Ən böyük Missioneri təqlid edin
«Mən Məsihi təqlid etdiyim kimi, siz də məni təqlid edin». 1 KOR. 11:1
1. İsa Məsihi nə üçün təqlid etməliyik?
HƏVARİ Pavel ən böyük Missioneri — İsa Məsihi təqlid edirdi. O, həmimanlılarını da təşviq edirdi: «Mən Məsihi təqlid etdiyim kimi, siz də məni təqlid edin» (1 Kor. 11:1). Həvarilərinin ayaqlarını təvazökarlıqla yumaqla təvazökarlıq dərsi verdikdən sonra İsa onlara dedi: «Mənim sizə etdiyim kimi siz də edəsiniz deyə, sizə bir nümunə göstərdim» (Yəh. 13:12-15). Biz müasir məsihçilər də İsa Məsihi sözlərimizdə, əməllərimizdə və xüsusiyyətlərimizlə təqlid etmək məsuliyyəti daşıyırıq (1 Pet. 2:21).
2. Rəhbərlik Şurası tərəfindən missioner təyin olunmasan da, xidmətə necə yanaşa bilərsən?
2 Əvvəlki məqalədən öyrəndik ki, missioner xoş xəbəri başqalarına çatdırmaq üçün göndərilən müjdəçidir. Bununla bağlı Pavel bəzi maraqlı suallar qaldırmışdı. (Romalılara 10:11-15 ayələrini oxu.) Həvarinin «vəz edən yoxdursa, necə eşidəcəklər?» sualına diqqət yetirin. Sonra o, Yeşayanın peyğəmbərliyindən sitat gətirdi: «Sülh xəbəri gətirən... müjdəçinin ayaqları necə də gözəldir!» (Yeşaya 52:7). Sən xarici ölkələrdə təbliğ etmək üçün missioner təyin edilməsən də, xoş xəbərin səyli təbliğçisi kimi İsadan nümunə götürməklə müjdəçi ruhunu özündə inkişaf etdirə bilərsən. Keçən il Padşahlığın 6 957 852 təbliğçisi 236 ölkə və ərazidə ‘müjdəçi işini yerinə yetirmişdi’ (2 Tim. 4:5).
«Biz hər şeyi atıb Sənin ardınca gəldik»
3, 4. İsa göydə nələri qoyub gəldi və biz onun davamçısı olmaq üçün nə etməliyik?
3 İsa yer üzündəki tapşırığını yerinə yetirmək üçün səmavi həyatını və izzətini qoyub, özünü ‘heç edərək qul surətinə saldı’ (Filip. 2:7). Məsihi təqlid etmək üçün nə qədər çox şey etsək də, bu onun yer üzündə etdikləri ilə müqayisə oluna bilməz. Lakin biz Şeytanın dünyasında imtina etdiyimiz şeylərə görə heyfsilənməsək, onun davamçıları kimi sarsılmaz qala bilərik (1 Yəh. 5:19).
4 Bir dəfə həvari Peter İsaya dedi: «Budur, biz hər şeyi atıb Sənin ardınca gəldik» (Mat. 19:27). Peter, Andrey, Yaqub və Yəhya İsanın dəvətini eşidən kimi torlarını atıb, onun ardınca getdilər. Onlar balıqçılıq peşəsini ataraq xidmətə sarıldılar və bu onların ən vacib məşğuliyyəti oldu. Əksəriyyətimizə İsanın ardınca getmək üçün ‘hər şeyimizi’ atmaq lazım gəlməyib. Ancaq Məsihin davamçısı və Yehovanın səmimi xidmətçisi olmaq üçün biz ‘özümüzü inkar etməli’ olmuşuq (Mat. 16:24). Belə həyat yolu bol-bol xeyir-dualar gətirib. (Matta 19:29 ayəsini oxu.) Məsihi təqlid edəndə təzahür etdirdiyimiz müjdəçi ruhu ürəyimizi sevindirir, ələlxüsus da Allaha və Onun sevimli Oğluna yaxınlaşmaqda başqalarına azacıq da olsa köməyimiz dəyəndə.
5. Bəzi mühacirlər Müqəddəs Kitab həqiqətini öyrəndikdən sonra nə etmək qərarına gəlirlər? Nümunə çəkin.
5 Surinamın mərkəzində yaşayan braziliyalı Valmir qızılçıxaran idi. O, əxlaqsız həyat sürür və sərxoşluq edirdi. O, bir dəfə şəhərdə olanda Yehovanın Şahidləri onunla Müqəddəs Kitabı öyrənməyə başladılar. O, hər gün öyrənirdi və həyatında çoxlu dəyişikliklər edib, tezliklə vəftiz olundu. Valmir görəndə ki, işi Müqəddəs Kitab tələblərinə uyğun yaşamağı çətinləşdirir, öz gəlirli biznesini satıb, ailəsinə ruhani xəzinələr tapmağa kömək etmək məqsədilə Braziliyaya qayıtdı. Bir çox mühacirlər Müqəddəs Kitab həqiqətini öyrənəndən sonra qohumlarına və digərlərinə Yehovaya yaxınlaşmağa kömək etmək üçün zəngin ölkələrdə malik olduqları işlərini buraxıb vətənlərinə qayıdırlar. Padşahlığının bu cür təbliğçiləri əsl müjdəçi ruhu təzahür etdirirlər.
6. Padşahlığın təbliğçilərinə böyük ehtiyac olan yerlərə köçə bilmiriksə, nə edə bilərik?
6 Bir çox Şahidlər Padşahlığın təbliğçilərinə böyük ehtiyac olan ərazilərə köçə bilmişlər. Bəziləri, hətta başqa ölkələrə getmişlər. Ola bilsin, bunlardan hansınısa etməyimiz mümkün deyil, amma xidmətdə həmişə əlimizdən gələni etməklə İsanı təqlid edə bilərik.
Yehova lazımi təlimi verir
7. Öz bacarıqlarını inkişaf etdirmək istəyən Padşahlığın təbliğçiləri üçün hansı Məktəblər var?
7 İsa Öz Atasından təlim aldığı kimi, biz də Yehovanın hal-hazırda təqdim etdiyi təlimdən faydalana bilərik. İsa özü demişdir: «Peyğəmbərlərin kitablarında: “Onların hamısını da Allah öyrədəcəkdir” deyə yazılmışdır» (Yəh. 6:45; Yeşaya 54:13). Bu gün bizi Padşahlığın təbliğçisi kimi hazırlayan Məktəblər var. Şübhəsiz, hər birimiz yığıncaqlarımızda keçirilən Teokratik Xidmət Məktəbindən hansısa faydanı əldə etmişik. Pionerlərin Pioner Xidməti Məktəbini keçmək üstünlüyü var. Bir çox təcrübəli pionerlər bu Məktəbi ikinci dəfə keçmişlər. Ağsaqqallar və xidməti köməkçilər təlim vermə qabiliyyətlərini inkişaf etdirmək və həmimanlılarına daha yaxşı kömək etmək üçün Padşahlıq Xidməti Məktəbində oxumuşlar. Bir çox subay ağsaqqallar və xidməti köməkçilər təbliğ işində digərlərinə kömək etməyi öyrədən Xidməti Təkmilləşdirmə Məktəbində təlim almışlar. Həmçinin başqa ölkələrə missioner təyinatı alan bir çox bacı-qardaşlar Gözətçi Qülləsinin Müqəddəs Kitab Məktəbi Gileadda oxumuşlar.
8. Yehovadan təlim almaq imkanını bəzi qardaşlar nə dərəcədə qiymətləndirirlər?
8 Yehovanın Şahidlərindən bir çoxu bu Məktəblərdə təlim almaq üçün həyatlarında müəyyən dəyişikliklər etmişlər. Kanadadan olan Yuqi, Xidməti Təkmilləşdirmə Məktəbində oxumaq üçün işindən çıxmalı oldu, çünki müdiri məzuniyyətə çıxmasına icazə vermədi. Yuqi deyir: «Mən heç təəssüflənmirəm. Müdiriyyət istisna hal kimi mənə icazə versəydi, əvəzində şirkətdən heç vaxt ayrılmamaq şərtilə işləməyimi tələb edə bilərdi. İndi isə mən Yehovanın verəcəyi hər bir tapşırığı qəbul etməyə hazıram». Allahın verdiyi təlimdən faydalanmaq üçün çoxları əvvəllər yüksək qiymətləndirdikləri şeylərdən imtina etmişlər (Luka 5:28).
