Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w05 1/2 s. 28—32
  • Yehova həmişə ədalətlə davranır

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Yehova həmişə ədalətlə davranır
  • Gözətçi qülləsi 2005
  • Başlıqlar
  • Oxşar material
  • Nəyə görə Yehovanın qərarları ilə razılaşmağa dəyər?
  • Nə üçün Lut öz qızlarını azğın izdihama təklif edir?
  • Yehova Uzzanı nəyə görə məhv etdi?
  • Əminlik üçün möhkəm əsas
  • Lutun arvadını yadına sal
    Müqəddəs Kitab dünyasına səyahət
  • Lutun arvadı geriyə baxır
    Müqəddəs Kitab hekayələri
Gözətçi qülləsi 2005
w05 1/2 s. 28—32

Yehova həmişə ədalətlə davranır

«Rəbb bütün yollarında adildir» (MƏZMUR 145:17).

1. Kim isə haqqımızda yanlış nəticə çıxarırsa, bizdə hansı hisslər yaranır və buradan hansı ibrət dərsini götürə bilərik?

ELƏ olubmu ki, kim isə vəziyyətdən tam xəbəri olmadan, sənin hərəkətlərini və ya niyyətlərini mühakimə edib, haqqında yanlış nəticə çıxarsın? Yəqin ki, bu sənin xətrinə dəymişdir. Keçirdiyin hissləri başa düşmək olar. Buradan vacib ibrət dərsi götürmək olar: əgər vəziyyətdən tam hali deyiliksə, tələsik nəticə çıxarmaqdan qaçınmaq müdrik davranışdır.

2, 3. Müqəddəs Yazılarda hər bir sualın cavabına dair kifayət qədər mə’lumat olmayan yerlərə rast gəldikdə bə’ziləri necə münasibət göstərirlər, bəs Yehova haqqında Müqəddəs Kitabda nə deyilir?

2 Biz Yehova Allah haqqında öyrəndiyimiz zaman da bu ibrət dərsini unutmamalıyıq. Nəyə görə? Ona görə ki, Müqəddəs Kitabda elə yerlər var ki, əvvəlcə adamı çaşdıra bilər. Məsələn, Allahın xidmətçilərinin və ya elə Allahın Özünün də davranış tərzi bizim bütün suallarımıza cavab verəcək dərəcədə geniş təsvir olunmaya bilər. Təəssüflər olsun ki, bə’ziləri Müqəddəs Kitabın bu kimi parçalarını tənqid edir və hətta Allahın haqlı və ədalətli olduğuna şübhə edirlər. Lakin Müqəddəs Yazılarda oxuyuruq ki: «Rəbb bütün yollarında adildir» (Məzmur 145:17). Onun Kəlamı bizi əmin edir ki, Allah ‘haqsızlıq etmir’ (Əyyub 34:12; Məzmur 37:28). İnsanlar Allah haqqında yanlış nəticələr çıxaranda Onun hansı hissləri keçirdiyini təsəvvür et!

3 Gəlin Yehovanın qərarları ilə nə üçün razılaşmalı olduğumuzun beş səbəbini nəzərdən keçirək. Sonra bu səbəbləri yadda saxlayaraq, suallar yarada biləcək iki parçanı araşdıraq.

Nəyə görə Yehovanın qərarları ilə razılaşmağa dəyər?

4. Allahın işlərini nəzərdən keçirərkən, nəyə görə təvazökar olmalıyıq? Nümunə əsasında göstərin.

4 Birinci səbəb odur ki, Yehova, bizdən fərqli olaraq, məsələyə aid bütün faktları bilir. Buna görə də, biz Allahın işlərini nəzərdən keçirərkən təvazökar olmalı deyilikmi? Misal üçün, təsəvvür edək ki, nöqsansız dürüstlüyü və ədalətliliyi ilə məşhur olan hakim bu və ya digər tərzdə məhkəmə işini həll edib. Amma vəziyyətdən tam hali olmayan və qanunlardan baş çıxarmayan başqa birisi onun qərarını tənqid etməyə başlayır. Əgər vəziyyətdən tam xəbərin yoxdursa, məsələni mühakimə etmək ağılsızlıq olmazdımı? (Süleymanın məsəlləri 18:13). Onda biz insanların, «bütün dünyanın Hakimi»ni tənqid etməyimiz nə qədər ağılsızlıqdır! (Yaradılış 18:25).

5. Müqəddəs Kitabda Allahın bu və ya digər insanlarla necə davrandığı haqqında oxuyarkən nəyi unutmalı deyilik?

5 İkinci səbəb ondan ibarətdir ki, insanlardan fərqli olaraq, Allah ürəkləri görür (1 Şamuel 16:7). Allah Öz Kəlamında deyir: «Mən Rəbb ürəyi yoxlayıram, insanın fikrini sınayıram ki, hər kəsə əməllərinə görə, işlərinin bəhrəsinə görə əvəz verim» (Yeremya 17:10). Buna görə də, gəlin Müqəddəs Kitabda Allahın bu və ya digər insanlarla necə davrandığı haqqında oxuyarkən unutmayaq ki, Onun Kəlamında qələmə alınmayan sirli fikirlər, niyyətlər və məqsədlər Onun hər şeyi görən gözlərindən gizli qalmamışdır (1 Salnamələr 28:9).

6, 7. a) Yehova necə göstərdi ki, Ona baha başa gəlsə də, Özünün ədalətli normalarına sadiq qalır? b) Müqəddəs Kitabda bə’zilərində Allahın haqq və ədalətinə dair şübhə oyadan parçaları oxuyarkən nəyi yadda saxlamalıyıq?

6 Üçüncü səbəb isə ondan ibarətdir ki, Yehova Ona baha başa gəlsə də, Özünün ədalətli normalarına sadiq qalır. Bir nümunəni nəzərdən keçirək. İtaətkar bəşəriyyətin günah və ölümdən azad olması üçün Öz Oğlunu qurban verməklə, Yehova Özünün ədalətli və doğru normalarına müvafiq davranmışdır (Romalılara 5:18, 19). Lakin sevimli Oğlunun işgəncə dirəyində əzab çəkib, öldüyünü görmək Yehova üçün ağlasığmaz dərəcədə ağır idi. Bu, bizə Allah haqqında nə deyir? Müqəddəs Kitabda «İsa Məsihin fidiyə» qurbanlığı haqqında Allahın bunu Öz «ədalətini göstərmək üçün» etdiyi deyilir (Romalılara 3:24-26, İ–93). Başqa bir tərcümədə Romalılara 3:25 ayəsinin bu hissəsi belə səslənir: «Bu onu göstərdi ki, Allah həmişə haqq və ədalətlə davranır» («New Century Version»). Doğrudan da, Yehovanın fidiyəni ödəmək üçün hansı qurbanlara getməyə hazır olduğunu nəzərə alsaq, Onun «haqq və ədalətə» dərin hörmət bəslədiyinə əmin oluruq.

7 Buna görə də, Müqəddəs Kitabda bə’zilərində Allahın haqq və ədalətli olduğuna dair şübhə oyadan parçaları oxuyarkən, növbəti amili yadda saxlamaq gərəkdir: Yehova Özünün haqq-ədalət normalarına sədaqətli qaldığı üçün, Öz Oğlunu belə əsirgəməyib, onun əzablı ölümünə yol verdi. Belə olan halda Allah bu normaları başqa məsələlərdə pozarmı? Əslində Allah heç zaman Özünün haqq-ədalət normalarını pozmur. Beləliklə, Allahın həmişə haqq və ədalətlə davrandığına dair inandırıcı səbəblərimiz var (Əyyub 37:23).

8. Nəyə görə insanların hansısa hallarda Yehovada haqq və ədalətin çatışmadığını düşünmələri məntiqəuyğun deyil?

8 Dördüncü səbəb ondadır ki, Yehova insanı Öz surətində yaratmışdır (Yaradılış 1:27). Belə isə, insanlara Allahın xüsusiyyətləri, o cümlədən haqq-ədalət hissi də verilib. Məntiqəuyğun olmazdı ki, bizdəki haqq və ədalət hissi, hansısa hallarda Yehovanın Özündə bu keyfiyyətlərin çatışmadığını düşünməyə məcbur etsin. Əgər Müqəddəs Kitabdan hansısa epizod bizi narahat edirsə, unutmayaq ki, miras alınmış günah ucbatından ədalət hissimiz qeyri-kamildir. Surətində yaradıldığımız Yehova Allah isə haqq və ədalətdə kamildir (Qanunun təkrarı 32:4). İnsanların isə Allahdan daha haqlı və ədalətli olduqlarını təsəvvür etmək belə gülməlidir! (Romalılara 3:4, 5; 9:14).

9, 10. Nəyə görə Yehova insanların qarşısında hesabat verməyə və ya Özünə haqq qazandırmağa borclu deyil?

9 Yehovanın qərarları ilə razılaşmalı olmağımızın beşinci səbəbi isə — Onun «bütün yer üzündə... Haqq-Taala» olmasıdır (Məzmur 83:18). Belə olduğu halda Yehova Öz qərarlarına görə insanlar qarşısında hesabat verməyə, yaxud Özünə haqq qazandırmağa borclu deyil. O, Dahi Dulusçudur, biz isə Onun qablar istehsal etdiyi gilik. Bu qablarla necə davranacağını isə O, Özü qərara alır (Romalılara 9:19-21). Biz kimik ki, Onun qərarlarını və davranışını sual altına qoyaq? Biz sadəcə Onun əllərinin istehsalıyıq. Tayfa başçısı Əyyub Allahın insanlarla davranışına dair yanlış nəticəyə gəldikdə, Yehova onun nöqteyi-nəzərinə düzəliş verərək soruşdu: «Sənmi ədalətimi boşa çıxaracaqsan? Özünə haqq qazandırmaq üçün sənmi Məni günahlandıracaqsan?» Əyyub ağılsız danışdığını başa düşüb, tövbə etdi (Əyyub 40:8; 42:6). Allahı tənqid etməyimiz necə də böyük səhv olardı!

10 Beləliklə, Yehovanın həmişə ədalətlə davrandığına inanmaq üçün bizim əsaslı səbəblərimiz var. Yehovanın yollarını anlamaq üçün belə bir əsasa malik olaraq, gəlin Müqəddəs Kitabın suallar yarada bilən iki parçasını nəzərdən keçirək. Birincidə Allahın xidmətçilərindən birinin hərəkəti, ikincidə isə Allahın Öz davranışı haqqında bəhs edilir.

Nə üçün Lut öz qızlarını azğın izdihama təklif edir?

11, 12. a) İnsan cildinə girmiş iki mələyin Allahın tapşırığı ilə Sodom şəhərinə gəldiyi zaman baş verən hadisəni söyləyin. b) Bu hadisə insanlarda hansı sualları doğurur?

11 «Yaradılış» kitabının 19-cu fəslində insan cildinə girmiş iki mələyin Allahın tapşırığı ilə Sodom şəhərinə gəldiyi haqqında oxuyuruq. Lut onları evində qalmaq üçün dilə tutur. Lakin elə həmin gecə şəhərin sakinləri evi əhatəyə alıb, cinsi əlaqəyə girmək üçün qonaqları çölə çıxarmağı tələb edirlər. Lut izdihamı yola gətirməyə çalışır, amma onun cəhdi əbəs olur. Qonaqlarını müdafiə edərək Lut deyir: «Qardaşlarım, pislik etməyin. Mənim ərə getməmiş iki qızım var; qızlarımı sizin yanınıza gətirim, onlara nə istəyirsiniz, edin. Ancaq bu adamlara toxunmayın, çünki onlar mənim evimin qonaqlarıdır». İzdiham ona qulaq asmır və artıq qapını sındırmağa hazırlaşırdı. O zaman mələklər bütün azğın izdihamın gözünü kor edirlər (Yaradılış 19:1-11).

12 Bu hadisənin insanlarda suallar doğurduğu tamamilə aydındır. Məsələn, onlar təəccüblənirlər: «Lut qonaqların xatirinə öz qızlarını şəhvətli izdihama necə təklif edə bilmişdi? Məgər bu düzgün hərəkət idi? O, qorxaqlıq etmirdimi? Nəyə görə Peter Allahdan ilham alaraq Lutu “saleh” adlandırmışdır? Allah Lutun hərəkətini bəyənmişdimi?» (2 Peter 2:7, 8). Yanlış nəticəyə gəlməmək üçün gəlin bu hadisəni ətraflı müzakirə edək.

13, 14. a) Müqəddəs Kitabda Lutun hərəkətləri təsvir olunan parçaya dair nəyi qeyd etmək lazımdır? b) Nədən görünür ki, Lut qorxaq deyildi?

13 Əvvəlcə qeyd etmək lazımdır ki, Müqəddəs Kitab Lutun hərəkətini nə bəyənir, nə də mühakimə edir, bu hadisə orada sadəcə nəql olunur. Müqəddəs Kitabda Lutun fikirləri və niyyətləri haqqında da heç nə deyilmir. Ehtimal ki, o, ‘salehlər dirilən’ zaman həyata qayıdanda hər şey haqqında geniş danışacaqdır (Həvarilərin işləri 24:15).

14 Çətin ki, Lutu qorxaq adlandırmaq olar. O, çətin vəziyyətə düşmüşdü. «Onlar mənim evimin qonaqlarıdır» deməklə, Lut göstərdi ki, onları müdafiə etmək və qorumaq məs’uliyyəti daşıyır. Bu heç də asan iş deyildi. Yəhudi tarixçisi İosif Flavinin mə’lumatına görə, Sodomun sakinləri «insanlara təkəbbürlə, Allaha isə hörmətsizliklə yanaşırdılar... Eyni zamanda onlar qonaqpərvərliyə son qoymuş və bütün insanlarla ədəbsiz davranmağa başlamışdılar». Bununla belə Lut azğın izdihamın önündən geriyə çəkilmədi. Əksinə, o, həmin acıqlı insanların qarşısına çıxıb, onları yola gətirməyə çalışdı. O, hətta «arxasınca qapını örtdü» (Yaradılış 19:6).

15. Nəyə görə demək olar ki, Lut imanla hərəkət etmişdir?

15 Yenə də kim isə soruşa bilər: «Axı nəyə görə Lut öz qızlarını izdihama təklif etdi?» Nəyə görə onun pis niyyətlərə malik olduğunu düşünmək əvəzinə, mümkün olan bə’zi izahatları nəzərdən keçirməyək? Hər şeydən əvvəl, ehtimal ki, Lut imanla hərəkət edirdi. Necə? Şübhəsiz, əmisi İbrahimin arvadı Saranı Yehovanın necə müdafiə etdiyi Luta mə’lum idi. Sara çox gözəl olduğundan, İbrahim ehtiyat edirdi ki, arvadına görə onu öldürə bilərlər. Buna görə də arvadından xahiş etmişdi ki, onu qardaşı kimi qələmə versina. Sonra Saranı fir’onun evinə aparırlar. Lakin Yehova məsələyə müdaxilə edib, fir’onun Saranı almasına yol vermir (Yaradılış 12:11-20). Ola bilsin, Lut inanırdı ki, həmin hadisədə olduğu kimi, Allah onun qızlarını da müdafiə edəcəkdir. Yehovanın həqiqətən də müdaxilə etməsi və Lutun qızlarına heç bir ziyan dəyməməsi diqqətə layiqdir.

16, 17. a) Lut hansı yolla sodomluları utandırmağa və ya onları çaşdırmağa çalışa bilərdi? b) Lutun fikri hər necə olsa da, biz nəyə əmin ola bilərik?

16 Mümkün olan başqa izahatı da nəzərdən keçirək. Lutun camaatı utandırmağa və ya onları çaşdırmağa çalışması da istisna deyil. Lutun sodomluların homoseksual meyllərinə görə onun qızlarına tamah salmayacaqlarını yəqin etməyə də əsası vardı (Yəhuda 7). Bundan əlavə, onun qızları şəhər sakinlərindən iki nəfərin nişanlısı idilər, buna görə də, ehtimal etmək olar ki, izdihamın arasında Lutun zənn edilən kürəkənlərinin qohumları, dostları və ya iş yoldaşları vardı (Yaradılış 19:14). Lut, ola bilsin, bu səbəbə görə əmin idi ki, izdihamdan bə’zi kişilər onun qızlarını müdafiə edəcəklər. Parçalanmış izdiham isə artıq o qədər də təhlükəli olmazdıb.

17 Lutun fikir və niyyətləri hər necə olursa-olsun, biz bir şeyə əmin ola bilərik ki, Yehova həmişə ədalətlə davrandığı üçün Lutu saleh saymağa əsası vardı. Və məgər azğın izdihamın hərəkəti, Yehovanın bu pozğun şəhərin sakinlərini cəzalandırmaqda tamamilə haqlı olduğuna gözəl şəhadətlik etmirmi? (Yaradılış 19:23-25).

Yehova Uzzanı nəyə görə məhv etdi?

18. a) Davud sandığı Yerusəlimə gətirməyə cəhd göstərdiyi zaman nə baş vermişdir? b) Bu hadisə ilə bağlı hansı sual yaranır?

18 Bə’zilərində sual yaradan başqa bir hadisə — Davudun Əhd sandığını Yerusəlimə gətirməyə cəhd göstərdiyi zaman baş vermişdi. Sandığı Uzza və onun qardaşının sürdüyü arabaya yerləşdirmişdilər. Müqəddəs Kitabda deyilir: «Nakonun xırman yerindən keçəndə öküzlər büdrədi. Buna görə də Uzza əl uzadıb Allahın sandığından tutdu. Uzzaya qarşı Rəbbin qəzəbi alovlandı və Allah onu hörmətsizlik etdiyinə görə oradaca vurdu. Uzza yerindəcə — Allahın sandığı yanında öldü». Bir neçə aydan sonra göstərilən ikinci cəhd isə müvəffəqiyyətlə başa çatdı: sandığı Allahın əmr etdiyi kimi — Qohat nəslindən olan levililərin çiyinlərində gətirdilər (2 Şamuel 6:6, 7; Saylar 4:15; 7:9; 1 Salnamələr 15:1-14). Bə’ziləri soruşa bilər: «Yehova nəyə görə belə sərt münasibət göstərdi, axı Uzza sadəcə sandığı tutmağa çalışmışdı?» Lakin nəticə çıxarmağa tələsməyək. Gəlin bu hadisəni ətraflı nəzərdən keçirək.

19. Nəyə görə Yehova ədalətsiz davrana bilməz?

19 Yadda saxlamaq lazımdır ki, Yehova haqsız davrana bilməz (Əyyub 34:10). Bu məhəbbətə müvafiq olmazdı, Müqəddəs Kitabdan isə bilirik ki, «Allah məhəbbətdir» (1 Yəhya 4:8). Bundan savayı Müqəddəs Yazılarda deyilir ki, «salehlik və ədalət [Allahın] taxtının təməlidir» (Məzmur 89:14). Elə isə, Yehova necə ədalətsiz davrana bilər? Bu zaman O Öz hakimiyyətinin təməlini pozmazdımı?

20. Nəyə görə, ehtimala görə, Uzza sandıqla bağlı tələbləri bilirdi?

20 O cümlədən qeyd etmək lazımdır ki, Uzza bir az ehtiyatlı olmalı idi. Sandıq Yehovanın iştirakını təmsil edirdi. Qanunda aydınca deyilirdi ki, səlahiyyəti olmayan adamlar ölüm qorxusu altında sandığa toxunmalı deyillər (Saylar 4:18-20; 7:89). Buna görə də, müqəddəs sandığın daşınılmasına düşüncəsiz yanaşmaq olmazdı. Görünür, Uzza levili idi (kahin deyildi), buna görə də, o, Qanunu bilməli idi. Bundan başqa, bu hadisədən çox illər əvvəl sandıq onun atasının evinə gətirilmişdir (1 Şamuel 6:20–7:1). Davud bu sandığı başqa yerə köçürmək istəyənə qədər orada təxminən 70 il qalmışdır. Bu səbəbdən, ehtimal ki, Uzza uşaqlıqdan bəri sandıqla bağlı qanunlarla tanış idi.

21. Uzza ilə baş verən hadisəni nəzərdən keçirərkən nəyə görə Yehovanın ürəklərin niyyətini gördüyünü yadda saxlamaq vacibdir?

21 Artıq yuxarıda qeyd olunduğu kimi, Yehova ürəkləri görən Allahdır. Müqəddəs Kitabda Uzzanın hərəkəti «hörmətsizlik» adlandığı üçün, ehtimal ki, Yehova bu insanın ürəyindəki — Müqəddəs Yazılarda birbaşa qeyd olunmayan — xudbin niyyətləri görmüşdür. Uzza həddini aşmağa meylli olan təkəbbürlü insan deyildimi? (Süleymanın məsəlləri 11:2). Onun ailəsində saxlanılan sandığı indi hamının gözü qabağında aparması lovğalanmaq üçün ona əsas verirdimi? (Süleymanın məsəlləri 8:13). Yə’ni Uzzanın imanı o qədər zəif idi ki, Yehovanın Onun iştirakını təmsil edən müqəddəs sandığı qoruması üçün əli çatmadığını fikirləşirdi? Hər necə olursa-olsun, biz əmin ola bilərik ki, Yehova ədalətlə davranmışdı. Ehtimal ki, Allah Uzzanın ürəyində elə bir şey görmüşdü ki, Onu dərhal hərəkət etməyə təşviq etmişdi (Süleymanın məsəlləri 21:2).

Əminlik üçün möhkəm əsas

22. Nəyə görə Yehovanın Kəlamında bu və ya digər təfsilatların buraxılmasında Onun müqayisəedilməz müdrikliyini görürük?

22 Yehovanın Kəlamında bu və ya digər təfsilatların buraxılmasında Onun müqayisə­edilməz müdrikliyini görürük. Bununla Yehova Ona e’tibar etdiyimizi sübut etmək üçün imkan yaradır. Nəzərdən keçirdiyimiz nümunələrdən sonra məgər aydın olmurmu ki, Yehovanın qərarları ilə razılaşmağımız üçün möhkəm əsasımız var? Allahın Kəlamını səmimi ürəklə və açıq düşüncə ilə öyrəndiyimiz zaman, Yehova haqqında lazımından da artıq öyrənirik. Bu isə Onun həmişə haqq və ədalətlə davrandığına bizi əmin edir. Buna görə də, əgər Müqəddəs Kitabdan hansısa epizodlar bizdə dərhal dəqiq cavabını tapmadığımız suallar yaradırsa, gəlin Yehovanın ədalətlə davrandığına bir an belə şübhə etməyək.

23. Yehovanın gələcəkdə olacaq işlərinə dair hansı əminliyə malik ola bilərik?

23 Belə bir əminliyə Yehovanın gələcəkdə olacaq işlərinə münasibətdə də malik ola bilərik. Beləliklə, inana bilərik ki, qarşıdan gələn böyük məşəqqətdə hökm zamanı Allah «salehi də günahkarla birgə» məhv etməyəcək (Yaradılış 18:23). Onun haqq və ədalətə olan məhəbbəti bunu etməyə yol verməz. Həmçinin tamamilə əmin ola bilərik ki, yaxınlaşmaqda olan yeni dünyada Allah bizim bütün tələbatlarımızı ən gözəl tərzdə ödəyəcəkdir (Məzmur 145:16).

[Haşiyələr]

a İbrahimin ehtiyat etməyə səbəbi vardı. Qədim papirusların birində keşikçilərə gözəl qadını tutub, onun ərini öldürməyi əmr edən bir fir’ondan danışılır.

b Əlavə mə’lumatlar «Gözətçi Qülləsi»nin 1981-ci il, 1 mart sayının 22-ci səhifəsində gətirilir (rus.).

Yadınızdadırmı?

• Hansı beş səbəbə görə Yehovanın qərarları ilə razılaşmalıyıq?

• Lutun qızlarını azğın izdihama təklif etdiyi haqqında düşünərkən yanlış nəticələrdən qaçınmaqda bizə nə kömək edə bilər?

• Yehovanın Uzzanı məhv etməsinin səbəbini başa düşməkdə bizə nə kömək edir?

• Yehovanın gələcəkdə olacaq işlərinə dair hansı əminliyə malik ola bilərik?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş