Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • kr fəs. 17 s. 182—191
  • Padşahlığın xidmətçilərinin aldığı təlim

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Padşahlığın xidmətçilərinin aldığı təlim
  • Allahın Padşahlığı hökmranlıq edir!
  • Başlıqlar
  • Oxşar material
  • «Ata mənə nə öyrədibsə, mən də onu danışıram»
  • Xidmətçilər təbliğ etməyi öyrənirlər
  • Qardaşlar xüsusi təyinatların öhdəsindən gəlmək üçün təlim keçirlər
  • Teokratik məktəblər — Yehovanın məhəbbətinin sübutudur
    Gözətçi qülləsi 2012
  • Yehovanın Şahidləri xidmətlərini yerinə yetirmək üçün hansı təlimi alırlar?
    Tez-tez verilən suallar
  • Yehovanın təqdim etdiklərindən tam faydalanırsanmı?
    Müqəddəs ibadətimiz 2011
  • Öncüllər üçün məktəblər
    Yehova Allahın müasir xalqı
Əlavə
Allahın Padşahlığı hökmranlıq edir!
kr fəs. 17 s. 182—191

FƏSİL 17

Padşahlığın xidmətçilərinin aldığı təlim

MÖVZU

Teokratik məktəblər Padşahlığın xidmətçilərini aldıqları tapşırıqları tam şəkildə yerinə yetirməyə hazırlayır

1—3. İsa təbliğ işini necə genişləndirdi və bununla bağlı hansı suallar ortaya çıxır?

İSA peyğəmbər iki il ərzində Cəlilədə təbliğ etmişdi. (Mətta 9:35—38 ayələrini oxuyun.) O, şəhərləri və kəndləri bir-bir gəzərək sinaqoqlarda insanları öyrədir və Padşahlıq haqqında müjdəni bəyan edirdi. İsa harada təbliğ edirdisə, ətrafına izdiham yığılırdı. O görürdü ki, «məhsul bol»dur və daha çox işçiyə ehtiyac var.

2 İsa təbliğ işini genişləndirməyin qayğısına qaldı. Bunun üçün o, 12 həvarisini «Allahın Padşahlığını təbliğ etməyə» göndərdi (Luka 9:1, 2). Ola bilsin, bu işin öhdəsindən necə gələcəklərinə dair həvarilərin çoxlu sualları vardı. İsa həvarilərini təbliğə göndərməmişdən əvvəl, səmavi Atasının onu öyrətdiyi kimi, o da məhəbbətdən irəli gələrək onlara təlim verdi.

3 Bununla əlaqədar ortaya bir neçə sual çıxır: İsa səmavi Atasından hansı təlimi almışdı? İsa həvarilərinə hansı təlimi vermişdi? Bəs bu gün Padşahlığın Padşahı təbliğ işini yerinə yetirmələri üçün öz davamçılarına təlim verirmi? Əgər verirsə, onda necə?

«Ata mənə nə öyrədibsə, mən də onu danışıram»

4. İsa səmavi Atasından nə zaman və harada təlim almışdı?

4 İsa Atası tərəfindən öyrədildiyini açıq-aydın şəkildə etiraf edirdi. Xidmət zamanı o demişdi: «Ata mənə nə öyrədibsə, mən də onu danışıram» (Yəh. 8:28). O, nə zaman və harada təlim almışdı? Şübhəsiz, Allahın ilkin Oğlunun təlimi o, yaradılandan dərhal sonra başlamışdı (Kol. 1:15). Atası ilə bərabər göydə olanda Oğul saysız-hesabsız illər ərzində Böyük Nəsihətçiyə qulaq asmış və Onu müşahidə etmişdi (Əşy. 30:20). Nəticədə, Oğul Atasının xüsusiyyətləri, işləri və məqsədləri barədə mükəmməl təlim almışdı.

