Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w08 15/4 s. 3—7
  • ‘Boş şeyləri’ rədd edin

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • ‘Boş şeyləri’ rədd edin
  • Gözətçi qülləsi 2008
  • Başlıqlar
  • Oxşar material
  • Faydasız allahları rədd edin
  • Cismani ehtirasların allaha çevrilməsinə yol verməyin
  • Özünüzü boş sözlərdən qoruyun
  • Boş sözləri necə rədd etməli?
  • ‘Boş şeylərə’ vaxt itirməyin
    Müqəddəs ibadətimiz 2002
Gözətçi qülləsi 2008
w08 15/4 s. 3—7

‘Boş şeyləri’ rədd edin

«Qanmaz boş şeylərin ardınca gedər». SÜL. MƏS. 12:11

1. Malik olduğumuz dəyərli şeylərdən bəziləri hansılardır və onlardan istifadə etməyin ən yaxşı üsulu hansıdır?

BÜTÜN məsihçilər müxtəlif dəyərli şeylərə malikdirlər. Bura nisbi sağlamlıq, güc-qüvvət, anadangəlmə əqli qabiliyyətlər və ya var-dövlət daxildir. Yehovanı sevdiyimiz üçün bütün bu şeyləri xidmətə sərf etmək, beləliklə də, Allahdan ilham almış «Rəbbi var-dövlətinlə... şərəfləndir» nəsihətinə hay vermək bizim üçün xoşdur (Sül. məs. 3:9).

2. Müqəddəs Kitab boş şeylərə dair hansı xəbərdarlığı verir və bu xəbərdarlıq hərfi mənada nə deməkdir?

2 Digər tərəfdən isə Müqəddəs Kitab həm də boş və ya faydasız şeylərin olduğundan xəbərdar edir və deyir ki, malik olduğumuz şeyləri onlara sərf etməyək. Görün Süleymanın məsəlləri 12:11 ayəsində bununla əlaqədar nə deyilir: «Torpağını əkib-becərən doyunca çörək yeyər, qanmaz boş şeylərin ardınca gedər». Bu məsəlin hərfi mənada necə tətbiq olunduğunu görmək çətin deyil. Əgər kimsə ailəsini dolandırmaq üçün öz vaxtını və gücünü sərf edib zəhmət çəkirsə, onun əsas ehtiyaclarını ödəyə biləcək (1 Tim. 5:8). Ancaq vaxtını boş şeylərə sərf edirsə, «qanmaz», yəni sağlam düşüncəli və təmiz niyyətli olmadığını göstərir. Çox ehtimal ki, belə adam həmişə korluq çəkəcək.

3. Müqəddəs Kitabın boş şeylərə dair xəbərdarlığını ibadətimizə necə tətbiq edə bilərik?

3 Bəs məsəldəki prinsipi ibadətimizə tətbiq etsək, onda necə? O zaman görərik ki, Yehovaya səylə və sədaqətlə xidmət edən məsihçi əsl təhlükəsizlikdə olur. O, Allahdan indi xeyir-dua alacağına əmindir, həmçinin onun gələcəyə də sarsılmaz ümidi var (Mat. 6:33; 1 Tim. 4:10). Ancaq diqqəti boş şeylərə yayınan məsihçi Yehova ilə münasibətlərini və əbədi həyata ümidini itirmək təhlükəsi ilə üz-üzə durur. Biz özümüzü bundan necə qoruya bilərik? Həyatımızda ‘boş şeylərin’ nə olduğunu müəyyən etməli və onları rədd etməyə qəti qərarlı olmalıyıq. (Titusa 2:11, 12 ayələrini oxu.)

4. Ümumiyyətlə desək, boş şeylərə nələr daxildir?

4 Boş şeylərə nələr daxildir? Ümumiyyətlə desək, bizi Yehovaya ürəkdən xidmət etməkdən yayındıran hər bir şey. Məsələn, buna müxtəlif istirahət növləri daxil ola bilər. Əlbəttə, istirahət etmək də lazımdır. Ancaq əyləncəyə xidmətimizə zərər gətirəcək dərəcədə çox vaxt sərf ediriksə, o zaman istirahət Allahla münasibətimizə pis təsir edərək boş şeyə çevrilir (Vaiz 2:24; 4:6). Məsihçi özünü bundan qorumaq üçün tarazlı olmağa və dəyərli vaxtını necə keçirdiyinə diqqət yetirməyə çalışmalıdır. (Koloslulara 4:5 ayəsini oxu.) Amma istirahətdən daha təhlükəli olan boş şeylər də var, məsələn, yalan allahlar.