9. Müqəddəs Kitab təlimi və güclü səyin böyük nailiyyətlər əldə etməyə kömək etdiyinə dair nümunə çəkin.
9 Müqəddəs Kitab təlimi və güclü səy böyük nailiyyətlər əldə etməyə kömək edir (2 Tim. 3:16, 17). Gəlin Qvatemalada yaşayan Saulonun nümunəsinə nəzər salaq. Onda anadangəlmə cüzi ağıl zəifliyi var idi və müəllimələrindən biri onun anasına dedi ki, uşağın məyus olmaması üçün onu oxumağa məcbur etməməlidir. Saulo oxumağı öyrənməmiş məktəbdən çıxdı. Lakin bir Şahid «Oxumaqla və yazmaqla məşğul ol» (ing.) broşürasının köməyilə ona oxumağı öyrətdi. Nəticədə, Saulo hətta Teokratik Xidmət Məktəbində çıxışlar da edirdi. Bir qədər sonra Saulonun anası evdən-evə təbliğ edəndə həmin müəlliməyə rast gəldi. O, Saulonun oxumağı öyrəndiyini eşidəndə anasından xahiş etdi ki, gələn həftə özü ilə onu da gətirsin. Saulo gələndə müəlliməsi ondan soruşdu: «Sən mənə nə öyrətmək istəyirsən?» Saulo «Müqəddəs Kitab əslində nə öyrədir?» kitabından bir abzas oxudu. Müəlliməsi dedi: «İnana bilmirəm ki, indi sən məni öyrədirsən». Göz yaşlarını saxlaya bilməyən müəllimə, Saulonu qucaqladı.
Ürəkləri təşviq edən təlim
10. Müqəddəs Kitab həqiqətini öyrətməkdə bizə kömək edən hansı gözəl vəsait var?
10 İsa birbaşa Yehovadan aldığı təlimlərə və Allahın Kəlamındakı rəhbərliyə əsasən öyrədirdi (Luka 4:16-21; Yəh. 8:28). Biz İsanın məsləhətlərinə əməl etməklə və Müqəddəs Yazılara əsasən öyrətməklə onu təqlid edirik. Buna görə də hamımız eyni düşüncədə və eyni rəydəyik, bu isə birliyimizə səbəb olur (1 Kor. 1:10). Biz necə də minnətdarıq ki, «sadiq və ağıllı qul» təlimlərimizdə birliyi qorumaq və müjdəçi işimizi yerinə yetirmək üçün bizi Müqəddəs Kitaba əsaslanan ədəbiyyatlarla təmin edir! (Mat. 24:45; 28:19, 20). Bu nəşrlərindən biri, hal-hazırda 179 dildə olan «Müqəddəs Kitab öyrədir» kitabıdır.
11. Efiopiyada olan bir bacımız «Müqəddəs Kitab öyrədir» nəşri vasitəsilə müqavimətin öhdəsindən necə gəldi?
11 Allahın Kəlamını «Müqəddəs Kitab öyrədir» nəşri vasitəsilə öyrənmək hətta müqavimət göstərənlərin ürəyini yumşalda bilər. Efiopiyada yaşayan Lula adlı pioner bacımız bir qadınla Müqəddəs Kitab öyrənməsi keçirirdi. Bir dəfə öyrənmə zamanı bu qadının qohumu oturduqları otağa girib dedi ki, belə öyrənməyə ehtiyacları yoxdur. Lula «Müqəddəs Kitab öyrədir» kitabının 15-ci fəslində gətirilən saxta pul nümunəsindən istifadə edərək sakitcə onunla mülahizə yürütməyə başladı. Qadın sakitləşdi və onlara öyrənməni davam etdirməyə icazə verdi. Lula növbəti dəfə gələndə həmin qadın da orada idi və o xahiş etdi ki, onunla da Müqəddəs Kitab öyrənməsi keçirilsin, hətta buna görə pul da təklif etdi! O, həftədə üç dəfə öyrənirdi və yaxşı ruhani nailiyyətlər əldə etdi.
12. Gənclərin Müqəddəs Kitab həqiqətlərini effektiv surətdə necə öyrədə biləcəyinə dair nümunə çəkin.
12 Gənclər də «Müqəddəs Kitab öyrədir» kitabının vasitəsilə digərlərinə kömək edə bilərlər. Havay adalarında yaşayan 11 yaşlı Kianu məktəbdə bu kitabı oxuyurdu. Bu zaman sinif yoldaşlarından biri ona yaxınlaşıb soruşdu: «Kianu, sən niyə bayramlarda iştirak etmirsən?» Kianu kitabın Əlavələr bölməsindəki «Bayramlara münasibətimiz necə olmalıdır?» başlığı altında olan məlumatı oxudu. Sonra o, kitabın mündəricatını açdı və onu maraqlandıran mövzunu seçməyi təklif etdi. Müqəddəs Kitab öyrənməsi başlandı. Keçən xidmət ili Yehovanın Şahidləri 6 561 426 Müqəddəs Kitab öyrənməsi keçiriblər və onların əksəriyyəti bu kitab vasitəsilə keçirilib. Bəs sən öyrənmə keçirmək üçün bu vəsaitdən istifadə edirsənmi?
13. Müqəddəs Kitab öyrənməsi insanlara necə təsir göstərə bilər?
13 Allahın Kəlamını «Müqəddəs Kitab öyrədir» nəşri vasitəsilə öyrənmək Yehovanın iradəsini yerinə yetirmək istəyənlərə güclü təsir bağışlaya bilər. Norveçdə xüsusi pioner kimi xidmət edən bir ər-arvad Zambiyadan olan bir ailə ilə Müqəddəs Kitab öyrənməsi başladı. Onların üç qızı var idi və daha uşaqlarının olmasını istəmirdilər. Qadın hamilə qalanda onlar abort etdirmək qərarına gəldilər. Həkimə getməzdən bir neçə gün qabaq onlar «Həyata düzgün münasibət» fəslini keçmişdilər. Bu fəsildə təsvir edilən ana bətnindəki uşaq şəkli onlara elə güclü təsir etdi ki, fikirlərindən daşındılar. Onlar ruhən inkişaf etməyə davam edirdilər və doğulan oğullarına onlarla öyrənmə keçirən qardaşın adını qoydular.
14. Öyrətdiklərimizə əsasən yaşamaq hansı gözəl nəticələri verə bilər?
14 İsanın təlim üsulunun ən vacib cəhəti, öyrətdiklərinə özünün əməl etməsi idi. İsaya bu sahədə bənzəyən Yehovanın Şahidlərinin gözəl davranışı bir çoxlarını valeh edir. Yeni Zelandiyada bir iş adamının maşınından çantasını oğurlamışdılar. O bu haqda polisə xəbər verəndə, polis ona dedi: «Çantanızı yalnız Yehovanın Şahidi taparsa, onu geri alacağınıza ümid edə bilərsiniz». Poçtalyon işləyən bir bacı onun çantasını tapdı. Bundan xəbər tutan həmin iş adamı bacının evinə gəldi. Qiymətli sənədlərinin yerində olduğunu görəndə o rahat nəfəs aldı. Bacı ona dedi: «Mən Yehovanın Şahidiyəm, buna görə çantanı sizə qaytarıram». Polisin səhər dediyi sözlər çantanın sahibinin yadına düşdü və onu təəccüb bürüdü. Bəli, həqiqi məsihçilər İsa Məsihi təqlid edərək Müqəddəs Kitab həqiqətlərinə uyğun yaşayırlar (İbr. 13:18).