5. Ata Öz Oğluna yer üzündə icra etməli olduğu xidmətlə bağlı hansı göstərişləri vermişdi?

5 Vaxtı çatanda Yehova Öz Oğluna yer üzündə icra etməli olduğu xidmətlə bağlı təlim keçdi. Gəlin Böyük Nəsihətçi və Onun ilk Oğlu arasındakı yaxın münasibəti təsvir edən peyğəmbərliyi nəzərdən keçirək. (Əşiya 50:4, 5 ayələrini oxuyun.) Peyğəmbərlikdə deyilir ki, Yehova Oğlunu «hər səhər» oyadırdı. Bu sözlər insanın ağlında təlim vermək üçün hər səhər öz şagirdini oyadan müəllimi canlandırır. Müqəddəs Kitaba dair bir əsərdə deyilir: «Yehova... onu, sanki, şagird kimi, məktəbə aparır, nə barədə və necə təbliğ edəcəyini öyrədir». Bu səmavi «məktəb»də Yehova Oğluna insanlarla «nə haqda danışmağı, nə deməyi» öyrətmişdi (Yəh. 12:49). Ata Oğluna həmçinin başqalarına necə təlim verməyi də öyrətmişdia. İsa aldığı təlimi yer üzündə təkcə öz xidmətini yaxşı yerinə yetirmək üçün istifadə etmirdi, həmçinin davamçılarını öyrədirdi ki, onlar da öz xidmətlərini yerinə yetirə bilsinlər.

6, 7. a) İsa şagirdlərinə nəyi öyrətmişdi və bu onları nəyə hazırlamışdı? b) İsa bizim günlərdə davamçılarının hansı təlimi keçmələrinin qayğısına qalır?

6 İsa həvarilərinə nə öyrədirdi? Məttanın yazdığı müjdənin 10-cu fəslinə əsasən, İsa xidmətlərini icra etmələri üçün şagirdlərinə növbəti konkret göstərişləri vermişdi: harada təbliğ etməli (5 və 6-cı ayələr), hansı xəbəri çatdırmalı (7-ci ayə), Yehovaya necə güvənməli (9 və 10-cu ayələr), ev sahibləri ilə söhbətə necə başlamalı (11—13–cü ayələr), etirazlara necə münasibət göstərməli (14 və 15-ci ayələr) və təqiblər zamanı necə davranmalı (16—23–cü ayələr)b. İsanın verdiyi bu aydın təlim sayəsində şagirdlər eramızın birinci əsrində xoş xəbərin təbliğ işinə rəhbərlik etmək üçün lazımi bilik və bacarıqla təmin olunmuşdular.

7 Bəs bizim günlər barədə nə demək olar? Allahın Padşahlığının Padşahı olan İsa öz şagirdlərinə ən vacib işi — «Padşahlıq haqqındakı müjdə xalqların hamısına şəhadət olsun deyə» bütün yer üzündə təbliğ etməyi tapşırmışdı (Mət. 24:14). Bəs Padşah bu vacib işi icra etmək üçün Allahın xalqına təlim keçibmi? Əlbəttə. Allahın dərgahında olan Padşahımız qayğı göstərib ki, davamçıları təbliğ etmək və yığıncaqda şərəfli məsuliyyətləri icra etmək üçün təlim keçsinlər.

Xidmətçilər təbliğ etməyi öyrənirlər

8, 9. a) Teokratik Xidmət Məktəbinin əsas məqsədi nə idi? b) Həftəarası keçirilən görüşün sizə hansı faydası olub?

8 Yehovanın təşkilatı uzun illərdir ki, böyük toplantılar və yığıncaq görüşləri (məsələn, Xidməti görüş) vasitəsilə Allahın xalqını xidmətə hazırlayır. Ancaq 1940-cı illərdən etibarən mərkəzi idarədəki məsul qardaşlar müxtəlif məktəblər keçirmək üçün tədris proqramları hazırlamağa başladılar.

9 Teokratik Xidmət Məktəbi. Keçən fəsildən öyrəndiyimiz kimi, bu məktəb 1943-cü ildən keçirilməyə başlayıb. Bəs məktəbin məqsədi şagirdlərə yalnız yığıncaq görüşlərində məharətlə məruzələr söyləməyə kömək etmək idi? Əlbəttə ki, yox. Məktəbin əsas məqsədi hər zaman dəyişilməz olaraq qalıb. Onun məqsədi Allahın xalqına nitq ənamından istifadə edərək Yehovanı izzətləndirmək olub (Zəb. 150:6). Məktəbə yazılan bacı-qardaşlar Padşahlığın daha məharətli təbliğçiləri olmağı öyrənirdilər. İndi biz bu təlimi həftəarası keçirilən görüş vasitəsilə alırıq.

10, 11. Hal-hazırda Gilad Məktəbində kimlər təlim alır və bu məktəbin əsas məqsədi nədir?

