə” hərəkət etməyə davam etsinlər (Filipililərə 3:16).
Yehovanın yolları ilə yeriməkdə biz tək deyilik. Pavel yazır: “Bir-birimizi məhəbbətə və xeyirli işlərə necə təşviq edəcəyimizin qayğısına qalaq” (İbranilərə 10:24). Tam dəyərli ruhani ünsiyyətin sayəsində, həmimanlılarımızla birlikdə məsihçi yolu ilə yerimək üçün tempi saxlamaq bizə asan olacaq (Süleymanın məsəlləri 13:20).
Nəhayət, ən vacibi isə odur ki, heç zaman Yehovanın verdiyi qüvvəni unutmalı deyilik. Yehovaya güvənənlər “getdikcə qüvvətlənirlər” (Məzmur 84:5, 7). Bu yolda hərdən müqavimətlərlə üzləşəcəyimizə baxmayaraq, Yehovanın qüvvəsi sayəsində biz onların öhdəsindən gələ biləcəyik.