Teokratik məktəblər — Yehovanın məhəbbətinin sübutudur
YEHOVA bizim Mürəbbimiz və ya «Yeni Dünya tərcüməsi»nə əsasən, Dahi Nəsihətçimizdir (Yeşaya 30:20). Onu başqalarını öyrətməyə, onlara təlim verməyə təşviq edən xüsusiyyət məhəbbətdir. Məsələn, dərin məhəbbətindən irəli gələrək, Yehova «etdiyi hər şeyi» İsaya göstərir (Yəh. 5:20). Bizə, yəni Şahidlərinə bəslədiyi məhəbbət Allahı təşviq edir ki, Onu izzətləndirməyə və başqalarına kömək etmək üçün var gücümüzlə səy göstərən bizlərə «savadlıların dilini» versin (Yeşaya 50:4).
Hal-hazırda təşkilatda keçirilən on teokratik məktəb vasitəsilə Yehovanın məhəbbət nümunəsini təqlid edən Rəhbərlik Şurasının Təlim komitəsi həmin məktəblərə yazılmaq üçün arzuları və şəraitləri üst-üstə düşənlərə təlim verir. Siz bu məktəblərin Yehovanın məhəbbətinin təzahürü olduğunu görürsünüzmü?
Ümidvarıq ki, bu məktəblərin qısa icmalını və orada təlim keçən bacı-qardaşların ürək sözlərini oxumaq sizin üçün faydalı olacaq. Sonra özünüzə belə bir sual verin: «Bu ilahi təhsildən mən necə faydalana bilərəm?»
TEOKRATİK TƏHSİLDƏN FAYDALANIN
«Məhəbbət... Allahı» olan Yehovanın verdiyi təhsil həyatımızı mənalı edir, bizi üzləşəcəyimiz çətinlikləri dəf etməyə hazırlayır və xidmətdən böyük sevinc əldə etməyimizə kömək edir (2 Kor. 13:11). Bizə başqalarına «hər şeyə riayət etməyi» öyrətmək əmri verilib. Birinci əsrdəki şagirdlər kimi, biz də bu işdə insanlara kömək etmək üçün lazım olan hər bir şeylə təchiz olunmuşuq (Mat. 28:20).
Bu məktəblərin hamısında oxumaq mümkün olmasa da, onların bir və ya bir neçəsindən faydalana və Müqəddəs Kitaba əsasən verilən öyüd-nəsihətləri tətbiq edə bilərik. Üstəlik, yaxşı təlim keçmiş həmimanlılarımızla çiyin-çiyinə əməkdaşlıq edərək xidmətdə püxtələşə bilərik.
Özünüzdən soruşun: «Mənim şəraitim bu məktəblərin hər hansı birində iştirak etməyə imkan verirmi?»
Yehovanın xidmətçiləri bu dəyərli məktəblərdə təlim almağı və onları dəstəkləməyi özlərinə şərəf hesab edirlər. Qoy bu məktəblərdə aldığınız təlim sizi Allaha yaxınlaşdırsın və Onun sizə həvalə etdiyi məsuliyyətləri, xüsusilə də xoş xəbəri təbliğ etmək kimi təcili tapşırığı həyata keçirmək üçün lazım olan hər bir şeylə təmin etsin.
[13—17–ci səhifədəki çərçivə/şəkillər]
TEOKRATİK MƏKTƏBLƏRİN QISA İCMALI
Teokratik Xidmət Məktəbi
Məqsəd: təbliğçilərə xoş xəbəri məharətlə təbliğ etməyi və təlim verməyi öyrətmək.
Keçirilmə müddəti: davamlı.
Keçirildiyi yer: yerli Padşahlıq zalı.
Tələb: yığıncaq görüşlərində mütəmadi iştirak etmək, Müqəddəs Kitab təlimləri ilə razı olmaq, eləcə də həyat tərzini məsihçi prinsiplərinə uyğunlaşdırmaq.
Yazılma qaydası: Teokratik Xidmət Məktəbinin nəzarətçisi yazır. Yan amiotrofik skleroz xəstəliyi ucbatından iflic qalan Şaron deyir: «Teokratik Xidmət Məktəbi mənə axtarışlar aparmağı və məlumatı məntiqi ardıcıllıqla təqdim etməyi öyrədib. Mən həmçinin yalnız öz ruhani tələbatlarımı yox, başqalarınınkını da düşünməyi öyrəndim».
Uzun müddətdir ki, səyyar nəzarətçi kimi xidmət edən Arne deyir: «Mən uşaqlıqdan kəkələyirdim və başqaları ilə göz təması qurmaqda çətinlik çəkirdim. Bu məktəb mənə əminlik əldə etməyə və özümü lazımlı hiss etməyə kömək etdi. Yehovanın bu məktəb vasitəsilə verdiyi təlim mənə düzgün nəfəs almağı və diqqətimi cəmləməyi öyrətdi. Yığıncaqda və xidmətdə Allahı izzətləndirmək şərəfinə layiq görüldüyüm üçün Ona çox minnətdaram».
Yeni Bet-Ellilər üçün Məktəb Məqsəd: bu məktəb yeni bet-ellilərə xidmətlərini səmərəli yerinə yetirməyə kömək edir.
Keçirilmə müddəti: 16 həftə ərzində həftədə bir dəfə 45 dəqiqə.
Keçirildiyi yer: Bet-El. Tələb: Bet-El ailəsinin daimi üzvü, yaxud da bir il və ya daha çox müddət üçün təyin edilən müvəqqəti könüllü olmaq lazımdır.
Yazılma qaydası: Bet-El ailəsinin yeni üzvləri avtomatik olaraq bu məktəbə düşürlər.
1980-ci illərdə bu məktəbi keçən Dimitri deyir: «Bu məktəb mənə daha yaxşı araşdırma aparmağı öyrətdi və Bet-Eldə uzun müddət xidmət etmək üçün hazırladı. Təlimatçılar, təlim planı və praktiki məsləhətlər məni Yehovanın məhəbbət və qayğısına, eləcə də Onun mənim Bet-Eldə uğur əldə etməyimi istədiyinə əmin etdi».
Ketlin deyir: «Bu məktəb mənə diqqətimi ən vacib şeyə — ruhani insan olmağa cəmləməyi öyrətdi, həmçinin Yehovaya, Onun evinə və təşkilatına görə minnətdarlığımı daha da artırdı».
Padşahlıq Xidməti Məktəbi
Məqsəd: səyyar nəzarətçilərə, ağsaqqallara, bəzən də xidməti köməkçilərə nəzarət etmək və təşkilatçılıq kimi vəzifələrini daha yaxşı yerinə yetirməyi öyrətmək (Həv. iş. 20:28). Məktəbdə yığıncaqların cari vəziyyəti, təmayül və tələbatları müzakirə edilir. Məktəb Rəhbərlik Şurasının qərarı ilə bir neçə ildən bir keçirilir.
Keçirilmə müddəti: son illərdə bu məktəb səyyar nəzarətçilər üçün iki və ya iki gün yarım, ağsaqqallar üçün bir gün yarım, xidməti köməkçilər üçün isə bir gün keçirilir.
Keçirildiyi yer: adətən, Padşahlıq və ya Konqres zalı.
Tələb: qardaş səyyar nəzarətçi, ağsaqqal və ya xidməti köməkçi olmalıdır.
Yazılma qaydası: ağsaqqallar və xidməti köməkçilər rayon nəzarətçisindən dəvətnamə alırlar. Səyyar nəzarətçiləri isə filial dəvət edir.
«Məzmunlu məlumatın qısa vaxt ərzində təqdim olunmasına baxmayaraq, bu məktəb ağsaqqallara güc-qüvvət verir, o cümlədən sevinclərini qorumağa və Yehovaya cəsarətlə xidmət etməyə kömək edir. Həm yeni, həm də çoxdanın ağsaqqalları effektiv şəkildə sürünün qayğısına qalmağı və həmfikir olmağı öyrənirlər» (Kuin, aşağıda).
«Məktəbdə aldığım təlim sayəsində imanımızla bağlı olan məsələləri daha yaxşı başa düşdüm, təhlükələr barədə xəbərdarlıqlar aldım və sürünün qayğısına qalmağa dair praktiki məsləhətlər eşitdim. Yehovanın bizə kömək etməsi necə də gözəldir» (Maykl).
Pioner Xidməti Məktəbi
Məqsəd: pionerlərə xidmətlərini tam yerinə yetirməyə kömək etmək (2 Tim. 4:5).
Keçirilmə müddəti: iki həftə.
Keçirildiyi yer: filial tərəfindən müəyyənləşdirilir; adətən, Padşahlıq zalı.
Tələb: bir il və ya daha çox daimi pioner kimi xidmət edənləra.
Yazılma qaydası: bir il pioner kimi xidmət edənlər avtomatik olaraq siyahıya daxil edilirlər və bu barədə onlara rayon nəzarətçisi xəbər verir.
Lili (sağda) deyir: «Bu məktəb mənə xidmətdə və həyatda qarşılaşdığım çətinliklərin öhdəsindən gəlməyə kömək etdi. Məktəbdən sonra araşdırma aparmaq, təlim vermək və Müqəddəs Kitabdan istifadə etmək bacarığım xeyli yaxşılaşdı. İndi mən başqalarına kömək etmək, ağsaqqalları dəstəkləmək və yığıncağın inkişafına töhfə vermək üçün daha hazırlıqlıyam».
İki dəfə pioner məktəbini keçən Brenda deyir: «Məktəb mənə 100 faiz ibadətin içində olmağa, vicdanımı möhkəmləndirməyə və diqqətimi başqalarına kömək etməyə cəmləməyə kömək etdi. Həqiqətən də, Yehova səxavətli Allahdır!»
[Haşiyə]
a Əgər sinifdə yeni pionerlərin sayı azdırsa, son beş il ərzində məktəbdə olmayan bəzi pionerlər də yenidən dəvət oluna bilərlər.
Yığıncaq Ağsaqqalları üçün Məktəb
Məqsəd: ağsaqqallara yığıncaqdakı məsuliyyətlərinin öhdəsindən gəlməyə və ruhaniliklərini artırmağa kömək etmək.
Keçirilmə müddəti: beş gün.
Keçirildiyi yer: filial qərar verir; adətən, Padşahlıq və ya Konqres zalı.
Tələb: qardaş təyin olunmuş ağsaqqal olmalıdır.
Yazılma qaydası: ağsaqqalları filial dəvət edir.
Amerika Birləşmiş Ştatlarında keçirilən məktəbin 92-ci sinfində iştirak edənlərin ürək sözlərinə diqqət yetirək:
«Məktəbin mənə xeyli faydası oldu: özümə kənardan baxdım və Yehovanın sürüsünün qayğısına necə qala biləcəyimi gördüm».
«İndi mən Müqəddəs Kitabın köməyilə hamını ruhlandırmağa daha çox hazırlıqlıyam».
«Bu məktəbdən öyrəndiklərim ömrümün sonuna qədər mənə yetər».
Səyyar Nəzarətçilər və Həyat Yoldaşları üçün Məktəb
Məqsəd: «canla-başla danışan və öyrədən» rayon və vilayət nəzarətçilərinə yığıncaqlara daha səmərəli xidmət etmələrinə kömək etmək (1 Tim. 5:17; 1 Pet. 5:2, 3).
Keçirilmə müddəti: iki ay.
Keçirildiyi yer: filial qərar verir.
Tələb: qardaş rayon və ya vilayət nəzarətçisi olmalıdır.
Yazılma qaydası: səyyar nəzarətçilər və onların həyat yoldaşları filial tərəfindən dəvət olunurlar.
«Bu məktəbdən sonra İsanın təşkilata başçılıq etməsini daha çox qiymətləndirdik. Biz başa düşdük ki, xidmət etdiyimiz qardaşları ruhlandırmaq və yığıncağın birliyini möhkəmləndirmək lazımdır. Üstəlik, biz dərk etdik ki, səyyar nəzarətçi məsləhət verəndə və ya bəzən düzəlişlər edəndə onun əsas məqsədi qardaşlara Yehovanın onları sevdiyini görmələrinə kömək etməkdir» (Coel, 1-ci sinif, 1999-cu il).
Subay Qardaşlar üçün Müqəddəs Kitab Məktəbi
Məqsəd: subay ağsaqqalları və xidməti köməkçiləri Yehovanın təşkilatında əlavə məsuliyyətlərə hazırlamaq. Məzunların çoxu öz ölkələrində tələbat olan yerlərə təyin olunurlar. Əgər hazırlıq ruhu göstərərlərsə, digərləri başqa ölkələrə təyin oluna bilərlər. Bəzi məzunlar isə müvəqqəti olaraq xüsusi pioner kimi təyin olunaraq təbliğçilərin ayağı dəymədiyi ucqar və təcrid olunmuş ərazilərə göndərilə bilərlər.
Keçirilmə müddəti: iki ay.
Keçirildiyi yer: filial qərar verir; adətən, Konqres və ya Padşahlıq zalı.
Tələb: yaxşı sağlamlığı olan və tələbat olan yerlərdə Padşahlığın maraqlarına xidmət etmək istəyən 23—62 yaş arasında subay qardaşlar (Mark 10:29, 30). Onlar ən azı iki il fasiləsiz xidməti köməkçi və ya ağsaqqal, həmçinin daimi pioner olmalıdırlar.
Yazılma qaydası: əlavə məlumatı rayon konqresində keçirilən görüşdə almaq olar.
Birləşmiş Ştatlarda bu məktəbin 23-cü sinfində oxuyan Rik deyir: «Bütün diqqətimi bu təlimə yönəltməyim sayəsində Yehovanın ruhu daxilimdə dəyişikliklər etdi. Yehova xidmətçisinə təyinat verəndə hər zaman ona dəstək olur. Mən öyrəndim ki, diqqətimi özümün yox, Allahın iradəsinə cəmləsəm, O, məni möhkəmləndirəcək».
Almaniyada xidmət edən Andreas qeyd edir: «Allahın təşkilatı müasir dövrdə, sanki, bir möcüzədir. Mən bu möcüzəni qiymətləndirməyi öyrəndim. Orada aldığım təlim məni qarşıdakı iş üçün hazırladı. Üstəlik, bir çox Müqəddəs Kitab nümunələri mənə vacib bir həqiqəti dərk etməyə kömək etdi: qardaşlarıma və Yehovaya xidmət etmək əsil xoşbəxtliyin açarıdır».
Məsihçi Ər-arvadlar üçün Müqəddəs Kitab Məktəbi
Məqsəd: evli cütlüklərə Yehovanın və təşkilatının onlardan tam şəkildə istifadə edə bilməsi üçün xüsusi hazırlıq keçmək. Bir çox məzunlar ölkələrində daha çox tələbat olan ərazilərə təyin olunacaqlar. Hazırlıq ruhu göstərənlərin bəziləri xarici ölkələrə təyin oluna bilərlər. Məzunların müvəqqəti olaraq xüsusi pioner kimi təbliğçilərin ayağı dəymədiyi ucqar və təcrid olunmuş ərazilərə göndərilmə ehtimalı var.
Keçirilmə müddəti: iki ay.
Keçirildiyi yer: bu məktəb ABŞ-da keçirilir, lakin 2012-ci ilin sentyabr ayından başlayaraq məktəb bütün dünyada seçilmiş filialların ərazilərində, Konqres və ya Padşahlıq zalında keçiriləcək.
Tələb: tələbat olan ərazidə xidmət etmək üçün sağlamlığı və şəraiti yol verən, eləcə də «Mən buradayam. Məni göndər» əhval-ruhiyyəsini əks etdirən 25—50 yaş arasında evli cütlüklər (Yeşaya 6:8). Bundan əlavə, onlar ən azı iki il evli olmalı və fasiləsiz iki il tammüddətli xidmətdə olmalıdırlar. Ər fasiləsiz olaraq iki il ağsaqqal və ya xidməti köməkçi olmalıdır.
Yazılma qaydası: vilayət konqresində bu məktəblə maraqlananlar üçün görüş keçirilir. Əgər siz bu məktəbə düşmək istəyirsinizsə və sizin yaşadığınız ölkədə vilayət konqresində belə görüş keçirilmirsə, əlavə məlumat üçün filiala məktub yaza bilərsiniz.
«Həyatları tamamilə dəyişən bu səkkiz həftə Yehovaya daha çox xidmət etmək istəyən ər-arvadlar üçün çox gözəl fürsətdir! Biz vaxtımızdan müdrikliklə istifadə etməyimizə kömək edəcək sadə həyat tərzini qoruyub saxlamağa qərarlıyıq» (Erik və Karina, 1-ci sinif, 2011-ci il, aşağıda).
Gözətçi Qülləsinin Müqəddəs Kitab Məktəbi Gilead
Məqsəd: tələbələri əhalisi sıx olan ərazilərdə xüsusi təyinatlı müjdəçi işinə, eləcə də səyyar xidmət və ya Bet-El işi üçün hazırlamaq. Əsas məqsəd sahə xidmətini və filialların fəaliyyətini möhkəmləndirməkdir.
Keçirilmə müddəti: beş ay.
Keçirildiyi yer: Gözətçi Qülləsinin Patersondakı (Nyu–York, ABŞ) Təlim Mərkəzi.
Tələb: xüsusi tammüddətli xidmətin müəyyən növlərində olan evli cütlüklər: Gilead Məktəbində olmayan xüsusi təyinatlı müjdəçilər, xüsusi pionerlər, səyyar nəzarətçilər və ya bet-ellilər. Onlar ən azı 3 il fasiləsiz olaraq birgə yuxarıda sadalanan xidmət növlərinin birində iştirak etməlidirlər. Onlar ingilis dilində səlis danışmalı, oxumalı və yazmalıdırlar.
Yazılma qaydası: cütlüklər filial komitəsi tərəfindən dəvət oluna bilərlər.
ABŞ-dan olan Lada və Monik hal-hazırda Afrikada xidmət edirlər. Lada deyir: «Gilead Məktəbi bizi dünyanın istənilən yerinə getməyə və qollarımızı çirmələyib əziz qardaşlarımızla bərabər çalışmağa hazırladı».
Monik əlavə edir: «Allahın Kəlamından öyrəndiklərimi tətbiq edəndə təyinatım mənə böyük sevinc gətirir. Bu sevinc Yehovanın məhəbbətinin bir sübutudur».
Filial Komitələrinin Üzvləri və Həyat Yoldaşları üçün Məktəb
Məqsəd: filialların komitə üzvlərinə Bet-Eldə görülən işlərin qayğısına daha yaxşı qalmağa, yığıncaqlarla bağlı məsələlərlə məşğul olmağa və ərazilərinə daxil olan rayon və vilayətlərə, eləcə də ədəbiyyatların tərcüməsinə, çap edilməsinə və çatdırılmasına nəzarət etməyə kömək etmək.
Keçirilmə müddəti: iki ay.
Keçirildiyi yer: Gözətçi Qülləsinin Patersondakı (Nyu–York, ABŞ) Təlim Mərkəzi.
Tələb: filial və ya ölkə komitələrinin üzvləri, yaxud da bu təyinatı alacaq qardaşlar.
Yazılma qaydası: qardaşlar və həyat yoldaşları Rəhbərlik Şurası tərəfindən dəvət olunurlar.
25-ci sinfi bitirən Louel və Kara Nigeriyada xidmət edirlər. Louel deyir: «Aldığım təlim mənə xatırlatdı ki, nə qədər məşğul olmağımdan və gördüyüm işdən asılı olmayaraq, Yehovanı razı salmaqda ən vacib amil ruhanilikdir. Təlim zamanı vurğulanırdı ki, başqaları ilə münasibətdə Yehovanın xidmətçilərinə göstərdiyi məhəbbəti təqlid etmək vacibdir».
Kara əlavə edir: «Təlim zamanı söylənilən növbəti sözlər məni düşünməyə vadar etdi: əgər mən hansısa mövzunu aydın izah edə bilmirəmsə, onu başqalarına öyrətməzdən öncə özüm araşdırmalıyam».