10 Gözətçi Qülləsinin Müqəddəs Kitab Məktəbi Gilad. Hal-hazırda Gözətçi Qülləsinin Müqəddəs Kitab Məktəbi Gilad adlanan bu məktəb 1943-cü il fevralın 1-dən keçirilməyə başlayıb. Bu məktəbin lap əvvəldən başlıca məqsədi öncüllərə və digər tammüddətli xidmətçilərə dünyanın müxtəlif yerlərində xüsusi təyinatlı müjdəçi kimi xidmət etmək üçün təlim vermək olub. Ancaq 2011-ci ilin oktyabrından etibarən Gilad Məktəbinə təlim almaq üçün yalnız xüsusi tammüddətli xidmət növündə olanları — xüsusi öncülləri, beytelliləri, səyyar nəzarətçiləri və həyat yoldaşlarını, eləcə də bu məktəbi keçməyən xüsusi təyinatlı müjdəçiləri dəvət edirlər.

11 Bəs Gilad Məktəbinin məqsədi nədir? Uzun müddətdir ki, bu məktəbin təlimatçısı olan bir qardaş bu suala belə cavab verir: «Allahın Kəlamını hərtərəfli araşdırmağın sayəsində şagirdlərin imanını möhkəmləndirmək və onlara təyinatlarında üzləşəcəkləri çətinliklərin öhdəsindən müvəffəqiyyətlə gəlmək üçün lazımi ruhani xüsusiyyətlərə yiyələnməyə kömək etməkdir. Həmçinin bu məktəbin məqsədi şagirdlərə xoş xəbəri daha şövqlə vəz etmək istəyi aşılamaqdır» (Efes. 4:11).

12, 13. Gilad Məktəbi ümumdünya təbliğ işinin irəliləməsinə hansı töhfəni verib? Nümunə çəkin.

12 Gilad Məktəbi ümumdünya təbliğ işinin irəliləməsinə hansı töhfəni verib? 1943-cü ildən bəri məktəbin 8500-dən çox məzunu olubc və bu məktəbdə təlim alan xüsusi təyinatlı müjdəçilər 170-dən çox ölkə və ərazidə xidmət edir. Bu xüsusi təyinatlı müjdəçilər səylə xidmət etməklə və başqalarına da bunu öyrətməklə aldıqları təlimi səmərəli şəkildə istifadə edirlər. Bir çox hallarda xüsusi təyinatlı müjdəçilər az təbliğçisi olan və ya heç təbliğçisi olmayan ərazilərdə təbliğ işinə rəhbərlik edirlər.

13 Gəlin görək İkinci Dünya müharibəsi zamanı Yaponiyada təşkil olunmuş təbliğ xidməti tamamilə dayandırılmaq üzrə olanda nələr baş vermişdi. 1949-cu ilin avqustunda orada heç on təbliğçi yox idi. Ancaq həmin ilin sonunda artıq Yaponiyada Gilad Məktəbinin 13 məzunu fəal şəkildə təbliğ edirdi. Sonradan bir çox xüsusi təyinatlı müjdəçilər də onlara qoşuldu. Əvvəlcə onlar diqqətlərini daha böyük şəhərlərə cəmləyirdilər, sonra isə başqa şəhərlərə üz tutdular. Xüsusi təyinatlı müjdəçilər öyrətdikləri insanları və digər məsihiləri can-dildən öncül xidmətində onlara qoşulmağa təşviq edirdilər. Onların bu cür səylə xidmət etmələri gözəl səmərələr verdi. Hal-hazırda Yaponiyada 216 000-dən çox təbliğçi var və onlardan 40 faizi öncül kimi xidmət edir!d

14. Teokratik məktəblər nəyin sübutudur? (Həmçinin 188—191 səhifələrdəki «Padşahlığın xidmətçiləri üçün məktəblər» adlı çərçivəyə baxın.)

14 Digər teokratik məktəblər. Öncül Məktəbi, Məsihi Ər-arvadlar üçün Müqəddəs Kitab Məktəbi və Subay Qardaşlar üçün Müqəddəs Kitab Məktəbi orada təlim alanların ruhən inkişafında və başqalarına nümunə qoyaraq xidmətdə canla-başla iştirak etməsində əvəzsiz rol oynayıbe. Bütün bu teokratik məktəblər Padşahın öz davamçılarını xidmətlərini yerinə yetirmələri üçün tam yaraqlandırmasına güclü sübutdur (2 Tim. 4:5).