Faydasız allahları rədd edin

5. Müqəddəs Kitabda «boş» və ya «faydasız» sözləri çox vaxt nəyə aid işlədilir?

5 Maraqlıdır ki, orijinal ibrani mətnində «boş» və ya «faydasız» sözləri çox vaxt yalan allahlara aid işlədilib. Məsələn, Yehova israillilərə demişdi: «Özünüzə büt [«faydasız allahlar», YD] düzəltməyin; oyma büt yaxud sütun qoymayın, ölkənizdə yonulmuş daş qoyub səcdə etməyin» (Lev. 26:1). Davud padşah isə yazırdı: «Rəbb [Yehova] əzəmətlidir, bol həmdə layiqdir, O bütün allahlardan daha zəhmlidir. Bütün özgə xalqların allahları bütlərdir [«faydasız allahlardır», YD], lakin göyləri yaradan Rəbdir» (1 Saln. 16:25, 26).

6. Yalan allahlar nə üçün faydasızdır?

6 Davudun göstərdiyi kimi, bizi Yehovanın əzəmətinin saysız-hesabsız sübutları əhatə edir (Məz. 139:14; 148:1-10). İsraillilər üçün Yehova ilə əhddə olmaq necə də böyük şərəf idi! Ancaq onlar Yehovadan üz döndərib, oyma bütlərə və sütunlara səcdə etməklə çox böyük ağılsızlıq etdilər! Fəlakət üz verəndə onların yalan allahları doğrudan da faydasız oldu, bu allahların heç özlərini xilas etməyə gücü çatmırdı, nəinki onlara ibadət edənləri (Hak. 10:14, 15; Yeşaya 46:5-7).

7, 8. ‘Mammon’, yəni var-dövlət allaha necə çevrilə bilər?

7 Bir çox ölkələrdə insan əli ilə düzəldilmiş bütlərə hələ də səcdə edilir, ancaq bu allahlar keçmişdə olduğu kimi, indi də faydasızdır (1 Yəh. 5:21). Lakin Müqəddəs Kitabda təkcə bütlər allah adlandırılmır. Məsələn, İsanın sözlərinə diqqət yetirin: «Heç kim iki ağaya qulluq edə bilməz. Çünki ya birinə nifrət edəcək, digərini isə sevəcək, ya da birinə bağlı qalacaq, digərinə isə xor baxacaqdır. Siz Allaha və mammona qulluq edə bilməzsiniz» (Mat. 6:24).

8 ‘Mammon’, başqa sözlə var-dövlət allaha necə çevrilə bilər? Belə bir nümunəyə baxaq. Qədim israillilər daşdan evin və ya hasarın tikilməsində istifadə edə bilərdilər. Digər tərəfdən isə, həmin daşı səcdə etmək üçün «sütun» və ya «yonulmuş daş» kimi qoyanda, o, xalqı Yehovadan uzaqlaşdırırdı (Lev. 26:1). Pul haqqında da eyni şeyi demək olar. Pul bizə lazımdır ki, yaşaya bilək, onu həm də Yehovaya xidmət etmək üçün istifadə edə bilərik (Vaiz 7:12; Luka 16:9). Lakin pul qazanmağı Allaha xidmət etməkdən üstün tuturuqsa, o, mahiyyət etibarilə, bizim allahımıza çevrilir. (1 Timoteyə 6:9, 10 ayələrini oxu.) Bu gün var-dövlətin insanlar üçün son dərəcə böyük əhəmiyyət kəsb etdiyi dünyada pula düzgün münasibəti qoruyub saxlamaq vacibdir (1 Tim. 6:17-19).

9, 10. a) Məsihçilər təhsilə necə yanaşırlar? b) Ali təhsilin təhlükəsi nədədir?