İsanın insanlara münasibətini təqlid edin
15, 16. İnsanları çatdırdığımız xoş xəbərə necə cəlb edə bilərik?
15 İsanın insanlara münasibəti onların diqqətini bəyan etdiyi müjdəyə yönəldirdi. Onun məhəbbəti və təvazökarlığı sadə insanları cəlb edirdi. İsa yanına gələn insanlara şəfqətlə yanaşırdı, onları sağaldır və xoş sözlərlə təsəlli verirdi. (Mark 2:1-5 ayələrini oxu.) Biz möcüzələr göstərə bilməsək də, insanlarla münasibətimizdə həqiqətə cəlb edən xüsusiyyətləri — məhəbbəti, təvazökarlığı və şəfqəti təzahür etdirə bilərik.
16 Tarya adlı xüsusi pioner, Sakit okeanın cənubunda, Kiribatinin ən uzaq adaların birində yaşayan Beyer adlı yaşlı bir kişiyə təbliğ edəndə şəfqət göstərmək öz bəhrəsini verdi. Kişi qulaq asmaq istəmədiyini bildirsə də, Tarya onun iflic olduğuna diqqət yetirdi və ona yazığı gəldi. Bacı ondan soruşdu: «Xəstə və yaşlı insanlara Allahın nə vəd etdiyini heç eşitmisinizmi?» Sonra o, Yeşayanın peyğəmbərliyindən bir parça oxudu. (Yeşaya 35:5, 6 ayələrini oxu.) Bu, Beyerə maraqlı gəldi və dedi: «Neçə ildir ki Müqəddəs Kitab oxuyuram və yanıma dinimdən olan missionerlər gəlir, amma bu sözləri heç vaxt Müqəddəs Kitabda görməmişəm». Beyerlə Müqəddəs Kitab öyrənməsi başlandı və o, yaxşı ruhani nailiyyətlər əldə etdi. O şikəst olsa da, indi vəftiz olunmuş qardaşdır və bu ucqar yerdə olan qrupda görüşlər aparır, bütün adada xoş xəbəri təbliğ edir.
Məsihi təqlid etməyə davam edin
17, 18. a) Müvəffəqiyyətli müjdəçi olmaq üçün nə edə bilərsən? b) Öz xidmətlərinə ciddi yanaşanlar nəyin şahidi olacaqlar?
17 Xidmətdə baş verən bu fərəhləndirici hadisələr dönə-dönə göstərir ki, İsa Məsihin təzahür etdirdiyi xüsusiyyətləri özümüzdə yetişdirir və təzahür etdiririksə, bir müjdəçi kimi müvəffəqiyyətli ola bilərik. Buna görə də, səyli müjdəçilər kimi İsa Məsihi təqlid etməliyik.
18 Birinci əsrdə bəziləri İsanın şagirdi olanda Peter soruşdu: «Bizim nəyimiz olacaq?» Cavabında İsa dedi: «Hər kim Mənim adım naminə evlərini, qardaşlarını, bacılarını, atasını, anasını, arvadını, uşaqlarını və yaxud tarlalarını atmışsa, yüz dəfə artıq alacaq və əbədi həyatı miras götürəcəkdir» (Mat. 19:27-29). Əgər biz ən böyük Missioner olan İsa Məsihi təqlid etməyə davam etsək, bu sözlərin həqiqət olduğunun özümüz şahidi olacağıq.
Necə cavab verərdiniz?
• Yehova bizi müjdəçi olmağa necə öyrədir?
• Nəyə görə «Müqəddəs Kitab öyrədir» nəşri xidmətdə səmərəlidir?
• İnsanlara münasibətimizdə İsanı necə təqlid edə bilərik?
[17-ci səhifədəki şəkil]
İsa Peteri, Andreyi, Yaqubu və Yəhyanı davamçısı olmağa dəvət edəndə onlar dərhal hay verdilər
[19-cu səhifədəki şəkil]
«Müqəddəs Kitab öyrədir» kimi nəşrlər təlimdə birliyimizi qorumağa kömək edir