Qardaşlar xüsusi təyinatların öhdəsindən gəlmək üçün təlim keçirlər

15. Allahın xalqı arasında məsul mövqe tutan kişilər İsanı nədə təqlid etmək istəyirlər?

15 Əşiyanın peyğəmbərliyində deyilirdi ki, İsa Allahdan təlim alırdı. Bu səmavi «məktəbdə» Oğul «yerində deyilmiş sözlə yorğunlara» necə cavab verməyi öyrənirdi (Əşy. 50:4). İsa yer üzündə olanda öyrəndiklərinə əsasən davranaraq zəhmətkeşlərə və yükü ağır olanlara təravət verirdi (Mət. 11:28—30). Allahın xalqı arasında məsul mövqe tutan kişilər İsanı təqlid edərək bacı-qardaşları üçün təravət mənbəyi olmaq istəyirlər. Buna görə də məsul qardaşlara həmimanlılarına daha səmərəli şəkildə xidmət etməyə kömək edən müxtəlif məktəblər təsis olunub.

16, 17. Padşahlıq Xidməti Məktəbinin məqsədi nədir? (Həmçinin haşiyəyə baxın.)

16 Məsul Qardaşlar üçün Məktəb. Bu məktəbin ilk sinfi 1959-cu il martın 9-da Saut-Lansinqdə (Nyu-York) keçirilib. Bu biraylıq kursu keçmək üçün səyyar nəzarətçilər və yığıncaq xidmətçiləri dəvət olunurdu. Sonralar bu Məktəbin proqramı ingilis dilindən başqa dillərə tərcümə olundu və tədricən bütün dünyada keçirilməyə başlandıf.

Lloyd Berri qardaş Yaponiyada Padşahlıq Xidməti Məktəbi keçirir, 1970-ci il

Lloyd Berri qardaş Yaponiyada Məsul Qardaşlar üçün Məktəb keçirir, 1970-ci il

17 Məsul Qardaşlar üçün Məktəbin məqsədi ilə bağlı 1962-ci il üçün «Yehovanın Şahidlərinin illik fəaliyyəti»ndə deyilmişdi: «Çoxlu işləmək lazım gələn bugünkü dünyada Yehovanın Şahidlərinin yığıncaq nəzarətçisi öz həyatını elə qurmağı bacarmalıdır ki, bütün yığıncağa lazımi qayğı göstərə bilsin və onlar üçün xeyir-dua olsun. Eyni zamanda da o, yığıncağın rifahı naminə ailə məsuliyyətlərinə başdansovdu yanaşmamalı, sağlamdüşüncəli olmalıdır. Bütün dünyadan olan yığıncaq xidmətçilərinin Məsul Qardaşlar üçün Məktəbdən toplaşaraq nəzarətçi məsuliyyətini yerinə yetirməyə kömək edən təlim almaları, həqiqətən də, gözəl fürsətdir!» (1 Tim. 3:1—7; Tit. 1:5—9).

18. Nəyə görə demək olar ki, Məsul Qardaşlar üçün Məktəb Allahın bütün xalqına fayda gətirir?

18 Məsul Qardaşlar üçün Məktəb Allahın bütün xalqına fayda gətirir. Nəyə əsasən belə demək olar? Ağsaqqallar və yığıncaq xidmətçiləri məktəbdə öyrəndiklərini tətbiq edəndə, İsa kimi, onlar da həmimanlıları üçün təravət mənbəyi olurlar. Məgər ağsaqqalın və ya yığıncaq xidmətçisinin xoş söz deməsi, qulaq asması və ya başçəkməsi sizi ruhlandırmır? (1 Salon. 5:11). Yehovadan təlim almış bu cür qardaşlar yığıncaq üçün əsil xeyir-duadır!

19. Təlim komitəsinin nəzarətində daha hansı məktəblər var və bu məktəblərin məqsədi nədir?

19 Digər teokratik məktəblər. Rəhbərlik Şurasının Təlim komitəsi təşkilatdakı məsul qardaşların təlim aldığı digər məktəblərə də nəzarət edir. Bu məktəblər yığıncaq ağsaqqalları, səyyar nəzarətçilər və filialın komitə üzvləri kimi məsul qardaşlara üzərlərinə düşən çox saylı məsuliyyətləri daha səriştəli şəkildə yerinə yetirməyə kömək etmək üçün yaradılıb. Müqəddəs Kitaba əsaslanan bu təlim zamanı qardaşları ruhaniliklərini qorumağa və Yehovanın onlara etibar etdiyi dəyərli sürü ilə Müqəddəs Kitab prinsiplərinə əsasən davranmağa təşviq edirlər (1 But. 5:1—3).