9 Faydalı şeyin boş şeyə çevrilməsinə digər bir nümunə dünyəvi təhsildir. Biz övladlarımızın yaxşı təhsil almasını istəyirik ki, gələcəkdə özlərini təmin edə bilsinlər. Ən vacibi isə yaxşı təhsil məsihçiyə Müqəddəs Kitabı daha yaxşı başa düşməyə, gündəlik problemlərini həll etmək üçün Müqəddəs Kitab prinsipləri üzərində düşünüb, düzgün qərar çıxarmağa və Müqəddəs Kitab həqiqətlərini başqalarına aydın və inandırıcı tərzdə öyrətməyə kömək edir. Yaxşı təhsil vaxt tələb etsə də, buna dəyər.

10 Bəs kollecdə və ya universitetdə verilən ali təhsil haqqında nə demək olar? Onsuz uğur qazanmağın qeyri-mümkün olduğu hesab edilir. Ancaq belə təhsil alanların çoxu ağıllarını təhlükəli fikirlərlə doldururlar. Belə təhsili almaq dəyərli gənclik illərini boşuna sərf etmək deməkdir, halbuki bu illəri Yehovaya xidmətə həsr etmək olardı (Vaiz 12:1). Buna görə də təəccüblü deyil ki, çoxlarının ali təhsilli olduğu ölkələrdə Allaha inananların sayı həmişəkindən çox azdır. Məsihçilər həyatda uğur qazanmaq üçün bu dünyanın təhsil sisteminə ümid bəsləmir, Yehovaya etibar edirlər (Sül. məs. 3:5).

Cismani ehtirasların allaha çevrilməsinə yol verməyin

11, 12. Nəyə görə Pavel bəzilərinin ‘tanrısının qarın’ olduğunu demişdi?

11 Filipililərə məktubunda həvari Pavel daha nəyin allaha çevrilə biləcəyini göstərir. O, keçmiş həmimanlılarından bəziləri haqqında deyir: «Bir çoxları Məsihin çarmıxının düşmənləri kimi hərəkət edirlər. Onların barəsində sizə tez-tez danışırdım, indi isə gözü yaşlı deyirəm. Onların sonu ölüm, onların tanrısı qarın[dır]... yalnız dünyəvi şeylər barədə düşünürlər» (Filip. 3:18, 19). Necə ola bilər ki, insanın qarnı onun allahına çevrilsin?

12 Aydın olur ki, Pavelin həmin tanışları üçün cismani arzularını ödəmək Pavellə birgə Yehovaya xidmət etməkdən daha vacib olmuşdu. Ola bilər, bəziləri hərfi mənada qarınqululuq və ya sərxoşluq edirdilər. (Sül. məs. 23:20, 21; müqayisə et: Qanunun təkrarı 21:18-21.) Başqaları birinci əsrdə dünyada mümkün olan hər şeydən tam istifadə etməyə can atırdılar, bu da nəticədə onları Yehovaya xidmətdən uzaqlaşdırdı. Gəlin heç vaxt yol verməyək ki, «yaxşı yaşamaq» arzusu bizə Yehovaya ürəkdən xidmət etməyə mane olsun (Kolos. 3:23, 24).

13. a) Tamahkarlıq nədir və Pavel onu necə təsvir etmişdi? b) Özümüzü tamahkarlıqdan necə qoruya bilərik?

13 Pavel yalan ibadətin başqa yönünü də qeyd etmişdir. O yazırdı: «Daxili varlığınızın dünyəvi yönlərini — cinsi əxlaqsızlıq, natəmizlik, şəhvət, pis ehtiras və bütpərəstlik olan tamahkarlığı — öldürün» (Kolos. 3:5). Tamahkarlıq malik olmadığımız şeyi hərisliklə arzulamaq deməkdir. Bu, maddi şeylər əldə etmək, hətta qeyri-qanuni seksual arzuları təmin etmək arzusu ola bilər (Çıx. 20:17). Bu cür arzuların bütpərəstliyə, yalan allaha ibadət etməyə bərabər olduğunu bilmək insanı düşünməyə vadar etmirmi? Bu cür yanlış arzuları nəyin bahasına olursa-olsun cilovlamağın vacibliyini İsa aydın nümunə əsasında göstərmişdi. (Mark 9:47 ayəsini oxu; 1 Yəh. 2:16.)

Özünüzü boş sözlərdən qoruyun

14, 15. a) Yeremyanın günlərində çoxlarının məhvinə səbəb olan ‘boş şey’ nə idi? b) Nəyə görə Musanın sözləri dəyərli idi?

14 Boş şeylərə sözlər də daxil ola bilər. Məsələn, Yehova Yeremya peyğəmbərə demişdi: «Peyğəmbərlər Mənim adımla yalançı peyğəmbərlik edir. Onları Mən göndərməmişəm, onlara əmr edib söz deməmişəm. Sizə peyğəmbərlik etdikləri şeylər yalan bir görüntü, falçılıq, boş bir şey, öz ürəklərinin uydurmasıdır» (Yer. 14:14). Həmin yalançı peyğəmbərlər Yehovanın adı ilə danışdıqlarını iddia etsələr də, onlar öz fikirlərini, müdrikliklərini yayırdılar. Buna görə də onların sözləri «boş bir şey» idi. Onların heç bir dəyəri yox idi və həqiqi ibadət üçün çox təhlükəli idi. Eramızdan əvvəl 607-ci ildə belə boş sözlərə qulaq asanların çoxu babillilərin əlində vaxtsız öldü.

15 Bunun əksinə olaraq, Musa israillilərə demişdi: «Bu gün sizə bəyan etdiyim sözlərin hamısına ürəkdən bağlanın... Axı bu sizin üçün əhəmiyyətsiz iş deyil, həyatınızdır. Bu sözlər mülk olaraq almaq üçün İordan çayını keçərək gedəcəyiniz torpaqda sizə uzun ömür verəcək» (Qanun. t. 32:46, 47). Bəli, Musanın sözləri Allahdan ilham almışdı. Ona görə də onlar dəyərli, xalqın rifahı üçün doğrudan da vacib idi. Bu sözlərə qulaq asanlar firavanlıq içində uzun ömür sürmüşdülər. Gəlin boş sözləri həmişə rədd edək və dəyərli həqiqət sözlərinə bağlı qalaq.

16. Alimlərin Allahın Kəlamına zidd olan iddialarına necə yanaşmalıyıq?

16 Bu gün də boş sözlər eşidirikmi? Bəli. Məsələn, bəzi alimlərin sözlərinə görə təkamül nəzəriyyəsi və elmin müxtəlif sahələrindəki açılışlar göstərir ki, artıq Allaha inanmağa ehtiyac yoxdur, çünki hər şeyi təbii proseslərlə izah etmək olar. Özündənrazı insanların bu iddiaları bizim üçün hər hansı əhəmiyyət kəsb etməlidirmi? Əlbəttə ki, yox! İnsan müdrikliyi Allahın müdrikliyindən fərqlənir (1 Kor. 2:6, 7). Ancaq bilirik ki, insan təlimləri Allahın öyrətdiklərinə zidd gedəndə, həmişə insan təlimləri səhv olur. (Romalılara 3:4 ayəsini oxu.) Elmin bəzi sahələrindəki inkişafa baxmayaraq, Müqəddəs Kitabda insan müdrikliyinə dair deyilənlər həqiqət olaraq qalır: «Bu dünyanın müdrikliyi Allah qarşısında ağılsızlıqdır». Allahın sonsuz müdrikliyi ilə müqayisədə insan düşüncələri boşdur (1 Kor. 3:18-20).

17. Xristian dünyasının din rəhbərlərinin və dönüklərin sözlərinə necə münasibət bəsləməliyik?

17 Boş sözləri Xristian dünyasının din rəhbərlərindən də eşidirik. Onlar Allahın adından danışdıqlarını iddia edirlər, əslində isə təlimlərinin çoxu Müqəddəs Yazılara əsaslanmır və dedikləri, əsas etibarilə, boşdur. Dönüklər də təyin olunmuş ‘sadiq və ağıllı quldan’ müdrik olduqlarını iddia edərək boş sözlər söyləyirlər (Mat. 24:45-47). Ancaq dönüklər öz müdrikliklərini irəli sürürlər, onların boş sözləri dinləyiciləri büdrədir (Luka 17:1, 2). Onların sözlərinə aldanmamaq üçün nə edə bilərik?

Boş sözləri necə rədd etməli?

18. Biz 1 Yəhya 4:1 ayəsindəki məsləhəti necə tətbiq edə bilərik?

18 Bununla əlaqədar yaşlı həvari Yəhya yaxşı məsləhət vermişdi: «Sevimlilərim, hər ilhamlanmış kəlmələrə inanmayın, amma ilhamlanmış kəlmələri sınaqdan keçirin ki, onların Allahdan olub-olmadığını biləsiniz. Çünki dünyada çoxlu yalançı peyğəmbər yayılmışdır» (1 Yəhya 4:1, YD). Yəhyanın məsləhətinə uyğun olaraq, biz təbliğ etdiyimiz adamları həmişə təşviq edirik ki, öyrəndikləri şeyləri Müqəddəs Kitabla yoxlasınlar. Bizim özümüzün də belə etməyimiz yaxşı olardı. Həqiqət haqqında tənqidi sözlər və ya yığıncağın, ağsaqqalların, yaxud hansısa qardaşımızın ünvanına böhtan eşidəndə kor-koranə onlara inanmamalıyıq. Əksinə, özümüzdən soruşmalıyıq: «Bu söz-söhbəti yayan Müqəddəs Kitaba uyğun hərəkət edirmi? Bu söhbət və ya məlumat Yehovanın niyyətinin irəliləməsinə kömək edirmi? Yığıncaqdakı sülhə necə təsir göstərir?» Qardaşlığı inkişaf etdirmək əvəzinə, onu yıxan hər bir söz faydasızdır (2 Kor. 13:10, 11).

19. Ağsaqqallar sözlərinin boş olmadığına necə əmin olurlar?

19 Bundan ağsaqqallar da mühüm dərs götürə bilərlər. Onlar məsləhət verməli olanda öz biliklərinin məhdud olduğunu yaddan çıxarmır, yalnız öz təcrübə və biliklərinə əsaslanmırlar. Onlar həmişə diqqəti Müqəddəs Kitabın dediklərinə yönəldirlər. Həvari Pavelin ‘yazılanın həddini aşmamaq’ sözləri vacib prinsipdir (1 Kor. 4:6). Ağsaqqallar Müqəddəs Kitabda yazılandan kənara çıxmırlar. Bu prinsip daha geniş tətbiq edildikdə isə, onlar sadiq və ağıllı qulun nəşrlərindəki Müqəddəs Kitaba əsaslanan məsləhətlərdən kənara çıxmırlar.

20. Boş şeyləri rədd etməyə bizə nə kömək edir?

20 Boş şeylər istər allahlar, istər sözlər, istərsə də başqa şeylər olsun, çox zərərlidir. Bu səbəbdən, biz həmişə onları ayırd edə bilmək üçün Yehovaya dua edirik və onları rədd etmək üçün Onun rəhbərliyini istəyirik. Belə edəndə biz sanki məzmurçu kimi deyirik: «Qoyma gözlərim fani şeylərə baxsın, Öz yolunda mənə həyat bəxş et» (Məz. 119:37). Növbəti məqalədə biz Yehovanın rəhbərliyini qəbul etməyin hansı faydanı gətirdiyini müzakirə edəcəyik.

İzah edə bilərsinizmi?

• Ümumiyyətlə desək, hansı ‘boş şeyləri’ rədd etməliyik?

• Pulun allaha çevrilməməsi üçün nə edə bilərik?

• Cismani arzular bütpərəstliyə necə çevrilə bilər?

• Boş sözləri necə rədd edə bilərik?

[3-cü səhifədəki şəkil]

İsraillilər boş şeylərin ardınca getməyə deyil, ‘torpaqlarını əkib-becərməyə’ təşviq olunurdular

[5-ci səhifədəki şəkil]

Heç vaxt maddi şeylər əldə etmək arzusunun sizi Yehovaya xidmət etməkdən soyutmasına yol verməyin

[6-cı səhifədəki şəkil]

Ağsaqqalların sözləri böyük dəyərə malik ola bilər

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş