Mövhumi e’tiqadlar həyatınıza tə’sir göstərirmi?
MÖVHUMİ e’tiqadlara dünyanın hər yerində inanırlar. Bə’zi insanlar mövhumi e’tiqadları öz mədəni miraslarının bir hissəsi kimi ehtiyatla qoruyurlar. Başqaları isə buna, həyatlarına rəngarənglik qatan cüz’i maraq kimi baxırlar. Qərb ölkələrində mövhumi e’tiqadları ciddi bir şey kimi qəbul etmirlər. Ancaq başqa ölkələrdə, məsələn, Afrika ölkələrində mövhumi təsəvvürlər insanların həyatına güclü tə’sir göstərə bilər.
Afrika mədəniyyəti əhəmiyyətli dərəcədə mövhumi təsəvvürlərə əsaslanır. Afrikada çıxan filmlərdə və radio verilişlərində, həmçinin orada çap olunan ədəbiyyatda magiya, əcdadlara sitayiş və fetişizim kimi mövhumi və mistik mövzulara vacib yer verilir. Mövhumi təsəvvürlər insanlara nəyə görə bu qədər güclü tə’sir göstərir və onlar haradan peyda olmuşlar?
Mövhumi e’tiqadların arxasında duran nədir?
Mövhumi təsəvvürlərin bir çoxu ölülərin ruhu və ya hər hansı başqa ruhlar qarşısında qorxudan yaranmışdır. Hesab edilir ki, baş verən hadisələr — ruhların yaşayanları qorxutmaq, onları xəbərdar etmək və ya mükafatlandırmaq üçün göstərdikləri cəhddir.
Mövhumi təsəvvürlər, həmçinin şəfavericilik və ara həkimliyi ilə də sıx bağlıdır. İnkişaf etməkdə olan ölkələrin əhalisinin əksəriyyəti üçün müasir müalicə üsulları olduqca bahadır və əksər hallarda sadəcə olaraq əlçatmazdır. Bu səbəbdən bir çox insanlar əlac axtarır, irsi adət-ən’ənələrə, mövhumi təsəvvürlərə riayət edərək, yaxud da spiritizmə əl ataraq xəstəliklərdən qorunmağa çalışırlar. Bundan əlavə, onlar, qərb təbabət üsullarını tətbiq edən həkimlə məsləhətləşmək əvəzinə, onların adət-ən’ənələri ilə tanış olan və onların ləhcəsində danışan ara həkiminə müraciət etdikdə, özlərini daha arxayın hiss edirlər. Buna görə də mövhumi təsəvvürlər hələ də inkişaf etməkdədir.
Mövhumi təsəvvürlərə əsasən, xəstəliklər və bədbəxt hadisələr təsadüfi olmur, onların səbəbkarı ruhlar dünyasından olan müəyyən qüvvələrdir. Misal üçün, ara həkimi izah edə bilər ki, baş verən hadisə əcdadın ruhunun nədənsə narazı olması ilə əlaqədardır. Yaxud spiritik medium deyə bilər ki, kim isə başqa ara həkiminin vasitəsilə xəstəyə cadu etdirib, xəstəliklərin və bədbəxtliklərin səbəbi də elə budur.
Müxtəlif ölkələrdə mövhumi təsəvvürlər bir-birindən olduqca fərqlənir və onların geniş yayılması yerli şəraitdən, folklordan və əfsanələrdən asılıdır. Lakin mövhumi təsəvvürlərin əksəriyyətini birləşdirən ümumi bir inam var: görünməz ruhlar diyarından kimi və ya nəyi isə sakitləşdirmək lazımdır.
Zərərsizdir, yoxsa təhlükəli?
Əkizlərin dünyaya gəlməsi bir çox ailələr üçün xüsusi və həyəcanlandırıcı hadisədir. Lakin mövhumatçı insanlar bunu bir əlamət kimi yoza bilərlər. Qərbi Afrikanın bə’zi ərazilərində əkizlərin dünyaya gəlişini ilahilərin doğulması kimi qiymətləndirirlər və bu səbəbdən əkizlərə səcdə qılırlar. Əgər əkizlərdən biri və ya hər ikisi ölərsə, onların kiçik heykəlləri düzəldilir və ailə həmin bütlərin qarşısına yemək qoymalıdır. Başqa yerlərdə isə əkizlərin doğulması bədbəxtlik sayılır, hətta iş o yerə çatır ki, bə’zi valideynlər əkizlərdən heç olmasa birini öldürürlər. Nəyə görə? Onlar inanırlar ki, əgər əkizlərin hər ikisi sağ qalarsa, günlərin birində onlar öz valideynlərini qətlə yetirə bilərlər.
Bu kimi nümunələr göstərir ki, mövhumi e’tiqadların bə’zi növləri qəribə və zərərsiz görünsə də, digər növləri təhlükəli, hətta ölümcül dərəcədə təhlükəli ola bilər. Adi hadisələri nəhs bir şey kimi yozmaq dəhşətli nəticələrə gətirib çıxara bilər.
Mövhumat əslində — bir din formasıdır. Əgər mövhumi təsəvvürlərin heç də zərərsiz olmadığını nəzərə alsaq, onda belə bir sual vermək yerində olardı: mövhumi təsəvvürlərin və ən’ənələrin mövcud olması kimin üçün sərfəlidir?
Mövhumi e’tiqadların mənbəyi
Əldə olan sübutlara baxmayaraq, bu gün bə’zi insanlar Şeytanın və pis ruhların mövcudluğunu inkar etməyə meyllidirlər. Lakin müharibə zamanı güclü rəqibin mövcudluğunu qəbul etməmək, sadəcə olaraq məğlubiyyətə uğrada bilər. Eyni şey, qüdrətli ruhani varlıqlarla mübarizədə də e’tibarlıdır. Həvari Pavel onlar haqqında yazırdı: “Mübarizəmiz... pis ruhi qüvvələrə qarşıdır” (Efeslilərə 6:12).
Biz pis ruhani varlıqları görə bilməsək də, onlar mövcuddur. Müqəddəs Kitab izah edir ki, gözə görünməyən ruhani bir varlıq, ilk qadın olan Həvvaya müraciət edərək, onu Allaha qarşı üsyan qaldırmağa təhrik etmək üçün ilandan istifadə etmişdir (Təkvin 3:1-5). Müqəddəs Kitab deyir ki, bu ruhani şəxsiyyət — “İblis və şeytan adlanan böyük əjdaha, bütün dünyanı aldadan qədim ilan”dır (Vəhy 12:9). Elə həmin Şeytan, başqa mələkləri Allaha qarşı üsyan qaldırmağa təhrik etmişdir (Yəhuda 6). Bu pis mələklər cinlərə, Allahın düşmənlərinə çevrildilər.
İsa insanlardan cinləri çıxarırdı, bunu onun şagirdləri də edirdilər (Mark 1:34; Həvarilərin işləri 16:18). Bu pis ruhlar ölmüş əcdadların ruhları ola bilməzdilər, çünki “ölülər bir şey bilməzlər” (Vaiz 9:5). Xeyr, onlar, Şeytan tərəfindən azdırılmış üsyançı mələklərdir. Onlarla əlaqə yaratmağa və ya onların bizə tə’sir etməsinə yol verməyə düşüncəsiz yanaşmaq olmaz, çünki, öz rəhbərləri olan Şeytan İblis kimi, onlar da bizi aşırmaq istəyirlər (1 Peter 5:8). Onların məqsədi, bizi bəşəriyyətin yeganə ümidindən — Allahın Padşahlığından döndərməkdir.
Müqəddəs Kitab, Şeytanın və onun cinlərinin istifadə etdikləri üsullardan birini ifşa edir: “İblis də nur mələyi cildinə girər” (2 Korinflilərə 11:14). Şeytan bizə təlqin etməyə çalışır ki, o, bizə ən yaxşı həyat yolu təqdim edir. Buna görə də bizdə elə təəssürat yarana bilər ki, pis ruhların müdaxiləsi müəyyən qədər müvəqqəti fayda gətirir. Lakin onlar bizə uzunmüddətli heç bir şey verə bilmirlər (2 Peter 2:4). Onlar heç kimə əbədi həyat bəxş etməyə qadir deyillər, tezliklə özləri də məhv ediləcəklər (Romalılara 16:20). Əbədi həyatın, həqiqi xoşbəxtliyin mənbəyi təkcə Yaradanımızdır və pis ruhi qüvvələrə qarşı ən e’tibarlı müdafiəni yalnız O tə’min edə bilər (Yaqub 4:7).
Allah, spiritik üsullara əl ataraq kömək almaq üçün edilən hər bir cəhdi mühakimə edir (Təsniyə 18:10-12; 2 Krallar 21:6). Bu, düşmənlə əlaqə yaratmaq, Allaha xəyanət edənlərlə ünsiyyətdə olmaq mə’nasını daşıyır! Əgər bir insan ulduz falına baxır, ara həkimlərinə müraciət edir və ya hər hansı başqa mövhumi ən’ənələrə riayət edirsə, bu o deməkdir ki, həmin insan pis ruhların onun qərarlarına hakim olmasına yol verir. Bu, onların Allaha qarşı qaldırdıqları üsyana qoşulmağa bərabərdir.
Pislikdən qorunmaq mümkündürmü?
Nigeriyada yaşayan Adea adlı bir kişi, Yehovanın Şahidlərinin tammüddətli təbliğçisi ilə birlikdə Müqəddəs Kitabı öyrənirdi. Ade, dükanında təlisman saxlamasının səbəbini belə izah etdi: “Mənim çoxlu düşmənlərim var”. Yehovanın Şahidi Adeyə göstərdi ki, əsl müdafiəni bizə yalnız Yehova təqdim edə bilər. O, Adeyə Məzmur 34:7 ayəsini oxudu. Orada deyilir: “Rəbbin mələyi ondan qorxanların çevrəsində ordu qurar və onları qurtarar”. Ade belə bir nəticə çıxardı: “Əgər Yehova məni həqiqətən də qoruya bilərsə, onda mən təlismanımı atacağam”. Hal-hazırda, təxminən 20 ildən sonra Ade məsihçi ağsaqqalıdır və tammüddətli təbliğçi kimi xidmət edir. Düşmənlərindən heç kim ona zərər yetirməyib.
Müqəddəs Kitab göstərir ki, bizim mövhumatçı olub-olmamağımızdan asılı olmayaraq, hər birimizin həyatında vaxt və təsadüf öz rolunu oynayır (Vaiz 9:11). Lakin Yehova bizi heç vaxt pisliklə imtahan etmir (Yaqub 1:13). Biz, Adəmin günahı üzündən qeyri-kamilliyi və ölümü miras almışıq (Romalılara 5:12). Məhz buna görə də bizlərdən hər birimiz bə’zən xəstələnir və ya ciddi nəticələrə gətirib çıxaracaq səhvlərə yol veririk. Bu səbəbdən, bütün xəstəlikləri və ya bütün uğursuzluqları pis ruhların adına yazmaq düzgün olmaz. Əgər bu cür meylimiz varsa, onda bizdə həmin ruhları razı salmağa cəhd etmək arzusu yarana bilərb. Əgər xəstələnmişiksə, bizə, ‘yalançı və yalanın atası’ olan Şeytan İblisin məsləhətləri deyil, müvafiq tibbi müalicə lazımdır (Yəhya 8:44). Statistika göstərir ki, irsi mövhumi e’tiqadların geniş yayıldığı ölkələrdə insanlar, başqa ölkələrdəki insanlara nisbətən çox və ya daha yaxşı yaşamırlar. Bundan aydın görünür ki, mövhumi e’tiqadlar bizim sağlamlığımızı zərrə qədər də olsun yaxşılaşdırmır.
Allah pis ruhların hər birindən qüdrətlidir, həmçinin O, bizim rifahımızla maraqlanır. “Rəbbin gözləri salehlərə, qulaqları onların dualarına tərəf yönəlmişdir” (1 Peter 3:12). Müdafiə və müdriklik üçün Ona dua edin (Süleymanın məsəlləri 15:29; 18:10). Allahın Kəlamı olan Müqəddəs Kitabı anlamağa sə’y göstərin. Müqəddəs Kitabdakı dəqiq bilik — əldə edə biləcəyimiz ən yaxşı müdafiədir. Bu bilik, pis şeylərin nə üçün baş verdiyini və Qadir Allahın iltifatını necə qazanmağı başa düşməkdə bizə kömək edir.
Allah haqqında olan biliyin faydası
Yehova və Onun niyyətləri haqqında olan dəqiq bilik — cahilliyin və mövhumi təsəvvürlərin əksinə olaraq — e’tibarlı müdafiə əldə etməyin açarıdır. Bu, Benindən olan Jan adlı kişi ilə baş verən hadisədən görünür. Janın ailəsi çox mövhumatçı idi. Tayfanın adət-ən’ənəsinə görə, yenicə oğlan uşağı doğmuş qadın 9 gün ərzində xüsusi tikilmiş daxmada qalmalıdır. Əgər o, qız uşağı doğarsa, orada 7 gün qalmalıdır.
1975-ci ildə Janın arvadı gözəl bir oğlan doğdu və onun adını Mark qoydular. Jan və onun arvadı Müqəddəs Kitab haqqında olan biliklərinə əsaslanaraq, pis ruhlarla əlaqədə olmaq istəmirdilər. Onlar qorxdularmı, ən’ənəyə riayət etmək təzyiqinə tabe oldularmı, Janın arvadı daxmada yaşamağa razılaşdımı? Yox, onlar tayfanın bu mövhumi e’tiqadına riayət etməkdən imtina etdilər (Romalılara 6:16; 2 Korinflilərə 6:14, 15).
Buna görə Janın ailəsi zərər çəkdimi? Artıq çox illər ötmüş və indi Mark Yehovanın Şahidlərinin yerli yığıncağında xidməti köməkçi vəzifəsini daşıyır. Ailənin bütün üzvləri sevinirlər ki, mövhumi təsəvvürlərin onların həyatını idarə etməsinə yol verməmiş və ruhani əmin-amanlıqlarını təhlükə altına atmamışlar (1 Korinflilərə 10:21, 22).
İsanın həqiqi davamçıları mövhumi təsəvvürlərin zülmətindən kənar durmalı və Yaradanımız Yehovanın və Onun Oğlu İsa Məsihin saçdığı ruhani işıqda yeriməlidirlər. Bu səbəbdən onlar, Allahın gözündə doğru olanı etməklə nail olduqları ürək rahatlığına sevinə bilərlər (Yəhya 8:32).
[Haşiyələr]
a Adlar dəyişdirilib.
b “Gözətçi Qülləsi” jurnalının 1999-cu il, 1 sentyabr sayında “Xəstəliklərimizin səbəbkarı İblisdirmi?” adlı məqaləyə baxın (rus.).
[5-ci səhifədəki şəkillər]
Allah haqqında olan dəqiq bilik həqiqi mühafizə və xoşbəxtlik gətirir.