Malavidə keçirilən Xidməti Təkmilləşdirmə Məktəbinin ilk sinfi

Malavidə keçirilən Xidməti Təkmilləşdirmə Məktəbinin ilk sinfi, 2007-ci il

20. Nəyə görə İsa demişdi ki, bizim hamımız Yehovadan elm almışıq və siz nə etməyə qətiyyətlisiniz?

20 Heç bir şübhə yoxdur ki, Allahın Padşahlığının Padşahı davamçılarının yaxşı təlim almalarının qayğısına qalır. Bütün bu təlimlər Yehovadandır: O, Öz oğlunu, Oğul isə davamçılarını öyrədir. Buna görə də İsa demişdi ki, bizim hamımız Yehovadan elm almışıq (Yəh. 6:45; Əşy. 54:13). Gəlin Padşahın bizə təqdim etdiyi təlimlərdən tam fayda əldə etməyə qətiyyətli olaq. Gəlin həmişə yadda saxlayaq ki, aldığımız bu təlimlərin əsas məqsədi xidmətimizi tam şəkildə yerinə yetirmək üçün ruhən möhkəm qalmağımıza kömək etməkdir.

a Haradan bilirik ki, Ata Oğula necə təlim verməyi öyrədib? Gəlin bir şeyə diqqət yetirək: İsa dünyaya gəlməmişdən əsrlər öncə qələmə alınmış peyğəmbərlikdə deyildiyi kimi, öz təlimlərində çoxlu nümunələrdən istifadə edirdi (Zəb. 78:2; Mət. 13:34, 35). Şübhəsiz, bu peyğəmbərliyin Müəllifi olan Yehova Allah çox-çox əvvəl qərar vermişdi ki, Onun Oğlu nümunələrlə və məsəllərlə öyrədəcək (2 Tim. 3:16, 17).

b Aylar sonra İsa «yetmiş şagird təyin edib onları... iki-iki [təbliğə] göndərdi». O, onlara da təlim verdi (Luka 10:1—16).

c Bəziləri Gilad Məktəbini bir neçə dəfə keçib.

d Gilad Məktəbi keçmiş xüsusi təyinatlı müjdəçilərin ümumdünya təbliğ sahəsinə hansı faydanı gətirdikləri barədə əlavə məlumatı «Yehovanın Şahidləri — Allahın Padşahlığının müjdəçiləri» kitabının 23-cü fəslinə (rus.) baxın.

e Son iki məktəb Padşahlığın Müjdəçiləri Məktəbi ilə əvəz olunub.

f Hal-hazırda bütün ağsaqqallar Məsul Qardaşlar üçün Məktəbdən fayda əldə edirlər. Bu məktəb bir neçə ildən bir keçirilir və keçirilmə müddəti müxtəlifdir. 1984-cü ildən bəri yığıncaq xidmətçiləri də bu məktəbdə təlim alırlar.

Padşahlıq sizin üçün nə dərəcədə realdır?

  • İsa Məsih Atasından hansı təlimi almışdı?

  • Padşah öz davamçılarına müjdəçi olmaları üçün necə təlim verir?

  • Yetkin qardaşlar məsuliyyətlərini yerinə yetirmək üçün necə təlim alırlar?

  • Padşahın verdiyi təlimi qiymətləndirdiyinizi necə göstərə bilərsiniz?

PADŞAHLIĞIN XİDMƏTÇİLƏRİ ÜÇÜN MƏKTƏBLƏR

MƏSİHİ HƏYATI VƏ İBADƏTİ

Məqsəd: təbliğçilərə xoş xəbəri məharətlə təbliğ etməyi və təlim verməyi öyrətmək.

Keçirilmə müddəti: davamlı.

Keçirildiyi yer: yerli ibadət evi.

Yazılma qaydası: yığıncaq görüşlərində mütəmadi iştirak edən, Müqəddəs Kitab təlimləri ilə razı olan, eləcə də həyat tərzini məsihi prinsiplərinə uyğunlaşdıran hər kəs yazıla bilər. Bunun üçün Məsihi həyatı və ibadəti görüşünün nəzarətçisi ilə danışmaq lazımdır.

Faydası: Həftəarası keçirilən görüş bizə axtarışlar aparmağı və məlumatı məntiqi ardıcıllıqla təqdim etməyi öyrədir. Biz həmçinin başqalarını dinləməyi və təkcə öz ruhani tələbatlarımızı yox, başqalarının da tələbatlarını nəzərə almağı öyrənirik.

Uzun müddətdir ki, səyyar nəzarətçi kimi xidmət edən Arne deyir: «Mən uşaqlıqdan kəkələyirdim və başqaları ilə göz təması qurmaqda çətinlik çəkirdim. Bu görüş mənə əminlik əldə etməyə və özümü lazımlı hiss etməyə kömək etdi. Yehovanın verdiyi təlim mənə düzgün nəfəs almağı və diqqətimi cəmləməyi öyrətdi. Yığıncaqda və xidmətdə Allahı izzətləndirmək şərəfinə layiq görüldüyüm üçün Ona çox minnətdaram».

Balaca təbliğçi Teokratik Xidmət Məktəbində Müqəddəs Kitabı oxuyur

YIĞINCAQ AĞSAQQALLARI ÜÇÜN MƏKTƏBg

Məqsəd: ağsaqqallara yığıncaqdakı məsuliyyətlərinin öhdəsindən gəlməyə və ruhaniliklərini artırmağa kömək etmək.

Keçirilmə müddəti: beş gün.

Keçirildiyi yer: filial qərar verir; adətən, yaxınlıqdakı ibadət evi və ya toplantı zalı.

Yazılma qaydası: ağsaqqalları filial dəvət edir.

Faydası: Patersonda (Nyu–York, ABŞ) keçirilən məktəbin 92-ci sinfində iştirak edən qardaşların ürək sözlərinə diqqət yetirək:

«Məktəbin mənə xeyli faydası oldu: özümə kənardan baxdım və Yehovanın sürüsünün qayğısına necə qala biləcəyimi gördüm».

«Bu məktəbdən öyrəndiklərim ömrümün sonuna qədər mənə yetər».

ÖNCÜL MƏKTƏBİ

Məqsəd: öncüllərə xidmətlərini tam yerinə yetirməyə kömək etmək (2 Tim. 4:5).

Keçirilmə müddəti: altı gün.

Keçirildiyi yer: filial qərar verir; adətən, yaxınlıqdakı ibadət evi.

Yazılma qaydası: bir il öncül kimi xidmət edənlər avtomatik olaraq siyahıya daxil edilirlər və bu barədə onlara rayon nəzarətçisi xəbər verir. Son beş il ərzində məktəbdə olmayan bəzi öncüllər də yenidən dəvət oluna bilərlər.

Faydası: Lili deyir: «Bu məktəb mənə xidmətdə və həyatda qarşılaşdığım çətinliklərin öhdəsindən gəlməyə kömək etdi. Məktəbdən sonra araşdırma aparmaq, təlim vermək və Müqəddəs Kitabdan istifadə etmək bacarığım xeyli yaxşılaşdı. İndi mən başqalarına kömək etmək, ağsaqqalları dəstəkləmək və yığıncağın inkişafına töhfə vermək üçün daha hazırlıqlıyam».

İki dəfə öncül məktəbini keçən Brenda deyir: «Məktəb mənə diqqətimi tamamilə ruhani şeylərə, vicdanımı möhkəmləndirməyə və başqalarına kömək etməyə yönəltdi. Yehova, həqiqətən də, səxavətli Allahdır!»

YENİ BEYTELLİLƏR ÜÇÜN MƏKTƏB

Məqsəd: bu məktəb yeni beytellilərə xidmətlərini səmərəli yerinə yetirməyə kömək edir.

Keçirilmə müddəti: 4 gün ərzində hər gün 4 saat.

Keçirildiyi yer: Beytel.

Yazılma qaydası: Beytel ailəsinin daimi üzvü, yaxud da bir il və ya daha çox müddət üçün təyin edilən müvəqqəti könüllü olmaq lazımdır.

Faydası: 1980-ci illərdə bu məktəbi keçən Dimitri deyir: «Bu məktəb mənə daha yaxşı araşdırma aparmağı öyrətdi və Beyteldə uzun müddət xidmət etmək üçün hazırladı. Təlimatçılar, təlim planı və praktiki məsləhətlər məni Yehovanın məhəbbət və qayğısına, eləcə də Onun mənim Beyteldə uğur əldə etməyimi istədiyinə əmin etdi».

PADŞAHLIĞIN MÜJDƏÇİLƏRİ MƏKTƏBİh

Məqsəd: tammüddətli xidmətçilərə (evli cütlüklərə, subay qardaş və bacılara) Yehovanın və təşkilatının onlardan tam şəkildə istifadə edə bilməsi üçün xüsusi hazırlıq keçmək. Bir çox məzunlar ölkələrində daha çox tələbat olan ərazilərə təyin olunacaqlar. Yaşı 50-dən aşağı olan məzunların müvəqqəti olaraq xüsusi öncül kimi ucqar ərazilərdə təbliğ etmək üçün göndərilmə ehtimalı var.

Keçirilmə müddəti: iki ay.

Keçirildiyi yer: filial qərar verir; adətən, yaxınlıqdakı ibadət evi və ya toplantı zalı.

Xidmətdə olan bacı

Bacı-qardaşlar teokratik təlimlərdən faydalanırlar

Yazılma qaydası: tələbat olan ərazidə xidmət etmək üçün sağlamlığı və şəraiti yol verən, eləcə də «mən gedərəm! məni göndər» əhval-ruhiyyəsini əks etdirən 23—65 yaş arasında tammüddətli xidmətçilər (Əşy. 6:8). Subay qardaşlar və bacılar fasiləsiz iki il tammüddətli xidmətdə olmalıdırlar. Evli cütlüklər ən azı iki il evli olmalı və fasiləsiz iki il tammüddətli xidmətdə olmalıdırlar. Qardaş fasiləsiz olaraq iki il ağsaqqal və ya xidməti köməkçi olmalıdır. Əgər bu məktəb sizin filialın ərazisində keçirilirsə, regional toplantıda bu məktəblə maraqlananlar üçün görüş keçiriləcək.

Faydası: yaradılmasından bəri Subay Qardaşlar üçün Məktəbin və Məsihi Ər-arvadlar üçün Məktəbin gətirdiyi bəhrələr danılmazdır. 2013-cü ildə Rəhbərlik Şurası bu iki məktəbi birləşdirərək Padşahlıq Müjdəçiləri Məktəbi adlandırıb. İndi bu məktəbdə ər-arvadlar və subay qardaşlar, eləcə də subay bacılar birgə təlim keçəcəklər.

GÖZƏTÇİ QÜLLƏSİNİN MÜQƏDDƏS KİTAB MƏKTƏBİ GİLAD

Məqsəd: tələbələri əhalisi sıx olan ərazilərdə xüsusi təyinatlı müjdəçi işinə, eləcə də səyyar xidmət və ya Beytel işi üçün hazırlamaq. Əsas məqsəd sahə xidmətini və filialların fəaliyyətini möhkəmləndirməkdir.

Keçirilmə müddəti: beş ay.

Keçirildiyi yer: Gözətçi Qülləsinin Patersondakı (Nyu–York) Təlim Mərkəzi.

Gilead sinifinin tələbələri təlim verən qardaşa diqqətlə qulaq asırlar

Gilad Məktəbi (Paterson, Nyu–York)

Yazılma qaydası: xüsusi tammüddətli xidmətin müəyyən növlərində olan evli cütlüklər, subay bacı və qardaşlar. Filial komitəsi tərəfindən təsdiqlənən Gilad Məktəbi keçməyən xüsusi təyinatlı müjdəçilər, xüsusi öncüllər, səyyar nəzarətçilər və onların həyat yoldaşları, eləcə də beytellilər dəvət oluna bilər. Onlar ingilis dilində səlis danışmalı və yazmalıdırlar.

Faydası: Artıq bir neçə ildir aldıqları təyinat üzrə xidmət edən ABŞ-dan olan Lada və Monik növbəti sözləri deyirlər.

Lada deyir: «Gilad Məktəbi bizi dünyanın istənilən yerinə getməyə və qollarımızı çırmalayıb əziz qardaşlarımızla bərabər çalışmağa hazırladı».

Monik əlavə edir: «Allahın Kəlamından öyrəndiklərimi tətbiq edəndə təyinatım mənə böyük sevinc gətirir. Bu sevinc Yehovanın məhəbbətinin bir sübutudur».

MƏSUL QARDAŞLAR ÜÇÜN MƏKTƏB

Məqsəd: səyyar nəzarətçilərə, ağsaqqallara, bəzən də xidməti köməkçilərə nəzarət etmək və təşkilatçılıq kimi vəzifələrini daha yaxşı yerinə yetirməyi öyrətmək (Həv. 20:28). Məktəbdə yığıncaqların cari vəziyyəti, tendensiyası və tələbatları müzakirə edilir. Məktəb Rəhbərlik Şurasının qərarı ilə bir neçə ildən bir keçirilir.

Keçirilmə müddəti: bu məktəbin keçirilmə müddəti müxtəlifdir.

Keçirildiyi yer: adətən, yaxınlıqdakı ibadət evi və ya toplantı zalı.

Yazılma qaydası: ağsaqqallar və xidməti köməkçilər rayon nəzarətçisindən dəvətnamə alırlar. Səyyar nəzarətçiləri isə filial dəvət edir.

Faydası: «Məzmunlu məlumatın qısa vaxt ərzində təqdim olunmasına baxmayaraq, bu məktəb ağsaqqallara güc-qüvvət verir, o cümlədən sevinclərini qorumağa və Yehovaya cəsarətlə xidmət etməyə kömək edir. Həm yeni, həm də çoxdanın ağsaqqalları effektiv şəkildə sürünün qayğısına qalmağı və həmfikir olmağı öyrənirlər» (Kuin).

«Məktəbdə aldığım təlim sayəsində imanımızla bağlı olan məsələləri daha yaxşı başa düşdüm, təhlükələr barədə xəbərdarlıqlar aldım və sürünün qayğısına qalmağa dair praktiki məsləhətlər eşitdim. Yehovanın bizə kömək etməsi necə də gözəldir» (Maykl).

RAYON NƏZARƏTÇİLƏRİ VƏ HƏYAT YOLDAŞLARI ÜÇÜN MƏKTƏBi

Məqsəd: «cidd-cəhdlə danışan və öyrədən» rayon nəzarətçilərinin yığıncaqlara daha səmərəli xidmət etmələrinə kömək etmək (1 Tim. 5:17; 1 But. 5:2, 3).

Keçirilmə müddəti: bir ay.

Keçirildiyi yer: filial qərar verir.

Yazılma qaydası: rayon nəzarətçiləri və onların həyat yoldaşları filial tərəfindən dəvət olunurlar.

Faydası: «Bu məktəbdən sonra İsanın təşkilata başçılıq etməsini daha çox qiymətləndirdik. Biz başa düşdük ki, xidmət etdiyimiz qardaşları ruhlandırmaq və yığıncağın birliyini möhkəmləndirmək lazımdır. Üstəlik, biz dərk etdik ki, rayon nəzarətçisi məsləhət verəndə və ya bəzən düzəlişlər edəndə onun əsas məqsədi qardaşlara Yehovanın onları sevdiyini görmələrinə kömək etməkdir» (Coel, 1-ci sinif, 1999-cu il).

FİLİAL KOMİTƏLƏRİNİN ÜZVLƏRİ VƏ HƏYAT YOLDAŞLARI ÜÇÜN MƏKTƏB

Məqsəd: filialların komitə üzvlərinə Beyteldə görülən işlərin qayğısına daha yaxşı qalmağa, yığıncaqlarla bağlı məsələlərlə məşğul olmağa və ərazilərinə daxil olan teokratik rayonlara nəzarət etməyə kömək etmək (Luka 12:48b).

Keçirilmə müddəti: iki ay.

Keçirildiyi yer: Gözətçi Qülləsinin Patersondakı (Nyu–York) Təlim Mərkəzi.

Yazılma qaydası: filial və ya ölkə komitələrinin üzvləri, yaxud da bu təyinatı alacaq qardaşlar Rəhbərlik Şurasının Xidmət komitəsi tərəfindən dəvət olunurlar.

Faydası: 25-ci sinfi bitirən Louel və Kara Nigeriyada xidmət edirlər.

Louel deyir: «Aldığım təlim mənə xatırlatdı ki, nə qədər məşğul olmağımdan və gördüyüm işdən asılı olmayaraq, Yehovanı razı salmaqda ən vacib amil ruhanilikdir».

Kara məktəbdə öyrəndiklərini xatırlayaraq deyir: «Əgər mən hansısa mövzunu aydın izah edə bilmirəmsə, onu başqalarına öyrətməzdən öncə özüm yaxşıca araşdırmalıyam».

g Bu məktəb hər ölkədə keçirilmir.

h Bu məktəb hər ölkədə keçirilmir.

i Bu məktəb hər ölkədə keçirilmir.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş